Dərin köklər, işıqlı ümidlər

 

Poeziya zərrələr içində ümman axtarışıdır... Mənalar selində şair üçün gerçək olanlar çox vədə adi həqiqətlərdən doğur. Bu həqiqətlər isə öz içində möcüzəli planetini gizlədir. Nağıllardakı sirr qapısı kimi... açılıb-örtülür. Onunla dil tapan, sirlərinə sirdaş olan kəslərə axır ki, "Mən burdayam", - deyir...

Əsl şairlər isə təpədən dırnağa sirr dağarcığı olur. Hamının yanından ötüb keçdiyi adiliklərə şair böyük mənalar, dərin hikmətlər gətirə bilir. Ax şairlər, şairlər...

Rübail poeziyası da böyük mənada bir sirr qapısıdır. Bu gün ruhu əbədiyyətdə dolaşan şairin şeirləri dünya ilə diz-dizə oturub, uşaqla uşaq, böyüklə böyük, filosofla filosof kimi danışır... Adiliyi ayaqlar altından götürüb öz möcüzəsini bizimlə yaşadır.

Rübail şeirində coğrafi məkanlar məlumdur. Onun böyüyüb başa çatdığı torpağın və şəhərin ünvanı bəllidir - Ulu Gəncə... Hər məkanı ulu, sənət yolu ola bilmir. Şairin şeirlərində Gəncə Yurd, Məkan anlayışından çox, Ruh, Söz, Ağac - Çinar anlayışıdır. Necə ki, dünyanın söz yolunu, sənətkar taleyini təyin etmək üçün dəfələrlə bu fikri vurğulayıblar. Sözün doğulduğu, şairin göbəyinin kəsildiyi yerə getmək mütləqdir. Söz torpaqda, torpaq isə sözdə doğulur. Rübail də, onun şeirləri də kodlaşmış məkanlarla, ilahi ruhlarla, kök, budaq fəlsəfəsi ilə can bir, qan birdir... Onun sözünün tale bucağında dahi Nizami, xanım-xatın rübailər müəllifi Məhsəti xanım, ruhu dünyanı dolaşan Mirzə Şəfi nəfəsi dayanır... Bu dayanacaqlar sözün qulluğunda məsum dayanan şair - Rübailə həmişə xeyir-dua verib... Elə bu dualarda onu söz dərvişinə, söz səhrasına yönəldib... Əbədi ruhu ilə birgə...

 

Nizami, Məhsəti, bir də ki, Vazeh,

Taleyin möcüzə üçbucağıdı.

Bu üçlük müqəddəs əməli saleh,

Şair ürəyidi, söz qucağıdı...

 

("Tale üçbucağı")

 

Şairin ürəyindən sözün qucağına, sözün əzabına atılmaq isə Tanrı buyuruğudu... Rübail ilk şeirini nə vaxt yazdığını bircə özü bilirdi. İndi bu sirr də Tanrı dərgahındadı. Amma bizə məlum olan odur ki, sirrə Göy kimi, Bulud kimi, bir də ürəyində qəfil çaxan Sevgi kimi baxdı. Bu vurğunluq onu əbədi olaraq sözün hüzuruna gətirdi... Bu gəlişdən söz   sevindi, dünya da...

Rübailin ilk kitabının adı "Sübhə yaxın" adlanır... Görəsən, niyə sübhə yaxın? Sübhə yaxın sözü, qələmi oyatmaq hardan ağlına gəlib... Bunu da Allah bilir. Bir bildiyimiz sadəcə yozumlardır. Ancaq qələmin bildiyi isə Tanrı pıçıltılarıdır...

 

Sönür göyün kəhkəşanı,

Üfüq olur şanı-şanı.

Ay gecənin son nişanı,

Şiş dağlara gəlin yaxın,

Sübhə yaxın...

 

("Sübhə yaxın")

 

Beləcə, sübhə yaxın şehli bir cığırda yolçu göründü... Dağınıq fikirlərində, sevdalı ürəyində nələr yox idi... Durna köçü də, çiçəklərdən işıqlar yandıran bahar da... Ömür - saat işləyirdi. Ağ-qara rəngləri görürdü yolçu... Suallar isə tale sualları idi.

 

Kimə deyim bilmirəm,

Dərdimi möhnətimi.

Oğurlayıb bir gözəl,

Mənim məhəbbətimi.

 

Oğruya, cinayətə,

Cəzanı hakim verir.

Sevgidə xəyanətə,

Cəzanı bəs kim verir?

 

("Oğru və cəza")

 

Sevgi xəyanətləri əbədi yaşamır... Çünki qəlbin göyərçin kimi buluda baş vuran sevdaları güllərin rəngində məhəbbət axtarır... Aşiq - eşqində qətiyyətlidir. Tapmaq hökmü isə qəlbin aşıb-daşan sevgi dalğasıdır... Lirik ovqatla köklənmiş şeirlərində şairi bir həqiqət yaşadır. Mahnıya, nəğməyə dönmək ümidi! Bu da inadkarlıqla dolu "Taparam" şeiri...

 

Ürəklər oxşayan bir neyə dönsən,

Ruha qanad verən xoş meyə dönsən.

Mahnıya çevrilib, nəğməyə dönsən,

Səsin ahəngində taparam səni...

 

Ürək kövrələndə, gözlər niyə qəribsəyir, bilmirəm... Amma eşqin damlası sən demə, dərya gücündə imiş... Sadəcə, onu anmaq, aşiqin qəlbinə danmaq fürsəti vermək gərəkdi... Bu da həyatın sevgi mənzərəsi... Qəlbin əzabının mükafatı isə məhəbbətdir.

 

Düzü, tapmaq səni deyildir asan,

Amma damla boyda qəlbimə damsan.

Bircə qığılcımla adımı ansan,

Məhəbbət cəngində taparam səni...

 

Sevgidən güc tapanda həyatı yaşamaq çətin olmur. Tutana qarşı getmək hünəri doğulur. Məhz Rübail şeirinin ruhunda, ahəngində həmişə sağlam ovqat dada çatır... Həyat isə olum və ölüm suallarında insanla, Aşiqlə cavab axtarışına çıxır. Əsl poeziyada isə Hamletsayağı düşüncələr var-gəl edir. Rübailin poeziyası yaxşı mənada sual həqiqətlərində, sual fəlsəfəsində heç vədə aciz deyil... Çünki şair şəxsiyyəti onun əbədi, ictimai yetkinliyi sözə dopdolu sünbüllər bəxş edir. Yuxusuz gecələr, ilhamın Tanrı payı və idrakın üfüqləri hesabına... Söz dünyanı dağılmağa qoymur. "Qiyamət qopmadı, qiyamət oldu" şeirinin daxili məna tutumunda vətəndaş təəssübkeşliyi, dünyaya sahib çıxmaq hünəri, yalanlara yaman olmaq hiddəti poetik dəyəri böyük inama kökləyir.

 

Şamlar yanıb-söndü, ümid sönmədi,

Yenə günəş doğdu aləm nur oldu.

Dünya dağılmadı, zaman dönmədi,

Qaranlıq əridi zülmət duruldu.

 

Dünya dağılmadı, sevindi hamı,

Yalanlar bir yeni cinayət oldu.

Nə yaxşı sönmədi taleyin şamı,

Qiyamət qopmadı qiyamət oldu!

 

Nə yaxşı! Şeirin bu daxili intonasiyası müdrik insanın hamı ilə bölüşə biləcək sevincidi. Kədəri böldüyün kimi, sevinci də yaşamaq güc istəyir. Bu şeirdə olduğu kimi... Dünya həqiqətlərlə xoşbəxt olur, nə yaxşı!

Rübail poeziyasının ən ümdə, xarakterik cəhətlərindən biri, bəlkə də birincisi şairin yaşadığı, doğulduğu məkanla bağlıdır. O məkan ki, onun istər coğrafi mənzərəsi, istərsə də ruh yaddaşı sanki mühafizəsi rolunu oynayır. Elə götürək Gəncə torpağının əzəməti, qüdrəti sayılan çinarları... Çinarlar tarixdi, Çinar vətəndı, Çinar insandı, Çinar yaddaşdı... Poeziya isə yaddaş qəzasıdır. "Gəncə tarixini çinarlar yazır" şeirinin qol-budağı, əzəməti çinardır. Amma bu çinar tarix yazır, mürəkkəbi səma, vərəqi torpaqdır. Alın qırışına tamaşa edin. Qılınc səsi eşidəcəksiniz... Qəhrəmanlıq çinara dönəndə vətən basılmaz olur. Müqəddəslik ruhunda yaşayan torpaq Çinar övladıyla öyünür.

 

Müqəddəs sayılır ölkədə Gəncə,

Çinar halallıqda bitər, yüksələr.

Adi ucalıqdır hər şeydən öncə,

Kökü nələr görüb, zirvəsi nələr...

 

Çinar barıyla öyünür... Şeirdə məntiqi ümumiləşmə poetik mənaya xidmət edir.

 

Çinarın hər şeydən gözləri toxdur,

Əkib becərənlər ondan nə dərdi.

Kim deyir çinarın meyvəsi yoxdu,

Onun meyvələri gəncəlilərdi!

 

Çinar İnsan, Çinar Vətən, Çinar Söz! Şair müdrikdi, dünya ilə dil tapmaq isə aqillərin işidir. Rübail poeziyasında dünya mövzusu bədii-fəlsəfi müstəvidə saf-çürük olunur. Kimlər gəldi, kimlər getdi - sualına cavab axtarılır. Bu baxımdan "Yatma, dəvəm" adlı həm etnoqrafik, həm tarixi, həm də fəlsəfi bucaqdan bu şeiri oxuyub nəfəs dərdikcə insanın ağlına nələr gəlir.

Gözümüz qarşısında səhra dəvə karvanı kimi uzanır. Bəs karvanbaşı kimdir? Zaman, yoxsa cavabsız suallar... Bu poeziya nümunəsi müxtəlif bucaqdan ağılın, könülün ixtiyarına verilir... Köhnə yaralar tarixi yada salır. Şair isə zamana -  Dəvəyə yatma deyir:

 

Araz bölüb belin olub haça dağ,

Qum yandırıb dırnaqların haça - dağ.

Muraz sorar gölün nə vaxt aça dağ,

Yarpaq açar, çiçək açmaz alçalar,

Yatma, dəvəm, zirvələrin alçalar...

 

İtkin düşən dəvə izində görün nələr var?

 

İtkin düşməz bu yerlərin dəvəsi,

Belindəki "Gəncə", "Təbriz" gəvəsi.

Sinsən coşar hər yetənin həvəsi,

Tapdaq olar belindəki xalçalar,

Yatma, dəvəm, zirvələrin alçalar...

 

Dəvə dözüm, dəvə yol, dəvə tarixin tərəzisi... Bu tərəzinin gözünü əyən zamandı. Amma insan dəvəsi ölmüş ərəb kimi içinin harayındadı.

 

Nə xoşbəxtdi təkhürgüclü dəvələr,

Dövrəsində özü kimi nəvələr.

Enmə, dəvəm, hürgücünü bölərlər -

Dost qəmlənər, düşmən gülər, əl çalar,

Yatma, dəvəm, zirvələrin alçalar...

 

Yatmaq, yuxuya getmək məğlubiyyətin bələdçisidi. Yatma, dəvəm, yatma...

Rübail poeziyası həmişə oxucu ilə üz-üzə səmimi söhbət etmək gücündədi. Bu söhbət müdrik, təmkinli, səbirli bir adamın, aqilin söhbətidir. Bu söhbət didaktika deyil, öyüd-nəsihət fikrindən də uzaqdı... "Saxla" adlı şeirində olanlar, olmazlar yada düşür...

 

Ağlayanda qəm yaşının içində,

Sevincə də yer saxla ki, ölməsin.

Dərd evinə zülmətdən don biçəndə,

Elə biç ki, qara ağı bölməsin.

 

Belə olanda yaddaşı yad daşa çevirmək təhlükədi, əzabdı.

 

Yaddaşını yad daşında saxlama,

Atsa itər tapanmazsan bir daha.

Ürəyində etibarı yoxlama,

Ümid səni saxlamasa sabaha.

 

Ümidə söykənən sabahlar isə həmişə ehtiyac içindədi. Yaşamaq, yaratmaq ehtiyacında...

 

Durnaları ötürməyə gedirəm,

Lələkləri götürməyə gedirəm.

Arzuları bitirməyə gedirəm,

Ömür çatmır yaşamağa heyif ki...

 

("Heyif ki...")

 

Rübail poeziyasında mövzusundan asılı olmayaraq şairin aparıcı bir leytmotivi var: - Yaşamaq gözəldir. Bu gözəlliyin sahibi isə sevgi və ümid dolu arzulardır... Bax, belə.

 

Bir saflıq ətri var qar qoxusunda,

Donmaq təhlükəsi göz qoxusunda.

Yatmış tumurcuğun qış yuxusunda,

Baharı gözləyən muraz oynayır.

 

("Oyun")

 

Həyatın qəribəlikləri isə sözdən nəfəs alır. Dünyanın sirrini isə şair özünə, bir də oxucusuna pıçıldayır.

 

Peşəsi yaratmaq, öldürmək imiş,

Çırağı yandırıb-söndürmək imiş.

Aləmi özünə güldürmək imiş,

Bu dünya qəribə dünyadı, vallah.

 

("Qəribə")

 

Bütün qəribəliklərdən, ağrı-acıdan keçə-keçə söz də ömür qazanır, yaşamaq ömrü. Rübail poeziyası sağlam ruhlu, ömürlü poeziyadır... Onu gah uşaq, gah cavan, gah da pirani görəndə çaşmayın... çünki dünyanın özüdü, sözüdü bu şeirlər. Şeirləri bizimlə, ruhu isə göylərdə olan şairin o dünyada da xəyalları narahatdır. Çünki hələ də dünyanın harasındasa güllələr açılır, təbəssümlər solur. Şair ruhu isə insanlıqdan aydın səma, bol günəş istəyir... nağıl kimi...

 

Gəncə

 

İnqilab İSAQ

 

Ədəbiyyat qəzeti.- 2021.- 22 may.- S.26.