Yeseninşünaslığa
daha bir tohfə:
“Yesenin ensiklopediyası”
Son 20-25
il ərzində həyata keçirdiyi bir neçə
böyük layihələrlə (Ïîëíîå ñîáðàíèå ñî÷èíåíèé Ñ.À. Åñåíèíà è Ëåòîïèñü æèçíè è òâîð÷åñòâà Ñ.À. Åñåíèíà) dünya
yeseninşünaslığına öz əvəzedilməz töhfəsini
verən Rusiya Elmlər Akademiyası M.Qorki adına Dünya
Ədəbiyyatı İnstitutu və burada fəaliyyət
göstərən Yeseninin həyat və
yaradıcılığını öyrənən “Yesenin
qrupu”nun iştirakı ilə daha bir fantastik layihə həyat
keçirilməyə başladı – çoxcildli “Yesenin
ensiklopediyası”nın 1-ci buraxılışı
işıq üzü gördü. Bu kitab dahi rus şairi
Serqey Yeseninin anadan olmasının 125 illiyi münasibətilə
buraxılmış və şairin həyat və
yaradıcılığı ilə bağlı xatirə yerlər,
məkanlar və ədəbi toponimlərə həsr
edilmişdir.
Yesenin səyahət
etməyi çox sevirdi. Onun əsərlərindən az qala
hər birinin öz taleyi, öz tarixçəsi olduğu, hər
bir şeirin şairin həyatının bir epizodu olduğu məlumdur.
Təsadüfi deyil ki, 1925-ci ilin oktyabrında
yazdığı tərcümeyi-halında öz həyat
tarixçəsini təsvir edən şair sonda deyir:
“Avtobioqrafik məlumatların qalanına gəlincə, onlar mənim
şeirlərimdədir”.
Amma nə
qədər səyahət etsə də,
çoxlarının Avropaya, Amerikaya həmişəlik can
atdığı bir zamanda, özünün dediyi kimi,
İspaniyadan başqa bütün Avropanı və
Amerikanı dolaşan şair oralarda çox yüksək səviyyəli
həyat şəraiti, şan-şöhrət vəd edən
müxtəlif təkliflərə baxmayaraq, onu maqnit kimi
özünə çəkən vətəninə
döndü. Şairin ən böyük məhəbbəti
elə vətəninə olan sevgisi, təbiətə olan
vurğunluğu idi.
Azərbaycan-rus
ədəbi əlaqələrinin yorulmaz tədqiqatçısı
S.Turabov Yeseninin vətən sevgisi ilə dopdolu şeirləri
haqqında yazır: “Şairin ən böyük məhəbbəti
– vətənə olan məhəbbətidir. Bu məhəbbəti
şair elə təsirli, elə valehedici ifadə edib ki,
Puşkinin özü belə, onun şeirlərinin altında
öz imzasını qoyardı”.
Elə
buna görə də dahi rus şairinin istər öz vətənində,
istərsə də başqa ölkələrdə olduğu,
gördüyü şəhərlər, kəndlər,
yaşayış məntəqələri, dənizlər,
çaylar, göllər və s. haqqında, şairin əsərlərinin
poetikası ilə bağlı ədəbi toponimlər, eləcə
də Yeseninin yaradıcılığında və
bioqrafiyasında yer alan real çoğrafi toponimlər
haqqında dolğun məlumatları özündə birləşdirən
bir əsərin meydana gəlməsi bu böyük söz
ustasının ədəbi-poetik irsinin qavranması və
öyrənilməsi baxımından müasir
yeseninşünaslığın qarşısında duran həddindən
artıq vacib məsələlərdəndir.
Ensiklopediyanın
bu buraxılışında məhz bu məsələlərlə
bağlı ümumilikdə 442 toponim haqqında 357 məqalə
ilə ərtaflı məlumat verilir. Bütövlükdə
“Yesenin ensiklopediyası” layihəsi çərçivəsində
2500-dən çox məqalənin yazılacağını nəzərə
alsaq, bu layihənin nə qədər əhəmiyyətli
olduğunu əlavə sübut etməyə ehtiyac qalmır.
Bu layihə həm sadə poeziyasevərlər
üçün, həm də Yeseninin ədəbi-poetik irsini
öyrənən mütəxəssislər, tədqiqatçılar,
yeseninşünaslar üçün böyük önəm
daşıyır. Burada verilən hər məlumat
böyük şairin həyatının bir məqamını,
onunla bağlı hadisələri və bəzən də həyatının
müəyyən bir dövrünü özündə əks
etdirir, şairin həyatı ilə bağlı müxtəlif
hadisələrin daha doğru, dolğun verilməsi və
obyektiv anlaşılmasına kömək edir. Bu kitab vasitəsilə
dahi rus şairinin vətəni olan Rusiyada və ondan kənar
coğrafiyada bütün həyatını addım-addım
izləmək mümkündür və kitabda yer alan materiallar
ayrı-ayrı ədəbiyyat və mədəniyyətlərin
şairin dünyagörüşünə və
yaradıcılığına təsirinin və əks
prosesin öyrənilməsi baxımından da çox
faydalıdır.
Bu kitab Azərbaycan
yeseninsevərləri və yesenenşünasları
üçün də böyük hədiyyədir. Məlumdur
ki, Yesenin bir neçə dəfə Bakıda olmuş, burada
yaşayıb-yaratmışdır, onun iştirakı ilə
tədbirlər, görüşlər, poeziya gecələri
keçirilmiş, Bakı mətbuatında onun şeirləri
dərc olunmuş, yaradıcılığı ilə
bağlı materiallar verilmişdir. Yeseninin öz əsərlərini
ən çox dərc etdirdiyi mətbu orqan məhz Bakıda nəşr
edilən “Bakinsiki raboçi” qəzetidir ki, 1924-25-ci illərdə
bu qəzetdə onun 45 şeiri dərc edilmişdir.
Yeseninin həyat
və yaradıcılığının Bakı dövrü
onun yaradıcılığının ən məhsuldar və
ən maraqlı dövrü olmaqla, şairin ümumi
yaradıcılığında xüsusi yer tutur və
ümumilikdə kifayət qədər zəngin olan Yesenin
yaradıcılığı, şairin Bakı dövrü
olmadan, bir qədər natamam görünərdi. Ümumiyyətlə,
Yeseninin həyatının kənddə keçən illəri
(əsasən, uşaqlıq və bir az da yeniyetməlik
dövrü) şairin həyatında nə qədər dərin
izlər buraxmışdırsa, Bakı dövrü də onun
həm həyatında, həm də
yaradıcılığında ən az elə o miqyasda iz
buraxmışdır və bu mənada, bu dövr Yeseninin həyat
və yaradıcılığının heç bir digər
dövrü ilə müqayisəyə gəlmir.
Ensiklopediyanın
bu buraxılışında dahi şairin, “hər bir şair
gərək mütləq Bakıya getsin, onun ətrafları həddindən
artıq şairanədir” dediyi, “mən and içməyə
hazıram ki, Bakının işıqları ulduzlardan gözəldir”
deyə vəsf etdiyi Bakı haqqında, burada olarkən ən
gözəl əsərlərini yaratdığı, indi
“Serqey Yesenin adına Azərbaycan-Rusiya Ədəbi Əlaqələr
Mərkəzi”nin və şairin ev muzeyinin yerləşdiyi
gözəl Mərdəkan haqqında, şeirlərindən
birində “Xəzər çətin gündə dost və
arxadır” deyərək güvəndiyi və sevgisini qəlbində
ölənəcən yaşadacağına söz verdiyi Xəzər
dənizi və Balaxanı haqqında,
yaradıcılığının şah əsərlərindən
hesab olunan “Persidskie motivı” şeirlər silsiləsində
vəsf etdiyi Şərq, Persiya, Bağdad, Bosfor, Şiraz,
Xorasan, Tehran haqqında məlumat verilir.
Böyük
məmnuniyyətlə onu da qeyd etmək istəyirik ki, tarixdə
Yeseninin ilk poeziya bayramı məhz Azərbaycanda, 1972-ci il
oktyabrın 4-də Rusiya Federasiyası mədəniyyət
günləri çərçivəsində, Mərdəkanda
keçirilmişdir. Onu da qeyd edək ki, Mərdəkandakı
Yesenin muzeyi şairin doğma vətəni Rusiyadan kənarda fəaliyyətə
başlayan ilk rəsmi muzeydir. Bu da böyük şairin
adının əbədiləşdirilməsi yolunda Azərbaycanda
atılan ən mühüm ədəbi-mədəni hadisələrdən
biri olaraq Azərbaycan xalqının bu böyük rus
şairinə olan səmimi sevgisinin bariz nümunəsidir.
“Yesenin
ensiklopediyası” üzərində M.Qorki adına Dünya
Ədəbiyyatı İnstitutunda fəaliyyət göstərən
“Yesenin qrupu” ilə birgə şairin doğulduğu Ryazan
Vilayəti Konstantinovo kəndində yerləşən Serqey
Yesenin Dövlət Muzey-Qoruğunun əməkdaşları
da böyük həvəs və enerji ilə işləmişlər.
Kİtabda verilmiş maraqlı illüstrasiyalar və məhz
Muzeyin fondunda olan, amma geniş kütləyə məlum
olmayan maraqlı şəkillərdən istifadə edilməsi
kitabı daha da canlandırır və onun rahat və
yorulmadan, bir bədii əsər kimi oxunmasını təmin
edir. Kitab nəfis şəkildə hazırlanmış və
poliqrafik baxımından da ən yüksək standartlara cavab
verir.
Bütün
dünyada, ucsuz-bucaqsız bir coğrafiyada Yesenin
yaradıcılığı ilə məşğul olanlara,
yeseninşünaslara, yeseninsevərlərə çox dəyərli,
qiymətsiz bir hədiyyə olan bu əsər üzərində
işləyən hər kəsə - kitabın elmi və məsul
redaktoru, Yeseninin həyat və
yaradıcılığının öyrənilməsində
fövqəladə rolu olan “Yesenin qrupu”nun rəhbəri N.
İ. Şubnikova-Qusevaya, qrupun elmi katibi, bu
buraxılışın redaktoru, mənim səmimi dostum Maksim
Skoroxodova, qrupun bütün üzvlərinə, redaksiya heyətinə,
texniki işçilərə, Serqey Yesenin Dövlət
Muzey-Qoruğunun bütün əməkdaşlarına, bir
sözlə bu layihənin həyata keçirilməsi yolunda
can yandıran bütün insanlara Azərbaycan yeseninsevərləri
və yeseninşünasları adından dərin təşəkkür
edirəm.
Bu layihənin
həyata keçirilməsini maliyyələşdirən
Ryazan Vilayəti Hökumətinə də təşəkkür
etməyi unutmayaq.
İsaxan İsaxanlı
Beynəlxalq Yesenin mükafatları
laureatı
Ədəbiyyat qəzeti.- 2021.- 22
may.- S.27.