Tarix yazan tənqidçi
Görkəmli tənqidçi Akif Hüseynlinin 80 illiyi
ilə əlaqədar qələmə aldığım bu
yazının başlığı sizi
çaşdırmasın. Akif müəllim
tarixi mükəmməl bilsə də, tarixçi deyil.
Amma o, bizim ədəbiyyat tarixinin müəyyən bir
dövrünün (keçən əsrin 60-90-cı illərinin)
nəsr mənzərəsini tənqidi məqalələrində
əks etdirib, həmin dövrün ədəbi tənqidində
iz buraxıb və indi, üstündən 40-50 il keçməsinə
baxmayaraq nəsrimizin həmin onilliklərdəki bütöv
mənzərəsini, keçdiyi inkişaf yolunu Akif
Hüseynlinin məqalələrindən izləyirik. Akif
Hüseynliyə qədər nəsrdən yazan, roman, povest və
hekayələrimizdən söz açan tənqidçilərimiz
az deyildi, Yazıçılar İttifaqının
qurultaylarında, plenum və müşavirələrində,
Ədəbiyyat İnstitutunda ilin ədəbi yekunlarına həsr
olunan müzakirələrdə, həmçinin ayrı-ayrı
tənqidçilərin məqalə və resenziyalarında nəsrimizin
inkişaf meyilləri, yaxud roman, povest və hekayələrimiz
təhlil olunurdu. Bu sahədə Məmməd Arifin, Mehdi
Hüseynin, Məmməd Cəfərin, Bəkir Nəbiyevin,
Qulu Xəlilovun, Yaşar Qarayevin, Asif Əfəndiyevin, Yəhya
Seyidovun, Gülrux Əlibəylinin, Xeyrulla Əliyevin xidmətlərini
unutmaq olmaz. Bu tənqidçilərin heç
birinin rolunu azaltmadan deyə bilərəm ki, Akif Hüseynli
öz məqələ və icmallarıyla nəsr tənqidinin
mükəmməl modelini yaratmağa çalışdı və
deyim ki, buna navil oldu da. Bunu belə izah etmək olar:
birincisi; nəsrin hal-hazırki (yəni həmin dövrün)
inkişaf meyilləri, ikincisi; müqayisəli metodla əvvəlki
illərin nəsrindən fərqli xüsusiyyətləri,
üçüncüsü; nəsrin zamanla, cəmiyyətin
inkişafı ilə nə dərəcədə ayaqlaşmasını,
(burada zamanın nəsrə təsiri
araşdırılırdı), dördüncüsü;
janrların evolyusiyası - təkamülü, beşincisi; tədqiq
olunan dövrün nəsr mənzərəsi, romanlara, povestlərə,
hekayələrə professional təhlil üsulu ilə
yanaşma, altıncısı; nəsrin yeni qəhrəmanları
- "müsbət qəhrəman"ların adi, sıravi qəhrəmanlara
çevrilişi... Bütün bunlar Akif
Hüseynlinin məqalələrində bir sistem halında diqqəti
cəlb edir. Bu sistemdə Akif Hüseynli təhlil etdiyi əsərlərə
təkcə milli ədəbiyyatın üfüqlərindən
deyil, o dövrün Ümumittifaq ədəbi
kriteriyalarından da yanaşırdı..
Akif Hüseynli sırf nəsr tənqidçisidir və
dediyinə görə, ömründə poeziyaya aid bircə məqaləsi
var, o da Məstan Günərin şeirləri
haqqındadır. Onu daha çox bir nəsr tənqidçisi
kimi tanıdan yetmişinci illərin sonlarında -"Azərbaycan"
jurnalında çap etdirdiyi "Zamanın və nəsrin hərəkəti"
məqaləsi oldu. Həmin məqalənin elə birinci
cümləsində müasir Azərbaycan nəsrinin durumu və
ötən illərin nəsrindən fərqli xüsusiyyətləri
ümumiləşdirilirdi: "Bədii fikrin strukturundakı,
insana və həyata münasibətdəki əhəmiyyətli
dönüş, irəliləyiş və keyfiyyət dəyişiklikləri
müasir nəsrimizdə reallığın artması, şəxsiyyətə,
onun psixologiyasına daha həssas münasibət, humanist
idealın güclənməsi, münaqişələrin,
problemlərin təsvirdə daha çox mənəvi-əxlaqi
aləmə keçməsi, insanla mühit, cəmiyyət
arasındakı qarşılıqlı əlaqələrin
daha dərindən nəzərə alınması kimi
ümumiləşdirilə bilər" Məsələ
burasındadır ki, Akif müəllim ən yaxın
keçmişin nəsr əsərlərini qətiyyən
inkar etmirdi, əksinə, yazırdı ki, 30-50-ci illərdə
yaranan əsərlərin - "böyük epik formaların
ifadə vasitələri, imkanları" çox zəngin
idi, lakin bununla yanaşı,"yeni keyfiyyətlər kəsb
edən nəsr həm əvvəlki dövrün zahiri
monumentallıq əlamətlərindən xilas olmaq istəyir,
odur ki, başqa səciyyəli təhkiyəyə üz tutur,
həm də klassik və müasir bədii düşüncənin
təravətli və cəlbedici görünən ifadə
vasitələrindən-psixoloji təhlillərdən,
assosiativlikdən, daxili düşüncələrdən, sərbəst
zaman keçidlərindən, subyektiv inikas tərzindən
faydalanmağa çalışır, sənətkarlıq
axtarışlarını bu istiqamətə yönəldir".
A.Hüseynli nəsrin müasir dövrdə
yaradıcılıq axtarışlarını, çoxcəhətli
dəyişiklikləri hərtərəfli izləyirdi və
nəticədə onun və digər tənqidçilərin
və söz adamlarının Yeni Azərbaycan nəsri kimi
etiraf etdikləri bir hadisəni - həqiqəti sübuta
yetirirdi. Doğru izah bu idi ki: "İctimai həyatın
özündə diqqətəlayiq dəyişikliklər
baş verirdi və estetik düşüncə bu dəyişikliklərdən
geri qala bilməzdi". Bu keyfiyyət dəyişiklikləri
əllinci illərin ikinci yarısından
başlamışdı. Yenə bir doğru fikir ki:
"Müasir həyat haqqında artıq köhnəlmiş
təsəvvür və ifadə vasitələri ilə
yazmağın mümkün olmadığı qənaəti"
yaranmışdı və bu səbəbdən "orijinal
estetik boyalar tapmaq cəhdi bədii fikrin inkişafının
mahiyyət və istiqamətini" təşkil edirdi. Mən
bu yazıya Akif Hüseynlinin yeni nəsr haqqında fikir və
mülahizələrini köçürmək fikrində
deyiləm, Ancaq bir fikrini də mütləq nəzərə
çarpdırmalıyam: "İndi yazıçılar bu
və ya digər hadisə, problem barədə yox, ilk növbədə,
şəxsiyyət, insan barədə əsərlər
yazmağa çalışırlar". Məncə,
bu fikir Akif Hüseynlinin nəsr tənqidində əsas prinsipə
- məqsədə çevrilmişdi. "Zamanın
və nəsrin hərəkəti" əslində, "bədii
fikrin şəxsiyyətə doğru hərəkətini"
kimi mənalanırdı. A.Hüseynli bu fikri İsa
Hüseynovun, Sabir Əhmədlinin, Əkrəm Əylislinin,
İsi Məlikzadənin, Anarın, Elçinin, Sabir
Süleymanovun, Mövlud Süleymanlının, Afaq Məsudun,
Əli Əmirlinin təsvir etdiyi qəhrəmanların fərdiyyətində,
həyati münasibətlərində, onların hərəkət
və əməllərində təsdiqləyirdi. Yeri gəldikcə, həmkarları ilə mübahisəyə
də girişirdi, söhbət həmin qəhrəmanları
müdafiə etmək məqsədi daşımırdı,
oxucunu qəhrəmanların həyati tip olduğuna,
onların öz həqiqətinə, təbii, məntiqi
inkişafına, reallıqdan doğduğuna
inandırırdı. Məsələn,
İsi Məlikzadənin "Evin kişisi" povestinin qəhrəmanı
Qaçaydan "müasir oxucunun tam sevəcəyi qəhrəman
səviyyəsinə" yüksəlməməsini müəllifə
irad tuturdular. Halbuki, yazıçı
başqa xarakterli insandan bəhs edib və A.Hüseynli bu
obrazı səciyyələndirərkən onu ifrat təmizliyinin,
hədsiz inamının qurbanı olduğunu nəzərə
çarpdırırdı. Yaxud Mövlud
Süleymanlının o zaman mübahisələrə səbəb
olan "Dəyirman" povestində kənd müəllimi
Temirin sərxoşluğa qurşanmasını, dəyirmandakı
alkaşlardan seçilməməsini müəllifə irad
tutanlara bu həqiqəti anladırdı ki: "Budur bizim kənd
müəlliminin surəti? - deyə
töhmətləndirilirsə, əlacımız nədir? Yəni bizim kənd müəlliminin vahid, normativ bir
tipi var ki, bundan kənara çıxmaq qadağan edilsin.
Kimə bəlli deyil ki, bizim, deyək, həkimlərimiz,
mühəndislərimiz və s. kimi, kənd müəllimlərimiz
də çox müxtəlifdir və onların içərisində
Temir kimilərinə də rast gəlmək
mümkündür". Görkəmli tənqidçi
Yaşar Qarayev yazırdı: "Nəsrin hərəkəti,
Akif Hüseynovun dediyi kimi, ədəbi nəsillərin dəyişməsi
ilə yanaşı, ədəbi qəhrəmanların "nəsil
dəyişməsi" şəklində də baş verir. Daha doğrusu, əsl dəyişmə o zaman baş
verir ki, hər yeni ədəbi nəsil öz yeni qəhrəman
tipini də gətirərək nəsrə gəlir. Bu gün yeni nəsil-müasir əxlaqın məhək
və sınaq daşına daha çox adi, sıravi
adamların daxili dünyasını məruz qoyur".
Akif Hüseynlinin nəsr tənqidində bütün ədəbi
nəsillərin yaradıcılığı əhatə
olunub desək, yanılmarıq. O, icmal məqalələrində
yaşlı və orta nəsildən olan sənətkarların,
həmçinin "altmışıncılar"ın nəsr
əsərlərindən ardıcıllıqla söz
açır, ən çox İsa Hüseynovun, Əkrəm
Əylislinin, İsi Məlikzadənin, Anarın, Sabir Azərinin,
Mövlud Süleymanlının povestləri ilə
bağlı geniş təhlillər aparır, o povestllərin
az qala hər abzasına bələd olduğu
üçün kənardan, hazır tənqidi reseptlərdən
yox, mətnin öz içindən çıxış edir. Bəzən müəllif mövqeyi ilə tənqidçi
mövqeyi üst-üstə düşmür. Bu da təbiidir, çünki Akif Hüseynlinin tənqidi
lüzumsuz tərif üzərində deyil, mətnin təhlili
üzərində dövr edirdi. Tənqidi
fikirlərini də dəlilli-sübutlu isbatlayırdı.
Onun təkcə müasir həyatdan bəhs edən əsərlərə
deyil, həm də tarixi romanlar haqqında (İ.Hüseynovun, Ə.Cəfərzadənin,
Fərman Kərimzadənin, Çingiz Hüseynovun, Əlisa
Nicatın) həm tarixi aspektdən, həm də müasirlik
baxımından izahı tarixi roman poetikasına bələdliyi
ilə diqqəti cəlb edir.
Akif Hüseynlinin bir tənqidçi kimi iki özünəməxsus
keyfiyyətini nəzərə çarpdırmaq istərdim. O, XX əsr Azərbaycan nəsrini
- onun forma-məzmun, sənətkarlıq xüsusiyyətləri
ilə yaxşı tanış idi, o zamankı Ümumittifaq ədəbi
prosesini də çox diqqətlə izləyirdi, hər bir
yazıçının da bədii-estetik normativlərini
müəyyənləşdirə bilirdi. İkinci
bir özünəməxsusluq da onun fərdi üslubunda nəzərə
çarpırdı - fikrini aydın və ifadəli tərzdə
nəzərə çarpdırırdı, fikir
dolaşıqlığına yol vermirdi. Ən
əsası o idi ki, səni inandıra bilirdi. Onun məqalələrində ədəbiyyat tarixi, ədəbiyyat
nəzəriyyəsi və ədəbi tənqid vəhdət
təşkil edirdi.
Diqqət yetirirsinizmi, bu yazıda mən ustad tənqidçinin
özündən və yazılarından söhbət
açarkən felin keçmiş zaman şəkilçilərindən
istifadə etdim. Bunun da səbəbi var - Akif müəllim ikimininci illərin
əvvəllərindən üzü bu yana
ədəbi tənqidlə sanki vidalaşdı, amma belə
deyil, pedaqoji fəaliyyəti də ona imkan verir ki, ədəbi-elmi-nəzəri
biliklərini auditoriyalardan tələbələrinə
çatdırsın. Bu, şəxsən bizi ağrıtsa
da, fikirləşirsən ki, professor Akif Hüseynli ədəbi
tənqid tariximizdə silinməz bir iz buraxıb, Keçən
əsrin 60-90-cı illərinin Azərbaycan nəsri
haqqında ən etibarlı mənbə kimi Akif Hüseynlinin
məqalələri bir tarixdir-ədəbi-tənqidi tarix...
İndi də müasir nəsrimiz haqqında məqalə və
icmallar yazılır (Ədəbiyyat İnstitutunun hər il
keçirdiyi "Ədəbi proses" müşavirələrinin
materiallarını izləyin), amma etiraf edək ki, o zaman Akif
Hüseynli bu işi təkbaşına görürdü. Onun
bu sahədəki fəaliyyəti, heç şübhəsiz,
yeni yazarlar üçün təcrübədir, necə yazmaq
təcrübəsi...
Sonda bir xatirə: Akif Hüseynli və
mən
Görkəmli tənqidçi Akif Hüseynlini 80
yaşı münasibətilə ürəkdən təbrik
edirəm. Akif müəllimin mənim bir tənqidçi kimi
formalaşmağımda müəyyənedici rolu olub.
Yetmişinci illərin ortalarında mən Nizami adına Ədəbiyyat İnstitutunun əyani
aspiranturasına qəbul olunmuşdum, amma kiçik bir
qayıqda üzürmüş kimi hara, hansı marşruta
baş alıb gedəcəyimi bilmirdim. İki il
yarım keçdi, amma "Müasir Azərbaycan nəsrində
konflikt və xarakter" mövzusunda namizədlik dissertasiyama
aid çoxlu elmi və bədii əsərlərlə
tanış olmağıma baxmayaraq, işimlə bağlı
heç nə yaza bilmirdim. Beynimdə müəyyən
tezislər dolaşırdı, amma bunları sistem halına gətirə
bilmirdim. Bircə
o qalırdı ki, elmi rəhbərim - akademik Kamal Talıbzadəyə
deyəm - bura mənlik deyil, qayıdıram kəndə.
Amma Akif müəllimin "Azərbaycan"
jurnalında "Zamanın və nəsrin hərəkəti"
adlı silsilə məqalələri çap olundu və bu məqalələrdə
1960-1975-ci illər Azərbaycan nəsri ilə bağlı elə
fikirlər vardı ki, bunlar işimi yazmağa mənə yol
göstərdi. Və kəndə
qayıtmaq kimi "arzuma" son qoydu. Oturdum,
dissertasiyamı yazdım. Hər fəsli
başa çatdıranda elmi rəhbərim, akademik Kamal
Talıbzadə ilə yanaşı, Akif Hüseynliyə də
oxutdum. Akif Hüseynli dissertasiyamın
müzakirəsi zamanı xoş sözlərini əsirgəmədi.
Bir müddət institutun Ədəbiyyat nəzəriyyəsi
şöbəsinin nəzdində olan Ədəbi proses
qrupunda işlədim, Yaşar Qarayev, Şamil Salmanov, Akif
Hüseynli, Arif Səfiyevlə birgə. Bu
ustadlardan çox şey öyrəndim. Amma
mən uzun müddət özümü tənqidçi kimi təsəvvür
eləmirdim, yəni tənqidçilik çətin peşədir,
tənqidçi üçün kiminsə tərifi həmişə
gözlənilməz olur. 1986-cı ildə görkəmli
yazıçı, tənqidçi Elçin Əfəndiyev
mənim "Nəsr: konfliktlər, xarakterlər"
kitabıma ürəyimcə olan bir ön söz yazandan sonra
...və 2001-ci ildə Akif Hüseynli "Həyat və sənət
həqiqəti" məqalələr məcmuəsini mənə
bağışlayıb bu avtoqrafı yazanda - ("Hazırda
tənqidimizin cəfasını hamıdan çox çəkən
dostum Vaqif Yusifliyə) - hiss elədim ki, mən də tənqidçiyəm.
Səksən
yaşlı ustada eşq olsun deyirəm!
Vaqif YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2021.- 22
may.- S.24.