İrq anlayışı ilə əlaqədar suala cavab
Bizim həmişə işlətdiymiz
"irq" sözü
ərəbcədən alınma
sözdür, ərəbcənin
özündə onun çox (iyirmiyə qədər) mənası
var, həmin kökdən olan və bablarda (işlənmə yerlərində
- M.O.) dəyişən sözləri
də əlavə etsək, bu bir kökün üzərində mərtəbələnən
sözlər yüzə
qədər müxtəlif
məna çalarları
verir. Həmin mənalardan biri də "mənbə",
"əmələ gəlmək",
"kök", "əsas",
"damar", "sümük",
"ətdən təmizlənmiş
sümük", "təmiz
sümük" və
"süd"dür. Bu mənaların
hamısında "əsas",
"kötük", "mənşə" çalarları
var və "irq" sözü bu çalarlarına görə Avropada işlənən "rasa" sözünün
qarşılığı kimi işlənir.
"Rasa"
firəngcədir (race), bu
kəlməni ilk dəfə
məşhur firəng
təbiətşünası J.Buffon xüsusi termin kimi işlətmişdir
və heyvanların, bitkilərin müxtəlif
növlərini, hər
növə daxil olan ayrı-ayrı qrupları fərqləndirmək
üçün bu termindən istifadə etmişdir. Sonra bu termindən insanların irqi növlərini fərqləndirmək
üçün istifadə
edilmişdir, beləliklə,
bu kəlmə zoologiya və botanikadan antropologiya sahəsinə keçmişdir.
Antropologiyadakı irq (rasa) mənşəyindəki
və müxtəlif irsi xüsusiyyətlərindəki
ümumiliyə görə
birləşən, bir-birinə
yaxın olan insan qrupları deməkdir. İrsi xüsusiyyətlər dedikdə bədənin ümumi quruluşu, boy, saçların və tükün, dərinin piqmentasiyası, gözlərin,
dərinin rəngi, başın - kəllənin
ümumi cizgiləri və fərqləri və s. nəzərdə
tutulur. İnsan bədəninin əsas
cizgiləri və quruluşu (skeletin, əzələlərin, beynin)
göstərir ki, bütün irqlər vahid bioloji növdəndir.
Amma ayrı-ayrı irqləri fərqləndirən
cəhətlər də
var və buna əsasən, insan nəslində üç böyük irq qrupu müəyyən
edilir: neqroid qrupu (bu qrupa
neqro-avstroloid, yaxud ekvatorial qrup da deyilir), monqoloid
qrup və Avropa qrupu.
Bu üç irq
qrupunun yaranması tarixi çox qədimdir (neandertal dövrünə qədər
gedib çıxır). Bu qruplarının özlərinin
də daxilində müxtəlif (ikinci dərəcəli) irqi və antropoloji tiplər vardır. İrq qruplarının öz arasında birləşmə,
qarışma prosesi gedir və metis
qruplar yaranır.
Adətən, Afrikanın
şimal və şərq hissəsi, Hindistan, Orta Asiya, Ural ətrafı, Qərbi Sibir və Şərqi Avropa irq qruplarının
ən çox qatışdığı coğrafi
regionlar sayılır.
Latın
Amerikası ölkələrinin
də bir qismində bu qarışma prosesi güclü olmuşdur.
İrq - xalq və ya millət
deyil. "Sami irq", "türk irqi" və ya "ari irq"
kimi anlayışlar yanlışdır, çox
vaxt da onlar
şərti və ya ictimai-siyasi mənalarda işlənir və terminin əsl antropoloji məzmununu ifadə etmir. Eləcə də keçmiş elmi ədəbiyyatda işlənən "ağ
irq", "qırmızı
irq", "qara irq" kimi anlayışlar da çox şərti xarakter daşıyır və bunlar da əsl irq
qrupları barədə
elmi (antropoloji) məna vermir, olsa-olsa ayrı-ayrı əsas irqlərə daxil olan ikinci
dərəcəli irqi
tipləri xatırladır.
İrqlərin mövqeyini dil qrupları ilə də izah etmək
və məhdudlaşdırmaq
olmaz. Dillərin yaxınlığı və ya oxşarlığı
eyni dildə danışanların hamısının
bir irqə mənsub olduğunu sübut etmir, eləcə də bir irqə mənsub
olan insan qrupları başqa-başqa
dillərdə danışa
bilərlər.
Biz burada irqlər
haqqında mövcud olan bütün fikir və nəzəriyyələri
sadalamaq istəmədik,
irq anlayışı
ilə bağlı əsas məlumatı verdik. Azərbaycanlıların paleontoloji təşəkkül
və formalaşması
çox qədimdir və bu formalaşmada
bir neçə (neqroid, Avropa, müəyyən dərəcədə
monqoloid) cizgilər rol oynamışdır.
Hörmətlə, müəllimin Əkbər
AĞAYEV
Bakı, 10/X-78
Ədəbiyyat qəzeti.- 2021.- 22
may.- S.25.