Dərs

 

Ali məktəblərdə müəllimlərə ləqəb qoşmaq, ayrı-ayrı pedaqoqların fərdi keyfiyyətlərindəki, davranışlarındakı, danışıq vərdişlərindəki cizgiləri qabardan lətifələr uydurmaq "tələbə folklorunun" əsas özəlliyini təşkil edir. Kim nə deyir-desin, çox vaxt müəllimin bir şəxsiyyət, pedaqoq və alim kimliyi - elmi və mədəni səviyyəsi məhz "tələbə folkloru" nümunələrində daha dəqiq, daha obyektiv ifadə olunur...

"Dünya ədəbiyyatı ləngərlənə-ləngərlənə sinfə daxil olur...".

Professor Əkbər Ağayevin sinfə gəlişi münasibətilə əlüstü düzülüb-qoşulan və o vaxtdan yaddaşıma hopan bu cümlə də tələbə yaradıcılığının məhsulu idi və yəqin ki, professorun özünün bundan xəbəri yox idi. Olmayacaqdı da. Bunu onun üzünə demək etikaya sığmazdı. Çünki burada da "tələbə folkloru" dediyim amansız "ədəbi cərəyan" üçün səciyyəvi və həssas bir məqam vardı: Əkbər müəllim yeriyəndə həqiqətən ləngərlənirdi - ayağının birini möhkəm çəkirdi...

Biz indiki Bakı Dövlət Universitetinin Filologiya fakültəsində oxuyanda - 1975-80-ci illərdə ilk dekanımız olmuşdu. Bütün tələbələrə fərq qoymadan imkanı olan yaxşılığı eləməyə çalışırdı. Bundan başqa, Xarici ölkələr ədəbiyyatı kafedrasının (o vaxt belə adlanırdı) müdiri idi.

Ancaq professor Əkbər Ağayev şəxsən mənim yadımda vəzifə adamı kimi deyil, dünya ədəbiyyatının canlı, ləngərlənə-ləngərlənə yeriyən ensiklopediyası kimi qalıb. Əkbər Ağayev əslən Şuşadan idi və ölkəmizin mədəniyyət paytaxtını kifayət qədər ləyaqətlə təmsil edirdi. Bizə Qərb ədəbiyyatından - bəşəriyyətin elitar düşüncə tarixindən dərs deyən Əkbər müəllimin maraq dairəsinin genişliyi, hərarətli danışığı, mənən dolu insanlara xas təmkini, bütün hərəkətlərində, lap elə geyim-kecimində də əks olunan daxili mədəniyyəti özlüyündə bir məktəb idi.  Hər halda, uzaq bir əyalət kəndindən Bakıya elm və maarif dalınca "işığa gələn" gənclik təsəvvürüm onu bu cür qavrayıb qiymətləndirirdi...

Mühazirələrinin birində XX əsrin əvvəllərində Qərbin ictimai-siyasi və bədii düşüncəsində yer alan irqçilik təmayülləri barədə qısaca məlumat verirdi. Birdən dilim dinc durmadı:

- Müəllim, bəs biz özümüz - Azərbaycan xalqı hansı irqə mənsubuq? Gülümsünüb, sözü zarafata yönəltdi:

- Narahat olma, sən özün ən çox sevilən irqin nümayəndəsisən. Qarabuğdayı oğlanlar daha çox sevilirlər.

Mən isə cavabın sonunu gözləməyib, qonşu cərgədəki bənizli, sarışın saçlı, mavi gözlü Aidanı göstərdim:

- Belə çıxır ki, onunla mən fərqli irqləri təmsil eləyirik...

Sinfə sükut çökdü. Hamının gözü Əkbər müəllimə dikilmişdi. Xeyli düşünüb:

- Maraqlı sualdır, - dedi. - Həm də ciddi sualdır. Sənə təxmini cavab vermək istəməzdim. Bu suala cavab axtarmaq üçün kitabxanaya baş çəkmək lazımdır....

Əkbər müəllim bir neçə kitab adı sadaladı və məsləhət gördü ki, həmin kitabları oxuyum.

Gələn dərsdə gözü məni axtardı:

- Kitabxanada oldun?

- Universitetin kitabxanasında təmir gedir... - Atüstü ağlıma gələn bəhanə ilə özümü "təmizə çıxartmağa" çalışdım.   

- Mənsə sənin sualına cavab vermək üçün əməlli-başlı tədqiqat aparmışam.

Əlindəki kitabı açdı. Kitabın arasından makinada yazılmış vərəqləri götürüb mənə uzatdı. - Sualının cavabıdır. - Azca duruxub əlavə elədi: - Maraqlı sual verən tələbənin xətrini çox istəyirəm...

Əkbər müəllim həmin gün mühazirəsini proqramdankənar mövzuya həsr elədi. Azərbaycan xalqının etnogenetik tarixindən, türk xalqlarının tarix boyu müzəffər yürüşlərindən, yerdəyişmələrindən, yürüşlər zamanı mədəniyyətlərin, eləcə də irqlərin çarpazlaşmasından, qovuşmasından danışdı. Auditoriyamızda müşahidə olunan irqi əlamət müxtəlifliyinin (təbii ki, Aida ilə mənim timsalımızda) səbəbləri barədə öz mülahizələrini söylədi...

Mən sonralar həmin mövzuya dair xeyli ədəbiyyat oxudum. Əkbər müəllimin istər dərsdə dediklərini, istərsə də məktubunda mənə yazdıqlarını mütləq həqiqət kimi qələmə vermək fikrində deyiləm. Ancaq təfərrüatlarını yazdığım epizodla bağlı mənim üçün mütləq bir dərs var ki, o dərsin əhəmiyyətinə heç nə ilə kölgə salmaq mümkün deyil...

Tale elə gətirib ki, bir vaxt təhsil aldığım auditoriyalarda indi mən də dərs deyirəm. Tələbələrin barəmdə düzüb qoşduqları "folklor nümunələri" də hərdən qulağıma çatır...

Hər dərsin sonunda üzümü auditoriyaya tutub "Kimin sualı var?" soruşanda isə gözlərimin önünə Əkbər müəllimin kitabın arasından götürüb mənə uzatdığı məktub gəlir.  Sanki illərin o üzündən ləngər yerişli bir insan, ağır düşüncəli bir alim, həssas bir müəllim  hərəkətlərimə, davranışıma göz qoyur. Mən özümü o insanın qarşısında imtahan verirmiş kimi hiss edirəm...

 

Məti Osmanoğlu

 

Ədəbiyyat qəzeti.- 2021.- 22 may.- S.25.