Ana dilimiz ulularımızın bizə əmanətidir!

 

Bəzən uzun illər səni narahat edən, tez-tez qarşılaşdığın problem haqqında düşüncələrini, fikirlərini qələmə almaq istəyirsən, ancaq nədənsə, beyninin vərəqlərindən yazıya köçürə bilmirsən. Nəhayət, birdən elə hadisəylə üzləşirsən, səndən asılı olmadan qələmi əlinə götürüsən.

Sentyabr ayı idi. Özəl orta məktəbin yaxınlığından keçirdim. Kiçik yaşlı uşaqlar dərsdən çıxırdı. Dünyanın bəlası virus onların əhval-ruhiyyəsinə o qədər də təsir etməmiş, səs-küylərini, sevinclərini əllərindən ala bilməmişdi. Özümdən asılı olmadan bir anlıq ayaq saxladım. Varlığımda qəribə hisslər yarandı. Xəyalən mən də onların sevincinə qoşuldum. Balaca fidanların bəzisi çantalarının ağırlığına baxmayaraq, çiyinlərinə keçirərək valideyninin əlindən tutub şəstlə yeriyir, bəziləri isə çantalarını valideyninə verib, nədənsə, kimdənsə şikayətlənə-şikayətlənə narazı, tənbəl-tənbəl yeriyirdi. Uşaqların çantalarının necə ağır olduğunu görüb, birinci sinfə getdiyimi, rəhmətlik nənəmin mənə bir üzü qırmızı, digər üzü göy rəngdə cit parçadan tikdiyi çantamı xatırladım. Nənəm çantanın qırmızı üzünə həmin göy parçadan balaca cib də tikmişdi. Ora mürəkkəb qabımı qoyardım. Bəzən evə üst-başım, üz-gözüm mürəkkəbə batmış halda dönərdim. Çantamın içərisində bir əlifba kitabı, iki dəftər, bir də qələm olardı. Zaman hər şeyi necə də sürətlə dəyişir, bizə hiss etdirmədən. Hər şeyi dəyişdirən zamanın özündən xəbəri yoxdu, özü də dəyişib, zaman o zaman deyil. Düşünürəm, zamanmı bizi dəyişdirib, bizmi zamanı?! Bu düşüncədə ikən birdən bərabərimdən keçən balacanın yanıqlı-yanıqlı ağladığını gördüm. Anası sakitləşdirməyə çalışsa da, sakitləşmirdi, ağlaya-ağlaya: - Mən o dildə oxumaq istəmirəm. Mən öz dilimizdə oxumaq istəyirəm. Mən Lalənin oxuduğu məktəbdə oxumaq istəyirəm. O, öz dilimizdə oxuyur. Anası nə qədər dil tökürdü: - Bax, görürsən, o gördüyün uşaqların hamısı ingilis dilində, rus dilində oxuyur, heç gör ağlayan var, əksinə sevinirlər. - Onlar oxuyur oxusun, mən oxumaq istəmirəm... mən öz dilimizdə oxumaq istəyirəm. Uşağın ağlamasının səbəbi mənə aydın oldu. Tutuldum. Qəhər məni boğdu. Uşaq yad dildə oxumaq istəmədiyi üçün ağlayırdı. Mən ananın öz doğma dilinə belə yad, ögey münasibətinə görə qəhərlənmişdim. Ulu öndər Heydər Əliyevin dediyi dəyərli sözləri xatırladım: - Azərbaycanın milli ruhunun yüksəlməsinə təkan verən şərtlərdən biri ana dilində təhsil almaqdır. Hər yerdə Azərbaycanın dövlət dili, ana dili - Azərbaycan dili hakim olmalıdır. Bu dəyərli fikirlər, yanlış, səhv, qaranlıq düşüncəli insanlar üçün bir işıq, aydınlıqdır. Özümü toparlayaraq, üzr istəyib müdaxilə etməli oldum: - Nə üçün uşağın istəyini nəzərə almırsınız? Axı, o, xarici dildə yox, ana dilində oxumaq istəyir. - O uşaqdır, nəyin yaxşı, nəyin pis olduğunu, gələcəkdə hansı dilin ona lazım olacağını hələ dərk etmir. Vaxt gələcək, ingilis dilində oxuduğu üçün mənə "sağ ol" deyəcək. İndi elə dövrdə yaşayırıq ki, uşaqlarımız ingilis dilini, rus dilini mütləq bilməlidir. Azərbaycan dilində oxusa Biləcəridən o yana gedə bilməyəcək. İnsafən, rus və ingilis bölmələri ilə Azərbaycan bölməsində təhsilin səviyyəsi eynidir?

Təəssüflə üzünə baxdım. Bu əqidənin sahibinə verəcəyim suallara alacağım cavab təxminən mənə aydın olduğu üçün ananın nəyin pis, nəyin yaxşı kəlmələri ürəyimi xəncər kimi deşə-deşə suallarımı ürəyimdə öz-özümə ünvanladım. Xarici dili lazımlı dil kimi öyrəniriksə, bəs doğma ana dilimiz?! Dövlət dilimiz?! Bəyəm Azərbaycan dilində oxuyanlara başqa dili öyrənmək üçün qadağa qoyublar? 4-5 xarici dil bilənlər orta təhsillərini 4-5 dildə alıblar? Necə öyrəniblər? Məqsəd xarici dildə təhsil alıb Biləcəridən o yana getməkdirsə, bəs Biləcəridən bu yan?! Bizdən asılı olmayan səbəblərə görə Biləcəridən o yana gedənlərin milli mənəviyyatımıza vurduğu zərbələr bəs deyilmi? Xarici dildə təhsilin səviyyəsinin yüksək olmasını əminliklə söyləyən qadının fikrinin nə dərəcədə doğru, düzgün olduğunu bilmək üçün bu il bəzi özəl məktəblərin buraxılış imtahanlarının nəticəsi ilə maraqlandım. Məlum oldu ki, rus bölməsində imtahanların nəticəsi nəinki üstündür, əksinə, Azərbaycan bölməsinin nəticələrindən qat-qat aşağıdır.

Azərbaycanda yaşayan, işləyən xarici vətəndaşlar üçün xarici dildə məktəb olmalıdır, var da. O məktəblərdə sinifdə 2-3 xarici vətəndaşın övladları oxuyursa, qalanları azərbaycanlıların övladlarıdır. Qonşu dövlətlərdə rus dilində məktəb yoxdur. Düşünürəm, bizim millətimizdə o dilə sevgi, məhəbbət nə vaxt, nə zaman, necə yaranıb? Tarixin səhifələrini dönə-dönə vərəqlədim, ancaq bu sevgini yaradan səbəbləri tapa bilmədim. Ancaq onu öyrəndim ki, bizə olan münasibətdən asılı olmayaraq, biz həmişə doğmaya yad, yada doğma olmuşuq. Bunun ağrısını-acısını çox çəkmişik, çəkə-çəkə də gedirik. O zamana qədər ki, doğmanı doğma, yadı yad bilənə kimi. Düşünürəm, doğma ana dilimizə ögey münasibət nədən qaynaqlanır. Yaxınlığında dayandığım özəl orta məktəbində Azərbaycan bölməsinin vəziyyəti ilə maraqlandım. Məlum oldu ki, bu il məktəbdə Azərbaycan bölməsi yoxdur. Keçən tədris ilində məktəbin rəhbərliyi Azərbaycan bölməsinin təhsil haqqını yarıya endirərək çox çətinliklə bir sinif açsa da, bu il Azərbaycan bölməsinə bir nəfər də müraciət etməyib. Ümumiyyətlə, demək olar ki, özəl məktəblərdə Azərbaycan bölməsinin vəziyyəti ürəkaçan deyil.

Özəl məktəblərlə dövlət məktəblərinin fərqini yaxşı bilirik. Niyə fərqli özəlliyə sahib olan orta məktəblərimizdə Azərbaycan bölməsi yox və ya tamamilə az sayda olsun?! Sanki, xarici dil Azərbaycan bölməsinin içərisinə bir qurd kimi düşüb, xımır-xımır yeyərək yox edir. Bu yox olmalar bizi sabah qarşılaşacağımız, bərpası mümkün olmayan nəticələrlə qarşı-qarşıya qoyacaq.

Bəzi insanların düşüncəsində sovet dönəmindən qalma fikir hələ də yaşamaqdadır. Dövlətin idarə olunmasında, dövlət qurumlarında, məsul vəzifələrdə işləmək üçün təhsil rus dilində olmalıdır. Şükürlər olsun, Azərbaycan dünya dövlətləri içərisində öz yeri, öz gücü olan müstəqil bir dövlətdir. Azərbaycanın dövlət dili Konstitusiyada təsdiq olunmuş Azərbaycan dilidir. Azərbaycan vətəndaşının hər birinin vətəndaşlıq borcu dövlət dilini bilib, bu dil vasitəsilə dövlətimizə, xalqına xidmət etməkdir.

Bəzən elə məkanda, elə məclislərdə olursan, özlərini ali təbəqənin üzvü hesab edib, ana dilində danışmağı münasib bilməyən, onu ikinci dərəcəli dil hesab edənləri görəndə yenə də rəhmətlik ulu öndər Heydər Əliyevin dediyi qiymətli sözləri xatırlayıram.

"Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevirəm. Bu dildə danışmağımla fəxr edirəm". Ulu öndərin dediyi kimi bu qiymətli fikir mənə vaxtilə eşitdiyim söhbəti xatırlatdı.

Uzun müddət MTN-də çalışmış, sonra məktəbimizdə metodbirləşmənin sədri işləyən rəhmətlik Ağayev Teymur müəllimin, hər birimiz üçün örnək olan söhbəti yadıma düşdü. Teymur müəllim kim nəyisə öyrənəndə, çətin olduğunu bildirəndə şahidi olduğu hadisəni danışardı: - Mən Heydər müəllimlə bərabər işləyirdim. Heydər müəllim işə təzə qəbul olunmuşdu. Bütün işlər rus dilində aparılırdı. Mühüm bir məsələ ilə əlaqədar təcili iclas keçirilməli, o iclasda Heydər müəllim də çıxış etməli idi. Heydər müəllim məruzəsini tez yazıb, xüsusi şöbəyə təqdim etdi. Məruzə Azərbaycan dilində yazıldığı üçün rus dilinə tərcümə olunmalı idi. Tərcüməçi qız məruzəni götürmək istəyəndə, Heydər müəllim tez masanın üzərindən məruzəsini götürüb: - Narahat olma, gecə məruzəni tərcümə edib səhər çatdıracam. Tərcüməçi qız tərəddüd etsə də razılaşdı. Doğrudan da, Heydər müəllim səhər məruzəsinin tərcüməsini xüsusi şöbəyə təqdim etdi. Qız tərcümə ilə tanış olduqda təəccüblə Heydər müəllimə baxıb: - Necə oldu bir gecəyə belə bir mükəmməl tərcümə etdiniz, şəxsən mən bu səviyyədə tərcümə edə bilməzdim. Heydər müəllim gülümsünərək: - Mən kökümə bağlı insanam, mənim ana dilim mənim kökümdür. Tərcümənin mükəmməl olmasının əsas səbəbi də budur. Ana dilini mükəmməl bilən insan kökündən qidalanaraq, istədiyi dili asanlıqla öyrənə bilər.

1995-ci ildə ilk milli Konstitusiyamızda Azərbaycan dili dövlət dili kimi qəbul olunduğu müşavirədə ulu öndərin Azərbaycan dili haqqında söylədiyi dərin, məntiqli, əhatəli çıxışı, çəkdiyi misallar dilçilərimizi, sənətkarlarımızı - hamımızı heyran qoydu. Ulu öndərin bu dəyərli çıxışı onun kökünə, doğma ana dilinə sıx bağlılığının əyani sübutu idi. Məhz bu səbəbdən ana dilinin qrammatikasını, qayda-qanunlarını gözəl bilən, onun zənginliyindən, ahəngdarlığından, söz ehtiyatından məharətlə istifadə edən Heydər Əliyevin natiqlik məharəti, nitq mədəniyyəti hamını heyran qoyurdu. Məktəbli uşaqlarla bərabər, məsul vəzifədə çalışan hər bir kəsə doğma ana dilini mükəmməl bilməsini dönə-dönə tövsiyə edirdi. Dil millətin kimliyi, onun varlığıdır. Düşmən bir milləti məhv etmək üçün onun vətəninə təcavüz edib zəbt edir. Sonra bütün alçaq vasitələrdən istifadə edərək ana dilini sıxıb, əzib, sonra əridib yox edir. Vaxtilə, finlərin, çexlərin düşmənləri onların vətəninə təcavüz edib, zəbt etdikdən sonra bütün alçaq vasitələrdən istifadə edərək onların ana dilində yazılan qiymətli, dəyərli yazıları, sənət əsərlərini yandırıb yox etdirir, lakin ana dilini canından artıq sevən Siellman kimi milli ruhlu oğulları ana dillərini təcavüzkarların caynağından qoparıb, məhv olmağa qoymadılar. Ana dillərini yaşatdılar. Ana dili əlindən alınan millət yox olub, yer üzündən silinir. Düşünürəm, vətənimiz əsrlərlə təcavüzə məruz qalıb əsarətə alınsa da, ana dilimizi analarımızın, nənənlərimizin laylaları, bayatıları, oxşamaları, nağılları təcavüzkarlardan  qorudu, onu əsarətə düşməyə qoymadı.

Düşmən milli musiqi alətimiz olan balabana sahiblənmək istəyəndə analarımızın yüz illər öncə qoşduqları bayatısı haray salıb düşmənə layiqli cavabını verdi.

Uzun illər dilimizi əzmək, yox etmək üçün istər İran Azərbaycanında, istərsə də Sovet Azərbaycanında müxtəlif üsullardan istifadə etdilər. Vaxtilə İran şahı Rza Pəhləvi ana dili uğrunda mübarizəyə qalxan azərbaycanlıların istəyini, arzusunu məhv etmək üçün, hiyləgər plan düşünmüş, azərbaycanlıların fars qızları ilə evlənməsi üçün təlimat vermişdi. Bu üsul Sovet Azərbaycanında da yazılmamış qanunlarla hiyləgərcəsinə icra olunurdu. 1946-cı ildə Stalinlə görüşəndə İranın baş naziri Qəvvam əs-Səltənə deyir: - Azərbaycan dili İran Azərbaycanında yaşayan əhalinin doğma dili deyil, burada yaşayan Səlcuq işğalçılarının dilidir. Azərbaycanlıların öz dili yoxdur. Dilimizə atılan iftiralara, böhtanlara baxmayaraq, Cənubi Azərbaycanda yaşayan soydaşlarımız ana dilində məktəbləri olmasa belə bütün çətinliklərə, qadağalara baxmayaraq, ana dilimizi yaşadırlar. Anaların laylaları, bayatıları, nağılları ana dilində onlara məktəb oldu. Bu məktəb ana dilimizi yad təsirdən qorudu, əriməyə, yox olmağa imkan vermədi. Heç təsadüfi deyil ki, Azərbaycanın böyük şairi, əsərlərini, əsasən, fars dilində yazan Şəhriyarın ilk Azərbaycan dilində yazdığı “Heydərbabaya salam” əsəri ana harayının, ana fəryadının nəticəsində yarandı.

 

Əzizim, balabanı,

Asta çal balabanı.

Hamının balası gəldi,

Bəs mənim balam hanı?

 

Deməli, dərdli, qəmli günlərimizdə balaban analarımızın dərdinə şərik olub. Kədərli anlarında qarmonun, saksafonun deyil, milli musiqi alətimiz olan balabanın asta çalınmasını xahiş edib.

Azərbaycan dili öz zənginliyi, ahəngilə başqa dillərdən fərqləndiyi kimi, eyni zamanda saflığı ilə, təmizliyi ilə də fərqlənir. Heç kəsin dininə, dilinə, tarixinə, mədəniyyətinə iftira, böhtan atmayıb. Mənəvi təmizliyini həmişə qoruyub-saxlayıb. Məhz bu baxımdan ana dilimiz sevilməyə layiq bir dildir, künc-bucağa sıxışdırılmağa yox. Ana dilimiz ulularımızın bizə əmanətidir. Əmanətə xəyanət həm ulularımızın ruhu qarşısında, həm də Allah qarşısında böyük günahdır. Təəssüflər olsun ki, bizə verilən əmanəti bizdən asılı olan və ya olmayan səbəblər üzündən lazımi səviyyədə qoruyub-saxlaya bilmirik.

Sovet dönəmində orta və ali təhsilini Azərbaycan dilində alan gənclərimizin işə düzəlməsi problem olurdu. Rus dilini bilmədikləri üçün. Dövlət işlərində, dövlət idarələrində işə düzəlmək onlar üçün qeyri-mümkün idi. Halbuki, onların arasında nə qədər savadlı, bacarıqlı, istedadlı gənclərimiz vardı. O gənclərin bir qismi ali təhsilini bitirdikdən sonra rayonlara, kəndlərə geri dönür, ixtisasına uyğun oldu-olmadı işdə çalışır, əksəriyyəti isə Rusiyanın şəhərlərinə üz tuturdu. Ali təhsilli olsalar da, alverdən tutmuş fəhləliyə qədər nə iş oldu çalışırdılar. Bu vəziyyəti görən, azərbaycanlılara xoş münasibət bəsləməyən bədxahlar millətimizə qarşı mənfi rəy formalaşdırmağa çalışaraq adımızın üzərinə alverçi kəlməsi yapışdırırdılar. Halbuki, millətimizin sovet dönəmində əvəzsiz xidməti olan Fərman Salmanov, Kərim Kərimov kimi oğulları da vardı. Bədxahlar elə oğullarımızı ya görmürdülər, ya da görmək istəmirdilər. İllər keçdikcə ailəsindən, vətənindən didərgin düşən gənclərimizin bir qismi ailə bağlarını saxlasa da, əksəriyyəti vətənini, dilini, doğmalarını, milli kimliyini unudaraq Aliklərə, Toliklərə çevrildi. Vətəninə dönük, ata-anasını, doğmalarını tamamilə unudan bir zümrə yarandı. Uzun illər oğlunu gözləyən, gözləri yollarda qalan yaşlı bir ananın dediyi sözlər hələ də qulağımda səslənir. Ana qarşılaşdığı hər kəsə eyni sualı verirdi: - Oğlumu otuz ildən artıqdır səsləyirəm, eşitmir, səsimə səs vermir. Bəs bu yanvar qırğınının top-tüfəng səsini də eşitmədimi? Niyə dünya eşitdi, o eşitmədi?! Bəs demədimi Bakımıza nə oldu? Ümidi təkcə mənə olan anam öldümü, qaldımı?! Görənlər var, deyirlər sağ-salamatdır. Allahdan bir istəyim var, bircə onu görəydim, bu suallarımın cavabını alaydım, sonra dünyadan köçəydim. Televiziya verilişlərində əllərində şəkillər övladlarını, doğmalarını axtaranları görəndə qarşılaşdığım ananın oğluna verəcəyi suallar yadıma düşdü. Düşünürəm, görəsən, onlar da eyni suallara cavab almaq üçün övladlarını, əzizlərini gözləyir? Otuz, qırx il vətəni üçün darıxmayan, doğmalarını yadına salmayanları çətinliklə, əzab-əziyyətlə axtarıb tapmağa dəyərmi? Tapılan axtardığımız itirdiyimiz olmayacaq. Otuz, qırx ildə doğmalarına qarşı mənəviyyatı buz bağlamış, hissiz, duyğusuz, sevgisiz bir müqəvva ilə qarşılaşacağıq. Ana o gün oğlunu itirəcək, özü də həmişəlik. Gördüyümüz ürək ağrıdan səhnə idi. Yaşlı ana əlləri əsə-əsə oğlunun şəklini sinəsinə sıxıb aparıcıya yalvarır, bacı göz yaşlarını saxlaya bilməyib hönkür-hönkür ağlayır, verilişdəkilər qəhərlənib göz yaşlarında boğulur. Hələ mən televiziya qarşısında əyləşən milyonlarla tamaşaçını demirəm. Dəyərmi? Bu bizim milli mənəviyyatımıza yaraşmayan bir haldır. Yaşlı ana əsə-əsə dünyaya gətirdiyi, böyüdüb başa çatdırdığı, otuz-qırx ildir onu arayıb-axtarmayan oğlunu axtarır. Qarşılaşdığımız bu səhnə vaxtilə bizdən asılı və ya asılı olmayan, düzəltməyə cəhd etmədiyimiz səbəblərin acı nəticəsidir.

Dilçilərimiz, sənət adamlarımız dilə müxtəlif təriflər vermiş, dil haqqında fikirlərini söyləmişdir. Ümumi fikir isə dilin ünsiyyət vasitəsi olmasıdır. Dil ünsiyyət vasitəsidir. İlk kövrək ünsiyyət hələ dünyaya göz açmamış körpə ilə ana arasında yaranır. Ananın keçirdiyi bütün sevincli, kədərli hallarına körpə ana vücudunda ikən reaksiya verir. Dünyaya göz açanda ananın oxşamalarına, laylalarına qığıltısı ilə, anlaşılmaz səsləriylə cavab verir. Ana ilə bala arasında ilk kövrək rabitə telləri beləcə yaranır. Bu rabitə vasitəsi ilə körpə anasının dilini yavaş-yavaş öyrənib mənimsəyir. Bu səbəbdən də ana dilimiz heç bir dillə müqayisə edilməyən, əvəz olunmayan bizə əziz və doğmadır. Ana-bala ünsiyyətindən sonra ailə ünsiyyəti yaranır. 5-6 il ailə əhatəsində böyüyən uşaqlar istər psixoloji, istərsə də nitqi tam formalaşmamış məktəb mühitinə düşür. İlk günlər ailə mühitindən məktəb mühitinə düşən fidanlar üçün çətin olur. Bu çətinliyi əlifba kitabındakı rəngli şəkillər, ana dilindəki maraqlı mətnlər uşaqlarda məktəbə, dərsə maraq yaradır. Sanki ailə ilə məktəb arasında bir körpü rolunu oynayırdı. Son illər əlifba və ana dili əvəzinə Azərbaycan dili fənni tədris olunur. Azərbaycan dili fənn kimi birinci sinifdə deyil, ikinci sinifdə keçirilsə daha münasib olardı.

Sovet dövründə övladımın birinci sinfə getdiyi günü xatırlayıram. Qəti qərarım idi. Övladım orta təhsilini ana dilində almalıdır. Yaxınlarımız, dostlarımız dil töküb məni qərarımdan döndərməyə çalışırdılar. Rus dilində təhsilin üstünlüyünü, ali təhsil alandan sonra iş probleminin olmayacağını, Nizamini, Füzulini, Sabiri tanıyacağını bildirərək qərarımı dəyişdirməyə çalışırdılar. Qəhər məni boğdu. Üzümü onlara tutub: - Yaxşı, mən sizinlə razılaşım. Ana dilimizdə mən uşağımı oxutmayım, sən oxutma, o oxutmasın. Biz başqa millətin dilində oxuyub o dili cilalayaq, parladaq, öz dilimizi işlətməyək, künc-bucağa yığıb koruşladaq, pasladaq. Bəs bizim dildə hansı millət uşaqlarını oxudacaq, pas bağlamış dilimizi kim cilalayıb parladacaq?! O ki qaldı rus dilində oxuyanda Nizamini tanıyacağına. Məsələ mənim övladımın Nizamini tanıyıb-tanımaması deyil. Nizamini dünya tanıyır. Dünyanın tanıdığı bu böyük sənətkara yiyələnmək üçün neçə əllər uzanıb, bu əlləri kəsmək üçün, əsaslandırılmış, elmi dəlillərə söykənən, məntiqlə cavab verən nizamişünaslara, Nizami tədqiqatçılarına böyük ehtiyacımız var. Rus dilində oxuyan, rus dilini, ədəbiyyatını o dildə yazıb-yaradan sənətkarların əsərlərini oxuyub öyrənəndə Nizami sevgisi necə yarana bilər? Nizami dəryasına baş vurub nizamişünas, Nizami tədqiqatçısı necə ola bilər? Dil, təfəkkür bir-biri ilə sıx bağlı olan məfhumlardır. On bir il fərq etməz hansı dildə təhsil alırsan, sənin düşüncəni o dil formalaşdırır. Dil təmasda olduqlarını, eşitdiklərini beyinə ötürür. Beyin aldığı informasiya üzərində düşünür, təfəkkürünü formalaşdırır. Düşünürəm, 11 il xarici dildə təhsil alanla Azərbaycan dilində təhsil alanın fərqi nədir? Dilin fərqliliyindən başqa. Bütün dillərdə tədris olunan cəbr, həndəsə, kimya, fizika, biologiya, astronomiya fənlərinin bilik mənbəyi eyni deyilmi? Fərqli Azərbaycan dili, ədəbiyyat, tarix fənləridir. On bir il təhsil müddətində hər hansı sənətə, elm sahəsinə tədricən oxuduğum dil vasitəsilə maraq yaranır. 11 il xarici millətin dilini, ədəbiyyatını, tarixini öyrənənlər Azərbaycanın saxtalaşdırılmış, təzyiqlərlə yazılmış, keşməkeşli tarixinə necə maraq yarana bilər? Halbuki, bu gün tariximizin araşdırılmasına, tədqiq olunmasına böyük ehtiyac var. Azərbaycan dilində təhsil almayan, o dilin qayda-qanunlarını mükəmməl bilməyən, başqa dillərlə müqayisə edib onun zənginliyini, özəlliyini necə dərk edə bilər? Tarixinə maraq, ədəbiyyatına sevgi necə yarana bilər? Təəssüflər olsun ki, adları, soyadları millətimə mənsub olsa da, yad dil düşüncə tərzi, milli adət-ənənəmizə yad bir zümrə yetişdirir. Gözlərim qarşısında geni dəyişdirilmiş meyvələr canlandı. Heç demə, meyvələrlə bərabər insan geni də beləcə dəyişirmiş. Təəssüf doğuran odur ki, bu proses başqa millətlərdə ağır, yavaş-yavaş getsə də, bizdə çox sürətlə irəliləyir.

Bəzən tez-tez bu sözləri də eşidirik: - Uşaqlarımız onsuz da Azərbaycan dilini bilirlər. Xarici dili mükəmməl bilməsi üçün mütləq orta təhsili o dildə almalıdır. Ailə-məişət səviyyəsində danışmaq o dili bilmək deyil. 11 il hansı dildə təhsil alırsan, o dilin qrammatik qayda-qanunlarını, özünəməxsusluğunu, özəlliyini keçdiyin fənlərdəki terminləri, o dildə yazıb-yaradan sənətkarların əsərlərini oxuya-oxuya zəngin söz ehtiyatına sahib olaraq o dili mükəmməl öyrənirsən. Qloballaşan dünyada dövlətlərin bir-biri ilə iqtisadi, siyasi, mədəni əlaqələr yaratması üçün xarici dili bilmək lazımdır, vacibdir. Deməli, xarici dili bizə lazım olduğu üçün öyrənməliyik. Ana dili anamızın dili olduğu üçün, Azərbaycan dili dövlətimizin dili olduğu üçün mükəmməl öyrənməli, bilməli, sevib başımızın tacı etməliyik.

 

Səslənəndə ahəngilə düzülən,

Dodaqlarda nəğmə kimi süzülən

Bayatılı, oxşamalı, laylalı

Bu dil mənim doğma ana dilimdi

Mənim dilim Azərbaycan dilidi.

 

Orta və ali təhsilini Azərbaycan dilində qurtarıb, 4-5 xarici dil bilən, tanınan, tanınmayan oğul, qızlarımız göz önümdə canlandı. Xüsusilə, bir nəfər haqqında fikrimi bildirmək istəyirəm. Orta və ali təhsilini Azərbaycan dilində alan, ingilis dilini mükəmməl bilən, dörd dildə sərbəst danışan insan, elmin müxtəlif sahələrində çıxış edərkən, Azərbaycan dilinin qrammatikasını, qayda-qanunlarını gözəl bilən, dilimizin zənginliyindən, söz ehtiyatından məharətlə istifadə edərək istər televiziya çıxışlarında, istərsə də mətbu yazılarında tamaşaçılarını və oxucularını heyran qoyan, millətimin fəxri olan bu insanın hansı sənətin sahibi olduğunu mən bu günə kimi dəqiqləşdirə bilməmişəm. Şair, publisist, dilçi, ədəbiyyatşünas, tarixçi, filosof, riyaziyyatçı və s.

Hər bir sahənin, elmin mükəmməl bilicisi. Orta və ali təhsil aldığı ana dilinin düşüncəsinə ötürdüyü informasiya, bilik onun bütün fəaliyyətini bir ideya ətrafına yönəltdi. Millətinə, dövlətinə, elm, təhsil sahəsində var gücü ilə kömək etmək. Bu müqəddəs iş onun vətəninə, xalqına olan ən yüksək xidmətidir. Ancaq təəssüflə qeyd etməliyəm ki, vətəninə, millətinə əvəzsiz xidməti olan belə bir insanın genini daşıyan övladları vətəndə deyil, xarici ölkələrdə yaşayır və fəaliyyət göstərirlər.

Bir məsələ də həmişə məni düşündürüb, narahat edib, niyə? Qardaş türklərdən, qonşu ruslardan fərqli olaraq özünü ifadə, fikri çatdırma bizdə o qədər də ürəkaçan səviyyədə deyil. Bu fərqlilik mötəbər məclislərdə, televiziya çıxışlarında daha aydın nəzərə çarpır. Orta və ali təhsilini xarici dildə olan müəyyən sahənin mütəxəssisi milyonlar qarşısında çıxış edərkən, Azərbaycan dilinin qrammatik qayda-qanunlarını bilmədiyi üçün, şəkilçilərin ixtisarı, sözlərin yerində düzgün işlənməməsi, söz ehtiyatının kasadlığı, nitq ahənginin pozulması nəticəsində biliyini lazımi səviyyədə tamaşaçıya çatdıra bilmir. Bəziləri də Azərbaycan dilini mükəmməl bilmədiyi üçün efirə çıxmaqdan imtina edir. Halbuki, xalqımızın savadlı, mütəxəssis biliyinə, məsləhətinə böyük ehtiyacı var.

Günlərin birində rəfiqəmlə bərabər Cahangir Cahangirovun gözəl bir musiqisini dinləyirdik (rəfiqəm musiqiçi idi), müğənni mahnını ifa etməyə başlayanda rəfiqəm qulaqlarını tutub: - Vay, vay, başdan ayağa xaric oxuyur, deton oxuyur. O vaxta qədər deton nə olduğunu bilmirdim. Azərbaycan dilinin qol-budağını sındıra-sındıra çıxış edənləri dinləyəndə rəfiqəmin etdiyi hərəkəti özümdən asılı olmayaraq mən də təkrarlayıram. Deməli, musiqimizin detonu olduğu kimi, danışıq dilimizin detonu belə olurmuş.

Dövlət idarəsində qarşılaşdığım, təsirləndiyim bir hadisəni də bölüşmək istəyirəm. Yaşlı bir kişinin müraciətinə cavab olaraq cavan işçi nəyisə izah etməyə çalışırdı. Söz yığımından ibarət olan qarışıq, dolaşıq cümlələrlə fikrini çatdıra bilmirdi (işlətdiyi ifadələrdən, cümlə quruluşundan hiss edirdim ki, rus təhsillidir), sonra oğlan bezmiş kimi: Əmi, başa düşdün? Əminin üzündə qəribə bir ifadə yarandı:"Oğul, dediklərini özün başa düşdün, mən də başa düşüm?" - deyərək acı-acı gülümsəyib: "Oğul, əlli il müəllim işləyib, dərs keçmişəm. Dərsi izah edib qurtarandan sonra həmişə: - Dərsimiz aydın oldu, uşaqlar - deyə müraciət etmişəm!". Əmi başını bulayıb əhvalı pozulmuş halda idarəni tərk etdi. Qarşılaşdığımız belə xoşagəlməz hallar "Onsuz da Azərbaycan dilini bilirik" deyib, orta təhsilini xarici dildə alan, o dili mükəmməl öyrənənlərin dövlətin dilindən istifadəsi, dövlətin vətəndaşına xidməti bu səviyyədə olur.

Bəzən özümüzdən asılı olmayan səbəblər üzündən özünüifadə, fikri çatdırma bizdə türklərdən, ruslardan fərqlilik yaradır. Məncə, bu fərqlilik bizim millətin əsrlərlə əsarətdə olmasından yaranıb. Müstəqil dövlətin müstəqil fikri, düşüncəsi olan vətəndaşı olur. Təsir altında olan millət düşündüklərini, fikirləşdiklərini sərbəst ifadə edə bilmir. Ədalətin yanında durub, gördüyü haqsızlıqlara səsini qaldıra bilmir.

 

" Əyil, Kürüm əyil keç

Dövran sənin deyil, keç"

 

- deyənlərin həyatı zindanda keçdi, başlarına min cür müsibətlər açıb məhv etdilər, ürəyi vətən, millət eşqi ilə döyünənlərə hiyləgərcəsinə, riyakarcasına öz dilimizdən, öz adımızdan böhtan atıb yox etdilər. Millətimizi beləcə uraladılar.

Gedənlər getdi, qalanlar qorxu, təlaş içində yaşadılar, əgər buna yaşamaq demək olarsa. Bütün bu olanları babalarımız gördü, atalarımız eşitdi. Nəvələrimiz də bilməli, yaddaşlarına həkk etməli, müstəqil Azərbaycanın vətəndaşı olduqları üçün fəxr etməlidirlər. Bizim üçün vətən əziz olduğu kimi, dilimiz də əziz və müqəddəsdir. Yad dillər düşüncəmizi, təfəkkürümüzü caynağına keçirib, beynimizdən söküb çıxarır. Özümüzü düşünməmək, üçün, özümüzü fikirləşməmək üçün. Fikir, düşüncə problemlərin, məsələlərin həllinin açarıdır. Fikirləşə-fikirləşə, düşünə-düşünə İnşallah bütün problemlərimizi həll edərik.

Bir məsələyə də münasibətimi bildirmək istəyirəm. Son illər orta məktəblərdə inşa yazılarına o qədər də diqqət yetirilmir. Sovet təhsil sistemində inşa yazılarına xüsusi diqqət verilirdi. Şagirdlərin ədəbiyyat fənnindən qiymətləndirilməsində inşa yazılarının qiyməti həlledici rol oynayırdı. İnşa yazıları şagirdlərin özünü ifadədə, fikri çatdırmada, təfəkkürün formalaşmasında xüsusi rolu var. Arzu edərdim ki, inşa yazılarına sovet təhsil sistemində olduğu kimi xüsusi diqqət verilsin. Bu diqqət verilərsə, özünüifadədə, fikri çatdırmada başqa millətlərlə fərqlilik aradan qalxar.

Ana, vətən, dil - bu üç məfhum bir-biri ilə o qədər sıx bağlıdır ki, birindən bəhs edib digərinə toxunmamaq mümkün deyil. Vətən, dil ananın qoşa qanadlarıdır. Vətən ananın maddi sərvətidirsə, dil mənəvi sərvətidir. Vətənə təcavüz edib, zəbt edən düşmən, sonra onun dilini, o dilin yaratdığı maddi və mədəni sərvətləri məhv edir. O milləti yer üzündən silmək üçün. Vətənimizi təcavüzkarlardan qoruduğumuz kimi dilimizi də yad təsirlərdən qorumalıyıq. Milləti yaşadan onun vətəni və dilidir. Vətənini itirən millət gec-tez dilini də itirir.

…Birinci Qarabağ savaşındakı məğlubiyyətimiz gecəli-gündüzlü xalqımıza rahatlıq vermədi. Otuz il tarixin dərslərini dönə-dönə oxuduq, dönə-dönə təkrarlayıb həmişəlik yaddaşımıza həkk etdik. Qarşılaşdığımız ağrılı-acılı nəticələrin səbəblərini arayıb-axtarıb öyrəndik. İstər uzaq keçmişimiz, istərsə də yaxın keçmişimizdə daxilimizdə baş verən ziddiyyətlər, parçalanmalar, münaqişələr, mübarizələr nəticəsində zəiflədik, gücdən düşdük. Bunu görən, pusquda duran hiyləgər düşmənlərimiz, fürsətdən istifadə edərək vətənimizə təcavüz etdi. İstər xanlıqlar dövrü, istərsə də birinci Qarabağ müharibəsi dövrü olsun, olan vətənə oldu. İtirən vətən oldu. İşğalçılar vətənimizi böldülər, parçaladılar. İtkilərimiz, acılarımız, tarixdən aldığımız dərslər bizi birliyə səslədi. Bir olduq, birlik olduq. Gücümüz gücümüzə qatıldı. Bir yumruq olduq. Bu birlik yumruğumuzu bərkitdi, möhkəmləndirib dəmirə çevirdi. Düşməni tarmar edən dəmir yumruq olduq. Bu yumruq Azərbaycan dövlət rəhbərinin, Azərbaycan Ordusunun, Azərbaycan xalqının hansı gücə sahib olduğunu dünyaya göstərdi. Dostlar sevindi, düşmənlərimiz cayır-cayır yanıb-yaxıldı. Düşmənin nələr edəcəyini bilmədiyimiz üçün həmişə ayıq-sayıq olmalıyıq. Düşmən günü-gündən məğlubiyyətə uğradıqca xarici havadarları od püskürə-püskürə informasiya hücumuna keçdilər. Onların heç bir həqiqətə söykənməyən, təxribatçı, intriqa yaradan suallarına Ali Baş Komandanımız cənab İlham Əliyev təkzib olunmaz faktlarla, məntiqli, dərin siyasi biliyi ilə cavab verərək bəd niyyətlərini gözündə qoydu. Təcavüzkar düşmənin 30 ildə insanlığa sığmayan vəhşi əməlləri dünyanın gözü qarşısında mətbuat vasitəsi ilə sərgiləndi. Viran olan şəhərlərimizi, xarabalığa çevrilən kəndlərimizi, divan tutulan təbiətimizi, talan olunan  maddi-mənəvi  sərvətimizi gördülər. Ürək ağrıdan, insanlığa sığmayan – vəhşilərin törətdiyi əməllərin şahidi oldular. Elə o anda dilləri tutulub lal oldular, hələ də, açılmır ki açılmır. Budurmu üz tutduğumuz dünyanın haqq, ədaləti?! Şəxsiyyətinə böyük hörmət və ehtiram bəslədiyim N.Nərimanov deyirdi: “Biz türk olduğumuz üçün bizə haqsız, ədalətsiz münasibət bəsləyirlər”. Heç nə dəyişməyib, yüz il öncə də belə olub, indi də!

İllərlə Azərbaycan Ordusuna qara yaxanların iftiralarını, yalanlarını 44 gün ərzində rəşadətli ordumuzun igidliyi tarmar etdi. İgid döyüşçülərimizin həm klassik, həm müasir döyüş üsullarından məharətlə istifadə edərək, əfsanəvi igidlik göstərərək qısa müddətdə düşmənin həm texnikasını, həm canlı qüvvəsini məhv edib diz çökdürdü. Bu günə kimi düşmənin bizə atdığı iftiraları, böhtanları eşitmişdik, hiyləgər əməllərini görmüşdük. Ancaq hədyan səfeh sayıqlamalarını eşitməmişdik. Bu günlərdə onu da eşitdik. Adi insanların sayıqlamasını hardasa başa düşmək olar, keşişin televiziya qarşısında sayıqlamasına baxanda atalarımızın yaxşı bir məsəlini xatırladım: "Ağası gülüm olanın başına külüm olar". Məncə, bu məsəl sayıqlayan düşmən üçün ən tutarlı cavabdır. Namərd, hiyləgər düşmən hər dəfə dünyanın bəlası virus kimi cildini dəyişərək müxtəlif rəngdə, müxtəlif donda qarşımıza çıxır. Düşmənin nələr edəcəyini bilmədiyimiz üçün həmişə ayıq-sayıq olmalıyıq.

Vətən müharibəsində Ali Baş Komandanımız rəşadətli Ordumuzun gücünə, Ordumuz Ali Baş Komandanımızın siyasi savadına, təcrübəsinə, biliyinə inandı. Bu qarşılıqlı inam, güvən xalqımıza qələbə sevincini yaşatdı.

       Otuz il Qarabağın yeri də, göyü də ürəyimizi dağlayan “Yetim segah” sızıldayırdı. Bu gün Qarabağın dağı-daşı səs-səsə verib “Qarabağ şikəstəsi”, “Qatar”, “Cahargah”, “Heyratı” oxuyur, zənguləsi ox olub düşmənin ürəyinə sancılır.

44 günlük qələbəmiz vətəni qalibiyyətə aparan zəfər yolunun qapısını taybatay üzümüzə açdı. İnşallah bu yol bizi bir başa itirdiyimiz, vətən nisgilli torpaqlarımıza qovuşdurar. Atalarımız yaxşı deyiblər:”El bir olsa dağ oynadar yerindən”. El bir olsa nəinki dağı, yeri-göyü də yerindən oynadar. Allah birliyimizi qorusun! Heç zaman parçalanmağa, bölünməyə qoymasın! Amin!

 

Həmayil Əhmədqızı

 

Ədəbiyyat qəzeti.- 2021.- 22 may.- S.22-23.