Vətənini də götürüb getmək…
"Vəziyyət ruscadır"
XIII yazı
XIX əsr
peyğəmbər kimi adamlar bəxş etdi dünyaya. Allah
külli-aləmi sözlə yaradıb, sözlə hərəkətə
gətiribsə, göndərdiyi ilahi şəxsiyyətlərə
də ən böyük silah kimi kəlmələri verməyi
təbiidi. Silah niyə, çünki döyüşmək
lazımdı. Elə peyğəmbərlikdən də
ona görə danışıram... Təkcə yüz ilə
sığışan müharibələrə, inqilablara nəzər
salanda, ayrı-ayrı xalqların həyatında baş verənləri
elə-belə, yüngülvari vərəqləyəndə
dəhşətə gəlir adam.
Milyonlarla insanın məhvinə səbəb olan
qırğınlar, bir parça torpaq üstündə
soyqırımlar, günahsızların başında
çatlayan yeni "kəşflər" - güc və
silah-sursat nümayişi, XX əsrdə dünya daha nələrdən
keçməyib?! Bəs necə olub ki,
dağılmayıb, Atlantidasayağı suyun altına getməyib?!
Bəlkə, bu dəhşətləri törədən elə
insan özü olub ona görə... Yəni
hansısa İlahi qüvvə, insanın və
insanlığın fövqündə duran Varlıq istəməyib
bu sonu. Söz də, sənət də elə onun
göndərdiyidi, onun işidi... "Allah
vergisi" ifadəsi elə-belə deyil, yəqin. Amma Allahın böyük səxavəti, bəxş
etdiyi güc nəyə sərf olunur, Hamlet demiş, “budur məsələ”.
Bəli, sən başqalarından fərqlisən,
bir azacıq seçilirsən yan-yövrəndən.
Amma verilmişlər Xeyirə xidmət edəcək, ya Şərə?!
Bu bir az tale işidi, amma daha çox tərbiyədi.
Sənət də, səmavi kitablar, yaxud yer
adamlarının yaratdıqları da bu tərbiyə
üçündü. Axı ən ibtidai
duyğu özünümüdafiədi; qədim insan
mağaradan azca başını çıxarıb elə o
bapbalaca düşüncəsi ilə ətrafı dərk edən
kimi əlinə keçəndən silah düzəldib,
döyüşməyi, asıb kəsməyi öyrənib.
Əsrlər keçir və hələ də
bu təməl xarakter dəyişilmir. Elə
ona görə də XIX əsrin bəxş etdiyi peyğəmbər
kimi adamlar maariflənmənin, insana yaşamaq uğrunda
mübarizənin ayrı yollarını öyrətməyin
vacibliyindən danışırdılar. XIX əsr sənətkarlarının
yaratdıqlarına nəzər saldıqca az
qala hər birinin yazdıqlarında həyəcan təbilini
eşitmək olur. Sanki qarşıdakı fəlakətlər,
müsibətlər, insan qırğını - hamısı
öncədən duyulmuş kimidi. Bəli XIX yüz il bütün buxovları, təzadları, yeni
istiqamətlərin açılması və köhnələrin
sıradan çıxması ilə, öncəki
yazılarımda qabartmağa
çalışdığım məqamları ilə arxada
qaldı. Qarşıda XX əsrdi və bu
dövrü ümumi xarakterizə etmək istəsək, yenə
də tarix önə keçir. Və bir
daha başa düşürük ki, sənət tarixin gətirib
çıxardığı məqamdan, mövcud şəraitdən,
"indi və burada" baş verənlərdən kənarda
nə yarana bilər, nə də qavrana. Ona
görə XX əsr rus ədəbiyyatının
qapısına elə tarix tərəfdən yanaşıram.
Birinci Dünya müharibəsindən baş
açmadan, inqilabın ab-havası
bürümüşdü Rusiyanı. Bir əsr
əvvəldən Rus inqilabının qəddarlığından
da, mənasızlığından da (Puşkin təbiri!)
çox danışılıb. Günahsızların
qurban verilib hakimiyyət sevdalılarının xoşbəxtliyə
çatması da inqilabın "qədim" nəticələrindəndi.
Amma zahirən görünən, yaxud göstərilən
başqadı axı. Millət fədailərinin
nəfəsi qarala-qarala dediyi kəlmələrin gerçək
anlamını, "xalq üçün", "vətən
üçün" yarlıqlarının tamam başqa məna
verməsini də dərk etmək bir ayrı bəladı.
Yaxud da faciə... Kimsə bir gözünü kor, bir
qulağını kar edib sakitcə durur, başqa birisi ən
azı ətrafında beş-üç adamı sevindirməyi
də vətənpərvərlik sayıb dinmir, ayrısı
öz aləmində mübarizə aparır və yel dəyirmanının
pərlərini görüncə Don Kixotdan
ilhamlandığını da yaxşı başa
düşür...
Əslində,
ən dözülməzi riakarlıqdı... "Bu
inqilabdı və kimlərsə ölməlidir ki, biz xoşbəxt
olaq" ideyası faciələrə yol açır. Heç nə daha yaxşı olmur, bu gün dünənkindən
də qara günə qalır dünya və məhz bunu
anlamaq getmək arzusunu şiddətləndirir. Hansı "getmək"?! Ölümü
seçənlər, barışmayanlar da az
olmayıb, baş götürüb uzaqlara gedənlər də...
Elə vətənini bürümüş
inqilab eyforiyasına, zahirən pərdələnmiş
"xoşbəxtliyə" dözməyənlərdən
biri də İvan Bunin idi. Apardığım
layihənin XX əsrə keçidini də məhz Buninlə
başlamağım təsadüf deyil. Məsələ
burasındadır ki, məhz İvan Alekseyeviçin həyatı
və yaradıcılığı, yaşantıları
bütöv dövrün simvolu ola bilər.
Daha doğrusu, sənətkar həyatının, istedadlı adam və tənhalıq, yaxud qürbət,
şöhrət, maddiyyat, amma yenə təklik, vətən həsrəti
tezislərinin hər birinin ifadəsini burda tapmaq
mümkündü.
Müflisləşmiş zadəgan ailəsində
doğulan və kasıblıq ucbatından heç normal təhsil
belə ala bilməyən İvan Bunin inqilaba qədərki
dövrdə kifayət qədər məşhur idi. Şeirləri,
hekayələri dərgilərdə çap olunurdu. Və elə haqqında söz açmaq istədiyim,
yazıçıya şöhrət gətirən "San-Fransiskolu
cənab" hekayəsi də bu dövrdə qələmə
alınıb. Buninin rus dilini yeni bir mərhələyə
ucaltması, təsvirlərindəki zərgər dəqiqliyi,
müşahidələrinin zənginliyi ədəbiyyatşünaslar
tərəfindən hər zaman vurğulanır. Amma məhz
bu hekayədə dediyim keyfiyyətlərdən daha çox,
başqa məqam təsirlidir; yazıçının
önduyumu, əsərin qələmə alınmasından
bir neçə il sonra düşəcəyi
mühiti, yaşam qaydalarını, hələ üstəlik,
özünü bunların içində necə hiss edəcəyini
əvvəlcədən görməsi və burda təsviri...
Bəlli bir yaşa çatmış, ömrü boyu
işləyib varlanmış San-Fransiskolu cənab nəhayət,
yaşamaq qərarına gəlib, ailəsini
götürüb İtaliyaya səfərə
çıxıb və elə ordaca dünyasını dəyişib. Vəssalam, süjet elə
budur... Rus və dünya ədəbiyyatında
onlarca belə ölümqabağı ovqat hekayələri var
və bu əsər bəlkə məhz həmin yanaşma ilə
digərlərindən üstün deyil. Bunin
özü də etiraf edirdi ki, bir dəfə kitab
mağazasında Tomas Mannın "Venesiyada
ölüm"ünün qapaq rəsmini görəndə bu
hekayəni yazmaq fikrinə düşür. Bundan sonra bacısını ziyarət edir, həmin
rəsmi xatırlayır və nədənsə bu detal bir
Amerikalının Kapridə tətildə ölümü ilə
assosasiya yaradır onda. Bu ovqatını
sözə çevirmək, yazmaq qərarına gəlir və
cəmisi dörd günə hekayə yaranır. Ölən amerikalı istisna olmaqla, hekayədəki
bütün digər faktlar yazıçı təxəyyülünün
məhsuludur. Və təsirli olan da elə budur... Çünki vətənini tərk edib əvvəlcə
İstanbula, sonra Sofiyaya, ordan Parisə köçən və
ömrünün sonuna kimi orada yaşayan Bunin Avropa mühiti
ilə heç cür qaynayıb-qarışmırdı.
Parisdə mühacirətdə olan azərbaycanlı
yazıçı Baninə (neft milyonçuları Şəmsi
Əsədullayevin və Musa Nağıyevin nəvəsi)
vurulmuşdu, amma onunla ünsiyyətində də bu rus-avropa,
rus-türk qarşıdurması önə keçirdi. Yazıçı Anarın inqilabın vətəndən
didərgin saldığı bu iki sənətkarın
münasibətlərinə həsr olunmuş kinossenarisində
Buninin dünya vətəndaşı, avropalı kimi
yaşaya bilməməsi önə çəkilir. Və bu məqamda Baninin qürur hissi oyadan məşhur
məktubunu sitat gətirməsəm, olmaz. O, Buninin rus
dilini öyrənməyin vacibliyi haqqında məktubuna cavab
verirdi:
"Mən sizə məni ruslaşdırmağı
qadağan edirəm. Eşidirsiz, qəti qadağan edirəm.
Siz ruslar mənim vətənimi koloniyaya
çevirdiniz. Və biz bununla
barışdıq. Nə mənim ailəm,
nə əcdadlarım, nə də xalqım rus deyil. Siz mənim rus görəndə üzünü
çevirib söyən nənəmi görsəydiz, bir də
bunu etməzdiniz."
San-Fransiskolu cənabın səfər etdiyi yerlərdən
inqilabdan əvvəlki Abşerona qayıtmağım qəribə
görünə bilər. Amma daha dərin
yanaşanda Baninin dedikləri təkcə onun vətəninin
və xalqının problemi deyildi, azadlıq sevdalısı
olan hər kəsin bəlası idi. Elə
Bunini vətəndən qaçıran da bu ağrı
deyildimi? Yəni məsələ rus
dilinin, zəngin rus mədəniyyətinin başqa məqsədlə
istifadəsindədi. Hətta etiraz əlaməti olaraq
Avropada yaşayanda da İvan Alekseyeviç inqilabdan əvvəlki
orfoqrafiya ilə yazırdı əsərlərini.... Nobel
nitqinin də ən təsirli məqamı məhz azadlıq
arzusu ilə bağlıdı:
"Nobel mükafatı təsis olunandan bəri ilk dəfə
siz onu mühacirə təqdim etdiniz. Zira mən kiməm?
Fransanın qonaqpərvərliyindən istifadə
edən qaçqın. Buna görə
Fransaya da hər zaman minnətdar olacağam.
Cənab Akademiya üzvləri, icazə verin, şəxsən
özümü və əsərlərimi br kənara qoyaraq
sizin bu jestinizin özlüyündə necə gözəl
olduğunu söyləyim.
Dünyada tamamilə azad sahələr mövcud
olmalıdı. Şübhəsiz ki, bu masanın ətrafında
hər fikrin, hər fəlsəfə və dini inancın
nümayəndələri əyləşiblər. Lakin
bizi birləşirən sarsılmaz bir bağ var: bu
sivilizasiyamızı borclu olduğumuz şeylər - vicdan və
fikir azadlığı. Yazıçı
üçün bu azadlıq xüsusilə vacibdir - onun
üçün bu, ehkamdır, aksiomadır".
Bəli azadlıq ən böyük səadətdi. Amma insanın
azadlığını əlindən alan
təkcə zahiri faktorlar deyil, həm də onun
özüdü, dünyaya baxışıdı, həyat
qanunlarıdı. Kasıbçılıq içində amma
sevdiyi işlə məşğul olan adam
zənginliyinin əsiri kimi ömrünü sürən
başqasından daha azaddı... Elə
"San-Fransiskolu cənab" hekayəsi də bu ideyanı
daşıyır. İnsan
ömrünü pul toplamağa, varlanmağa sərf edib
ayrı heç nəyə vaxt tapmır və o məqamda ki,
özünü düşünməyə başlayır həyatı
sona yetir.
Bu əsərdən danışanda ayrı-ayrı
xarakterlərdən, yazıçının ideyasını
çatdırmaq üçün istifadə etdiyi priyomlardan
söz açmaq yersizdi. Çünki heç San-Fransiskolu cənabın
özünün də adı, xarakteri, xanımı, ailəsi
ilə münasibətləri, dünyaya baxışı
göstərilməyib. Görünən
sadəcə yapma, qurama həyat yaşayan yuxarı təbəqədir
və bütün bunları ikrah hissi ilə müşahidə
edən yazıçı özüdür. Sevgini
oynayan, turistləri əyləndirən cütlüyün,
yaxud öz içində rahatlıq tapmayıb zahiri
parıltılarla vacibliyini göstərməyə
çalışan, məsələn, süfrənin bəyaz
olması və yeməklərin neçə dəfə verilməsi
ilə özünün üstünlüyünü
ölçən insanların təsviri əslində hər
şeyi deyir... Bircə San-Fransiskolu cənab ölməsəydi
və ölümün varlığını adamların
yadına salmasaydı... Məhz o yerdə
mühitin ürəksizliyi və satqınlığı
görünür. Bayaqdan əl üstündə gəzdirilən,
hər cür kaprizi sevgiylə qarşılanan cənabın
meyitinə yer tapılmır, digər turistlərin narahat
olmaması üçün məişətdə işlənən
uzun yeşiyə basılıb vətəninə göndərilir...
"San-Fransiskolu cənab" yazıçının
Avropa, burjua cəmiyyəti haqqında düşündüklərinin
ifadəsidi.
Fikirləşəndə ki, bir neçə il
sonra Bunin özü bu həyatın içində
yaşamalı və baş çıxarmalı olacaq, kədərlənir
adam. Amma digər tərəfdən də əgər
Avropada "dəbdəbəli riakarlıq" hökm
sürürdüsə, Buninin öz vətənində bunun
digər növü gen-bol istifadə olunurdu. Orda dəbdəbə
yox idi, aşağı təbəqəyə sırınan
"aclıq olsun, kef olsun" kimi çağdaş dillə
desək, sərfəli tariflər vardı... Bir sözlə,
düşünən adam üçün
hər yerdə çətindi. Hələ
düşündüklərini yazmaq, sənətə
çevirmək məharətin varsa, lap qəlizdi məsələ.
Ona görə Nobel mükafatını kasıb
emiqrantlara paylayandan, sağa-sola xərcləyəndən sonra
yenidən kasıblayan yazıçı Rusiyaya qayıtmaq təklifi
alsa da, razılaşmır. Hətta Sovet hökumətinə
müxalif ola-ola II Dünya müharibəsi vaxtında
çox həyəcanla xalqının uğurlarını izləsə
də, antifaşist mövqedən məqalələr yazsa da,
geri qayıda bilməzdi Bunin... Simonovun gətirdiyi
bir təyyarə vətən ərzaqlarından dadıb ləzzətli
olduğunu etiraf da edir, amma geri dönmür. Çünki dönə bilməzdi, orda nələrin
baş verdiyini yaxşı başa düşürdü.
Hardasa uzaqdan vətənə xidmət edib onun dilini, ədəbiyyatını
inkişaf etdirməyi daha doğru sayırdı...
Amma Maksim
Qorki əksinə, Stalinin dəvəti ilə vətənə
qayıtmağı və yaradıcı adamlara gün
ağlamağı düzgün bildi... Bu haqda isə
gələn dəfə.
PƏRVİN
Ədəbiyyat qəzeti.- 2021.- 22 may.- S.21.