Formanın müqəddəs sirri
Şəhriyar,
yaxud əfsanə yuxusu
Bəzən
dünyada, lap elə sənin yaşadığın məmləkətdə
baş verən hadisələr, yox, lap elə indicə baş
verən bir olay hər şeyi bölüb-parçalayır,
söhbət, əlbəttə ki, ədəbiyyatdan və sənətdən
gedir, bu hadisə, yaxud hadisələr insanları dünən
böyük şövqlə bağlandıqları sənətdən
ayırır, səslərinə hay-küy qatır, anacq o
adamlar özlərini sənətin ən yüksək zirvəsində
hiss eləsələr də, hər şey o səs-küyə
satılır, onun əlində əsir olur. Və
bir də var obyektiv gerçəklik, onun təsiri altında
Allahın işıq və enerji bəxş etdiyi
yaradıcı insanlar bir ömrü güdaza verməli olur.
Bir yanda yalançı səadət dalğaları (xofu), digər
yanda zülm və istibdadın Allahın verdiyi o enerjini
dünya durduqca duracaq gözəlliklərə çevriən
ağrılı bir ömür...
Yalançı
şeylər (yalançı xoşbəxtlik, aldadıcı
səadət...) xof yaradır, həqiqətsə - məsuliyyət...
Riyakar
rejimin yaratdığı yalançı səadəti sətirlərarası
tənqidin də bir həddi var, o hədd keçiləndə
yuxarıda dediyimiz kimi, hər şey ortadan bölünüb
parçalanır və sənət adamları da bu
parçalarda yer alırlar və bir anlıq dünya və
insana yönəlik həssasslıq azalır, bəlkə də
yoxa çıxır, bu parçaların hər birində səmaya
millənən nəğmələr heç göyün
yeddinci qatında belə, görüşmürlər, yəni
təmas heç olmamış kimi itir... Belə bir ortamda
dünyaya o qanadlarda nəğməsini oxuyan sənətkarların
səsini batıran bir səs gəlir, bir şeir doğulur,
zamanla tarixin xəfə kulislərində gedən qanlı
"döyüşlərin" sonucunda bu səsin, bu yeni nəfəsin
sahibi özünü fəda eləyir və məhz onun
"ölümü" sayəsində o ayrılan
parçalar birləşir.
Əslində, bu deyilənlər hər bir gözəl
şeirin, yəni təkrarsız nəfəsin hifz etdiyi
missiyanın başqa bir şəkildə ifadəsi, yəni
zaman keçdikcə özünü tapan, mahiyyətini məhz
bu şəkildə ifadə edən formasıdır. Bədii
formanın yaranıb, zaman içində baş verən hadisələrdən
ən həssas qulağın, ən həssas ürəyin belə,
eşitmədiyi pıçıltıları özünə
hopdurması məsələsi, əslində, çox qəlizdir,
bu prosesi tam olaraq analitik ladda izah etmək çətindir.
Həm də forma təkcə formal, texniki məsələlər
deyil, bildiyiniz kimi. Bu kontekstdə, məsələn,
Süleyman Rüstəmin Təbriz şeirlərini, Səməd
Vurğunun məşhur, həm də
böyür-başında mübahisələr açılan
"Azərbaycan" şeirini incələmək olar.
Bir də var böyük Şəhriyarın "Heydərbabaya
salam" və türkcə digər mətnləri... Bu mətnlərin hamısında (şübhəsiz
ki, hər birində ayrılıqda-!) vətən, yurd sevgisi,
bölünmüş vətənin ürəyinə batan
tikanlı məftillər və yenə də ucu-bucağı
bilinməyən sərhədsiz vətən eşqi
döyünür. Ancaq fərqlər də
var, özü də yerlə göy arasındakı məsafələr
qədər.
Əlbəttə, bədii formanın yuxarıda
vurğuladığımız "gizlinlərdən"
qopub-gəlib bir qəlibdə görünməsi anlamında. Amma bu fərqlər sadəcə
forma(l) fərqlər də deyil, sevginin, vurğunluğun
doğurduğu ağrı və iztirabın bitib-tükənməzliyini
də "ani kadrlarla" (şeirdə, bədii mətndə
ağrı və iztirab məhz göz önündən anidən
keçən, özünü bu yolla sənə hiss etdirən
və yox olan bir nəsnəyə çevrilir və sən
bütün ömrün boyu o ağrının, o iztirabın
ləpirlərini, "ayaq tozlarını" axtarırsan...)
bildirən mahiyyədir. Yəni, demək olar
eyni mövzuda, ancaq fərqli şərtlər altında
yazılan bədii mətnlərin forması çox fərqli
həqiqətləri söyləyə bilir. Bədii forma susduğu və
danışdığı məqamı çox dəqiq
bilir, çünki insanda aldığı həssaslığı
birə on artırır. S.Vurğunun, S.Rüstəmin
şeirlərində ağrı içində qıvrılan
sevgi yazının şeirə uyğun çox mükəmməl
formasında ifadə olunur, hətta oxu prosesində az qala şairin qələm əlində dərin
düşüncələrə daldığının da
şahidi oluruq. Bu mənzərə də göz önündən
solğun, amma kiçik kadrlarla ötüb keçir,
minimalist film formatında... Qədrini ayrılıq çəkənlər
bilir//Hicrində göz yaşı tökənlər
bilir//Ömrünə qaranlıq çökənlər
bilir//Bağından gül, çiçək dərdim Təbrizim//Yenə
təzələndi dərdim, Təbrizim!...
Şəhriyarın mətnində isə başqa bir
üfüq görünür: Daşlı bulaq daş-qumunnan
dolmasın//Baxçaları saralmasın-solmasın//Ordan
keçən atlı susuz olmasın//Deynə,
bulaq xeyrin olsun, axarsan//Üfüqlərə xumar-xumar baxarsan.
Poemada etnik-mədəni ərazinin şifahilik
qatının sanki min illərin yuxusundan ayılıb üzə
çıxması, hər şeyi, o cümlədən
"yazı fəndlərini" yuyub aparması başqa bir
ortam yaradır. Yəni, bədii
formanın məhz bu şəkildə dünyaya gəlməsinin
bir tarixçəsi mövcuddur və bir çox mətləbləri
məhz o təqlin edir. Bu şeir, o
cümlədən yuxarıda adları çəkilən
şairlərin mətnlərin qəzəl, yaxud verlibrdə
olması (doğulması...) qeyri-mümkündür.
Şəhriyar
şeirində əsas məsələ təkcə
şifahiliyin bu qədər üzə çıxması ilə
məhdudlaşmırdı, o həm də
yaradıcılığında modern düşüncə tərzi
ilə qədimliyi, ən qədim çağlardan insan
üçün qalan, ounun və hər doğulan uşağın
yaddaşına yazılan ən ülvi nəsnələri
usta şəkildə birləşdirmişdi. İkinci cəhət,
yəni bu qovuşuq oxuda dərhal görünmür və
hiss edilmir, hiss edilən yalnız şifahi qatın olduğu
yerdən tərpənməsi, dağı-daşı lərzəyə
salmasıdır. Gizlində qalan şeysə - qədimliklə
modern düşüncə tərzinin qovuşması
şeirin poetik mahiyyətini şərtləndirir. Və bu şeirin ecazı bu gün də
yaşayır. Bunun səbəbi nə idi?
Adətən, bir şairin (yazıçının)
mükəmməl, güclü əsəri dünyaya gələndə,
illah da ki, bunu bütün kütlə oxuyub sevəndə həmin
müəllifin taleyində qəribə hadisələr
baş verir. Nəyəsə susamaq və bu acgözlüklə
onu "içmək" sonda onun tükənməsinə,
bitməsinə səbəb olur. Bir
şairin bütün yaradıcılığını bir
ovuc içinə toplayan şeiri, olur ki, onun "qətlinə
fərman" rolunu oynayır. Şair məhz bu ritmin
üstündə qəbul edilir, bundan sonra nə yazsa da həmin
məşhur mətn kimi oxunur, şairin
yaradıcılığı qalır bir kənarda, bu
şeirdən yapışıb əfsanələr
yaradırlar, ona elə epitetlər və metaforalar
yapışdırırlar ki, bu "mistik nəhri" adlayan
şair o sulardaca boğulur. Və bu heç
kimin vecinə olmur.
"Heydərbabaya
salam" məhz bu cür sevildi, az qala hər
şeyi unutdurdu, sonra məlum "əfsanələr" ayaq
açdı, amma dediyimizin əksi baş verdi: şair həmin
o "mistika burulğanından" sağ-salamat
çıxdı, yenidən doğuldu. Bunu, zənnimizcə,
iki faktorla əlaqələndirmək olar: 1. Şəhriyarın
böyük istedadı. Təpədən
dırnağa ədəbiyyat adamı olması və sair.
2. Bu dildə danışan və sevən millətin bəlkə
yüz il yol gözləyən
duyğularının da mətnə nüfuz etməsi. Müasir ədəbiyyatda müəllif-əsər-oxucu
üçbucağında axırıncı həlqənin
son dərəcə həssas olması faktoru
unudulmamalıdır. Bir də bunu unutmayaq: Şəhriyar
bir şair (demiurq) kimi mediumla müəllifliyi birləşdirirdi.
Bir yandan Nizami Gəncəvi, Sədi və Hafiz kimi qədim ənənələrin
daşıyıcısı idi (yerlə göyü birləşdirirdi),
digər tərəfdən, modern dünya ədəbiyyatını
bilən ayıq-sayıq adam idi. Ərəb,
fars və fransız dilini mükəmməl
şəkildə bilirdi. Necə deyərlər,
"yerin altını və üstünü bilirdi".
Yəni, təsəvvür edin: qatı dumanın, toranlığın
içində gözləri tükü-tükdən seçən
bir adam...
Bizim tədqiqatçılar dediyiniz ecazı daha
çox dil faktoru ilə bağlayırlar. Hətta
anasıyla bağlı belə bir olmuş hadisəyə də
tez-tez istinad edilir. Bu istinad tam doğrudur,
ancaq, bizcə, məsələnin bir tərəfidir. Şəhriyarın uşaqlığı Heydərbaba
dağının ətəklərində keçib. Gözəl təbii mənzərələr, uca
dağlar, dağdan şaqqıltıyla axan çaylar...
yaddaşında iz buraxmalıydı. İllər
keçdikcə uşaqlıq xatirələri ruhunda sənin
bilmədiyin, bəlkə anlamadığın şeylərlə
birləşir və gözlənilməz şeylər meydana
gəlir. Ümumi qənaət belədir.
Ancaq belə bir ecazı həmin təcrübəni
keçmiş hər kəs, hər bir şair yarada bilmir
axı. Diqqət edin: "Heydərbabaya salam"
poemasında, mətnin əvvəlindən sonuna kimi nə qədər
ecaz, necə gözəl, əvəzsiz anımlar yada
salınır, poema bizi, necə deyərlər, fərqli
dolaylardan keçirir. Keçmişdən qalma,
keçmişdən gələn şeylər, təsəvvür
edin ki, şairin xəyalında canlandıqda "itiyi
azmış kimi" boşluqda dolaşır, nəyə,
yaxud nələrəsə calanıb onu tamamlamaq, yeni dünya,
büsbütün orijinal gerçəklik yaratmaq istəyir.
Poemada məhz bu proses gedir. Yəni, məşhur
bir ifadədə olduğu kimi, şeir sözü və dili dəf
etməklə başlayır. Bizim tədqiqatçılarsa
bu poemanı analiz edəndə sadəcə "dil deyirlər".
Yəni: Sartr:...şair yazdığı, işlətdiyi
dilin içində yox, ondan dışırıdadır, məhz
belə bir vəziyyət dili maneəyə çevirir...
Şəhriyarı "zəmanənın Hafizi"
adlandırırdılar. Həm də, müasir İranda müasir
dövrün ən böyük qəzəl şairi. Bir
qəzəlində özü də bundan bəhs edib:
Mən
bir ceyranın eşqindən
bir qəzəl
yazmışamsa da,
Köhnəlmiş
üslubdan
yeni
üslub yaratmışam.
(sətri tərcümə Məsiağa Məhəmmədinindir).
Nə idi o köhnəlmiş üslub? Əvvəla,
onu deyək ki, "yeni qəzəl"i Şəhriyarsız
araşdırmaq mümkünsüzdür. Bir İran tədqiqatçısı
(Nadirpur) yazır: "Bizim müasir qəzəlin binası
dörd sütuna söykənir. Təbrizli
Şəhriyar, Zəncanlı Münzəvi, Behbəhanlı
Simin və Gilanlı Sayə. Şəhriyar
danışıq dili, Azərbayca ədəbiyyatı və
dil yeniliklərindən istifadə edərək fars
poetik dilini genişləndirib, Münzəvi isə Şəhriyarın
neoklassik məktəbini izləyərək qəzəlin
dilində və vəznində yeni ixtiralar edib. Müasir
qəzəldə 4 şair özünə məxsus üsluba
malikdir. Oxucu bu şairlərin adı
çəkilməsə belə, onları tərzindən
asanca tanıya bilir. Bunlar I nəsildən
Şəhriyar, II nəsildən Simin, III nəsildən
Neyistani və IV nəsildən isə Münzəvidir".
Şəhriyarın poetik təfəkküründəki
"elastiklik", "möcüzə icad eləmək"
bacarığı sadəcə heyrətləndir. Aydınlıq
üçün türkcədən nümunələr verə
bilərik
Gəlməz,
tanıram bəxtimi, indi ağarar sübh,
Qaş
beylə ağardıqca daha başda ağarı...
Yaxud:
Göz
yaşları hər yerdən axarsa, məni tuşlar,
Dəryayə baxar bəllidi çayların axarı.
Tədqiqatçıların fikrincə, o, farsca və
türkcə qəzəllərində çox yumşaq vəznlərdən
istifadə edib. Şeir dilinin danışıq dilinə
yaxınlaşması, danışıq sözlərindən
qafiyə düzəldilməsi, rədifdən az
istifadə edilməsi.
Amma unutmaq olmaz ki, Şəhriyarla çiyin-çiyinə,
onun kimi fransız dilini və mədəniyyətini bilən
Nima Yusic də vardı. Yaradıcılığının ilk
dövründə Avropa modernist şeirinin güclü təsiri
altında olub.
Dərhal
nəzərə çarpan özəlliyi: ovcunu açsan,
göyə uçacaq romantik duyğuların son dərəcə
realist inikası! Şeirin bütün ərazisi
təkrarsız, o vaxta qədər eşidilməmiş
obrazlarla bəzədilib. Zəmini qüsursuz qurulub:
aşıb-daşan duyğular gerçək, son dərəcə
realist münasibtələ "idarə edilir"! Bu isə arxitektonikada dramatizmi gücləndirib.
Buna işarə edərək Şəhriyar yazırdı:
Mən
Hafizin beşiyində nazlanan körpəyəm
"Əfsanə"
yuxusu apardı məni, əcəb yuxu idi!
(Sətri tərcümə Məsiğa Məhəmmədinindir).
Nima qədim qəlibi dağıdıb, hər dörd
misradan sonra bir sərbəst qafiyə işlədib və yeni
struktur təklif edib.
Şəhriyar bəlli üslubla böyük bir məktəb
yaradıb, ədəbi düşüncəyə təkan
verib, bu təsirin altında neçə-neçə təkrarsız
əsərlər yaranıb. Onu özünə
ustad sayanlardan biri də qəzəldə ixtiralar etmiş Zəncanlı
Hüseyn Münzəvidir.
Şəhriyar tipli şairlərin mətnləri öz
dillərində səsləndimi, şeir yenidən doğulur.
Cavanşir
YUSİFLİ
Ədəbiyyat qəzeti.-
2021.- 22 may.- S.19.