Tonino Querra

(1920-2012)

 

XX əsr italyan şeiri

 

Təklik

 

Ana,

sənin oğlun tənhadır,

ağzında saman çöpü

divarın yanında

durubdu.

Birisi

vitrinlərin işığında

yağışın arasından

qaçaraq

addımlayır.

Ana,

sənin oğlun tənhadır,

boşluğa zillənib

solğun baxışı

onun bu dünyada

heç kimlə

işi yoxdur.

 

Kremli kökə

 

Anama görə oxudum məktəbdə.

Məsələ beləydi ki, o, yazmağı bilmirdi.

imza yerinə eləcə xaç çəkirdi.

 

Çoxlu şəhərləri, dünyanı gəzdim,

yenə anama görə, məsələ beləydi ki,

o öz kənddəki evindən

                        qırağa addım atmamışdı.

 

Dünən gəzməyə çıxdım,

kor anamı götürüb yaxındakı kafeyə getdim.

Sözə ehtiyac yoxdur,

                      indi hər şey gətirəcəkdilər,

hətta kremli kökə .

 

Tərcümə etdi: Səlim Babullaoğlu

 

Ədəbiyyat qəzeti.- 2021.- 22 may.- S.18.