"Melissa" - çəhrayı rəngli
sevgi
Sevinc Nuruqızının mətnlərini hər zaman həyatın
özü kimi qavramışam. Hətta daha fərqli.
Çünki həyatda çox zaman
rastlaşmasaq da, bu mətnlərdə ümid
işığı həmişə olub. Sənətin
qayəsi, müstəsnalıq qazanmasının yolu deyilən
amillə çox bağlıdır. Xüsusilə
indi, dünyada dünyanı düşünənlərin
sayının azaldığı bir dönəmdə. Bəlkə,
buna görə yazıçının "Melissa"
nağıl-povestinin bu hüdudları döyəclədiyini
görüb etinasız qala bilmədim: nağıl kimi həyatdan
bəhs etdiyinə görə deyil, həyatın min
üzünü nağıllaşdırıb mətnə
çevirdiyinə görə.
İnsan nağıllardakı uçan xalçaları
kəşf etdi, Aya, ulduza ayaq açdı, elmi-texniki tərəqqi
özünün yüksək həddinə çatdı. Lakin insana
lazım olan əsas nəsnə - mənəvi-əxlaqi kamilləşmə
mərhələsinə yol qət edilmədi. Nağıllarımızdakı dar və qaranlıq
quyular uşaqlarımızın həyatın dibinə
enişinin, zirzəmi həyatının dəyişməz
simvolikasına çevrildi. "Melissa"
povesti bu dar və qaranlıq zirzəmilərdə istismar edilən,
əzilən, incidilən, heçə dönən uşaq
ömürlərini də göstərir,
çıxış yolu kimi leylək qanadında uzadılan əlin
yaratdığı möcuzəni də. O zaman
"Melissa" fantastik ədəbiyyatdır, yoxsa realist? Bir halda ki, burada real və irreal hadisələr bu qədər
iç-içə qərarlaşıb. Xorxe
Luis Borxes yazır ki, kainatın özünü hansı janra
- realist, yoxsa fantastik - aid edəcəyimizi bilmədiyimiz
üçün cavab oxucudan və onun məqsədindən
asılıdır. Doğrudur. Bu əsəri uşaqlar nağıl kimi oxuya bilər,
amma böyük mətləblərlə yüklənmiş
"Melissa" bu mətləbləri doğuran səbəbləri,
əsri narahat edən qlobal-mənəvi, ictimai-fəlsəfi problemlər
sırasında alır.
Bəlkə, səhvimiz ondadır ki, nağıllara
uşaq gözü ilə baxır, ondakı mesajları oxuya
bilmirik. Bizi hər zaman sonluq maraqlandırır. Qəhrəman bütün çətinlikləri
yarıb işıqlı dünyaya adladımı? Bununla qapanır məsələ. Bəs qaranlıq dünya? Əzablar,
kədər, iztirab? Onlar nə
üçünmüş belə? "Melissa"
bu baxımdan, hər cür sosial-psixoloji-fəlsəfi planda
düşündürür, oxucunun qarşısında
növbənöv səhnələr açmaqla bəşəriyyətin
bütün uşaqlarının nəsibi olan aqibətləri,
yaşantıları göz önünə sərir.
"Melissa" povestində həyatın bütün rəngi
var. Müəllif parçadan tikilmiş bir gəlinciyin
yaşantıları fonunda həyatı anlatmağa, göstərməyə
çalışır. Bunu əsərin daxilində özü də etiraf edir:
"Bu əsəri yazmaqla sənə həyatın görmədiyin
tərəflərini göstərmək istədim".
Əsərin fabulası belədir. Uzaq-uzaq
diyarlardan gətirilən, çəhrayı saçlı
Melissa adlı kuklanı vitrində görüb bəyənən
Zöhrə adlı qızcığaz onu atasına
aldırır. Onlar birlikdə xoşbəxt
yaşayırlar. Köhnələn
kuklanı yağışlı günlərin birində dəcəl
bir oğlan təpiklə vurub çölə atır. Melissanın ağır həyat dramı o gündən
başlayır. Əvvəl Xal adlı
dalmatin köpəyin təkidi ilə varlı evə gətirilir.
Ordan da çölə atılan Melissanı çəkməçi
qoca kişi tapsa da, çox keçmir,
Mikayıl (Mika) adlı uşaq onu vəfat edən bacısına
oxşatdığı üçün oğurlayıb iztirab
yaşayan anasına təskinlik olsun deyə, daxmalarına
aparır. Melissanın burda da bəxti gətirmir.
Mikayılın və başqa kimsəsiz
küçə uşaqlarının Qaraçı qadın
və Totu tərəfindən istismara və zülmə məruz
qalmasına şahidlik edən Melissa bu dəfə də
Totunun vasitəsilə lazımsız əşya kimi bir tərəfə
tullanır. Bu dəfə parkda onu tapıb
ailəsinə aparan süpürgəçi qadın olur.
Bu qadının uşaqları ilə gözəl
günlər yaşayan Melissanı bir gün Leylək öz
qanadlarına alıb uzaqlara - balalarının yanına
aparır. Nəhayət, Melissanın həsrətinə
son qoyulur. Leylək yuvasının yerini dəyişən,
onları elektrik naqilləri olmayan, daha təhlükəsiz yerə
- öz həyətlərinə köçürməyə
vəsilə olan ailəyə Leylək minnətdarlıq əlaməti
olaraq Melissanı verir. Bu, illərdir
Melissanı axtaran, onun yoxluğundan əzab çəkən,
illər keçsə belə, sevimli gəlinciyini aramaqdan
usanmayan və artıq iki övlad anası olan Zöhrənin
ailəsi olur.
"Melissa"
povestinin struktural əsasında nağıl simvolikası,
"Məlikməmməd" nağılındakı
işıqlı-qaranlıq dünya, ağ qoç-qara
qoç ikili modeli, xeyir-şər dualizmi dayanır. Ən böyük yaddaş mifdir,
nağıllardır. Peşəkar bir
uşaq yazarı olan Sevinc Nuruqızının bunu bədii təfəkkürü
oyaq saxlama missiyası, milli-genetik düşüncəmizin
daha dərin qatlarına enişi ilə reallaşdırır.
Amma müəyyən intertekstual əlaqələr
olsa da, istər struktur, istərsə də ideya planında
"Melissa" tamam fərqli əsərdir. Əsər boyu oxunan ideyalardan biri bəşərin
uzun bir yol gəlib düçar olduğu çağdaş bəla
və problemlərin həllini ən dərin qatlarda axtarmaq məsələsidir.
Amma nağıllarımızdakı kimi səmti,
yönü seçmək, işıq gələn-it hürən
tərəflər arasında qalmaq çabası bu əsərdə
yoxdur. Bu əsərdə qəhrəman öz taleyinin
sahibi deyil. Onu hər dəfə
seçirlər və gələcək tale, yol, aqibət
seçən insanın kimliyinə bağlı amil olur.
Qeyd
etdiyimiz kimi, "Melissa" povestinin strukturu binar model üzərindədir:
işıqlı və qaranlıq dünya. Həyat
Melissanı bu dünyaların hər birində sınayır.
Gah işıqlı dünyaya salır, gah
qaranlıq. Birinci dünyanı sevgi, mərhəmət,
ağıl və işıq, ikincini isə şər,
qaranlıq qüvvələr təmsil edir. Əsərdəki
obrazlar da bu iki qütb arasında bölünür: kimsəsiz
uşaqlara əzab verən Qaraçı arvad, hiyləgər
Totu, Xal adlı itin sahibəsi, kinoloq-təlimçi və digər
qütbdə Zöhrə, Xal, çəkməçi
kişi, Mikayıl, özü yaralı olsa belə,
sınıq avtobusdakı yaralı it üçün narahat
olan balaca Zənci, süpürgəçi qadın və ailəsi.
Bəs əsərdəki dərin dramatizm oxucuya
necə ötürülür? Yazıçı
bu durumu bizə Melissanın təfərrüatlı təsvirlərində
göstərir. Müəllif Melissanın
vasitəsilə bu həyatların heç birindən ötəri
keçmir, hər birini fərdiləşdirir. Bu əsərdə təsvir informasiyası
böyük rol oynayır.
Biz
Melissaya nəfəs alan, iztirab çəkən,
sevinən bir canlı kimi baxmağa başlayırıq. Ən başlıcası isə o, insanda özünə
inam hissi aşılayır. İnsanın
özü-özünü və dünyanı
saldığı bəlalardan yeganə çıxış
yolu sevgidir, sevgidədir. "Onun başqa
gəlinciklərdən fərqi onda idi ki, Melissa sevə
bilirdi. Hərdən ona elə gəlirdi ki, bu yerlərdən
çox-çox uzaqlarda, içi cürbəcür kukla, parça
kəsikləri, rəngbərəng saplar və sancaqlarla dolu
olan bir emalatxanada nəğmə deyə-deyə onu
hazırlayan qoca kuklaçı-qadın imkan tapıb onun
pambıqla dolu bədəninə döyünən, nəfəs
alıb-verən, balaca, lap balaca, tutaq ki, sərçə
ürəyi boyda bir ürək yerləşdirə
bilmişdi. Yoxsa Melissa onu qolları arasında sinəsinə
sıxan qaragöz qızı, yaşadığı mənzili,
o mənzildəki geniş, yumşaq döşəkli
çarpayını bu qədər ürəkdən sevə
bilməzdi... Hərdən Melissanın yadına
dünyaya gəldiyi günün kəsik-kəsik hissələri,
kino dili ilə desək, fraqmentləri düşürdü.
O fraqmentlərin birində Melissanı düzəldən qoca
kuklaçı-qadının oxuduğu nəğmə gizlənmişdi.
Nəğmə hərflərə, hecalara, sözlərə
bölünüb Melissanın zərif yaddaşının
müxtəlif künclərinə səpələnmişdi:
Bu
dünyada xoşbəxt olan
Çəhrayısaç gəlincik var.
Qəlbi
sevgi ilə dolan
Çəhrayısaç gəlincik var.
Bəlkə də, Melissanın sevgisi elə bu sözlərdən
yaranmışdı. Yəni ilk gündən, hələ saçları,
başı, bədəni, qolları və ayaqları bir-birinə
birləşməmişdən öncə eşitdiyi söz
sevgi olmuşdu...".
"Melissa" povesti daha çox modernist nəql
texnikasının elementləri üzərində qurulub. Əlbəttə,
burada reallığın kəskin təsviri, gerçəkliyin
izləri də var, klassik əsərlərə məxsus məntiq,
səbəb-nəticə əlaqələri, qırılmayan
xronologiya da. Amma burada səbəb-nəticə əlaqələri
də, zaman amili də usta şəkildə
sındırılır. Bu mənada, "Melissa"nı rahatlıqla kinopovest də adlandıra
bilərik. Müəllif Melissanın
adladığı bütün aşamalarda zamana vurğunu bilərəkdən
unudur. Oxucu da bəlkə buna görə
zaman amilinin mahiyyətinə varmır. Sadəcə,
situasiyanın təsirinə qapılıb sərgüzəşti
izləməyə çalışır. Müəllif təhkiyəsinin mənəvi, bədii,
coğrafi sərhədlərini genişləndirərək
uşaqlara aid olan bir çox problemləri ümumiləşdirir,
bəşəriləşdirir, onu lokal çərçivədən
çıxarıb bütün dünya üçün
aktual olan "zaman və uşaqların durumu,
davranışı" mövzusuna baxış yönəltməyə
çalışır. Fransua Trüffonun
belə bir fikri var ki, əgər əhvalatın özü
emosionaldırsa, onu emosional danışmağa cəhd eləməyin,
mümkün qədər soyuqqanlı danışın.
Sevinc Nuruqızı povestdə bu yolu seçir.
"Melissa" dinamikası, emosiyaları
üzdə deyil, daxili qatda yaşanan mətndir.
Əsərin əsas məqsədi Melissanın - qəhrəmanın
çətin, mürəkkəb situasiyadakı
reaksiyasını, davranışını göstərməkdir. Və bu
durumda məkan və zaman amili artıq arxa plana keçir, qəhrəmanın
əhvalatı fonunda əhəmiyyətsizləşir. Modernist təhkiyə modelinə uyğun olaraq, əsərdə
qəhrəmanların daxili dünyası ön plana
çıxır. Bəlkə də, qəhrəmanın
kukla - cansız personaj olaraq seçilməsi nahaq deyil. Yazıçı tiplər sərgisi yaradır və
bu sərgidə Melissa susqun tamaşaçıdır. Əldən-ələ düşür, seçmir,
seçilir, onun heç nə etməyə haqqı yoxdur, fəqət
öz həyat ritmini pozmur. Maraqlıdır
ki, bu cansız kuklanın müşayiəti ilə oxucu ətrafı
görüb tanımağa başlayır.
Yazıçının yaratdığı bu obraz
konsepsiyasına əsasən qəhrəmanın daxildə
yaşanan vəziyyəti, ruhi durumu anladılır, müəllif
onun iç gerçəkliyinə fokuslanır. Melissanın emosiyası, reaksiyası
baxışlarında, mimikalarında yox, içində,
sükutundadır və vacib məqam odur ki, yazıçı
bu daxili yaşantını tamaşaçıya ötürə
bilir. Həm də buna güclü təəssürat
yaratmaqla nail olur, tamaşaçıya təsir etmək
üçün söz yığını ilə əsəri
yükləmir, yüngül manera, banal macəraçılığa
qaçmır. Hər həyat hekayətində
qurduğu interyerlərin plastikasına, detalların
seçiminə xüsusi önəm verir.
"Melissa" kamera əsəridir. Müəllif
nəql etdiyi hadisələrin içində insana
fokuslanmağa, onun taleyi, xisləti ilə bağlı məqamları
göstərməyə və önə çəkməyə
çalışır. Bunu
yazıçının dünya uşaq ədəbiyyatının
yeniliklərinə, çağdaş nəsr
tendensiyalarına bələdliyi ilə əlaqələndirmək
olar. Sevinc Nuruqızı uşaq ədəbiyyatının
problemlərini, onların işlənmə səviyyəsini
yaxşı bilir, müxtəlif ölkələrin uşaq ədəbiyyatında
istifadə edilmiş müəyyən fəndləri,
texnikaları, vizual ifadə vasitələrini, üslubları
və işarələri bir araya gətirərək bir
kuklanın timsalında təsirli həyat lövhəsi
yaradır. İnsan ağrısı, insan
amilini əsərin baş leytmotivinə çevirir. Bu məqamı
bəzən situasiyaların, bəzən isə
personajların dili ilə anladır: "Kaş kimsə məni
də mıxlayaydı divara, deyəydi otur burda. Qulağın kar olsun, dilin lal, gözün kor.
Bu dağılan, uçub-tökülən
dünyanı görmə. Ağzına bir tikə
qoyanda ac olanın dərdini çəkmə, bir şey
alıb geyinəndə lüt olanın...";
yaxud "Elə bilirsən, sən gəldiyin ölkənin
bütün insanları xoşbəxtdir? Yox.
Səhv düşünürsən. Oranın da acı var, toxu var, xəstəsi,
sağlamı var. Dünyanın hər yerində dərdin bir
adı var, o da elə dərddir. Nə cür səslənir-səslənsin...".
Amma bu da var ki, müəllif məişət -
uşaqların ağır sosial həyat şəraitini ana xəttə
çevirmir.
Çünki burada məqsəd hansı şəraitdə
yaşamasından asılı olmayaraq, insan olaraq qala bilmənin
mesajını verməkdir. Məsələn,
süpürgəçi qadının ailəsindəki
mehribanlığı görən Melissa
düşünür: "Belə bir çətin zamanda bu
insanlar necə olub ki, daxillərində bunca gözəllik
saxlaya biliblər".
Yaxud
çəkməçinin evindəki rahatlığı belə
əlaqələndirir: "Qoca çəkməçinin
fasiləsiz çəkdiyi tütünün iyindən nəfəsi
daralır, rəngi qaralırdı. Amma Melissa bədbəxt
deyildi. Heç də... bəzən o niyə
özünü bədbəxt hiss etmədiyi haqqında
saatlarla düşünürdü. Xalla birlikdə
yaşadığı parıldayan ev hara,
qapqara, taxta, dəmir və faner parçalarından
tikilmiş yamaq-yamaq çəkməçi budkası hara?! Melissa anlamağa başlamışdı ki, xoşbəxt
olmaq üçün yaşadığın yer deyil, əhatəndə
olan insanlar daha böyük rol oynayır. Düzdür,
qoca çəkməçi acıdil və sərt adam idi. Bəlkə heç
özü də bilmirdi ki, Melissaya nə qədər
ağrı verir. Melissa əmin idi ki, bilsə,
ona bircə dənə də olsa, iynə batırmaz. Amma qəlbində böyük bir sevgi vardı".
Bu
vurğunu Melissanın özünün obrazının üzərinə
keçirib başqa anlamlar da kəsb etmək
mümkündür: insan harda yaşamasından, hansı
çətinliklə üzləşməsindən
asılı olmayaraq ruhən güclü, sarsılmaz
olmalıdır. Əsərin ötürdüyü
bütün vurğular bu amillərin üzərindədir:
sevgi, inam və xeyirxahlıq!
Qəhrəmanın bütün hallarda əzmkarlığını,
iradəsini itirməməsi əsərdə vacib məqamdır. Yazıçı
qəhrəmanın xarakteri fonunda inamı poetikləşdirir,
idealizə edir. Əsərdə rəng
seçiminin də müəyyən simvolik çalar
daşıması nəzərdən qaçmır.
Çəhrayı saçlı Melissa... Müəllif,
bəlkə də, əsərdə yaşanan gərgin,
ağır, qüssəli, soyuq atmosferi hər dəfə qəhrəmanın
saçının rəngindəki isti çalarla
nizamlayır.
Herbert Uells öz avtobioqrafiyasında yazır ki, "o, yarısəfil, vərəmli gənc Kentdən Londona gələndə özünü dəhşətli dərəcədə tənha hiss etdi. Və öz tənhalığını çatdırmaq üçün "Görünməz adam"ı yazdı. Bu kitabın mənbəyi məhz tənhalıqdır. Başqa sözlə, fantastik ədəbiyyatın mənbələri də istənilən digər ədəbiyyatın mənbələri ilə eynidir; emosiya". Melissanın daxili qatda yaşanan emosiyalarının mənbəyinin də belə bir tənhalıqdan hasilə gəlməsini düşünmək üçün əsər hər cür əsas verir. Diqqət eləsək, o, daim darıxır. Gah onu hazırlayan qoca kuklaçı qadın üçün, gah onu böyük şüşəli mağazada görüb atasına aldıran, illərlə sevib əzizləyən sevimli Zöhrəsi üçün, gah varlı sahibəsindən fərqli olaraq, içində mərhəmətli ürək gəzirən Xal üçün və s. Bəlkə sevgi üçün?! Əsas qayə də məhz bu nöqtədədir. Axı yer üzünü sevgi tərk etdikcə insan darıxmağa, özünü tənha hiss etməyə başlayır. Buna görə vaxtilə Feyerbax "məhəbbət dini" yaratmaq fikrini irəli sürmüşdü. Amma nə cahanda kamal qalib gəlir, nə də gözəllik və sevgi dünyanı xilas edir. Ədəbiyyatsa nə zamansa hər şeyin düzələcəyinə inanır və mətnlərin timsalında inandırır.
Çəhrayı rəngli sevginin rəmzinə
çevrilmiş "Melissa" kimi!
Elnarə AKİMOVA
Ədəbiyyat qəzeti.- 2021.- 22 may.- S.10-11.