İyirmi birinci əsrin dramaturqu
Mayın 23-də XX əsr Azərbaycan
ədəbiyyatının klassiki, böyük nasir və
dramaturq İlyas Əfəndiyevin doğum günüdür
"Bir
çox romanların və pyeslərin müəllifi olan
İlyas Əfəndiyev respublikada yazıçı və
dramaturq kimi xalq tərəfindən tanınmış, bəyənilmiş
və sevilmişdir. Onun əsərləri Ümumittifaq
oxucularına da yaxşı tanışdır.
İlyas Əfəndiyevin yaradıcılığı
çoxcəhətlidir. Onun romanları, povestləri, hekayələri,
pyesləri müasir həyatımızı gözəl tərənnüm
edir, xalqın inqilabi mübarizəsini, Sovet hakimiyyəti illəri
ərzində Azərbaycanda əmələ gəlmiş
böyük dəyişiklikləri dərin və ətraflı
surətdə əks etdirir.
İlyas Əfəndiyevin əsərləri həm səlis,
gözəl bədii dilinə, həm dərin məzmununa
görə, həm də yüksək sənətkarlığına
görə fərqlənir, oxucuya böyük estetik təsir
bağışlayır. Onun kitablarında həm
körpüsalanların çətin işi, həm
neftçilərin qəhrəmanlıq əməyi, həm
müasir kəndin həyatı, həm də Azərbaycan
ziyalıları arasında mənəvi-psixoloci proseslər
inandırıjı şəkildə və dərindən əks
etdirilmişdir. Öz
yaradıcılığında yazıçı cəmiyyətimizin
mənəvi təşəkkülünü və
inkişafını diqqətlə izləyir, onun mənasını
açıb göstərir, bugünkü həyatımız
üçün də, gələcək həyat
üçün də nümunə olan adamların parlaq
obrazlarını yaradır. O öz sənətkarlığı
ilə zəhmətkeşlərin mənəvi tərbiyəsində
fəal iştirak edir".
Heydər
ƏLİYEV
"İlyas Əfəndiyev klassik ədəbi fikrin
böyük ənənələri zəminində öz
üslubunu yaradan sənətkar kimi xalqımızın
söz sənəti xəzinəsinə dəyərli töhfələr
vermişdir. Yazıçının bədii nailiyyətlərlə
zəngin irsi ədəbiyyatımızda yeni mərhələnin
təşəkkülünə səmərəli təsir
göstərmişdir. Azərbaycan teatr səhnəsinin
müasir simasının formalaşmasında İlyas Əfəndiyev
dramaturgiyası özünəməxsus əhəmiyyətli
yer tutur".
İlham
ƏLİYEV
İlyas
Əfəndiyevin şəxsiyyəti, ədəbi və
dramaturji yaradıcılığı əsərlərinin
teatr təcəssümü və onlardan qaynaqlanan mətləblər,
şəksiz ki, bu gün "İlyas Əfəndiyev
dramaturgiyası"na məhz yeni elmi
konsepsiyaların araşdırma üsulları ilə
yanaşmaq imkanı verir.
Təbii
ki, XX əsrin II yarısında Azərbaycan ədəbiyyatının
öndər simalarından sayılan, sağlığında
ikən "canlı klassik" deyilib
çağırılan, milli dramaturgiya məktəbinin
davamçısı qüdrətli qələm ustası
İlyas Məhəmməd oğlu Əfəndiyevin ədəbi-bədii
fəaliyyətinin bütün təzahürlərini
kiçik bir məqalə çərçivəsində əhatələmək
mümkünsüzdür. Ona görə ki, İlyas Əfəndiyev
çoxsaylı hekayələrlə, povestlərlə, irihəcmli
romanlarla, Azərbaycan milli dramaturgiyasının
yaraşığına çevrilmiş pyeslərlə
yanaşı, həm də miqdarı yüzlərlə
hesablanan elmi-tənqidi, filoloji, kulturoloji məqalələrin,
publisist yazıların, resenziyaların müəllifi
olmuş, respublikada teatrın yaşam ritmini, teatr prosesini tənzimləmək
qüdrətinə malik sənətkar səviyyəsinə
yüksələ bilmişdi.
Lakin ən önəmlisi budur ki, onun əsərləri
yalnız Azərbaycan oxucularına və seyrçilərinə
yox, həmçinin dünya xalqlarının ədəbiyyatsevər
nümayəndələrinə də yaxşı məlumdur. Müəllifin
nəsrinin və dramaturgiyasının əcnəbi dillərə
tərcümə tarixi keçən əsrin 50-ci illərindən
başlayır. İlyas Əfəndiyev
yaradıcılığının işığını,
poetikasını, bədii-estetik siqlətini, İlyas Əfəndiyev
dünyasının mənəvi parametrlərini
bütövlükdə özündə əks etdirən ən
bariz, xarakterik örnəklər ingilis, rus, alman, tacik, ispan,
fransız, çex, eston, slovak, Litva, gürcü dillərində
nəşr olunub. Hətta kumık ədəbiyyatında
da İlyas Əfəndiyevin tərcümə edilmiş əsərləri
özünə layiqli yer alıb.
Azərbaycan müstəqillik qazandıqdan sonra isə
İlyas Əfəndiyev, sözün əsl mənasında,
dünya masştabında, dünya çapında tanınan
bir yazar, şöhrətli bir dramaturq olub.
İlyas Əfəndiyevin yazdığı 20 pyesdən
düz 19-u Azərbaycanın və eləcə də
dünyanın müxtəlif teatrlarının səhnəsində
uğurla oynanılıb. Azərbaycan Milli Dram
Teatrının müasir tarixi isə birbaşa şəkildə
onun adı ilə bağlıdır. İlyas Əfəndiyevin
bu teatrın səhnəsində son 50 il ərzində
tamaşaya hazırlanmış "İşıqlı
yollar" (1947), "Bahar suları" (1948), "Atayevlər
ailəsi" (1954), "Sən həmişə mənimləsən"
(1964), "Unuda bilmirəm" (1968), "Məhv olmuş
gündəliklər" (1969), "Mahnı dağlarda
qaldı" (1972), "Qəribə oğlan" (1973),
"Xurşidbanu Natəvan" (1981), "Büllur
sarayda" (1983), "Bizim qəribə taleyimiz" (1988),
"Sevgililərin cəhənnəmdə vüsalı"
(1989), "Hökmdar və qızı" (1994) kimi pyesləri
çağdaş teatr təfəkkürünün
inkişafına güclü təsir göstərib. Məhz lirik-psixoloji dram janrının nəzəri-estetik
prinsipləri, bədii qayəsi bu pyeslərin poetikası və
arxitektonik quruluşu əsasında ədəbiyyatşünaslıq
və teatrşünaslıq tərəfindən müəyyənləşdirilərək
öyrənilir.
"Sən həmişə mənimləsən"
(1964) pyesi müəyyən bir dövrün, epoxanın,
zamanın simvoludur, rəmzidir, 60-cı illərin məişət
romantikasının, lirik-psixoloji münasibətlər şəbəkəsinin
güzgüsüdür, adi insan yaşantılarının
teatral poeziyasının ifadəsidir. Bu pyes dünyanın
60-cı illər mənzərəsində azərbaycanlı mənəviyyatını,
türk əxlaqını əks etdirən bədii bir sənəddir.
Müasir azərbaycanlı psixologiyasının
ekzistensional mündəricəsinin öyrənilməsi yolunda
ilk bələdçi məhz "Sən həmişə mənimləsən"
pyesidir.
Bunlardan əlavə, "Sən həmişə mənimləsən"
pyesi Azərbaycan teatr mədəniyyətində yeni estetik mərhələnin
başlandığını müjdələyib, yeni
rejissuranın, yeni aktyor ifaçılığının
meydana gəlməsini şərtləndirib, Azərbaycan milli
dramaturgiyasının çağdaş
axtarışlarının dəyərli təzahürü
kimi əlamətdar olub, teatrımızın həm repertuar
siyasətinin istiqamətlənməsinə kömək edib, həm
də onun sonrakı inkişafı üçün
mühüm estetik koordinatları müəyyənləşdirib.
Elə 1964-cü ildəcə bu pyes əsasında
hazırlanan tamaşanın fantastik uğuru onu müasir Azərbaycan
teatrının özünəməxsus
"Qağayı"sına çevirdi. İlyas
Əfəndiyevin Azərbaycan teatr mədəniyyəti
qarşısındakı təkcə bu xidməti imkan verir
ki, böyük dramaturji istedada malik bu şəxs xalq tərəfindən
mütəmadi şəkildə anılsın,
xatırlansın, yad edilsin. Müəllifin
pyeslərinin uğurlu səhnə taleyini Azərbaycan teatr
tarixində konkret bir dönüş, konkret bir mərhələ
olduğunu dərk edən teatrşünaslıq isə
"İlyas Əfəndiyev teatrı" terminini elmə
daxil edir. "İlyas Əfəndiyev
teatrı" anlayışında 60-cı illərdə Azərbaycan
teatr poetikası, Azərbaycan teatrının bədii-estetik
prinsiplər cədvəli öz əksini tapır.
Azərbaycan
milli teatrını proses kimi götürdükdə, hətta
onun təsisatlı (institusional) mərhələsini belə
donmuş, statik hadisə kimi deyil, zaman içində bir hərəkət
kimi təhlil etməyi tərcih edirəm. Bu mənada,
Azərbaycan teatrında konkret zaman kəsiyində İlyas
Əfəndiyev amilini və ya fenomenini məhz prosesimizin əbədi
hərəkəti kontekstində araşdırmaq məqamı
yetişibdir. Obrazlı desək, "İlyas Əfəndiyev
fenomeni"ni açıqlamaq
üçün Jül Vernin məşhur romanındakı
Kapitan Nemonun sualtı qayığının devizini
xatırlamaq yerinə düşər: "Hərəkətli
hərəkətdə".
Yeni elmi düşüncənin əsaslarında duran
Kvant fəlsəfəsi qeyri-səlis məntiqlə izah olunur,
açılır və fövqəladə yeni, gözlənilməz
qənaətlərə gəlməyə imkan verir. Çağdaş
elmdə məhz bu yeni açılan perspektivlər məni
İlyas Əfəndiyevin yaradıcılığını ənənəvi
ədəbiyyatşünaslıq və ənənəvi
teatrşünaslıq mövqeyindən deyil, "Zaman
içində dalğa" fenomeni kimi araşdırmağa
sövq etdi. Odur ki, bununla bağlı tezisləri bəyan
edərək, mətləbə keçməzdən öncə
bir şeyi tam əminliklə və tam məsuliyyətlə
demək istəyirəm:
İlyas
Əfəndiyevin şəxsiyyəti, ədəbi və
dramaturji yaradıcılığı, əsərlərinin
teatr təcəssümü və onlardan qaynaqlanan mətləblər
heç şəksiz ki, "İlyas Əfəndiyev
dramaturgiyası"na bu gün məhz yeni
elmi konsepsiyaların araşdırma üsulları ilə
yanaşmaq imkanı verir. Ən əvvəl ona
görə ki, bu görkəmli yazar yaşadığı
dövrün, yəni onun payına düşən zaman kəsiyinin
demək olar ki, əksəriyyətinin bədii-estetik, fəlsəfi,
mənəvi-əxlaqi inikasını yaradıb və bu
inikas, yəni pyeslərinin səhnə təcəssümü
müasirlərinin düşüncə-duyğularını
formalaşdırıb. Bu fakt aksiomadır
və mən elmi düşüncələrimdə bundan
çıxış edirəm.
Üzərində
çalışdığım konsepsiyanın I tezisini bəyan
edirəm:
İnsan varolmasının dördüncü
ölçüsü, boyutu olan Zaman
özü-özlüyündə paradokslardan və fenomenlərdən
ibarətdir. Zamanın bir neçə təzahür formaları
var. Bunları düşündükcə, çox tez dəqiq
elmi düşüncədən bədii-yaradıcı
düşüncəyə keçməli olursan. Fiziki zaman, astronomik zaman, təqvimi zaman, psixoloji zaman
nisbi (relyativ) zaman, fərdi zaman, mücərrəd zaman.
Paradoks elə burdan başlayır ki,
bütün bu sadalanan anlayışlar bir sözdə-hamının
rahatca istifadə etdiyi Zaman, vaxt söz-anlayışında
birləşir. İstənilən sənət
fenomenini məhz və yalnız Zaman anlayışını
paradoks kimi qəbul edəndə cüzi də olsa, anlamaq
mümkün olur.
"İlyas
Əfəndiyev fenomeni"ni
açıqlamaq üçün
quraşdırdığım bir sillogizmi təqdim edirəm:
1.
İlyas Əfəndiyev mədəniyyət və incəsənətimizin
fenomenidir.
2. Bu
fenomen artıq paradoks kimi qəbul etdiyimiz Zamana məxsusdur. Deməli, İlyas Əfəndiyevin özünü,
yaradıcılığını, konkret əsərlərini
və bütövlükdə əhəmiyyətini paradoks
çərçivəsində araşdırmaq
lazımdır.
Nəzərə alınsa ki, "paradoks"
sözünün lüğəti mənası ilk
baxışdan qəribə olan nə isə deməkdir,
aydın olmalıdır ki, İlyas Əfəndiyev irsinə
bu rakursdan yanaşma da yalnız ilk baxışdan qəribə
kimi dəyərləndirilə bilər.
İlyas Əfəndiyevin dramaturji əsərlərinin adlarına
müraciət edib, onları təklif etdiyim rakursdan analiz etmək
kifayətdir ki, irəlidə açılan yeni məzmunların
məna tutumunu açıq görək. Misal: "Sən həmişə
mənimləsən" və yaxud "Boy çiçəyi"
(əbədi zaman), "Məhv olmuş gündəliklər"
(yazıya həkk edilmiş günlər), "Unuda bilmirəm"
(yaddaş zamanı), "Bizim qəribə taleyimiz" (mistik
zaman), "Atayevlər ailəsi" (nəsillər-zaman),
"Sevgililərin cəhənnəmdə vüsalı"
(infernal (o tay) zaman), "Büllur
sarayda" (dondurulmuş zaman) və s.
Mən bütün pyesləri sadalamayacağam, məncə,
aydındır ki, bu əsərlər göstərdiyim aspektdən
təhlil üçün son dərəcə səmərəlidir.
I tezis:
Hamıya məlumdur ki, İlyas Əfəndiyev parlaq ədəbi
debütünə rəğmən (roman və s.)
özünü dramaturgiyaya həsr edən və sözün
bu mənasında ötən əsrin ikinci yarısında
yeganə xalis dramaturqdur. O da məlumdur ki, dramaturji əsərin
bütün məziyyətləri, ideya və duyğuları
teatr səhnəsinin konkret zaman-məkanında realizə
olunur. Bu baxımdan məni maraqlandıran ikinci məsələ
"İlyas Əfəndiyev fenomeni"nin
xronotop, yəni zaman-məkan vəhdətinin göstəriciləridir.
Bu göstəriciləri müəyyənləşdirmək
birinci məsələdən nisbətən asandır. Çünki İlyas Əfəndiyevin
dramaturgiyasında bədii düşüncəmizdə
mövcud olan xronotopların əksəriyyəti (kənd,
şəhər, dağ, aran, meşə, kabinet və s.) öz
əksini tapır. Mən əminəm ki,
İlyas Əfəndiyevin dramaturgiyasındakı xronotop məsələsinə
müxtəlif rakurslardan yanaşılma məhsuldar olan
teatrşünaslıq problemidir.
II tezis bilavasitə İlyas Əfəndiyevin
yaradıcılıqla məşğul olduğu konkret tarixi
dövrlə bağlıdır. XX əsrin ikinci
yarısında Azərbaycanda, SSRİ-də və dünyada
baş verən mənəvi xassəli problemlər İlyas
Əfəndiyevin dramaturgiyasında öz əksini
tapıbdır. Sirr deyil ki, bu dövrdə
zatən istedadlı və ləyaqətli sənətkarlar,
obrazlı desək, "düz sözü" ya zarafata
salıb deyirdilər, ya da dövr haqqında deyilən düz
sözü qorumaqdan ötrü onun ətrafında
yayındırıcı şirmalar qururdular. İndi
dövr yetişib və biz İlyas Əfəndiyevin dramaturji əsərlərində
quraşdırıcı şirmaları aradan
götürüb, əsərlərinin "xalis mahiyyəti"ni, dərin fəlsəfi mənalarını
adekvat, yəni necə var açıqlaya bilərik. Sözügedən bu əməliyyatların nəticəsində
əminəm ki, oxucu-tamaşaçıların gözü
qarşısında hardasa yeni, bəlkə də gözlənilməz
İlyas Əfəndiyev canlanacaq. İlyas
Əfəndiyevin əslində gələcəyə
ünvanlandırdığı mesajlar bu gün həssaslıq
və dəqiqliklə qəbul edilməkdədir.
İlyas Əfəndiyevin nəsri də Azərbaycan ədəbiyyatının
zirvələrindən biridir. O, "Söyüdlü arx"
(1958), "Körpüsalanlar" (1960), "Dağlar
arxasında üç dost" (1963), "Sarıköynəklə
Valehin nağılı" (1978), "Geriyə baxma, qoca"
(1980), "Üçatılan" (1981), "Qaçaq
Süleymanın ölümü" (1993), "Xan
qızı Gülsənubərlə tarzən
Sadıqcanın nağılı" (1996) kimi əsərlərilə
Azərbaycan nəsrinin inkişafını yeni mərhələyə
yüksəltmişdir. İlyas Əfəndiyevin
ədəbi-bədii irsi XX əsr azərbaycanlısının
təfəkkürünün, düşüncələrinin,
psixologiyasının, ictimai-sosial həyatının, məişətinin,
yaşantılarının, duyumlarının aynasıdır,
problemlərinin, ağrı və acılarının,
iztirablarının, iftixarının və
günahının arxividir, öyrənc yeridir. Rəsmi şəkildə 1939-cu ildən ədəbiyyata
gələn müəllif ta ölümünə qədər
yazıb-yaratmış, qələmini yerə
qoymamışdır. Odur ki, İlyas
Əfəndiyev haqlı olaraq ədəbiyyatımızın
fəxri sayılır. Təsadüfi deyil
ki, bu gün İlyas Əfəndiyevin nəsri, dramaturgiyası,
teatr fəaliyyəti barəsində ədəbiyyatşünaslıqda
və teatrşünaslıqda yazılmış məqalələri,
resenziyaları, esseləri, bədii-publisistik oçerkləri,
elmi tədqiqat araşdırmalarını bir yerə
toplayıb bir ayrıca kitabxana yaratmaq mümkündür.
Belə yazıların sayı 1000-i keçmişdir və
maraqlısı budur ki, İlyas Əfəndiyevin zəngin bədii
irsinin öyrənilməsi və tədqiqatı hələ də
davam edir...
Bir daha
vurğulamaq istəyirəm ki, indi dövr yetişib və biz
İ.Əfəndiyevin əsərlərində
quraşdırıcı şirmaları aradan
götürüb, onların "xalis mahiyyəti"ni, dərin fəlsəfi mənalarını
adekvat, yəni necə var açıqlaya bilərik. Amma onu da
etiraf edim ki, bu, istər teatrşünas, istərsə də
rejissorlar üçün o qədər də sadə əməliyyat
deyil...
Azərbaycan teatrında ilk dəfə bu mürəkkəb
sənət əməliyyatını Azər Paşa realizə
etdi və Yeni Zamanın tamaşaçılarını
gözlənilməz İlyas Əfəndiyevlə (klassikin
gücü də hər dəfə yeniləşməyə
qadir olması ilə ölçülür!)
görüşdürə bildi. Sözügedən görüş,
söylədiyim kimi, İlyas Əfəndiyev
dünyasının mənəvi parametrlərini
bütövlükdə özündə əks etdirən
"Boy çiçəyi" (ikihissəli lirik dram)
tamaşası kontekstində baş verdi.
Azər Paşa parlaq teatr hadisəsinə çevrilən bu
tamaşası ilə bir daha təsdiqlədi ki, İlyas
Əfəndiyevin şəxsiyyəti, ədəbi və
dramaturji yaradıcılığı, əsərlərinin
teatr təcəssümü və onlardan qaynaqlanan mətləblər
onun dramaturgiyasına məhz yeni teatr konsepsiyalarının
üsulları ilə yanaşmaq imkanı verir. Gəlin
görək, milli dramaturgiyamızın
yaraşığına çevrilən bu pyes Azər Paşa
kimi qüdrətli rejissorun yeni zamanı güzgüləyən
teatr düşüncəsini necə qidalandırdı?
Şəksiz ki, "Boy çiçəyi" pyesi
insan varolmasının dördüncü
ölçüsü olan zaman və onu güzgüləməyi
bacaran rejissor üçün cazibəli görünməyə
bilməzdi.
1964-cü ildə ustad rejissorumuz Tofiq Kazımov tərəfindən
hazırlanan "Sən həmişə mənimləsən"
tamaşasının əfsanəvi uğurunun bu günə qədər
əsl sənət nümunəsi şöhrətini itirməməsi
və onun müasir Azərbaycan teatrının həm
özünəməxsus "Qağayı"sına, həm
də ətrini əbədi qoruyan boyçiçəyinə
çevrilməsi faktı da, görünür ki, Azər
Paşanı cəlb edən "sirlər"dəndir.
Görünür ki, sadaladığım və yaxud sadalaya
bilmədiyim bir çox mətləbləri, gizli qatları ilə
"Sən həmişə mənimləsən" Azər
Paşanı cəlb etdi və o "İlyas Əfəndiyev
fenomeni"ni milli teatr prosesinin əbədi hərəkət
kontekstində araşdırma məqamının yetişdiyini
duydu... Beləliklə də, Azər Paşanın rejissor
düşüncəsi artıq paradoks kimi qəbul etdiyimiz
Zamana məxsus olan "İlyas
Əfəndiyev fenomeni"ni "Boy çiçəyi" müstəvisində (əbədi
zaman), irəlidə açılan yeni məzmunların məna
tutumu kontekstində görümlü etməyə yönəldi...
XXI əsr,
Akademik Milli Dram Teatrı, 2 noyabr 2011-ci il. Tamaşanın müəllifi, rejissoru və rəssamı
Azər Paşa Nemət. Yeni "Boy çiçəyi"
əfsanəsinin yaranma tarixi...
Pyes iki dəfə
doğulur: bir yazıldığı gün, bir də ki,
premyera günü... Nə qədər
özümüzü inandırsaq da ki, pyes teatrsız, səhnəsiz
də yaşaya bilər, görünür, bu inamımız
özümüzü aldatmaq istəyindən doğur.
2 noyabr
2011-ci il biz milli teatrımızda "Sən
həmişə mənimləsən"in 1964-cü ildən
sonrakı ikinci möhtəşəm doğuluş tarixini
qeydə aldıq (hərçənd ki, bu pyes həm milli, həm
də xarici rejissorlar tərəfindən dəfən-dəfən
səhnələnib...).
"Sən
həmişə mənimləsən" pyesi Azər
Paşanın quruluşunda özünün teatral - zaman
"geyimi"ni sonsuzluğa qədər dəyişmək
potensialını bir daha ortalığa qoydu... XXI
əsr öz yeni teatr qanunlarını diktə etdi və Azər
Paşa çağdaş teatr mədəniyyətinin və sənətkar
şəxsiyyətinin (həm rejissor, həm də aktyor)
masştabının inkişaf dərəcəsini parlaq
büruzə verən bu tamaşada özünün
düşüncə-konsepsiyasını dəqiq rəsm edən
rejissor qrafikasını da sərgiləyə bildi.
Beləliklə
də, Azər Paşanın və aktyorların səmimi,
sevgi dolu münasibəti yeni, naməlum, haradasa daha sərt
İlyas Əfəndiyevi XXI əsrə gətirdi və beləliklə
də, "Sən həmişə mənimləsən"ə
("Boy çiçəyi") ikinci dəfə əsl
teatral yanaşma, yozum baş verdi.
İnanıram
ki, Azərbaycan teatrı XXI əsrdə İlyas Əfəndiyev
dramaturgiyasına əsl teatral yanaşmaları ilə teatr
tariximizi zənginləşdirməkdə davam edəcək...
Məryəm ƏLİZADƏ
Sənətşünaslıq doktoru,
professor
Ədəbiyyat qəzeti.-
2021.- 22 may.- S.8-9.