Xarıbülbülün metamarfozası
Şuşaya qəhrəman əsgərlərimiz
iki ayaqla gedib çıxdılar,
biz dörd təkərlə
getdik.
Şuşada qəhrəman əsgərlərimizi
düşmənin güllə
yağışı qarşıladı,
bizi isti yaz günəşinin ilıq şüaları.
Yolun çətinliyindən
nə qədər mızıldansaq da, əslində, bu narazılığa görə
xəcalət çəkirdik.
Axı bax bu yolu
çətinliklə də
olsa, narahatlıqla da olsa, gedib
Şuşaya ayaq basmağımız üçün
yüzlərlə igid
əsgərimiz şəhid
olub, qazi olub, bu dağlarda
can qoyub, bu qayaları yalın əllə qalxıb...
Bəlkə də, Azərbaycanda
elə bir adam olmazdı
ki, uzun fasilədən sonra Şuşada keçirilən
"Xarıbülbül" festivalında iştirak etməyi arzulamasın. Əgər imkan olsaydı, ayağı yer tutan bütün
azərbaycanlılar, dünyanın
hansı yerində yaşamasından asılı
olmayaraq, az
qala qaça-qaça
Şuşaya gələrdi...
"Xarıbülbül"ün nəfəsini hiss etmək
üçün...
Bu işğal illəri ərzində "Xarıbülbül"
obrazı sadəcə
gözəl bir
gül olmaqdan çıxıb, böyüyüb
genişlənib, Azərbaycan
xalqı üçün
az qala bir
arxetipə çevrilib.
Xarıbülbül deyərkən,
gözümüzün qabağına
işğaldan əvvəlki
Qarabağın mədəni
həyatı, daha sonra mənfur işğal dönəmi,
dağıdılan evlər,
yüzlərlə gözü
yaşlı didərginlər,
azan səsinə həsrət
qalan məscidlər, muğam sədaları üçün darıxan
Cıdır düzü,
daha nələr, nələr gəlir... və ən nəhayət, müzəffər
qələbə...
Xarıbülbül sanki əsarətdə qaldığı
illərdə təslim
olmayan, işğala boyun əyməyən, illər boyu inadla güclənən böyüyən və nəhayətdə Koroğlunun
Qıratı kimi qaranlıqdan çıxıb
düşmənin üzərinə
şığıyan bir
dəmir caynaqlı qartal obrazına çevrildi... Həqiqətən
də bu obrazın xalqımızın
kollektiv təhtəlşüurunda
necə böyük yer tutduğu haqqında ayrıca monoqrafiyalar yazmaq olar...
Ən maraqlısı budur ki, bu obrazın
aktivlik dönəmi bitməyib, əksinə, bir az da güclənir, bir az da
genişlənir, hər
yeni gələn nəsil onu öz düşüncəsi
formatında yenidən
qiymətləndirəcək, yeni detallar əlavə
edəcək...
Festivalda
Azərbaycan mədəniyyətinin
qaymaqları iştirak
etdi, gözəl səslər, gözəl
ifalar... Cıdır düzü darıxmışdı
o səslərçün, o ifalarçün...
Lakin mənim
ən çox diqqətimi cəlb edən başqa bir məqam oldu. Tədbirin sonunda
ölkə başçısı
cənab İlham Əliyev səhnəyə
çıxıb bütün
ifaçılara bir-bir
təşəkkür etdi...
Sonda isə yenə də... "Şuşa, sən azadsan", "Qarabağ
Azərbaycandır" sədaları...
İlk baxışdan
sual oluna bilər ki, burda qeyri-adi nə var ki? Ölkə
başçısı hərbçilərlə,
sadə insanlarla demək olar ki, bütün görüşlərinin
sonunu məhz bu cür bitirir...
Bəli,
elədi... Lakin məhz Şuşada
olarkən, bu sözləri deyən zaman onun simasındakı
sonsuz sevinc, qürur və fərəh hissini yaxından seyr elədim. Və mənə elə gəldi ki, Şuşa yarım
il əvvəl yox, məhz elə bu gün
azad edilib.
Yarım
il az
vaxt deyil. Sadə məntiqlə götürəndə
qələbənin gətirdiyi
sevinc, fərəh, qürur hissi artıq müəyyən
qədər sakitləşməliydi.
Hər halda öz ətrafımızda
bu halı görürük... Aylar keçir, hər şey bizimçün adiləşir, hətta hərdən elə gəlir ki, Şuşada elə həmişə bizim bayrağımız dalğalanıb,
otuz illik işğal dövrü də olmayıb, o qanlı müharibə də...
Toplumun xarakteri belədi, neynəmək olar... Tez alışıb, tez də sakitləşmək...
Lakin Şuşada, Cıdır
düzündə yumruğunu
havaya qaldırıb, "Qarabağ Azərbaycandır" deyərkən
ölkə başçısının
simasındakı ifadəni
yaxından seyr edəndə anladım ki, bizdən fərqli olaraq, məhz onun üçün bu şanlı zəfər heç vaxt adiləşməyəcək, heç
vaxt sıravi bir tarixi fakt
olmayacaq...
Niyə? Çünki bu şanlı zəfərin əldə edilməsi üçün
hələ 44 günlük
müharibədən də
əvvəl necə uzunmüddətli bir pərdəarxası mübarizə
getdiyini təbii ki, hamıdan yaxşı o bilirdi.
Bu illər ərzində Qarabağ problemini ermənilərin xeyrinə
həll etməyə çalışan dünya güclərinin
təzyiqləri, Azərbaycanın iqtisadi
inkişafının qarşısını almaq istəyən
bədxahların fitnəkarlıqları, üzümüzə
gülərək ölkəyə gələn Qərb
diplomatlarının üstüörtülü təkidləri
və daha nələr, nələr...
Bu iyirmi altı illik mübarizənin görünməyən
tərəfləri barədə yəqin ki, illər sonra
cild-cild kitablar yazılacaq. Bu mübarizə
yolunun ön sırasında isə əvvəl Heydər
Əliyev, son 16 ildə isə İlham Əliyev
dayanırdı.
İşğal müddəti uzandıqca,
illər keçdikcə daha da arxayınlaşaraq həyasızlaşan
ermənilərin və onların havadarlarının
bütün yalanlarını, fitnələrini,
riyakarlığını, rəzalətlərini ilk olaraq o
görürdü... Bütün bu illər ərzində məğlubedilməzlik
mifinə bürünmüş erməni siyasətçilərinin
o lovğa ədası, özündənrazı
davranışı, sonsuz təkəbbürü ilk olaraq ona təsir
edirdi - qəzəblənirdi, dişləri
sıxılırdı, yumruğu düyünlənirdi - lakin
əsl diplomat kimi təmkinini saxlayaraq öz daxili qəzəbini
heç kimə hiss elətdirmirdi.
Çünki nəyi nə vaxt və necə eləməyi o
hamımızdan yaxşı bilirdi... Bilirdi ki,
apardığı uzunillik mübarizə bəhrəsini verməkdədir.
Müxtəlif diplomatiya müstəvilərində
qələbə ardınca qələbə qazanılır.
Xalqımız şanlı zəfərə
addım-addım yaxınlaşır. Azərbaycan
iqtisadi və hərbi cəhətdən getdikcə güclənir,
dünya səviyyəsində tanınan regional güc mərkəzinə
çevrilir, Ermənistan isə öz qəsbkarlığının
acı bəhərini yeyərək get-gedə zəifləyir...
Çox qalmayıb, vaxt gələcək bu
çaqqalların bütün lovğa ədası, təkəbbürlü
davranışı yerə çırpılan şüşə
kimi çilik-çilik olacaq.
Onun içindəki qəzəb
və hirs gücləndikcə, mübarizə
əzmi bir az da artırdı, Dəmir
Yumruq ağırlaşırdı, sərtləşirdi...
Sarkisyanlar, Paşinyanlar başa düşmürdülər
ki, onu daha çox qəzəbləndirməklə, öz
başlarına enəcək Dəmir Yumruğu bir az da ağırlaşdırırlar...
Haşiyə: Bir neçə
gün öncə Youtube kanalında iyirmi
il əvvəl Heydər Əliyevlə
Koçaryanın danışıqlarını əks etdirən
videoçarxa rast gəldim. Təsadüf elə gətirmişdi
ki, bu rolikin altında da həmin Koçaryanın bir neçə
ay əvvəl Rusiya kanallarından birində Poznerə verdiyi
müsahibə yerləşdirilmişdi... Özümü
saxlaya bilməyib görüntünü skrin elədim...
İlk görüntüdə, danışıqlardan
sonra Heydər Əliyevlə birgə mətbuat konfransında
iştirak edən Koçaryanın oturuş tərzi, sifətinin
ifadəsi, danışıq ədası məni çox qəzəbləndirdi. Nədənsə, məhz həmin
məqamda fikrimə gəldi ki, görəsən, o vaxt bu
görüntünü müşahidə edən İlham
Əliyevin ürəyindən hansı hisslər keçib... Sən haranın küçüyüsən ki, Heydər
Əliyevin qarşısında belə lovğa əda ilə
oturasan? Sən haranın çaqqalısan
ki, Heydər Əliyevlə belə bərabər tərzdə
danışasan? Sən başa
düşmürsən ki, qarşındakı kimdi? O,
SSRİ-nin rəhbərliyində olanda, sən balaca bir qəsəbənin
komsomol katibi idin... İndi ona meydan oxumağa cəhd
edirsən? Ondan daha güclü
görünməyə çalışırsan? Amma nə
qədər çalışsan da, yenə də onun
yanında kiçiksən, cılızsan...
(Ölkə başçısının
nə vaxt hansı
hisslər keçirdiyi barədə fikir irəli sürmək
yəqin ki, siyasi cəhətdən korrekt deyil. Lakin, məncə,
bir yazıçı üçün bu günahı
bağışlayarlar).
Həmin
videoçarxın altında
Koçaryanın bu il
verdiyi müsahibə zamanı sifətinin ifadəsinə diqqət
kəsildim... Müqayisə elədim... Budur, Heydər
Əliyev qarşısında o cür lovğa əda ilə
oturan Koçaryanın
indi sifəti əyilib, səsi boğulub,
içindəki ümidsizliyi heç cür gizlədə
bilmir... Çünki atasının
qarşısında təkəbbürlə oturub yekə-yekə
danışan bu qəsbkarın dərsini oğlu on qat
artıqlamasıyla verib. Həm də tək onun yox...
Bütün bu illər ərzində
yerə-göyə sığmayan erməni siyasətçilərinin,
hərbçilərinin hamısı bu saat eynən həmin
görkəmdədi. Ağzının üstündən yumruq zərbəsi
almış çaqqallar kimi...
Və öz çaqqal yuvalarında oturub Şuşadakı atəşfəşanlığa
baxırlar...
Hardadı Heydər Əliyevin qarşısında lovğa əda ilə
oturan Koçaryan? Hardadı Qarabağın müstəqil
dövlətçiliyindən dəm vuran Sarkisyan? Hardadı Şuşada yallı gedib "Qarabağ
Ermənistandır və nöqtə" deyən Paşinyan?
Yoxdular...
Onlar hamısı ölkə
başçısının "Qarabağ Azərbaycandır"
deyib, yumruğunu havaya qaldıran zaman, üzündə yaranan
əbədi fərəh və qürurun içində əriyiblər.
O çöhrədəki sevinc
və qürurda tək Paşinyanlar,
Koçaryanlar əriməyib. Elə onların xaricdəki
havadarlarının, hər vəchlə ölü Ermənistanı
reanimasiya eləməyə çalışan qüvvələrin
sonsuz cəhdləri də yox olub...
Əvəzində, Şuşanın Cıdır
düzündə Heydər Əliyevin səsi
yayılır.
Hamımızın gözü yaşarır.
Sanki hiss edirik ki, Heydər Əliyev uzun illər əvvəl o
sözləri o tərzdə, o intonasiya ilə məhz bu
gün üçün demişdi... Bütün
varlığıyla inanmışdı ki, onun məhz bu
sözləri illər sonra Şuşa
üzərində yayılacaq və şanlı zəfər
marşına çevriləcək... Çünki o intonasiya məhz
müzəffər qalib intonasiyasıdır...
Və nəhayət, yenə
"Xarıbülbül"
festivalının sonunda səslənən "Qarabağ Azərbaycandır"
sədalarına qayıdaq...
O sədalar bütövləşən
vətənin, işğaldan azad olan
yurdun səadət himninə bənzəyir. Və
mən əminəm ki, illər də keçsə, hər dəfə
bu səda səslənəndə, ölkə
başçısının yumruğu havaya qalxanda, onun
üzündə eyni qürur və fərəh hissini, eyni
sevinci görəcəyik. Sanki Şuşa
elə bu gün, bu saat azad olunub.
Və onun simasındakı bu qürur və fərəh
hissi bizə həmin qələbə sevincini təkrar-təkrar
yaşadacaq, bizi o müzəffər müharibə günlərinə
qaytaracaq, xalqa yumruq kimi birləşdiyi günləri
xatırladacaq...
Biz həm başqalarına, həm də
özümüz-özümüzə sübut elədik - Biz
lazım gələrsə böyük ola
bilirik...
İndi
də, bundan sonra da....
Əgər Cıdır düzündə
havaya qalxan o yumruq kimi həmişə
möhkəm ola bilsək...
İlqar FƏHMİ
Ədəbiyyat qəzeti.- 2021.- 22
may.- S.2-3.