Şuşada oxuyan
bülbüllər - "Nənələr"
Qalib ölkənin qalib Prezidenti İlham Əliyevin Sərəncamına
əsasən Şuşa şəhəri
Azərbaycanın mədəniyyət
paytaxtı elan edilmişdir. Bu ad Azərbaycanımızın mədəniyyət
tarixində böyük
rolu olan şəhərin qalibiyyət
mövqeyinə yaraşır
və qırx dörd günlük Vətən müharibəsində
çətin döyüş
şəraitində Azərbaycan
bayrağını burada
qaldırmış igid
oğullarımızın şücaətinə,
şəhid olmuş övladlarımızın xatirəsinə
verilən qiymətdir.
Məlum
olduğu kimi, 1989-cu ildən başlayaraq əsrarəngiz təbiət
qucağında yerləşən
Şuşa şəhərində hər
il "Xarıbülbül"
musiqi festivalı keçirilmişdir. Xarıbülbül Şuşada bitən və ləçəkləri
bülbülə oxşayan
nadir Xarıbülbül gülünün
adından götürülüb.
Festival 1990-cı ildə Beynəlxalq status almış
və mədəniyyətlərarası
dialoqun möhkəmləndirilməsinə
də öz töhfəsini vermişdir.
Otuz ilə yaxın bir dövrdə düşmən işğalı
səbəbindən festival keçirilmirdi.
Çox
əlamətdardır ki,
böyük qələbədən
sonra möhtərəm
Prezidentin tapşırığı
əsasında Heydər
Əliyev Fondunun təşkilatçılığı ilə 12-13 may günlərində
"Xarıbülbül" musiqi festivalı yenidən bərpa olundu və mültikulturalizm siyasətinin
təzahürü olaraq
açılış günü
Azərbaycanda yaşayan
xalqların nümayəndələrinin
çıxışına həsr edildi.
Adəti üzrə Cıdır düzündə keçirilən
bu musiqi bayramının səhnəsi
hər tərəfdən
təbiətin ağuşuna
açılır. Bir-birinin ardınca
öz məharətini
göstərən xalq
sənətçilərini dinlədikcə Azərbaycanımızın
rəngarəng təbiəti
kimi zəngin mədəniyyət yurdu olduğu görünür.
Neçə-neçə xalqı təmsil
edən bu insanları birləşdirən
əməl və amalın güclü olduğuna bir daha inanırsan. Azərbaycan-türk, avar, talış, kürd, ləzgi, tatar, udi, molokan-rus, lahıc, yəhudi, gürcü, ingiloy, saxur, Ukrayna xalq mahnıları və rəqsləri insanı musiqi aləminə aparır və onu yaradan
insanların birliyindəki
gücünə heyran
olursan. Bəli, bu birlik 44 günlük Vətən müharibəsində özünü
göstərdi. Bu birlik Dəmir Yumruqdakı barmaqların birliyidir.
Xalq sənətçilərini dinlədikcə
səhnədən üzbəüz
dağ döşündəki
ağacların bir torpaqda bitdiyini duyurdum; göz önünə çinar,
palıd, nil, vələs,
şam, küknar, dəmirağac və başqa ağaclar gəlirdi; zəngulələrdə
Xanın, Bülbülün,
Rəşidin, Gülağanın,
Yaqubun, Şövkətin,
Məmmədbağırın, Canəlinin, Qədirin, Baloğlanın... səsi
canlanırdı; Natiq
Şirinovun ifa etdiyi "Qarabağ ritmləri"nə cəlb
edildikcə sanki Qarabağ atlarının kişnəməsi, qəhrəman
döyüşçülərimizin silahlarının gurultusu,
yalnız irəliyə
atılan addımların
tappıltısı eşidilirdi;
Gənc Kənanın
"Bayatı-Şiraz"ı sevinc və qürurdan doğan kövrəklik bəxş
edirdi: Üzeyir Hacıbəylinin "Koroğlu"
operasının uvertürası,
Cəngi və qızğın ləzgi rəqsinin coşqunluğu
hamını ruhlandırırdı;
Şirzadın ifasında
"Sarı gəlin",
Mənsumun "Qaçaq
Nəbi"sində xalq
ruhunun qəhrəmanlıq
doğuran sədaqəti
necə gözəl vəsf edilmisdir!
Nizami, Füzuli və Vaqifin şirin qəzəllərinin yatımlı
musiqilərini (Elçin
- "Sənsiz", Yusif
- "Sevgili canan",
Mirələm - "Qarabağ"
və b.) dinlədikcə
yaradıcı insanları
yetirən xalqın qüdrəti haqqında düşünürsən. Festivalda
Azərbaycanı, Qarabağı
tərənnüm edən
mahnılar dinləyicini
ölkəmizin tarixi haqqında düşüncələrə
aparır, əsaslı
nikbinlik yaradır və Qarabağın Azərbaycan olması reallığı yaşanırdı.
Beləliklə, bütün sənətçilərin
çıxışı qürur
doğururdu. "Nənələr"ə
növbə çatdıqda
yaşanan qürur daha da artmaqda
idi. Hamımız böyük həyat
dərsi keçmiş
bu insanların üzlərindəki təbəssümü,
ritmik hərəkətlərindəki
ahəngi və nizamı doğmalıqla qəbul edirdik. Bütün azərbaycanlı ana və nənələrin sevinc və kədərini ifadə edən çıxışçılar,
o sıradan nənələr
hərarətlə alqışlanırdı.
"Xarıbülbül"
festivalının səhnəsində
nənələri dinlədikcə
bu torpağın işğaldan azad edilməsi üçün
canlarından keçən
şəhidlər yada
düşür, igid oğullar göz qabağında canlanırdı.
Ümumiyyətlə, Azərbaycanımızın cəsur igidləri ilə fəxr edirsən, Həzi qəhrəmanlığı, Polad
iradəsi, Mübariz qeyrəti... göstərmiş
insanlarla öyünürsən.
Nənələri dinləyəndə insan müdrikliyi səni məşğul edir.
Nənələrin bu səhnədə ifa etdikləri kompozisiyada talış xalq motivləri, nəğmə nəqarətləri,
talış elinin nəzakəti var idi.
"Veteranlar qrupunun"
hazırladığı "Qarabağ bizim ürəyimizdir" (Qərəboğ
çəmə cone) təqdimatı
Dəmir Yumruqda birləşmiş barmaqlar
kimi Azərbaycanımız
uğrunda döyüşən
insanların səsidir. Axı burada bütün azərbaycanlılar vuruşub;
ləzgi də, talış da, kürd də, yəhudi də, rus da, tatar
da, tat da... şəhid olub. Tərtər
ərazisində Talış
adlı kəndin azad edilməsi uğrunda döyüşlərdə
olduğu kimi. Ona görə başqa çıxışlar kimi
nənələr hərarətli
alqışlarla qarşılandı.
Mən "Nənələr"lə
fəxr etdim və bir az da kövrəldim.
Çıxışlardan sonra nənələrlə
görüşdüm və
onlara təşəkkür
etdim. "Nənələr", "Halay"
və digər qruplar elin mədəniyyətini
qoruyub saxlayan birliklərdir. Onlara həmişə
qayğı göstərmək
gərəkdir.
"Xarıbülbül" musiqi festivalı bir daha sübut
etdi ki, Azərbaycanda multikultural dəyərləri qoruyan dövlətin siyasəti ardıcıl şəkildə
həyata keçirilir.
Bəli,
biz Şuşaya qayıtmışıq...
Azərbaycan mədəniyyəti tarixində Şuşanın
layiqli yeri bərpa olunur. Bütün Qarabağ kimi, Şuşa
Azərbaycandır.
İmamverdi HƏMİDOV
Talış icmasının rəhbəri
Ədəbiyyat qəzeti.- 2021.-
22 may.- S.4.