"Ən böyük biclik,
düzlükdür"
Unudulmaz Əli Vəliyev
haqqında bir neçə söz
1
Əli Vəliyev
canlı-cüssəli bir adam idi və nə
qədər canlı-cüssəli idisə, bir o qədər
də ürəyi təmiz və yumşaq, sadə və səmimi,
rəhmdil və xeyirxah idi. Mən dəfələrlə bu
xeyirxahlığın şahidi olmuşam və əvvəllər
də bunu demişəm: Yazıçılar
İttifaqında işlədiyim vaxtlar məndən ən
çox xahişlər edən iki nəfər idi: Əli Vəliyev
və rəhmətlik Abbas Zamanov, ancaq bu xahişlərin
heç biri onların öz problemləri ilə bağlı
olmayıb və bu xahişlər həmişə ədəbiyyata
yeni gəlmiş adamların, imkansız və kimsəsiz qələm
əhlinin problemləri ilə bağlı olub. Onu tez-tez
xatırlayan İlyas Əfəndiyev deyirdi ki, vəzifə
Əli Vəliyevin necə adam olduğunu o
saat göstərirdi. Bakıda Voroşilov (indiki
Səbail) Rayon İcra Sovetinin sədri işlədiyi vaxt evsiz
yazıçılara mənzil verirdi. Xəbər
gedib Mir Cəfər Bağırova çatanda ki, Əli Vəliyev
bir ucdan yazıçılara mənzil paylayır, qəzəbi
tutub və onu vəzifədən çıxarıb.
Ancaq ürək yumşaqlığı və sadəliyi
ilə yanaşı, Əli Vəliyev lazımi məqamlarda
çox ciddi və prinsipial olurdu. O, 40-cı illərin ikinci yarısında
"Kommunist" qəzetinin baş redaktoru işləyirdi və
bir dəfə İlyas Əfəndiyev onun yanına gedəndə
görür ki, üç-dörd nazir, hərəsinin də
qoltuğunda bir qovluq, katibə otağında oturub, Əli Vəliyevin
qəbulunu gözləyir. Söhbət
Bağırovun qolugüclü nazirlərindən gedir və
Əli Vəliyev camaatın redaksiyaya yazdığı
şikayət ərizələrinə görə onları
çağırtdırıb ki, məsələni
aydınlaşdırandan sonra qəzetdə material dərc
etsin. Yerə-göyə sığmayan bu
zorlu nazirlər də, qorxudan şəxsən gəlib, katibənin
otağında gözləyirlər ki, Əli Vəliyev
onları nə vaxt qəbul edəcək.
O, bəyənmədiyi,
düzgün hesab etmədiyi nəyisə mərd-mərdanə
üzə deməkdən çəkinməyən, qeybətçilikdən,
sözbazlıqdan tamam uzaq bir insan idi və onun bəzən
yaxın adamlardan küsməyi var idi, ancaq ürəyində
qətiyyən kin saxlamırdı, xırda bir nəyə
görəsə küsürdü, bir müddətdən
sonra barışırdı - təkrar edirəm, söhbət
yaxın adamlardan gedirsə, belə idi, prinsipial məsələlərdə
isə geri çəkilən adam deyildi.
Bu yerdə
mən yenə İlyas Əfəndiyevin şəxsən
şahidi olduğu bir hadisəni də söyləmək istəyirəm:
Müharibədən sonrakı vaxtlarda bir gün Mir Cəfər
Bağırov yazıçıların müşavirəsini
çağırır və o, qəzəblə zala daxil olan
kimi Səməd Vurğuna qarşı ağır siyasi
ittihamlar söyləyir. Müzakirə
başlayır və rəhmətə getdikləri
üçün adlarını çəkmək istəmədiyim
bəzi natiqlər Bağırovun ittihamlarından ruhlanaraq Səməd
Vurğunu kəskin tənqid edirlər. Bu o zaman idi ki,
dediyim kimi, Əli Vəliyev sovet dönəmində Azərbaycanın
əsas mətbu orqanı olan "Kommunist" qəzetinin
baş redaktoru idi və söz ona veriləndə xitabət
kürsüsünün arxasına keçib:
- Yoldaş Bağırov, - deyir. - Düzdür, Səməd
Vurğunun nöqsanları var, ancaq Səməd Vurğun
böyük talantdır!
Bağırov
onun sözünü kəsir:
- Səməd
Vurğun talant idi! - deyir.
Və
Əli Vəliyev:
- Xeyr, Səməd
Vurğun indi də talantdır! - deyir və
üzünü yana çevirib, susur.
İlyas Əfəndiyev danışırdı ki, zala elə
bir sükut çökdü, milçək uçsaydı,
səsi eşidilərdi və Bağırovun qalın
şüşəli eynəyinin arxasından Əli Vəliyevə
zillənmiş gözlərində qəzəblə gözlənilməzlik,
zəhmlə heyrət bir-birinə
qarışmışdı.
Bağırovun
qarşısındakı mizin üstündə həmişə
karandaşla dolu qələmdan olurdu və əlində ekzema
olduğu üçün, hərdən əsəbiləşəndə
bir dəstə karandaş götürüb ovcunda
oynadırdı və bu dəfə də karandaşları
ovcuna alıb ayağa qalxaraq bir az var-gəl
edir, var-gəl elədikcə də ovcunda oynatdığı
karandaşların şaqqıltısı zala yayılır.
İlyas
Əfəndiyev deyirdi, Bağırov impulsiv, tez əsəbiləşən,
qəzəblənən bir adam idi və qəribəsi bu oldu
ki, Əli Vəliyevin qaytardığı söz, elə bil,
Bağırovu yumşaltdı; elə bil, Əli Vəliyevin mərd-mərdanə
etirazındakı səmimiyyət o sərt və impulsiv adama
- Bağırova daxilən təsir etdi, yerinə keçib
Əli Vəliyevə:
-
Yaxşı, sən keç otur, - dedi və üzünü
Səməd Vurğuna tutdu: - Gəl görək, sən
özün nə deyirsən?
Səməd
Vurğun özünə qarşı ittihamlardan
danışmağa başlayır və İlyas Əfəndiyev
deyirdi ki, Əli Vəliyevin belə bir kişi tərsliyi Səmədi
kövrəltmişdi, Mir Cəfərin də qəzəbi
gözgörəti keçib gedirdi, bir sözlə, o iclas əmin-amanlıqla
qurtarır. Ancaq həmin iclas Əli Vəliyevin nəinki vəzifədən,
hətta partiyadan çıxarılması ilə, bəlkə
daha ağır bir nəticəylə qurtara bilərdi və Səməd
Vurğunun da başına nə iş gələcəkdi,
bunu Allah bilir.
Mən bilən dərəcədə Əli Vəliyev o
dövrdə yeganə yazıçı olub ki, iclas zamanı
(və ümumiyyətlə!) Mir Cəfər
Bağırova söz qaytarıb. Orasını da deyim
ki, yazıçılar bir-birilə etibarlı söhbət
zamanı Bağırova "dördgöz" deyirdilər və
bu "dördgöz"lük, yəqin ki, yalnız onun eynək
taxmasının yox, qəzəbli baxışlarındakı
zəhm ifadəsi olub.
Bu qeydlərimin elə əvvəlindən İlyas
Əfəndiyevə istinad etməyə başladım və
bunun da səbəbi odur ki, onunla Əli Vəliyev arasında
çox mehriban və məhrəmanə münasibət var
idi. İlyas Əfəndiyevin xasiyyətinə,
münasibətlərinə yaxşı bələd
olduğum üçün bunu da demək istəyirəm ki,
onun o cür isti və məhrəmanə münasibət bəslədiyi
yazıçıların sayı o qədər də
çox deyildi.
Əli Vəliyev (eləcə də rəhmətlik Məsud
Əlioğlu) bir çox kitablarını avtoqrafla İlyas
Əfəndiyevə bağışlayıb və mən bu
yazını yazarkən həmin avtoqraflardakı səmimi və
mehriban sözləri oxuyanda onların arasındakı o səmimi
münasibətin bir daha şahidi oldum. Bunu da deyim ki,
1979-cu ildə İlyas Əfəndiyev gözlənilmədən
xəstələndi və Moskvada əməliyyat olundu. Əli Vəliyev mənim "Moskva"
mehmanxanasındakı telefon nömrəmi öyrənib,
Moskvada qaldığımız üç ay müddətində
tez-tez mənə zəng edib atamı xəbər
alırdı.
Və mən
bunun da şahidiyəm ki, İlyas Əfəndiyev Əli Vəliyevin
rəhmətə getdiyini eşidəndə - 1983-cü ilin 2
fevral günü - necə sarsılmışdı və bu
sarsıntıdan sonrakı onun "heyhat!.."
əhval-ruhiyyəsi xeyli müddət çəkdi, elə
sonralar da ən səmimi hisslərlə tez-tez Əli Vəliyevi
xatırlayırdı.
2
Əli Vəliyev həqiqi kommunist
idi və mən bu gün də bunu fikirləşəndə
həmin "həqiqiliyə" hörmətlə
yanaşıram, çünki Əli Vəliyev gündüzlər
iclaslarda çıxış edəndə Lenindən sitatlar
gətirən, Kommunist Partiyasının maraqlarını
güdən, şəninə şüarlar deyən, xəlvətə
düşəndə isə axşamlar Lenindən, Kommunist
Partiyasından anekdotlar danışan kommunistlərdən
deyildi. O, kommunizmə inanırdı və bu, təbii idi.
Rusiya imperiyasının ucqar bir guşəsində, Zəngəzur
qəzasının Ağudi kəndində anadan olub,
kasıblıq içində çətinliklərlə
böyümüş, muzdlu fəhlə işləyə-işləyə
təhsil almış Əli Vəliyevin geniş tanınan və
hörmətli bir qələm sahibi, cəmiyyətin
nüfuzlu bir üzvü olması, aydın məsələdir,
onun öz fərasətinə borcludur, ancaq bu da aydın məsələdir
ki, həmin fərasətin qarşısında yaşıl
işıq yandıran da Sovet hakimiyyəti olmuşdu.
Sovet
sistemi paradokslarla, ziddiyyətlərlə dolu bir sistem idi: bir tərəfdən,
siyasətdən uzaq Firidun bəy Köçərli kimi
böyük bir maarifçini heç nəyin üstündə
güllələyirdi, o biri tərəfdən isə Azərbaycanın
ən ucqar kəndlərində belə məktəb
açırdı, bir tərəfdən, Abbas Mirzə Şərifzadə
kimi böyük bir aktyoru yenə də heç nəyin
üstündə güllələyirdi, o biri tərəfdən
isə yalnız Bakıda yox, rayonlarda da Dövlət
Teatrları yaradırdı, bir tərəfdən, Hüseyn
Cavidi (Cavid əfəndini) Sibirə (əslində,
ölümə!) göndərirdi, o biri tərəfdən isə
onun sədaqətli dostu Abdulla Şaiqi (Şaiq əfəndini)
SSRİ Ali Sovetinə deputat təyin edirdi və s. və i.a.
Ancaq biz bilavasitə mövzumuza qayıdaq.
Mən
Yazıçılar İttifaqında işlədiyim1970-ci illərin
ikinci yarısı, 80-ci illərin əvvəlləri Leonid
Brejnevin rəhbərlik etdiyi və onun orden-medal hərisliyinin
Sovet şifahi xalq yaradıcılığında ləzzətli
gülüş hədəfinə çevrildiyi, bu
orden-medalların, marşal ulduzunun, beş dəfə Sovet
İttifaqı və Sosialist Əməyi qəhrəmanlarının
qızıl ulduzlarının, hətta ədəbiyyat üzrə
(!) Lenin mükafatı nişanının böyük təntənə
ilə (elə bil, Siyasi Büro mərasiminə yox, Molyerin komediyalarına
baxırsan) rəhbərin döşünə
taxıldığı bir dövr idi və Əli Vəliyev
Yazıçılar İttifaqına gələndə adətən
ya rəhmətlik Hüseyn Abbaszadənin (onunla dost idi), ya da mənim
otağımda otururdu. Onun yanında Lenin, Kommunist Partiyası
haqqında nəsə xoşagəlməz bir söz demək
olmazdı, o saat acığı tuturdu, tənbeh edirdi, ancaq mən
Brejnevin növbəti təltif mərasimi ilə bağlı
qəzetlərdəki şəkilləri ona göstərərək:
- Əli müəllim, görürsüz də bu
komediyanı?
- deyəndə üzünü yana
çevirib bir söz demirdi, çünki aydın məsələdir,
bu absurdu görürdü və mən buna şübhə
etmirəm ki, ürəyində bu absurdun
ağrısını çəkirdi, ancaq bunu dilə gətirməyi
öz inamına qıymırdı.
Əli Vəliyev:
"Ən böyük biclik, düzlükdür" - deyirdi
və bu düzlük onun özünün də şəxsiyyətində
idi, xasiyyətinin, inamının,
dünyagörüşünün mühüm bir cəhəti
idi. O, kolxoz quruluşunun düzgün bir yol olduğuna
inanırdı, buna tamamilə əmin idi və bu inamla da,
misal üçün, "Gülşən"
romanını yazırdı. (Yeri
düşmüşkən deyim ki, bizim böyük bəstəkarımız
Soltan Hacıbəyov bu romanın əsasında
"Gülşən" baletini bəstələmişdi).
Əli Vəliyevin
yaradıcılığı ilə bağlı mühüm
bir cəhəti xüsusi qeyd etmək istəyirəm: onun
yazdığı əsərlər - "Çiçəkli",
"Qəhrəman", "Turaclıya gedən yol" və
başqa romanları, bir çox hekayələri həmin
dövrdə meydana çıxmış bir sıra başqa əsərlər
kimi konyunkturanın yox, dediyim həmin inamın bəhrəsi
idi və bu yerdə mən əvvəllər də dediyim
başqa mühüm bir cəhəti qeyd etmək istəyirəm.
1930-cu illərdə
ədəbiyyata gəlmiş
yazıçılarımızın böyük xidməti
onda oldu ki, onlar Azərbaycan ədəbi-bədii dilini
inkişaf etdirdilər, təmizlədilər, ədəbi
janrları, o cümlədən romanı nəsrimizin milli
faktoruna çevirməyi bacardılar, milli hekayəçilik ənənələrini
inkişaf etdirərək, bu janrın ədəbiyyatımızdakı
mühüm yerini müəyyənləşdirdilər və
həmin əsərlərə bu günün sosrealizmdən
sonra azadlığa çıxmış ideoloji və bədii-estetik
tələbləri baxımından qiymət vermək gətirib
inkarçılığa çıxara bilər və
çıxarır. "Budağın xatirələri"nin dilinə baxın. Bu bədii
dil XX əsrin əvvəllərindəki bədii dilimizə
nisbətən nə qədər inkişaf edib, eybəcər
ərəb-fars ibarələrindən təmizlənərək
milliləşib (!), zənginləşib və etnoqrafik
baxımdan da bu əsər ekzotikanı yox, həqiqi milli
koloriti ifadə edir.
Söz ki "Budağın xatirələri"ndən
düşdü, prinsipial hesab etdiyim bir cəhətlə də
bağlı, bu roman-xatirənin üzərində dayanmaq istəyirəm. Əli Vəliyev həyatının
tarixçəsini yazıb, Budaqın prototipi onun
özüdür və romanda müəllifin şəxsiyyətindəki
düzlük və ədalət baxımından əlamətdar
olan belə bir epizod var: Budaq artıq səlahiyyətli ixtiyar
sahibidir və Ağdama ezam olunaraq raykomun birinci katibinin
kabinetində şikayətçiləri qəbul edir. Növbəti şikayətçi onun qəbuluna gəlir
və Budaq bu qadını tanıyır.
"On üç il əvvəl qapısında muzdurluq
elədiyim Eyvazxanbəyli Bikə xanım idi. Çox
arıqlamış, dəyişib tanınmaz hala
düşmüşdü. O məni tanımadı. Tanımazdı da. Oturmaq
üçün yer göstərdim.
- Ərzim var, ay qardaş.
- Qulaq
asıram.
- Torpaq
şöbəsinin müdiri iki ayağını bir
başmağa qoyub ki, gərək pambıq əkib-becərəsən.
Mən bir dul arvadam, yaşımı da,
özümü də görürsünüz. Bu halda mən
pambıq əkib-becərə bilərəmmi?".
Sonra məlum olur ki, QPU Bikə xanımın
qohumlarını həbs edib və tanışlıq verməyən
Budaq beləcə pis günə qalmış, ancaq
kolxozçu olmaq da istəməyən bu qadından soruşur
ki, bəs, oğlanların hardadır?
"Bikə
xanım alma qaxı kimi
büzüşdü. Elə bil daha da nazikləndi.
Kürsünü irəli qoyub stola söykəndi,
kabinetdəki üç telefona, müxtəlif müxəlləfata,
şəkillərə məzlum-məzlum nəzər
salıb, divara vurulmuş xalçanın üzərində
xeyli dayandı. Xanımın cavab verməyib
xalçaya həsrətlə baxması təəccüblü
idi. Mən xəbər alanda iniltili səslə cavab verdi:
-
Xalçamı gətirib kabinetinə vuran adam
(söhbət rayon partiya komitəsinin birinci katibindən gedir!
- E.) oğlanlarımın
harda olduğunu məndən yaxşı bilər".
Yəni oğlanlar da həbs, bəlkə də məhv
edilib.
Torpaq
şöbəsinin həmin müdiri, kommunist Yunis gəlir və
Budaq onu Bikə xanımla üzbəüz oturdub,
sorğu-suala tutanda deyir:
"- Bəy arvadıdır. Yoldaş Budaq! Siz bunun
nəslini yaxşı tanımırsınız. Bunlar müzür ünsürdür. Keçmişdə kəndliləri istismar ediblər.
Zəhmət çəkib, yeri belləsin,
planı yerinə yetirsin.
...Bikə
xanım şalı dartışdırıb, sanki
üşüyən canını qızdırmağa
çalışdı".
Bəs, Budaq nə edir? "Hirsindən boğazı
qovuşan" Budaq müdiri tənbeh edərək bəy
arvadına (!) deyir:
"- Gedin evinizə, lap rahat oturun. Heç kim
sizə pambıq planı verməyəcək". Mən bu kiçik
epizodu ona görə bu cür təfərrüatı ilə
xatırladıram ki, Əli Vəliyevin şəxsiyyətindəki
dediyim həmin düzlük və ədalət hissi onun qələmini
də hakim ideoloji siniflər ayrı-seçkiliyinin, Sistemin tələb
etdiyi mövqenin yox, bu mövqeyə tamam zidd olan mənəvi
dəyərlərin müttəfiqi edib və nəzərə
alın ki, bu əsər 1950-ci illərdə - Sistemin möhtəşəm
vaxtlarında yazılıb.
Konyunktura
və inamla bağlı fikrimi bir az da aydınlaşdırmaq
istəyirəm - bir var siyasi konyunktura naminə, yəni
böyük yazıçı vəzifəsinə təyin olunmaq,
orden, mükafat və s. almaq üçün nəsə
yazırsan (belə romanlar, hekayələr, poemalar, şeirlər,
pyeslər çox idi, Sistemin süqutu ilə onlar da süquta
uğradı), bir də var ki, inanırsan və
inandığını yazırsan və bu artıq sənin
inamını və mənəvi aləmini ifadə edir, mənəvi
aləmin isə necədir - ədalətlisən,
vicdanlısan, yoxsa o inam ədaləti də, vicdanı da
üstələyib - bu, artıq başqa məsələdir.
Mən Əli müəllimə uşaq, yeniyetmə, ilk
gənclik vaxtlarımda "Əli əmi" deyirdim və
uşaq ikən bizim evdəki ad günlərimi keçirənlər
arasında Əli Vəliyev də olurdu. Yəqin, elə həmin səmimiliyinə,
təmizliyinə, istiqanlığına görə mən onu
gözləyirdim də: görəsən, Əli əmi gələcək,
ya yox və bu gün uzaq, həmişəlik bir
keçmişdə qalmış o çağları
xatırlayanda, elə bil, onun o səmimiyyəti, təmizliyi,
istiqanlığı məni aparıb dünyanın faniliyinə
çıxarır, Xəstə Qasımın haçansa
hafizəmdə ilişib qalmış sadə
misralarını yadıma salır: "Neçə min yol
boşalıbsan, Neçə min yol dolan dünya".
3
Mən
yuxarıda yazdım ki, "Budağın xatirələri"
Əli Vəliyevin həyat tarixçəsidir və bu həyatın
əvvəlki dövrləri barədə də dedim, ancaq
sonrakı dövrlər də onun üçün yalnız
arxayınlıqdan və rahat bir yaradıcı həyatdan,
yalnız sevinc və xoşbəxtlikdən ibarət
olmayıb, o, müharibənin
qızğın çağlarında - 1941-42-ci illərdə
cəbhədə də olub, Mir Cəfər Bağırovun qəzəbinə
də tuş gəlib, böyük faciələr də
yaşayıb.
Bu sözləri yazarkən birdən fikrimdə Məsud
Əlioğlunun siması canlandı və məni çox
ağır bir xatirəyə apardı.
Bilmirəm, indi bu kədərli xatirəni yazmaq lazımdır,
ya yox?
Ancaq bir halda ki, fikrimə gəlib yazıram.
Söhbət
1973-cü ilin heç vaxt yadımdan çıxmayacaq o 23
iyun günündən gedir və həmin gün Əli Vəliyevin
qəflətən çəkdiyi bayatının ab-havası,
sinəsindən qopub gələn o nəfəsi bu qədər
illərdən sonra da acıdan acı bir dalğa kimi mənim
içimdən keçir.
O isti yay
günü mən atamgilə gedirdim və Hüsü
Hacıyev (indiki Azərbaycan prospekti) küçəsindəki
Yazıçılar Evinin həyətinə girəndə
gördüm ki, xeyli adam toplaşıb və
o adamların başının üstünü elə bir
qapqara aura almışdı ki, elə o anlarda da başa
düşdüm ki, nəsə dəhşətli bir hadisə
baş verib.
Və
inanılmaz, həqiqətən dəhşətli bir xəbər
eşitdim: dünən gördüyüm və söhbət
etdiyim 44 yaşlı Məsud Əlioğlu vəfat edib.
Mən
yenicə ailə qurmuş Məsud Əlioğlunun həyat
yoldaşı Rəna xanımı körpə oğlu
İlyasla birlikdə yayda Şuşadakı
Yazıçılar Evinə gəldiyi vaxtdan
tanıyırdım və o zaman mən
üçüncü-dördüncü sinifdə oxuyurdum,
ancaq sonralar Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun aspirantı olanda Məsud artıq görkəmli
ədəbiyyatşünas və tənqidçi kimi
oranın aparıcı əməkdaşlarından
biri idi.
Ölüm
gözlənilməz, qəfil olanda onunla barışmaq, onu qəbul
etmək daha artıq acılı-ağrılı olur və Məsud
Əlioğlu o qədər pozitiv, o qədər deyib-gülən,
yeyib-içən, hazırcavab, əla və duzlu yumor hissinə
malik, sağlam görünüşlü bir insan idi ki, onun vəfatının
acısı-ağrısı qara bir heyrət hissinə
qarışıb, daha artıq təsir edir,
sarsıdırdı. Məsudun şəxsiyyəti
elə idi ki, onunla bircə dəfə məclisdə otursaydın
(gözəl oxumağı da var idi, xüsusən türk
mahnılarını! Özü də
sovet dövründə!), bircə dəfə səfərə
çıxsaydın belə, həmişəlik
yaddaşında qalacaqdı.
Həmin isti yay günü Məsudgilin 5-ci mərtəbədəki
evləri də adamla dolu idi və Əli Vəliyev bu
adamların əhatəsində oturub gözlərini yerə
zilləmişdi, hamı ağır bir sükut içində
idi, qonşu otaqdan qadınların ağlayışı gəlirdi
- o mənzili iniltili bir sükut bürümüşdü. O sükut o qədər
ağır bir yük idi ki, az
qalırdı səni döşəməyə pərçim
eləsin və heç kim o sükutu pozub bir söz deyə
bilmirdi. Mən rəhmətlik Rəşid
Mahmudovla (bu çox mədəni və xeyirxah insan sonralar
Dövlət Mətbuat Komitəsinin, Jurnalistlər
İttifaqının sədri vəzifələrində
işləyirdi) yanaşı dayanmışdım və xeylaq
bu cür sükut içində dayandıq. Birdən Əli Vəliyev gözlərini yerdən
ayırmayaraq yaddan çıxmayacaq o səslə, o nəfəslə
bir bayatı çəkdi və onun səsindəki, nəfəsindəki
kədər mənim və şübhəsiz ki,
hamının iliyinəcən işlədi. Hüseyn Abbaszadə ilə Qabil bizimlə üzbəüz
əyləşmişdilər və Əli Vəliyevin çəkdiyi
o bayatıdan sonra onların özlərini saxlaya bilməyib,
hönkür-hönkür ağlaması indi də gözlərimin
qabağına gəlir. Mən o qədər
sarsılmışdım ki, o bayatının sözlərini
eşitmirdim, ancaq bunu eşitməyə hacət də yox idi,
çünki o avaz sözlə ifadə edilməyəcək
bir kədərdən danışırdı. Rəşid müəllim titrəyən
barmaqları ilə mənim biləyimi sıxdı və biz
otaqdan çıxıb, pilləkənlərdə
dayanmış adamların çəkdiyi siqaret
tüstüsü içində həyətə endik,
sağollaşıb ayrılana qədər bir kəlmə də
danışmadıq. Söz yoxa
çıxmışdı.
Ancaq mən Əli Vəliyev haqqındakı bu
yazını beləcə kədərli bir xatirə ilə
bitirmək istəmirəm və xeylaq illər bundan əvvəlin
- universitetin birinci kursunda oxuyurdum - bir hadisəsi yadıma
düşür, onu yazacağam. Bu əhvalat hər dəfə
yadıma düşəndə daxilimdə gözəl və
mənim üçün əziz olan bir ovqat yaşayıram və
orasını da deyim ki, bu əhvalatın özü də
Əli Vəliyev şəxsiyyəti barədə, güman
edirəm ki, az söz demir.
Nikita
Xruşşov XX partiya qurultayında Stalini, "şəxsiyyətə
pərəstiş"i kəskin tənqid (əslində,
ifşa) edəndən sonra, yəni 1950-ci illərin sonu,
60-cı illərin əvvəllərində Sovet
İttifaqında müharibədən sonrakı yeni nəsil
nümayəndələri arasında Qərb səmtli
"stilyaqa" zümrəsi yaranmışdı və bu,
Sistemin cəmiyyətə ortodoks-ideoloji münasibətinə
(komsomolçuluğa, sənətdəki tabulara) qarşı
etirazın ifadəsi idi. Bu gənclik artıq Ostrovskinin
"Polad necə bərkidi" romanını, yaxud Makarenkonun
"Pedaqoji poema"sını yox, Heminqueyi, Remarkı,
Böylü oxuyurdu, Sistemin qərəzçilik etdiyi caza
meyilli idi və Rusiya da daxil olmaqla, Sovet respublikalarında sənətin
bütün sahələrində, xüsusən də ədəbiyyatda
60-cıların yeni nəfəsi hiss olunmağa
başlayırdı. O yeni (və fərqli!) nəsil
komsomolçuluğun təqib, tənqid və təhqirinə
məruz qalırdı, mətbuat "stilyaqa"ların
karikaturasını çəkir, onları gülüş hədəfinə
çevirməyə çalışırdı. Ancaq bu yeni
nəfəs, yeni ab-hava, yeni söz istək və
axtarışlarında, bu etirazda, eyni zamanda, bir sadəlövhlük
də var idi, buna görə də həmin etiraz çox zaman
xarici görkəmdəki ifrat dəbə çevrilirdi və
ilk gənclik çağlarım mənim də
"stilyaqa"lıq etdiyim vaxtlar idi.
Mən bir hekayə yazıb radioya göndərmişdim
və günlərin bir gözəl günü xəbər gəldi
ki, hekayəni bəyəniblər, özüm də gedib onu
efirə oxumalıyam. Səhəri gün mən böyük
bir ruh yüksəkliyi, daxili fəxarət hissi, coşqunluq və
həyəcanla Dövlət Radio və Televiziya Kamitəsinə
yollandım - bu mənim ora ilk gedişim, efirdə ilk
çıxışım idi (daha doğrusu, belə
olmalıydı).
Və Komitənin qapısı ağzındakı
giriş-çıxış köşkündə
oturmuş milisioner (indiki polis nəfəri) dəvət
olunanların siyahısına baxıb, mənim adımı
tapmadı və nə qədər elədimsə məni
içəri buraxmadı. Belə bir gərginlik içində
birdən gördüm ki, Əli Vəliyev, yanında da rəhmətlik
Zeynal Xəlil (onunla üzbəüz qonşu idik) Komitənin
pilləkənlərini enib, çıxışa doğru gəlir,
gözlərimə işıq gəldi. Onlar bizə
yaxınlaşan kimi tələsik salam
verib milisioneri göstərərək:
- Əli əmi,
bu məni içəri buraxmır e!.. -
dedim.
Əli Vəliyev
ayaq saxlayıb, diqqətlə mənə baxdı, sonra
milisionerə baxdı, sonra yenə mənə baxıb,
"kok" saç düzümümü, ətəkləri
uzun bukle pencəyimi, reklamlı köynəyimi (üzü rəngbərəng
xarici reklamlarla naxışlanıb, çitdən tikilmiş
köynək idi, "reklamnaya rubaşka" deyirdilər),
enli manjetli balağı dar şalvarımı, altı
qalın kauçukdan "tanketka" ayaqqabımı yuxarıdan
aşağı, aşağıdan yuxarı süzdü və
mənim görkəmim ona necə təsir etdisə, sərt
şəkildə:
-
Yaxşı eləyir! - dedi, hirslə də milisioner
köşkündən çıxıb, küçə ilə
üzüaşağı addımladı və Zeynal Xəlil
də əllərini yan tutub çiyinlərini çəkdi,
yəni ki, Əli Vəliyevdən sonra mən nə deyə
bilərəm?
Və mən o gün içəri keçə bilmədim,
ancaq mənim üçün bu, dediyim kimi, tez-tez yadıma
düşən və mənə də, hərdən bu əhvalatı
İlyas Əfəndiyevə təkrarən danışanda,
ona da ləzzət eləyən bir xatirədir.
Dedim də,
Əli müəllim qətiyyən kin saxlayan, ədavətli
adam deyildi, onun acığı necə tez tuturdusa, eləcə
də tez keçib gedirdi və sonrakı illərdə onunla
aramızda necə səmimi, məhrəmanə bir münasibət
olduğu barədə təsəvvür yaratmaq
üçün, "Budağın xatirələri"
kitabında mənim hələ körpə olan qızım
Günay üçün yazdığı avtoqrafı
olduğu kimi bu yazıya köçürürəm:
"Mənim əziz balam, gözümün
işığı Günaya - xoşbəxtlik, səadət,
əbədi fərəh arzulayan Əli babasından kiçik
yadigar. Əli Vəliyev. 5 dekabr
1975".
El
arasında belə bir məcaz var: "Yaxşı kişilər,
yaxşı atların belində getdi".
Əli Vəliyev həmin kişilərdən biri idi.
30 aprel 2021
Bakı
ELÇİN
Ədəbiyyat qəzeti.- 2021.-28 may.- S.2-3.