Xəlil Rzanın məktubları, yaxud
Sovet dövründə
ulu türk olmaq
...1984-cü
il. İrkutskda hərbi xidmətdəyəm. Xəlil Rza ilə
məktublaşırıq. Yaş fərqimizə baxmayaraq, Xəlil
Rza məni özünə dost və sirdaş bilir. Hərbi hissənin "Lenin otağı" deyilən
guşəsindən Xəlil Rzaya məktublar yazıram.
O isə cavabları yubatmır...
Bir dəfə
məktubunda xəbər verdi ki, Moskvada
Zori Balayanın "Ocaq" kitabı nəşr olunub. Zori Balayanın kimliyini bilmirdim. Adını
ilk dəfə eşidirdim. Xəlil Rza isə
yazırdı: "Necə zavallı, necə miskin imiş
"Ocaq" yazarı Zori Balayan. Bəşəriyyətə
sazı və Misri qılıncı, muğamatı və
xalça gülzarını, Naxçıvan və Səmərqənd
memarlığını, Nəsimi və Füzuli xəzinələrini,
Nəvai və Tofiq Fikrət dühasını, qonaqsevərlik
və eşq məktəbini, Fərabi, Bəhmənyar, Nəsirəddin
Tuslu, Ələkbər Sabir, Müşfiq möcüzələrini,
Məhdimqulu, Vaqif, Musa Cəlil dürdanələrini bəxş
etmiş bir milləti, yaxud millətlər
qovuşağını dönə-dönə, utanmadan, həyasızlıqla
"vəhşi", "barbar", "mədəniyyətsiz
köçəri", "başkəsən"
adlandıran, bu cür başından yekə
danışmağa ağız bəhəm edən
zatıqırıq nə qədər dargöz və cahil
imiş! Ədəbi xuliqan, yaxud ədəbsiz dələduz
Zori özünü zora salaraq Oljas Süleymenovun böyük
alim-şair qələmindən çıxmış "Az i YA" kitabını ləkələmək
üçün necə də dəridən-qabıqdan
çıxır. Türk kainatı ilə rus arasında
ixtilaf yaratmaq, real və qeyri-real ziddiyyətləri
qızışdırmaq, alovlandırmaq qəsdilə
sonuncunun ardından girib ağzından çıxır və
əksinə...".
O zaman mənim
21 yaşım vardı. Dediyim kimi, İrkutsk
şəhərində hərbi xidmətdəydim. Zori Balayanın "Ocaq" kitabı ilə
bağlı yazdığı həmin məktubun sonunda, Xəlil
bəy "Sən bu döyüşlərin ön atəş
xəttindəsən, Azərim! Silahdan bərk
yapış!" - deyə
tapşırıq verirdi.
Xəlil Rza hansı döyüşləri nəzərdə
tuturdu? Ürəyinə
daman nə idi? 1985-ci ildə
mənə niyə yazırdı ki, "Qarabağa mədhiyyələr,
türkülər söyləməkdə mahiriz. Ancaq
Qarabağı qorumağa qadir böyük iradə ordusu
meydanda yoxdur... 1828 tarixli Türkmənçay
bağlaşmasından sonra çarlığın İranda
xarici işlər naziri hökmündə olan nümayəndəsi
Aleksandr Qriboyedov erməniləri İrandan və Türkiyədən
Qafqaza köçürmüş, böyük bir qismini
Dağlıq Qarabağa yola salarkən ehtiyat etdiyini
bildirmişdi. Bir müddətdən sonra bunlar
özünü yerli xalq kibi qələmə verəcək və
müsəlmanlar ilə toqquşacaqlar... Qarabağ,
əslində, ulu Tanrı deməkdir. Azərbaycanın
şah damarı, dirilik suyu və Tanrılar Panteonudur. Bu həqiqəti dartışma meydanına çəkməyin
özü həyasızlıqdır".
Nə
baş verdiyini, yaxud baş verəcəyini, təbii ki,
bilmirdim... O isə davam edirdi: "Bəşəriyyətin
tarixi yalnız müharibələr tarixi deyil, həm də və
ən başlıcası, millətlərin bir-birilə əməkdaşlıq,
gör-götür, öyrənmə,
qaynayıb-qarışma, alver, ticarət tarixidir. Ruslar türklərə qız vermiş, qız
almışlar ki, qohumlaşsınlar. İki
bacının birini türk, birini rus alırsa, qohumluq
yaranır. Bu halda rus Türkü bacanaq
(peçeneq) adlandırır. Məşhur
"peçeneqlər" ifadəsi buradan törəyib.
İndi rus etnogenezinə daxil olan və öz
Şoloxovu ilə fəxr edən kazaklar, əslində,
dünənki türklərdir. "Belaya
qus" denilən "Ağ qaz"ı özünə totem
seçənlərin inamı, etiqadı verib onlara bu adı.
Qədim slavyan, o sırada rus mədəniyyətinin
dərin qatlarında aydın və möhtəşəm bir
türk layı var. Oljas Süleymen öz kitabında bu günəş
kimi həqiqətlərin yalnız bir
qığılcımını deyir və bu həqiqət
qığılcımı Zori Balayanı cin atına mindirir.
"Az i Ya" kitabını "Aziyasentrizm"də - Asiya
mərkəzçiliyində, panislamçılıqda,
türkçülükdə ittiham etmək üçün
dəridən-qabıqdan çıxan zavallı türk
respublikalarında əhalinin say artımından, aman Tanrı,
necə qorxur və yeganə nicatını "sovetskiy
narod", "edinıy splav" gerçəkliyində
arayır. Kimisə
qızışdırmağa çalışır ki, bu
artan ulusları ümumsovet dəyirmanında üyüdüb
"vahid ərintiyə" çevirsin".
Xəlil
Rzanın bundan sonra yazdığı bütün məktublar
mənə açılmış (və yəqin ki, kimsə
tərəfindən oxunmuş halda) gəlməyə
başladı...
"Sol məməsinin altında ürək yerinə
şir bəsləyən Azərim! Günaydınlarımla birgə sana Xəzər vüsətli, Türkan ətirli
məhəbbətimi göndərirəm. Hər
məktubun mənim üçün bir xəzinədir.
Çünki məktublarında bütün müsibətləri
və əngəlləri aradan qaldırmağa, yenməyə
qadir, qalib, qüdrətli Azərbaycanın, bugünkündən
daha çox sabahkı Azərbaycanın, böyük Turan
dünyasının əvəzsiz bir parçası olan Azərbaycanın
nəbzi döyünür. Hiss edirəm ki, əsgərlik,
döyüşçülük sənin üçün
böyük kamal və mərdanəlik məktəbidir. Ani
dinclik dəqiqələrində macal tapıb yazdığın
məktubların mənim üçün ikiqat,
üçqat qiymətlidir, əvəzsiz bir azərbaycanşünaslıq
sənədidir...".
Sonra mətləbə
keçir: "Antitürk, antiislam mövqeyi tutduqları
halda, biz bir çox yazıçı, şair və
filosoflarımızı böyük yurdsevər kimi qələmə
vermişik, çarın əleyhdarı kimi tərifləmişik.
Əslində, bunlar nəinki çarlığa qarşı
çıxmayıblar, əksinə, çar əsgəri
olublar: "Yapalaq osmanlı, buna bax kişi, / İstəyir
yerisin tərlan yerişi!" - deyən
şairi nəinki tərifləmək olmaz, bəlkə, bu
gün həmin misraların aid olduğu ideologiyanı mənəvi
edam kürsüsünə qaldırmalıyıq. Rüsvay
etməliyik! Azərbaycanın mənəviyyat
tarixini saxtalıqlardan, yalandan, çirkabdan təmizləməliyik.
Bunsuz irəli bircə addım da atmaq olmaz.
İşə bax ki, muğamat və Füzuli səviyyəsində
mədəni keçmişi olmayan qazax türkləri bu
gün bizdən irəlidədirlər. Qırğızlar
da eləcə. Bu ulusların
böyüklüyü bundadır ki, hazırda müstəqillik
amalına layiq oğullar yetirə bilirlər. Oljas
Süleymenin, Çingiz Aytmatovun səsi yalnız
qırğızların, yalnız qazaxların deyil, ümumən,
bütün sovet türklərinin səsi kimi yüksəlir. Bizdə bu cür şəffaf və qüdrətli
səs, deyəsən, yox kimidir. Nədir
bunun səbəbi? Görünür, biz
etnik qeyrətimizi itirmişik, yaxud itirmək təhlükəsi
qarşısındayıq. Bu faciənin çoxlu səbəblərindən
biri (...) kimi ovlanmışlara, tovlanmışlara həddindən
artıq güzəştə getməyimizdir, az
qala, pərəstiş etməyimizdir. Çarlığın
qazanında bişirilmiş bu ideologiyaya təslim olmaq
ucbatındandır ki, Şərqdən gələn hər nə
varsa, pisləmişik. İslam pis, sufilik
pis, əxilik pis, vəhdəti-vücud fəlsəfəsi,
panteizm pis, hürufilik yarı pis, yarı yaxşı. Ziyalılarımızın çoxu unudublar ki, bu
pis qiymət, əslində, çarın verdiyi qiymətdir, yəni
sənin qanını soran qüvvə həm də beyninin
şirəsini sormaq uğrunda düşünüb, nəqşə
qurub. Sən tora düşdüyün halda Çukot
("çox ot"
anlayışındandır) yarımadasından Şərur
mahalınadək qanad gərən əzəmətli
hörümçəyi görməmisən.
XX əsrdə türk xalqları üçün
türkçülük ideologiyasından böyük amal
olmayıb. İşə bax ki, çarlıq mövqeyində
duranlar, onların yerli nökərləri bu böyük
amalı da ləkələməyə
çalışıblar. Məsələn,
bizim bəzi alimciklər Əli bəy Hüseynzadəni
türk casusu kimi qələmə verib, peyğəmbər səviyyəli
bir ulu kişinin üzünə tüpürməkdən
utanmayıb. Özləri casus ola-ola layiq olduqları
epiteti veriblər dahiyə! Halbuki, biz redaktoru
Əli bəy Hüseynzadə olan "Füyuzat"ın hər
nömrəsini qızıla tutub qorumalıyıq, faksimelisini
çıxarıb yenidən nəşr etməliyik. "Əkinçi"nin, "Molla Nəsrəddin"in
daha yüksək mərhələsi (aşaması) kimi dəyərləndirməliyik.
Çünki "Füyuzat" yalnız
çar istibdadına qarşı deyil, həm də eyni qətiyyətlə
Sultan Türkiyəsi istibdadına qarşı
çarpışmışdır. V.İ.Leninin
dəqiq bir müşahidəsi var ki, burjuaziya gəncliyində
mütərəqqi rola malikdir, onun feodalizmə və xarici
işğalçılara qarşı mübarizəsi tarixən
ədalətlidir, alqışa layiqdir. Bu düstur nə
üçün Azərbaycan burjuaziyasının meyillərindən
kənarda qalmayan "Füyuzat"a aid
edilməsin? Görünür, yaltaqlıq və
ikiüzlülük elə bir səviyyəyə gəlib
çatıb ki, bu ictimai yaltaqlar çarlığın mədəsində
qurd olmaqları ilə də fəxr edirlər, muğamatdan
tutmuş, qoşmaya, qəzələ, bozbaşa qədər
bütün maddi və mənəvi nemətləri
tapdayanları da görmüşük...
Yazılmağa layiq ikinci mətləb də elə, əslində,
birinci mətləbin davamıdır. Bizim hətta Mirzə
Cəlil kimi dahilərimiz belə,
türkçülüyün nə boyda böyük ideologiya
olduğunu gərəyincə dəyərləndirə bilməyiblər.
"Böyük şərə qarşı
böyük xeyiri qoymaq gərək!" düsturu
çoxlarına çatmayıb. "Parçala,
hökm sür!" siyasətini əldə tutalğaya
çevirmiş çarlıq elan edib ki, yaqut xalqı, sən
qəhrəmansan! Türkmən xalqı, sən igidsən!
Qırğız xalqı, sən bahadırsan! Hərəsinə
bir əlifba veriblər, hərəsinin fərdi cəhətlərini
şişirdib göylərə qaldırıblar. Nəsimini,
az qala, türkmənlərin əlindən
alıblar. Yaxud "Qisseyi-Yusif"
yaradıcısı Əli yalnız tatar sərvəti elan
olunur ki, Azərbaycan türkləri bu qaynağa əl atanda
tatar ilə toqquşsun və qardaş türk ulusları
arasında ixtilaf qızışsın. Əslində,
biz ümumi qaynaqlarımız, ümumi abidələrimiz ilə
daha çox fəxr etməliyik. Orxon-Yenisey
yadigarlıqları, Balasaqunlu Yusif qələmindən
çıxmış "Qutadqu-bilik", Əli
ilhamının vergisi "Qisseyi-Yusif",
"Koroğlu", "Dədə Qorqud",
"Alpamış", Yunus Əmrə, əslində, birləşdirici
sərvətdir, parçalanmış türk mədəniyyətlərini
birləşdirməyə çağıran qüvvənin
özəyidir. Mən fəxr edirəm ki, Xəzər
dənizinin bu tayında Vaqif, o tayında eyni qüvvəli, bəlkə
filosofluqda daha yüksək mərtəbəli Məhdimqulu
yetişmişdir. Mən fəxr edirəm ki, eyni dil həm
Nəvaini yetirib, həm Füzulini! Heykəli qızıldan
qoyulmağa layiq Əli bəy Hüseynzadə bu amal yolunda
sümüyünü də qurban verdi,
şöhrətini də. (...) kimi ucuz
şöhrətə çatmağa nə var ki? Halal və
böyük şöhrət yiyəsi olmaqdır kişilik
çaları!".
Məktubda
Oljas Süleymenovla Çingiz Aytmatovun timsalında
qazax-qırğız türklərini nəzərdə tutub
"Bu ulusların böyüklüyü bundadır ki,
hazırda müstəqillik amalına layiq oğullar yetirə
bilirlər" - sözləri o zamanın şərtləri
baxımından heç də adi sözlər deyildi. 1985-ci
ildə heç kəs, istisnasız olaraq heç kəs
müstəqillik amalı barədə nəinki
danışmır, ümumiyyətlə, bu barədə
düşünmürdü, düşünsə belə,
fikrindəkiləri dilə gətirmirdi...
Xəlil
bəy 1984-85-ci illərdə əksəriyyətini
Türkandan yazdığı məktubları bəzən belə
imzalayırdı: "Aylı gecələr. Türkan.
XX əsr. Dostun Xəlil Rza".
Ulutürkün mənə yazdığı iyirmi belə
məktubu var. Yazı masamın siyirtməsindədir və mən
tez-tez o məktubları vərəqləyir, onları millətini,
onun gənclərini böyük görmək istəyən əziz
mürşidimin yazdığı tarix dərsliyi kimi oxuyuram. Təsəvvür edin, 21
yaşlı əsgər Sibirdə, qarlarla örtülü
Tayqa meşəsinin dərinliyində Xəlil Rzadan belə
sözlərlə başlayan məktub alır:
"Günaydın, qardaşım, sirdaşım Azər! Bu səhər ayaqüstü oxuduğum məktubunu
axşam evə qayıdarkən yenidən oxuyuram. "Oxuyuram!" demək azdır, şərbət
kimi içirəm. Əslində, məktubunu
yenidən oxumaq və nuş etmək üçün evə
bunca tez qayıtmışam. Məktublarını
bir azca yorğun gözlərimə şəfa məlhəmi
bilirəm. Özündən xəbərin yoxdur, Azərim!!!
Sən qüdrət qaynağısan, fışqıran, fəvvarələnən
eşq bulağısan... Xəsislik etmə, sən
mənə öz hərbi xidmətini təfsilatı ilə
yaz. Yaz görüm necə
silahlanmısınız. Hərbi məşqləri
nasıl keçirsiniz. Necə dizin-dizin,
dirsək-dirsək sürünürsünüz? İrkutsk qalasının təsvirini ver,
arkadaşlarının zahiri və mənəvi portretini
çək. Bəlkə, qələmimə ilişdi...".
Bir dəfə
məktubunda Əli bəy Hüseynzadənin "Hali-Vətən"
şeirini xatırladır və şeirdən
aldığı intibaları dilə gətirirdi: "Bu
dahiyanə şeirin dünənki, bugünkü, sabahkı
ifşa obyektləri göz önündə canlanır.
Bakıda minlərlə Türkazərin qanını
tökdüyü halda, şərəfsiz heykəli yanına
hələ də gül dəstələri qoyduğumuz, saxta
tarixçilərin dili ilə öydüyümüz
Şaumyanlar, kişi yatağında qadın yox, fahişə
funksiyasını yerinə yetirmiş Mikoyan, türk
dünyasının lopabığ düşməni
İ.V.Stalin, onların əli qanlı, əli baltalı cəlladları
- Beriya, Yejov, Mir Cəfər, Jdanov, fərarilər, təslimçilər
sürüsü, imperiya dayaqları - Qəvam əs Səltənə,
Azərbaycanı daim əsarətdə saxlamaq
üçün quraşdırılmış Tehran - Moskva
bloku, blokun qanlı vintcikləri - Qulam Yahya, Çeşmi-Azər
kibi nökərlər qəzəb, ifşa obyektimə
çevrilir...".
Ona yazdığım məktubların birini Xəlil
Rzanın "Ədəbi tənqidi məqalələr"
kitabında gördüm. 1985-ci ilin oktyabrında Azərbaycan
radiosuna verdiyi müsahibəsindəydi: "Keçən il
Bakıda İncəsənət İnstitutunu bitirmiş Azər
hazırda İrkutsk şəhərində hərbi xidmətdədir.
Məktublaşırıq. Kaş bilsəniz
ki, onun məktubları mənə nə qədər zövq,
ilham və uçuş qanadları verir... Son məktubundan
bir neçə misra oxuyummu?" - deyir
və məktubumu oxuyur...
Məndə
isə Xəlil Rzanın o məktubuma yazdığı
cavabı var:
"Günaydın, mehribanım, arkadaşım - Azərim! Azərbaycan gəncliyinin
qüdrətini təsdiqləyən məktubunun doğma təndir
hərarəti hələ varlığımda soyumamış
yeni məktubunu aldım. Xəzinədir hər
məktubun mənim üçün, dirilik suyumdur. Şeirlərimin, yeni misralarımın
qanadlarıdır. Sənin büllur sətirlərin,
sənin cəsur sətirlərin. Əlbəttə,
hər şey sən dediyin kibi olmalıdır. Biz Xəzərin qasırğa dibindən mərmər
və qranit çıxaracağıq, adı yasaq edilmiş,
şöhrəti dustaq edilmiş dahilərimizə günəşlə
yanaşı duran heykəllər qoyacağıq. Ulu Cavad xan, səhər təfəkkürlü
Əli bəy Hüseynzadə kimi dahilərimizi biz yalnız məzara
tapşıra bilmərik. Biz, əlbəttə,
onların müqəddəs türbəsini bir gün qərq
edəcəyik çiçəklərə, güllərə!
Biz onların müqəddəs adlarını
çəkəndə çoxlarının rəngi dəyişir".
Bu sözlərlə başlayan məktubunu ertəsi gün
tamamlayır: "Evə saat 3 radələrində, gecə
yarı çatıb qəzetlər arasında nə
görürəm: Azərimin məktubu, yeni bir xəzinə,
gözümün işığı!".
Ertəsi gün isə məktubun davamını yazır:
"Birinci gün, 28 oktyabr 1985. Dan üzü Azərimə
cavab məktubu yazmağı hər şeydən vacib bilirəm.
Əslində, bu gün bizim ədəbi əlaqələr
şöbəsində olacaq çıxışıma
hazırlaşmalıyam. Ensiklopedik zəka
fenomeni Mirzə Kazım bəy üstünə doktorluq əsəri
üzərində çalışan bizim tənqidçi və
ədəbiyyatşünas arkadaşımız Vilayət
Quliyevin iki məqaləsinə rəy verməliyəm.
Sağlıqla qal, izn ver, bu işlə məşğul olum,
mənim Azərim! Sənə eşq ilə dolu
Xəlil Rza".
Xəlil
Rzanın məktublarında həm də onun elmi
düşüncəsinin miqyasını və
hüdudlarını ehtiva edən çox ciddi və gərəkli
məqamlar var. Bu barədə 2012-ci ilin 30 sentyabrında
Akademik Milli Dram Teatrında keçirilən Xəlil Rza
Ulutürkün 80 illiyinə həsr olunmuş yubiley gecəsindəki
məruzəmdə ətraflı bəhs etmişdim. Ulutürk ədəbiyyat tariximizin ilkin qaynaqları
və örnəklərinin bir küll halında tədqiqata cəlb
edilməsini israr edirdi. Xəlil bəyin
düşündüyü konsepsiyada milli ədəbiyyatımızın
mənəvi palitrasındakı çalarlar Azərbaycan
coğrafiyasının hüdudlarını aşır, xəyali
bir vüsətlə bütün türk dünyasına
yayılırdı. 1985-ci ildə mənə
yazdığı məktubların birində
çalışdığı Nizami adına
Ədəbiyyat İnstitutunun buraxacağı altıcildlik
"Ədəbiyyat tarixi"nin layihəsi barədə fikir
bölüşürdü. Xəlil bəyə
görə, ədəbiyyat tariximizin I cildi ortaq türk ədəbi
qaynaqlarına nəzərən yaradılmalıydı.
1985-ci ildə Ədəbiyyat İnstitutu tərəfindən
təklif olunan layihəni isə ən sərt sözlərlə
yarğılayırdı və haqlıydı: "Bu plan Azərbaycana
xəyanətdir! Birinci cild bütün Azərbaycan
uyğarlığının (mədəniyyətinin)
özülü olmalıdır. Birinci cildi
başdan-başa "Dədə Qorqudun kitabı"na və
bu əvəzsiz abidəni yetirən qaynaqlara, Alp Ər Tonqaya,
Orxon-Yenisey yadigarlıqlarına, dahi Balasaqunlu Yusif qələmindən
çıxmış "Qutadqu-bilik" xəzinəsinə
verməliyik. Türkdilli ədəbiyyatın
böyük yaradıcısı Əlinin yaratdığı
"Qisseyi-Yusif" burada Nizami "Xəmsə"si ilə
yanaşı yer tutmalıdır. Ən nəhayət,
birinci cildi misilsiz folklor sərvətlərimizə, bu sərvətlərin
şərhinə həsr etməliyik. Halbuki bu cildin nəqşəsini
tutanlar ərəbdilli, farsdilli şairləri ön plana
çəkmiş, pəhləvanı cırtdanın
ayağına bağlamışlar...".
İndi bu məktubları bir roman kimi oxuyuram. Xəlil
Rzanın 1984-85-ci illərin gəncliyinə
türkçülük düşüncəsini təlqin etməsi
sıradan bir hadisə hesab olunmamalıdır. Hələ üstəlik, bu məktubları tək
biz - azərbaycanlılar deyil, məsələn, qazax Malik
Kaliyev kimi digər əsgər dostlarım da gözləyir və
oxuyurdular. Malik Kaliyev Alma-Atada memarlıq
fakültəsini bitirmişdi. Rəssamlığı
da bacarırdı. Oljas Süleymenovun
heyranı idi. Alaş Orda barədə bilmədiyi
heç nə yox idi. Tez-tez mənə Saken Seyfulin, Bekmet
Maulin, İlyas Cansuqurov, Turar Rıskulov, Kudayberkin Jubanov,
Mustafa Çoxayev... barədə danışırdı... Mən də Malikin danışdıqlarını
gecələr Xəlil Rzaya yazırdım. O da cavab məktublarında
Maliki unutmurdu: "Məni ən çox şadlandıran,
qanadlandıran budur ki, Azərim, yaraq dostların məslək
dostlarına çevrilir. Böyük gələcəyi
olan əzəmətli bir əqidə sizin dostluğunuzu
sementləyir, bərkidir. Qazax türklərinin
cəsur oğlu Malik Kaliyev, Qazaxıstanın böyük
oğlu Mustafa Xoca həzrətlərinin işini davam etdirir.
Ruh memarıdır. Məramı
təşnə bir səhrada dirilik suyu fəvvarəsidir.
Malik, şübhəsiz, dünyaya vur-tut bircə
yol gəldiyini aydınca dərk edir və buna görə
başqa cür yaşamağın haram olduğunu gözəlcə
bilir. Vətənsiz yaşamaq -
yaşamamaqdır. Esbergen oğlu Malik
Kaliyev, görünür, kamil və qüdrətli bir
oğuldur. Bu cür oğulllar
torpağın duzudur. Dostluğunuz əbədi
olsun, amin!" Öz növbəsində,
Xəlil Rzanın məktubları Malikin düşüncələrinə
də sirayət edirdi. İrkutskda Rus-Yapon
müharibəsi zamanı kərpic daşlardan tikilmiş
üçmərtəbəli Qırmızı Kazarmada
qalırdıq. Bir gün komandirlər
Malikə kazarmadakı qırmızı guşənin
divarlarını bəzəməyi, bura rəsmlər çəkməyi
tapşırdılar. Bir ay gecə-gündüz
çalışdı. Qəribə şeylər
çəkmişdi: Zirehli texnika, təyyarələr, raketlər
"düşmənin" üstünə
şığıyır. "Düşmən"
isə at belində, əlində sıyrılmış
qılınc müqavimət göstərir.
"Düşmən"in arxasında sıralanmış
dağlar uzanır, uzanır... Malikin çəkdiyi
bu rəsmlər barədə də Xəlil bəyə məktub
yazdım. Cavabı belə oldu: "Nə qədər
ki, türk ulusları yaşayır və boy atır, yüksəlir,
keyfiyyət və kəmiyyətcə artır,
türkçülük ideologiyasını məhv etmək
mümkün olmayacaqdır. Əksinə, bu
ideologiyanın daha da qüvvətlənməsi, gerçək
bir qüdrətə çevrilməsi təbiidir. Məncə, işə buradan başlamalıyıq
ki, türk dillərini yabançı, tüfeyli sözlərdən
təmizləyək. Qazax dili türk dilləri
içərisində ən saf, güclü, zəngin bir
dildir, misilsiz xəzinədir. Biz
tatarcanı, türkməncəni, qazaxcanı, özbəkcəni
yabançı kəlmələrdən təmizləyə
bilsək, bu dillər getdikcə bir-birinə yaxınlaşar.
Bizim ümumi ünsiyyət vasitəmiz isə
Türkiyə türkcəsi olmalıdır. Əlbəttə, türkçülüyü
yalnız ideologiyaya deyil, həm də maddi qüvvəyə
çevirməyin yollarını tapmaq sənin və sənin
yaşıdlarının boynuna düşür. Daha
vacib işləri də siz özünüz kəşf etməlisiniz:
siyasi hakimiyyəti ələ almaq, ehkamçılardan təmizləmək
bu vəzifələr sırasındadır... Sənin
qarşında çox çətin vəzifələr
dayanır, Azər bəy".
1985-ci ildə Xəlil Rza gənc bir azərbaycanlıya
- o halda isə bir sovet əsgərinə siyasi hakimiyyəti ələ
almaq, onu ehkamçılardan təmizləmək
çağırışı edirdi. Bunları yazır, sonra da əsas mətləbə
keçirdi: "Belə bir rəvayəti yada salıram. Qədim Turan orduları yurdun bağımsızlığı
(istiqlalı) uğrunda döyüşlərə atılarkən
elatda dəliqanlılardan çoxunun cəbhəyə
könüllü getdiyini görən bir gənc
döyüş məntəqəsinə gəlir. Ağsaçlı sərkərdəyə üz
tutur, döyüşçülüyünə izn verilməsini
diləyir. Gənci sorğu-suala tutan, bu
sorğularsız da onun kim olduğunu
yaxşı bilən sərkərdə:
- Yox! - deyir - Oğul, sən yeddi bacının bircə
qardaşısan, səni əsgər götürə bilmərik!
Bu
açıqlama dəliqanlını təmin etmir:
- Yox, ulu
Sərkərdə! Mən döyüşçülükdən
geri dönə bilmərəm. Tanrı məni yaradıb ki,
yeddi bacımın namusu keşiyində dayanım!
Bəli,
arkadaşım Azər! Yaraq dostlarına bildir
ki, Vətənin namusunu qorumaq üçün
döyüşçülüyü bacarmalıyıq.
Əlimiz də silahlanmalıdır, beynimiz də...".
...Mən
əsgərliyə, təbii ki, hamı kimi, hərbi xidmətimi
yerinə yetirmək üçün getmişdim. Tayqa meşəsinin,
İrkutsk şəhərinin, Yenisey çayının məndə
çox əziz xatirələri qaldı, qayın
ağacları, Sayana - Hamar Daban dağları, Bəy göl -
Baykal, Ər Qurt - İrkutsk... Və ən unudulmaz və əziz
- Xəlil Rzanın məktubları...
Altı il sonra sovet dövləti süqut elədi.
Xəlil Rzanın Ulutürk dövrü başladı.
Sonra onu
"milli və irqi bərabərliyi pozduğuna görə"
həbs edib Moskvada Lefortovo zindanına saldılar...
"Lahıc da, ləzgi də, tat da, talış da, /
Kürd, udin, rutul da var-dövlətimdir, / Azərbaycanımın
qucaqladığı, / Bağrına basdığı can sərvətimdir..."
- deyən şairi...
Sonra Xəlil azad edildi.
Sonra Azərbaycan müstəqil oldu.
... İş otağımda bir şəkil var. Xəlil
Rza Ulutürk və Bəxtiyar Vahabzadə. Hüzn içindədirlər. Şəkil
Təbrizin dəfnində çəkilib.
27
yaşında, Məmməd Arazın təbirincə
"bütöv bir xalqın ömür məramnaməsi"ni
- "Azadlıq" şeirini yazan Xəlil Rzaya Xalq şairi
adı 27 yaşlı oğlu Təbriz şəhid olandan sonra
verildi...
"İstiqlal"
ordeninə isə 63 yaşında, yəni olümündən
iki il sonra layiq görüldü.
Xəlil bəylə bağlı xatirələrim
qalaq-qalaqdır. Amma onunla bağlı ən gözəl
anılarım bu yazıda xatırlatdığım məktublardı.
Ona görə yox ki, mən bu məktubları
qarda-çovğunda - Sibirdə almışam. Ona görə ki, o zamana qədər, yəni 1937-ci
ildən 1985-ci ilə qədər Azərbaycan ədəbi-ictimai
fikrində türkçülük düşüncəsini
açıq mətnlə meydana qoyan belə yazılar yoxdur.
Mən bir kitablıq bu məktublara həm də
ədəbiyyat tariximizin faktı kimi yanaşıram.
***
Televiziyada Xarıbülbül festivalına
baxırdım.
Şuşanın
o əfsunlu təbiətinin ekranda görünən hissələrindən
birində 1992-ci ildə Xəlil Rzanın ciyərparəsi Təbriz
şəhid olmuşdu...
26 may 2021
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2021.- 28 may.- S.6-7.