“Söz fidanları” - fikir və
könül təcrübəsi
Türk
dünyasının tanınmış tarixçi alimi, milli
kimlik şüurunun formalaşmasında mühüm xidmətləri
olan İlbər Ortaylının belə bir fikri var:
"Uşaqlarınıza yaxşı təhsil verməzdən
əvvəl onları yaxşı insan kimi yetişdirin". Amma qazanılmış uğurlu təhsilin də
insan həyatında rolu müstəsnadır və sabahın
mütərəqqi gənci kimi yetişmək bu amilin səviyyə
və gücündən çox asılıdır. Bəs ədəbiyyat? Uşaqların
sənətə, sözə olan sevgisi gələcək talelərində
hansı əhəmiyyət kəsb edir? Məncə, ən
azı xilas ola bilir, mənəvi
qaçış üçün əziz bir ünvan,
sığınacağa çevrilir, onlara xəyal
qurmağı öyrədir. Xəyal qurursansa
arzun, istəyin var demək və bütün əzm və
bacarığın bu arzunu reallaşdırmağa yönəlir.
Bu
yaxınlarda, "Kaspi" nəşrləri seriyasından
"Söz fidanları" adlı kitabla tanış
oldum. Kitabda "Kaspi" Liseyinin Ağ Şəhər
və Bakıxanov filialları şagirdlərinin və klub rəhbərlərinin
şeir, hekayə və esseləri təqdim olunub. Mən uşaqların yaradıcı fəaliyyətinin
önə çəkilməsinə diqqət ayıran
işləri xüsusi dəyərləndirirəm.
Çünki sabahkı nəsil bizim əsərimizdir, sonuc - ona verəcəyimiz
əməyə müqabil olacaq. Ötən
aylarda Mədəniyyət Nazirliyinin vətənpərvərlik
müsabiqəsinə məktəbli uşaqlar da cəlb
olunmuşdu. Ekspert üzvü olaraq bu mətnlərlə
tanışlıqdan qurur duymaya bilmədim. Qələbə
qazanan bir məmləkətin uşaqları idi onlar və
Qarabağ, vətən sevgisi ilə bağlı o qədər
müqəddəs hisslərə köklənmişdilər
ki, Məhmət Akif Ərsoyun "İstiqlal
marşı"nı xatırlamalı
olmuşdum. Məhmət Akifin marşı belə
bir müsabiqənin nəticəsində hasilə gəlmişdi
və artıq neçə onillik Türkiyənin milli kimlik və
heysiyyət qüdrətini şərəflə
daşımaqdadır.
"Söz fidanları" uşaqlara meydan verən,
onların duyğularını, narahatlığını, gələcəklə
bağlı xəyallarını bir kitaba cəm edib
bugünkü nəslin sağlam dünyagörüş əsasında
tərbiyənməsini sərgiləyən topludur. Kitabın ön
sözünün müəllifi, uşaqlara yolun
başlanğıcında özünəinam
aşılamağı borc bilən yazıçı və
şairə xanım Sona Vəliyevanın sözləri ilə
desək: "Bu kitabdakı mətnlər, hər şeydən
əvvəl, özünüifadədir". Sona Vəliyevanın
maarifpərvər ziyalı olaraq xidməti böyükdür,
"Kaspi nəşrləri" seriyasından - Hüseyn
Cavid, İmadəddin Nəsimi ilə bağlı topluları,
"XX əsr Azərbaycanın görkəmli dövlət
qurucuları"na və başqa bu kimi tarixi şəxsiyyətlərin
roluna önəm verən kitabları hazırlayıb ərsəyə
gətirməsi bu missiyanın hansı miqyasda hədəflər
aramasını soraq verir. Mən ön söz müəllifinin
fikirlərinə istinad edərək "Söz
fidanları" toplusunu da bu missiyanın tərkib hissəsi
kimi alıram: "Bizə millət olaraq düşünə
bilən, düşünmək istəyən və ən əsası,
öz fikirləri ilə millətini zirvələrə
qaldıran şəxsiyyətlər lazımdır ki,
onların yaradıcı yolu məhz bu cür kiçikhəcmli
düşüncə yazılarından başlayır".
Kitabdakı mətnlər hələ ədəbiyyat
yolunun ilkinliyi, saflıq mərhələsidir. Bu yol bütün
yaradıcı insanların tərcümeyi-halında vardır
və zənnimcə, necə ki, bir çox obrazlar bədii
söz sənətimizin ilkin qatlarından, şifahi xalq ədəbiyyatımızdan
ayrılıb gəlir, bu kitabdakı yazılar da beləcə,
öz ilkinlik statusu - təzə-tər yaşamı, əl dəyilməmiş
bakirəliyi ilə - oxucuya həm də özü boyda təmiz
yaşam stixiyası təlqin eləyir: ata-ana, dostluq, müəllim,
vətən sevgisi, təbiət, yurd aşinalığına
həsr olunan şeir, esse və hekayələr. Bəlkə də söz, ədəbiyyat onlara gur
ciyərdolusu nəfəs almaq üçün mənəvi vətən
kimi lazımdır. Təsadüfi deyil, mətnlərdə
çox nəzərə çapran ifadələrdən biri
heyranlıqdır. Öz evlərinin pəncərələrindən
görüb tanış olduqları
dünyaya heyranlıq: "Mən həmişə yorulduqda pəncərədən
sirli dünyaya baxıram. Pəncərəmdən
görünən sirli dünyaya" (Mehparə Yusifli), yaxud
"Hal-hazırda mən evimizin pəncərəsindən -
sevimli məkanımdan çölə baxıram və
işıqlar məni özünə cəlb edir" (Səlim
Səlimli).
Onlar meqapolis uşaqlarıdır. Gördükləri daha
çox şəhər mənzərələridir:
hündür binalar, marketlər, benzin stansiyaları, "insan
əlinin gücü ilə, zəhməti ilə möhtəşəm
bir məkana çevrilən Bakı, keçmişi və bu
günü özündə birləşdirən möhtəşəm
bir şəhər" (Rəvan Seyfullayev) və s. Bir də
işıq dirəkləri... Hansı ki,
uşaqlar üçün ümidin, inamın rəmzi, səma,
üfüq, perspektiv kimi simvolik çalar kəsb edərək
"işıq dirəkləri" modelində predmetləşdirilir.
Səlim Səlimlinin nikbin bir məntiqlə
yazılmış "İşıq" yazısı bu mənada
düşündürür: "Bütün bu işıqlar
şəhəri başdan-ayağa aydınlatmasa da, ən
azından, onun müəyyən yerlərində insanların
nələrisə görməsinə kömək edir. Eynilə qəlbimizdəki ümid
işığı kimi. Bu işıq
böyük və qaranlıq zindanları nura qərq etməsə
belə, qəlbləri aydınladır. Nələrinsə
düzələcəyinə hələ ümidin olduğunu
deyir".
Portuqal şairi Fernando Pessoa məqalələrinin birində
yazırdı ki, "Ədəbiyyat mənim
üçün heyrətə layiq bir möcüzədir - elə
bil ki, bax, indicə göydən yerə düşmüsən
və özünə gələr-gəlməz gözlərini
açıb... yerin, torpağın cazibəsindən məst
olursan". Bütün yaradıcı insanların təbiətlə
görüşü belə başlayır. İçinin saflıq pəncərəsindən
dünyaya boylanır, ona elə gəlir ki, hər nə varsa
burda, həmin saflığın - təbiət və torpaq,
insan və zaman əxlaqının içindədi. Sonra
başa düşür ki, əslində belə deyilmiş,
bu dünyanın həm də boz rəngləri, boz
insanları, boz duyğuları varmış. Onda
fərdi özünüdərk başlayır, insan
içinin dərinliyinə enir, daha çox özünün
mənəvi durumunu sərgiləməyə can atır.
Dünya ilə dialoq sükutun monoloquna
çevrilir. Məsələ bundadır
ki, bu dünyadərk məqamı məktəblilərin mətnlərində
artıq boy verir. VI sinif şagirdi Aişə
Nağıyevanın "Uşaq" minimalist hekayəsi bu
baxımdan ibrətamizdir. Hekayədə
qızcığazın kiçik mətn daxilinə
böyük ağrını yerləşdirə bilmək məharəti
çox gözəldir: "Qəlbini qırdılar dəfələrlə,
incitdilər onu. Ayağındakı yaralar sağaldı, amma
qəlbindəkilər qaldı... Və o... O
böyüdü. Çox sevdiyi oyuncaq
kolleksiyasını zibilliyə atdı, gözəl
saçlarını kəsdi. İçindəki,
qəlbindəki uşağı öldürdü. Artıq əvvəlki uşaq deyil o,
böyükdür. Qəlbi ağrıyla dolan
böyük...".
Təsəvvür
edirsiz, bu uşaqların artıq öz dünyaları var və
onlar öz qurduqları dünyada xoşbəxt olmağı
bir də bunda görürlər ki, "mən kiməm" sualına
cavab axtarırlar, "yaşayır və
yaşadıqlarını yazırlar" (Mehparə Yusifli).
Kitabdakı əksər müəlliflərin - Aysu Bayramova,
Mehparə Yusifli, Nuranə İslamova, Solmaz Əsgərlinin mətnləri
bu adla yer alır: "Mən kiməm?" Bütün
yazılar bəlkə də həmin suala verilən cavabın
təzahürləridir. Onların sabahlı
düşüncələri içərisində özləri
ilə bağlı o arzular yer alır ki, orada xalqın, vətənin,
millətin rifahına aparan yolun izi görünür, həkim,
polis, müəllim olmalarının mahiyyətində dayanan
istək vətənə yararlı olmaq amalından
doğur. İnci
Əliyevanın "Aytənin arzusu", Selcan Həmidovanın
"Uğura gedən yol" hekayələrində, Ülvi
Bağırovun "İnsanam mən" şeirində əsas
motiv - yararlı və əzmli
insan kimi yetişmək arzusu vətən üçün fədakarlıq
niyyəti şəklində ümumiləşir.
Xoşbəxtliyə
isə tamam ayrı cavabları var bu uşaqların:
"Xoşbəxtlik hər bir xeyirli işdən sonra gələn
fərəh və sevinc hissidir. Nəfsin təmizliyimi, qəlbin
tam rahat olmasımı, ya vicdanın
azadlığımıdır xoşbəxtlik?! Bu hissi Allah insana bəxş edir. Razılıq və qənaət dolu dərin bir
duyğudur xoşbəxtlik; bazarlarda satılan,
varlıların ala biləcəyi və kasıbların əldə
edə bilməyəcəyi bir şey deyil. Xoşbəxtlik, eyni zamanda, başqalarının qəlbini
rahat etmək, onlara yardım edib sevindirmək və
simalarında təbəssüm rəsmini çəkməkdir"
(Aysu Bayramova).
Onlar kədərin də, ağrının da
üzünü çoxdan tanıyıblar. Ona görə
pəncərə qarşısında dayanaraq xəyallar
qurmaq, düşündüklərini qələmə almaq
onlara bozluqdan qaçış üçün seçim etmək
imkanı verir. Bu, onlara həm də səma, göylərlə
irtibat qurmalarına da yardımçı olur:
"Başımı yuxarı qaldıranda isə mavi səmanı
görürəm, Yeniyetmə bir qız uşağı kimi
gah ağlayıb, gah gülən səmanı. Qarşı
tərəfə nadir hallarda baxıram. Çünki bəyəniləsi
heç nə yoxdur: binalar, tüstülər və kədərli
insanlar. Bulağa, təmiz havaya və kiçik
xoşbəxtliyə ehtiyacı var insanların" (Solmaz
Əsgərli).
"Söz fidanları" kitabındakı diqqətimi
çəkən digər bir məqama toxunmaq istəyirəm. Əsrin
dinamikasına uyğunlaşmaq istəyi, fantastikaya meyil,
planetar zirvə canatımı, coğrafi genişlik niyyəti.
Bu baxımdan, Nərgiz Valehlinin "Kosmosa getmək
istəyən qız" hekayəsi, Şövkət
İsmayılzadənin "Eyfelin zirvəsində"
şeirindəki ideya və obrazlar aləmi onların gələcək
yolunu müəyyənləşdirməyə imkan yaradır.
"Qopuz harayı" (Aysu Bayramova), "Dədəm
Qorqud" (Nuranə İslamova), "Çal
tarını" (Ülvi Bağırov) şeirləri isə
əksinə, epos siqləti, dərinlik ölçüləri
ilə diqqət çəkir. Köklə zirvə,
mənşə ilə bu gün, tarixlə
çağdaşlıq arasında əlaqələrin dərki,
keçmişin qəhrəmanlıq və müdriklik yolunun
çağımıza ötürülməsi
çabası bu gün ultramüasirlik dəbinin, postmodern təmayülün
təsiri altında qalaraq milli-mənəvi dəyərlərindən
uzaqlaşan bir qism gənclərə qarşı
lazımlı dirəniş üsulu, örnəyidir.
Bu kitabda məni ən çox duyğulandıran amil
uşaqların vətən sevgisi, Qarabağ məsələsinə
baxışı, müharibə ilə bağlı
düşüncələri oldu. Kitabdakı mətnlər arasında
valideyn (Jasmin Kərimli, Murad Kərəmov, Nərmin Cəfərzadə,
Nigar Əliyeva, Pərvin Əhədzadə, Aysu Bayramova),
müəllim (Nəsrin Həsənli), dostluq (Fatimə
Eyyubova, Selcan Umudova, Aişə Nağıyeva), həyat
sevgisi (Arzu Rzayeva) mövzuları yer alsa da, böyük əksəriyyəti
Qarabağa, onu azad görmək arzusuna həsr olunub. Fidan
Hacıyeva, Murad Kərəmov, Nigar Əmiraslanova, Aylin Məmmədova,
Aysu Bayramova, Şəhla Əliyevanın şeirlərində
azad Azərbaycanı görmək istəyi, Mehparə
Yusiflinin "Unudulmayan gecə" hekayəsindəki qisas
yanğısı, Solmaz Əsgərlinin "Şəhid
anası", "Unudulmaz gün" hekayələrində
avtobioqrafik cizgilərin yer aldığı məqamlar gəncliyin
müharibəyə baxışını bütün
altşüur təsvirləri ilə müxtəlif
görüm bucaqlarından izləməyə imkan yaradır.
Vətən bu uşaqların ən böyük sevgilərinin
adıdır.
Biz Qarabağsız bir nəslin yetişməsindən
narahat idik. Amma budur, həmin o nəsil
Qarabağı azad etdi, üstəlik, ürəyi,
varlığı yurd sevgisi ilə dopdolu yeni bir gənclik
formalaşmaqdadır. Bu kitab 2019-cu ildə
çap olunub. O zaman hələ nə II Qarabağ
savaşının rüzgarları əsirdi, nə də ədəbiyyatımız
vətənpərvərlik mövzusuna münasibətdə
optimist baxış sərgiləyirdi. Ümumən,
ədəbiyyatımızda 30 ilə yaxın bir dövrdə
Qarabağ məsələsi ilə bağlı hökm
sürən minor çalar davam edirdi. Belə bir məqamda
sən demə, "Kaspi"
liseyinin Ağ Şəhər filialının VI sinif
şagirdi Arzu Qədimova "Günayın xəyalı" adlanan
hekayəsində inanır və inandırırdı ki, onun
anasına bağışladığı ən gözəl
hədiyyə Şuşadan dərdiyi bir dəstə
xarıbülbül olacaq:
"- Qızım, yəqin, xarıbülbülün Azərbaycanda
ən çox harada bitməsi haqqında da məlumata rast gəldin.
- Hə,
ata, kitabda ən çox Qarabağda, Şuşada bitməsindən
yazmışdılar.
- İndi həmin ərazilər erməni tapdağı
altındadır. Tezliklə torpaqlarımız
işğaldan azad olacaq və mən səni oraya aparacam.
- İnşallah, ata, mən o günü səbirsizliklə
gözləyirəm.
Günay otağına getdi, ancaq başında xəyallar
dolanırdı. Gözlərini yuman Günayın
üzündə bir təbəssüm vardı. Artıq o, xarıbülbül dərib anasına bir
dəstə düzəltmişdi".
Bəli, bu uşaqlar uzaqgörən notlarla Suşadan Xarıbülbül dərib dəstə düzəldəcəyinə inanırdılar, düşmənə qan uddurub şəhid olmuş doğmalarının qisasını alırdılar, bir ölüb min dirilən Mübarizlərin hərb meydanından qalib çıxacaqlarından ümidlərini kəsmirdilər. Qəribədir ki, "Söz fidanları" kitabında, bu kiçikyaşlı vətənpərvərlərin od nəfəsində mən II Qarabağ savaşının ruhunu, coşqusunu, mənəvi qüdrətini gördüm. Hətta onların arasında (Nurçin Əsədzadənin "Nurayın ən böyük arzusu" hekayəsində) II Qarabağ savaşının yeganə şəhid xanımı olan Arəstə Baxışovanın obrazı belə var idi.
Bu kitab gənclərin - söz fidanlarımızın yaşantılarının miqyasıdır və gələcək xülyaları, təhtəlşüurlarından yazıya tökülmüş istək və arzuları ilə ömür və könül təcrübəsinin təzahürüdür.
Elnarə
AKİMOVA
Ədəbiyyat qəzeti.- 2021.- 28 may.- S.8-9.