Ələsgərəm, hər elmdən
halıyam
Aşıq Ələsgər təkcə ifaçı
aşıq deyil, həm də yaradıcı
aşıq-şairdir. O, özünəqədərki Azərbaycan şeirinin,
xüsusən, XVI əsrdən sonrakı aşıq sənətinin
təbii inersiyası zəminində formalaşıb. Füzuli düşüncə tərzi XIII-XVI əsrlərdə
anadilli şeirimizin bədii-fəlsəfi təkamülü
kontekstində yaranmışdı. Füzuli
şeiri Orta əsrlərdə mövcud olan bütün ədəbi
cərəyanların - "izm"lərin nəzəri-fəlsəfi
mahiyyətindən yüksəkdə dururdu. O, həqiqətən
"qoca sehrkar, cadugər" (Cəfər Cabbarlı) idi. Ondan sonra gələn Azərbaycan şeiri onun
tilmisini qıra, sehr və cazibəsindən çıxa bilmədi.
Füzuliyə yazılmış nəzirələr,
füzuliyanə şeirlər epiqon poeziya cərəyanını
yaratdı.
Molla Pənah
Vaqif təkcə bacarıqlı, ədalətli vəzir, - həyatda
güclü diplomat deyil, həm də sənətdə mahir
diplomat idi. O, ilk dəfə Füzulidə olmayanı -
Füzulinin bəyənmədiyini və yaxud unutduğunu ədəbiyyata,
poeziyaya gətirdi. Füzulinin "Heyrət, ey
büt, surətin gördükdə lal eylər məni",
- deyə heyrət etdiyi, "Zülfü kimi əyağın
qoymaz öpəm nigarım", - deyə həsrətlə vəsf
etdiklərini əlçatmazlıqdan - endirdi. Onlara büt kimi yox, canlı insan kimi nəzər
saldı. Əlçatmaz gözəllərə
"əl atdı", onların ilıq nəfəsini duydu,
gözəli öz yanında gördü. Hətta cəsarətlə
onu soyundurdu:
Əl
atıban baş-bəzəyin pozasan
Cəngələyib
ağ məməsin əzəsən.
Öpəsən,
qucasan, düşəsən xəstə
Məst olub yanında yatasan dürüst.
Bununla da Vaqif təbii realizmin - natural realizmin əsasını
qoyur. Onun
poeziyasına gözəl "sürahi boylu",
"büllur bədənli", "ağ əlləri əlvan
hənalı", "mina gərdənli", Allahın bəxş
etdiyi təbii gözəlliyi ilə daxil olur: "Ənliyi,
kirşanı, neylər camalın, // Sən elə gözəlsən
binadan Pəri...". Vaqif belə gözəli, təbii
gözəlliyi yaşamağa gücü çatmayan cəmiyyəti
tənqid edir:
Belə
gözəl yerin, gözəl məkanın
Bir gözəl obası, hayıf ki, yoxdur.
"Kür
qırağının əcəb seyrəngahı var",
"Bayram oldu" kimi qoşmalarında, "Görmədim"
müxəmməsində, "Bax" rədifli qəzəlində
realizmə məxsus tənqid pafosu əsas yer tutur. Fəqət, Vaqif həm də Şərq-Azərbaycan
ədəbiyyatını "fəth etmiş" qəzəli
doğma heca şeirinin ən sadə və aydın janrı -
qoşma ilə əvəz etməyə nail oldu. Ədəbiyyat xalq dilində, türkün təmiz
ana dilində real və yüksək fikirlər söyləməyə
başladı.
Aşıq Ələsgər buradan - Vaqif realizmindən,
qoşma, gəraylı, təcnis, müxəmməs
şeirindən başlanır. O bir əsr sonra XIX əsrdə Vaqif
realizminə yiyə durdu, doğma Göyçə mahalında,
Ağkilsə obasında ana dilli realist şeirlərimizə
dağ havası, bulaq suyunun təravətini, "Qüdrətdən
səngərli, qalalı dağlar"ın əzəmətini
gətirdi:
Bahar fəsli,
yaz ayları gələndə
Süsənli, sünbüllü, lalalı dağlar.
Yoxsulu, ərbabı,
şahı, gədanı
Tutmaz bir-birindən alalı dağlar.
Ağ xələt
bürünər, zərnişan geyməz,
Heç
kəsi dindirib keyfinə dəyməz,
Sərdara
söz deməz, şaha baş əyməz
Qüdrətdən səngərli, qalalı dağlar.
Bu gözəl, axıcı qoşmada dağ
vüqarlı aşığın əzəmətli vətən
sevgisi real boyalarla əks olunub.
Ələsgərin
qoşma, gəraylı, təcnis və müxəmməslərindəki
ahəngi, demək olar ki, Vaqif şeirlərinin eynidir, hətta
bənzətmələri, təşbih və istiarələri,
metaforaları onun şeirlərində olduğu kimi oynaq və
şuxdur, ahəngi eyni ritmlə nəfəs alır:
Sallana-sallana
gələn Salatın,
O sərxoş
yerişin yola yaraşır.
Salıbsan
gərdənə qızıl həmayıl,
Qoşa bazubəndlər qola yaraşır.
Könül
mail olub siyah yerişə,
Nazik
barmağına, şümşad əlinə,
Əcəb
qurşanıbdı incə belinə,
Gümüş kəmər qəddi-qala yaraşır.
Eynilə,
"Pəri" qoşmasında olduğu kimi:
Tökülübdü
yüz
yanına tel nazik,
Ağız
nazik, dodaq nazik, dil nazik...
Ələsgər
çox incə təşbih və gizli metaforalar
ustasıdır: sallana-sallana getmək gözəlliyinə
arxayın gözəllərin adətidir, "sərxoş
yeriş" ifadəsinin altında gözəlin xarakterini
ifadə edən bütöv bir aləm yerləşir:
şuxluq, həyatsevərlik, kəndisindən - orbitindən
çıxmış, çılğın və
şıltaq sevgi və s.
Fəqət,
Ələsgərin ərkanında bulunduğu təkcə
Vaqifin təbii, duyğusal şeiriyyəti deyil... O, həm də
Vaqifdən daha əvvəl Orta əsrlərə - dahi
Füzulinin elmli şeir ənənəsinə - irfan
poeziyasına bağlıdır.
Ələsgər,
elmində olma nabələd
Doğru söylə, sözün çıxmasın qələt.
"Hər elmdən hali" olan şairin bir çox
şeirləri idrak nuru ilə süslənib.
Mən
istərəm alim, məmur yüz ola,
Meyli haqqa
doğru, yolu düz ola,
Diliynən
zəbanı üzbəüz ola,
Ələsgər
yolunda can qurban eylər.
Azərbaycanın həm əruz, həm də heca
şeirində Qəm həmişə insan ruhuna doğma obraz
olub. Hicran dərdi və vüsal dəmi həsrətə
qarışıb, Eşq aləmini yaradıb. Amma
heç kim poeziyada "hicran"la, dərdlə
"kefi" - sevgini Ələsgər kimi birləşdirə,
doğmalaşdıra bilməyib:
Ala
gözlüm, səndən ayrı düşəli
Hicranın qəmiynən kef eyləmişəm.
Ah-vaynan
günüm keçib dünyada,
Qəm satıb, dərd alıb, nəf eyləmişəm.
Həqiqətən, Füzulinin "Dərd şairliyin
sərmayəsidir" müdrik kəlamı yada düşür. Bu şeiri oxuyanda bip də
Şeyx Nizaminin İntibah qüdrətli qəhrəmanı, həqiqi
aşiq Fərhadın Xosrov şaha dediyi sözləri
xatırladım;
- Dedi: - O
dünyada hansı sənət var?
- Dedi: - Qəmi
alıb, canı satırlar.
Azərbaycan-türk dilində "dərdin alım"
sevmək deməkdir.
Ələsgərin şeirlərində qədim türk
ellərinin qopuz musiqisinin sədası duyulur. Onun bir
çox qoşmaları elə lirik, ritmikdir ki, sanki bəstələnməmiş
nəğmələrdir. Çünki
onlar aşıq musiqisi əsasında yaranıb. Səhnəbanuya
yazdığı bir qoşma buna əyani misaldır:
Nazik
barmaqlıdı, şümşad əllidi,
Ayna
qabaqlıdı, siyah tellidi,
Şəkər
söhbətlidi, şirin dillidi,
Tuti kimi xoş zəbanım gedibdi.
Müddətdi
gözümdən olubdu iraq,
Əridib cismimi dərdü-qəm, fəraq.
Büllur
buxaq, lalə yanaq, Ay qabaq,
Ala gözlü Səhnəbanum gedibdi.
"Güləndam", "Güllü"
qoşmalarını - əslində, nəğmələrini
də beləcə misal gətirmək olar.
Səni
gördüm, əl götürdüm dünyadan
Ala gözlü, qələm qaşlı Güləndam.
Alma
yanağına, bal dodağına
Baxan kimi
ağlım çaşdı, Güləndam!
Və
yaxud:
Tovuz kimi
qalxdın çeşmə başından,
Bütün
gözəllərin gözəli Güllü!
Almadı
yanağın, büllur buxağın,
Dodaqların
meyli-məzəli, Güllü!
Ələsgər
belə gözəllərin aurasında 105 il ömür
sürüb, onun 80-90 ilini Eşq adlanan o sehrkar, füsunkar aləmdə
kişi kimi yaşayıb, sinəsində saz-söz qoşub,
söz söyləyib. Ələsgərin lirik qəhrəmanı
- lirik "mən"ini təmsil edən obraz Saz havasından
doğulub, Sözə sahib durub. O da Məcnun, Fərhad
kimi fədakar bir aşiqdir. Fəda olmaq sevməkdən
güclüdür.
İstər
dara çəkdir, istər qul eylə,
Qoymuşam əmrinə qol, incimərəm.
Həsrətindən
Məcnun oldum səhraya
Alırsan canımı al, incimərəm.
Ələsgərəm,
yandım eşq ataşında,
Gözüm
qaldı kirpiyində, qaşında,
Qazdır
məzarımı çeşmə başında,
Sal sinəm üstündən yol, incimərəm.
Aşıq Ələsgər aşıqlıq sənəti,
aşıq şəxsiyyəti barəsində də müəyyən
mülahizələr söyləyib. Azərbaycan xalqı
iki ozana Dədə deyib; bir Dədə Qorquda, bir də Dədə
Ələsgərə. Onlar aşıq sənətimizin
müdrik, müdəqqəs "Dədə"ləridir.
Dədə Ələsgər saz sənətinin, aşıq
anlamını belə zikr edir:
Aşıq
olub diyar-diyar gəzənin
Əvvəl başda pür kamalı gərəkdi.
Oturub-durmaqda
ədəbin bilə
Mərifət elmində dolu gərəkdi.
Xalqa həqiqətdən
mətləb qandıra,
Şeytanı öldürə, nəfsin yandıra.
El
içində pak otura, pak dura,
Dalısınca xoş sevdalı gərəkdir.
Danışdığı
sözün qiymətin bilə,
Kəlməsindən
ləlü-gövhər süzülə,
Məcazi
danışa, məcazi gülə,
Tamam sözü müəmmalı gərəkdir.
Bu qoşmanı aşıq sənəti haqqında Dədə
sözü, poetik ensiklopediya adlandırmaq olar.
Aşıq Ələsgər poeziyasının
gücü səmimiyyətində,
iddiasızlığında, xalq ruhunu ifadə etməsində,
təmənnasızlığındadır. Elə buna görə də
onun şeirləri XX əsr musiqi mədəniyyətində
önəmli yer tutur, xanəndələr tərəfindən
xalq mahnısı kimi tanınan "Sarı köynək"
qoşmasını misal göstərmək kifayətdir.
Aşıq Ələsgərin anadan olmasının 200
illiyi haqqında Azərbaycan Prezidenti, müzəffər Ali
Baş Komandan İlham Əliyev tarixi bir Sərəncam
imzalayıb. Bu, bizim klassik irsə münasibətimizin
aynasıdır.
Nizaməddin ŞƏMSİZADƏ
Filologiya elmləri doktoru, professor
Ədəbiyyat qəzeti.- 2021.- 28 may.- S.10.