Müharibə gündəliyi
Xınalı quzular
Anamın barmaqları saçımda
gəzdikcə o barmaqların
duasını, Tanrıya
yalvarışlarını eşidirəm. Sanki göz
yaşları isladırdı
o xınanı, qarışdırırdı
onu. Həəə, dəqiq hiss edirəm
bunu. Saçlarımda,
qəlbimdə, ruhumda...
O barmaqlar özünü
balası uğrunda, balasına əvəz özünü qurban verməkçün, Tanrıyla
razılığa gəlməyə
çalışırdı...
27 sentyabr. Payız səhəri. Bazar günü. Həmişəki kimi bu bazar
səhər doyunca yatım dediyim halda yenə erkəndən durmuşam.
Feysbuka girmək istəyirəm, amma işləmir. Saytlara da girmək mümkün deyil. Bir-iki dosta zəng edib nələrin baş verməsi haqqında maraqlanmaq istəyirəm, amma zəng də çatmır. Nəhayət, sonradan bəzi saytlara girə bilirəm. Müharibə
başlayıb...
..."Və o gün
gəlsəydi" dediyim
gün gəldi...
Özümə yer tapa bilmirəm. Bəlkə aprel
kimi yarım dayandı? Ya bu informasiyalar
şişirdilmiş, yalan
məlumatdırsa? Evdə elə
darıxıram ki, sanki illərdir sevdiyim birindən ayrı düşmüşəm.
Onu, ayrı düşdüyüm
sevgilimi görə bilərəm, amma evdə qalsam bir daha onu
görə bilməyəcəm.
Bu məchul sevgili
hansı məchul məkandadır, onu bilmirəm.
Bu darıxmaqlar nəticəsində
səhər bacımgilə
yola düşürəm,
bəlkə uşaqlarla
oynaya, yeznəylə söhbətləşə, bu
darıxmağımı unudaram. Heç bir
saat deyildi, bacım uşağıyla
oyundan məni Aqil Abbasın zəngi ayırır; işə gəlin, müharibə başlayıb.
Həmişə belə olub,
müharibənin ən
böyük zərbəsini
uşaqlar alır.
Beləcə, oyunlar yarımçıq qalır,
uşaq sevgilərini hansısa mərmi atışı yarım qoyur...
Bazar günü,
pandemiya ilə əlaqədar işləməyən
ictimai nəqliyyat."Ədalət" qəzetinin
baş redaktor müavini Əbülfət
Mədətoğlu öz
maşınıyla məni
götürür və
işə gəlirik.
Sevincli və qürurlu gündür. İş otağında
olan Qarabağın miqyası böyüdülmüş
xəritəsində qürurla
azad edilmiş kəndləri tapırıq,
Öz analizlərimizlə
fikirlərimizi yürüdürük.
Bu günün qüruruyla, bu haqda yazılarla günümüzü belə
yola veririk.
28 sentyabr. Yenə tezdən işə
gəlmişəm. "Tarixi bütövlüyə
doğru" adlı yazımı işləyirəm.
O yazıda korpus komandiri, polkovnik Babək Səmidlinin bizi müşayiət edərək Gülüstan
qalası qarşısındakı
mövqelərə aparması,
Aprel döyüşlərinin
necə getməsindən,
əməliyyatlarından bəhs
etməsindən danışıram.
(Müharibədən sonra öyrənirəm ki, polkovnik Babək
Səmidli şəhid
olub).
Elə bu saatlarda hərbi komendant vəziyyətinin tətbiq olunması haqqında qərar verilir. Ardıyca Prezidentin qismən
səfərbərlik haqqında
Sərəncamı.
Zarafatla dostlara deyirəm ki, baxın, birinci zəng mənə olacaq. Bir neçə
dəqiqə keçmir
ki, Sumqayıt Hərbi Komissarlığından
zəng gəlir.
Ora getməyim istənilir.
İş yoldaşlarım inanmır,
elə bilirlər, onlarla zarafatlaşıram. Öncə əlimdə
yarım qalan yazımı bitirirəm, daha sonra feysbukda
dostlarla vidalaşıb
evə - Sumqayıta doğru yol alıram.
Anam kədərlidir, evində
iki oğlu və müharibə... Bilmirəm, necə deyim getməli olduğumu...
Və anam başıma xına qoyur. İlk dəfədir ki,
anamın hisslərini
bu qədər gizlətməyə çalışdığını
görürəm. Ağlamaq istəyir,
özünü güclə
saxlayıb. Barmaqları telimdə
gəzdikcə, xına
qoyduqca əllərinin
duasını eşidirəm.
Səhər tezdən mənimlə görüşməyə gələn
bacım uşaqlarını
öpürəm. Müharibəyə uşaq təbəssümü
ilə getmək də, bəlkə həyatın ən böyük ironiyasıdır.
Sonuncu öpüşüm elə
körpə təbəssümü,
körpə yanaqlarından
olsun. O müqəddəs
torpaqlara körpə gülüşü, körpə
öpüşüylə yola
düşmək...
Gecə yarı heç zaman üzünü görmədiyim Könül
adlı bir xanımın ani bir mesajını görürəm, səni
gözləyəcəm. Nömrəsini qoyur. Mümkünsə,
mənə hər gün zəng elə...
Tanımadığın, görmədiyin birinin sevgisi. Onu narahat qoymamaq
hissi gəlir mənə. Bilmirəm, necə
olursa, özümlə
götürdüyüm, bloknota
yazdığım 7 nömrədən
biri də onun nömrəsi olur. Könüllü
getdiyimi bilirdim, bəlkə bu da bir simvoldu,
Könül adlı birisi... Könül adlı bir sevgi...
Sumqayıt Hərbi Komissarlığındayam.
Zabitlər bölməsində. Qəribəsi budur ki, əlifba ilə heç bir uyğunluğu olmamasına
baxmayaraq adım çağırışçılar arasında birinci sıradadır. Yəqin ki,
bu da iki
gün öncə etdiyim canlı müraciətə görədir.
Öncə əsgərləri yerləşdirək, bir -iki saata sizi
yola salacağıq deyirlər. Komissarlığın yanında çayxanada
oturub yutubda son müharibə videolarına
baxıram. Qalxanda çayçı
ödənişi götürmək
istəmir. Bu dəfə götür, qayıdanda qonaq edərsiniz - deyirəm.
Komissarlığın qabağında avtobuslar
yola düşdükcə
insanların alqışlarla
yola salınması ayrıca qürurlu və kövrəldici anlar idi. Bu alqışlara əl yelləyən bəziləri ya şəhid olacaq, ya da cavab
olaraq yellədiyi əllər bir daha yellənməyəcək.
Sevgilisiylə görüşən də
var, qucaqlaşan da. Düşünürəm, o şeirimdəki kimi...
Görüşəndə
Sevgilisinin əlində
gözü axtarardı
ona veriləcək gülləri.
İndi
kitabları arasında
qurutduğu
Gül ləçəklərində axtarır
Sevgilisinin cəbhədə itirdiyi əlləri.
Sənədlərimizi də götürdükdən
sonra artıq yenidən ordunun zabitiyəm. Avtobusla yola düşürük.
Komissarlığın önündəsə
bizi alqışlayan xalq... Saçlarımda anamın xınalı duası, gözlərimdə
uzağa zillənmiş
indiyə kimi bizim olmayan uzaqlıqlar...
Xınalı quzuları irəlidə
nə gözləyir,
hələ ki xəbərsizik...
Emin PİRİ
Ədəbiyyat qəzeti.- 2021.- 28 may.- S.15.