Varislər
Qısa
ömrün vida nəğməsi
"Varislər"in bugünkü qonağı unudulmaz şair, gözəl insan, səmimi dost, ölümündən 40 ilə yaxın zaman keçsə də, şeirləri hələ də yaddaşlarda sevgi ilə xatırlanan Vaqif İbrahimin ömür-gün yoldaşı Məlahət xanım Yaqubovadır.
Komsomol Vaqif
1945-ci ilin payızında gözəl Şəkidə, Əliyar İbrahimovun ailəsində gəlmişdi dünyaya. O nəslin çiyninə II Dünya savaşından sonra dağılanları yenidən qurmaq, param-parça olmuş ümidilərə işıq tutmaq,
çətinliklərin, səfalətin, aclığın içindən sıyrılıb çıxmaq yükü düşmüşdü.
Orta məktəbi bitirəndən sonra M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda ali təhsil alıb mühəndis olmuşdu, amma içi ədəbiyyatla qaynayırdı, şeirləri institutun çoxtirajlı qəzetində, respublika mətbuatında çap olunur, özünəməxsus nəfəsi, yazı üslubu diqqət çəkirdi.
Taleyini Sumqayıta bağladı. Bir müddət Sumqayıtdakı şəhər radio qovşağında redaktor oldu, Sumqayıtda indi də fəaliyyət göstərən Ə.Kərim adına Poeziya Klubuna rəhbərlik etdi, "Ulduz" jurnalında ədəbi işçi, "Göyərçin" jurnalında məsul katib oldu. Onun fəaliyyəti daha çox gənclərlə bağlı idi. Respublika Gənclərinin Ədəbi Birliyinə sədrlik etdiyi dövrlərdə neçə-neçə istedadlı gənc yazarın tanınmasında, çap olunmasında, yetişməsində rol oynadı.
Hər gün gənclik eşqilə gənclər şəhəri Sumqayıtdan Bakıya üz tutur, hər axşam tarixlərə şahidlik etmiş doğma Bakıdan ailəsinin, doğmalarının yanına - Sumqayıta qayıdırdı... Və bir gün... onun yolu... yarıda qırıldı... Kim deyir ki, yol bitmir? 1983-cü ilin o günü Vaqif İbrahim adlı bir yol bitdi...
"...Özümə cavabdehəm.
Ömrümdən düşüb qalan
İzimə cavabdehəm...
Narahatam hər zaman.
Ömrümün üfüqündən boylanan
Qara gözlü, gülər üzlü
Bir qıza cavabdehəm...".
Qara gözlü, gülər üzlü o qız...
- Məlahət xanım, bu gün sizinlə unulmaz Vaqif İbrahimdən danışacağıq. "Ədəbiyyat qəzeti"nin "Varislər" layihəsində görüşürük. Vaqif İbrahimin ömrünə, taleyinə cavabdeh olduğu qara gözlü, gülər üzlü qızla üz-üzə oturmaqdan məmnunam. Necə tanış olmuşdunuz? Yəqin, əksər qızlar kimi əvvəl naz eləmisiniz...
- (Gözləri gülür, fikrə gedir). Hə, ilk vaxtlar naz elədim. Açığı, hələ ailə qurmaq fikrim yox idi. O günlər üçün çox heyifsilənirəm. Elə dünən gecə yadıma düşmüşdü yenə, o qədər ağlamışam ki... (yenə gözləri dolur). "Ulduz" jurnalında işləyirdi, mən də "Kommunist" (indiki "Azərbaycan") nəşriyyatında yığım sexinin ustasıydım. Politexnik institutunun poliqrafiya şöbəsində oxuyurdum o vaxt. Tofiq adlı dostu vardı, tanıyırdım onu, sən demə, məni görmək üçün gəliblər, guya Vaqif nəsə sənəd gətirib. Dedim yığarıq, narahat olmasın. Sonra gəldi yığılmış mətnə baxıb getdi. O vaxt bilirsiniz də, mətnlər qurğuşunla yığılırdı. Nəsə, bəyənmişdi məni. Tofiqlə xəbər göndərmişdi, dedim oxuyuram hələ. Komsomolun neçənci qurultayıydı bilmirəm, rəhmətlik Heydər Əliyev savadlı, yaradıcı gənclərə həmişə diqqət göstərirdi axı, həmin qurultayda Vaqif haqqında da bir-iki kəlmə xoş söz demişdi, həmin sözləri mətbuatda da vermişdilər. Tofiq həmin yazını mənə göstərdi, başladı Vaqifi tərifləməyə, mənim də saqqızımı oğurladı, dedi, hamı Vaqifi təbrik eləyir, sən də zəng vur təbrik elə. Zəng vurub təbrik elədim. Elə bil, Vaqif zəngimə bənd imiş, bir də gördüm, əlində Moskva şokoladlarıyla gəldi. O vaxt tapılmırdı elə şeylər.
- Belə çıxır ki, Vaqif İbrahim iki kiloqram Moskva şokoladıyla aldı könlünüzü?
İki kiloqram şokolad, vəssalam, şüttamam
- (Gülür). Belə çıxır da. Çünki həmin o görüşdən sonra Tofiq gəlib dedi ki, Vaqifin fikri ciddidir, sizə elçi göndərmək istəyir, mən də razılıq verdim. Bacısının yoldaşı Gəncədə katib idi, ağsaqqal kimi o gəlmişdi başqa böyüklərlə. Qismət. Ailə qurduq, iki övladımız oldu: bir qız, bir oğlan. Qızım hələ subaydır, amma Rəşad ailəlidir, iki nəvəm də var, birinin adı Vaqifdir, balaca Vaqif. Sonradan eşitdim, əvvəl Vaqifgildə bizim nişanlanmağımıza razı olmayıblar. Vaqifin yaxın qohumlarından birinin həyat yoldaşı Bakı kəndlərindən idi, yaxşı gəlin kimi ad çıxarmamışdı, narazıydılar ondan, qayınanam o vaxt deyib ki, Əmircandan qız almarıq, zorla razı salıblar, amma sonra başıma and içirdi arvad, elə peşman idi ki, o vaxt narazı olmasına.
- Kim olub atası Əliyar kişi? Anası kimi olub?
Bizə bir az Vaqif İbrahimin doğulub
böyüdüyü ailədən danışın.
- Vaqif
müəllimin anası kimsəsiz olub, onlar ailədə
yetimliklə böyüyüblər, amma atası Əliyar kişi Şəkidəki "zərgərlər
nəsli"ndəndir. Vaqif çox tərbiyəli
bir ailənin övladıdır. Şəkidə
bu gün də yaşlı nəsil Əliyar kişini
hörmətlə xatırlayır. Atası
o vaxt dövlət işində çalışıb, ticarətçi
olub, rayon ticarət şöbəsinə rəhbərlik edib.
Yaxşı dolanıblar, Şəkinin mərkəzində
yaxşı evləri, həyətləri, hər bir şəraitləri
olub. 50-ci illərdə Sumqayıt təzə
salınanda Əliyar kişi ailəsilə
bir yerdə Sumqayıta köçüb. Vaqifin yeniyetməliyi,
gəncliyi Sumqayıtda keçib, orada texnikumda oxuyub, sonra ali təhsil alıb.
Mühəndis-şair
- Neft-kimya institutunu bitirib, mühəndis
olub, amma bir gün də öz ixtisası üzrə işləməyib,
ədəbiyyatla məşğul olub, belə
çıxır ki, ali məktəbdə
hansısa gələcək neft mühəndisinin yerini tutub...
- (Gülür). Yox, əlbəttə, ali məktəbə
sənəd verəndə, təhsil aldığı illərdə
mühəndis olmaq arzusu ilə yaşayıb, amma deyirdi, sonra
hiss elədim ki, ədəbiyyat məni çəkir. Sumqayıtla bağlı xatirələri çox
idi. Sumqayıtdakı Ə.Kərim adına
Poeziya Klubunu yaradanda lap gənc olub, başına şəhərin
istedadlı gəncləri toplaşıb. Mən
bilirəm, həmin klub bu gün də fəaliyyət göstərir.
Onlar ailədə dörd qardaş, iki bacı olublar, bir
bacılarından başqa, hamısı ali
təhsil almışdı. Vaqif evin kiçiyi
idi, hamı onun xətrini çox istəyirdi, amma ailəyə
ilk ağır zərbəni də Vaqif vurdu, 38 yaşında
dünyasını dəyişdi. Kimin ağlına gələrdi,
o qədər həyat eşqi, o qədər arzusu olan adam... (kövrəlir)
quş kimi uçdu getdi əlimizdən. Əli Kərimlə
dost olublar, elə özü də Əli Kərim
yaşında getdi.
- Belə başa düşdüm
ki, siz Sumqayıta gəlin köçmüsünüz.
Sumqayıt mənim doğma şəhərimdir, xahiş edirəm,
Sumqayıtla bağlı ən maraqlı xatirənizi
oxucularımızla bölüşəsiniz.
Mənim Vaqifli günlərim orada
keçdi
- Mənim
həyatımın ən gözəl, ən xoşbəxt
günləri, Vaqifli günləri Sumqayıtda keçdi. Vaqifdən sonra çox sarsılmışdım,
özümə yer tapa bilmirdim, amma indi çox peşmanam
Sumqayıtdan köçdüyüm üçün. Oğlum Rəşad da deyir, nahaq köçdük
oradan. Vaqif dünyasını dəyişəndən
sonra elə bildim, təkcə Sumqayıtda yox, elə bu boyda
dünyada tək qalmışam, qorxdum. Anamgili
Bakıdaydılar, tez Bakıya can atdım mən də... Arada gedib-gəlirəm Sumqayıta. Vaqifin ən yaxın dostlarından biri rəhmətlik
Feyzi Mustafayev idi, onlara gedib-gəlirəm. Əzizə
xanım - Feyzi müəllimin yoldaşı mənə
doğma bacı qədər əzizdir.
- Yəni Sumqayıtda xətrinizə
dəyən bir kimsə olmayıb? Heç Vaqif müəllim də dəyməyib
xətrinizə?
- Vaqif
qarışqanı da incitməyən adam
idi. O, son nəfəsinə qədər mənə güldən
ağır söz demədi. Çox saf adam
idi (kövrəlir). Mən inana bilmərəm
Vaqif həyatda kiminsə xətrinə dəysin. Ən
yaxın dostları bayaq dedim də Feyzi müəllim idi, bir də
jurnalist dostu vardı Rəhman Orxan. Feyzi müəllim
də son nəfəsinə qədər bizi
arayıb-axtardı, Rəhman qardaş da həmişə zəng
vurur, əlaqə saxlayır. Necə deyim, az qala həftənin 4 gününü Feyzi
Mustafayevgildə olurduq. Bir də Əşrəf
Veysəlli ilə yaxın idilər. Əşrəf
müəllimi həm də şair kimi çox istəyirdi
Vaqif. Ağəddin Mansurzədə ilə
yaxın idi. O vaxt dost-tanış bir-birinin evinə
gedib-gəlirdi, indi adamlar soyuyublar. Biz Feyzi
müəllimgildə olanda bir də görürdük
Əşrəf müəllim gəldi, Ağəddin müəllim,
Hafiz Baxış gəldi. Jurnalist Zümrüd
Baloğlanovayla dost idilər. Bir bacı qədər
xətrini istəyirdi Zümrüd xanımın. Ümumiyyətlə, Sumqayıtda həyat maraqlı
idi. Günlərimiz çox şən
keçirdi.
- Çox maraqlı və mənə
doğma olan bir-neçə nəfərin adını çəkdiniz.
Hafiz Baxış bizim qonşumuz idi, onlar Bakıya
köçəndə bütün qonşular
sarsılmışdı. Feyzi Mustafayev bir ədəbiyyat
adamı, bir jurnalist kimi möhtəşəm idi, nə
yaxşı ki, bu layihədə onun da ailəsi iştirak
edib. Zümrüd Baloğlanova mənim mənəvi
bacımdır. Məsləhətə, dəstəyə,
dərdləşməyə ehtiyac duyduğumda onun yanına
qaçıram. Rəhman Orxana qohumluğumuz
çatır. Əşrəf Veysəlli
isə Sumqayıtda çoxu kimi mənim də
ağsaqqalım və əmi dediyim adamdır. Allah
dünyasını dəyişənlərə rəhmət
eləsin, qalanlara isə möhkəm cansağlığı
arzu edirəm.
Vaqif müəllim o vaxt
partiyanın kiçik qardaşı komsomolun xəttilə
müəyyən uğurlara imza atmışdı. Onun gələcəyi üçün
yaşıl işıq yanırdı. Komsomol
mükafatı almışdı, gənc bir adam
üçün böyük uğur idi. Komsomolun
nəzdində fəaliyyət göstərən ədəbi
birliyə rəhbərlik edirdi. Yəqin, arzuları,
planları da çox idi.
"Ömür nə
qısadır..."
- Vaqif bir
şeirində "Ömür nə qısadır"
deyirdi, elə bil, ömrünün yarıda
qırılacağını bilirdi bu adam,
həmişə qaçaqaçda idi, tələsirdi. Biz
Vaqifin üzünü əməlli-başlı görə
bilirdik ki... Moskvaya gedirdi, bir də səsi
BAM-dan gəlirdi. BAM-dan Kiyevə, ordan
Tiflisə. Vaqif daima məzuniyyətdə
olurdu. Sonuncu dəfə Çexoslovakiyadan gəldi,
Türkiyəyə, ədəbiyyat tədbirinə getməyə
hazırlaşırdı, amma həmin hadisə baş verdi, gedə bilmədi. Vaqif
işıq idi elə bil, getdiyi yerə də özü ilə
işıq aparırdı.
İndi şəkillərinə baxıram, əksəriyyətində
qaraqabaq düşüb. Elə deyildi Vaqif. Adamın
ən pərt, ən qayğılı vaxtında da onun
könlünü ala, ovuda, üzünü güldürə
bilirdi. Çox lətifə bilirdi,
çox mütaliəli idi deyə, yaxşı məsəllər,
əhvalatlar danışırdı.
- Şəki lətifələri
danışırdı sizə?
- Elə
hamısından. Sumqayıtda şəkililər
çox idi, qohumları da çox idi elə. Qayınanam Məshadə xanım çox
yaxşı süfrə açırdı, dadlı yeməklər
hazırlayırdı. Çox vaxt bizə
yığışırdılar, yeyib-içirdilər, sonra
başlayırdı lətifə saatları, deyib-gülmək.
Mənim orada günüm çox xoş
keçirdi. Vaqifgilin ailəsi mehriban idi.
Bəzən aylarla Bakıya, valideynlərimə
baş çəkməyə getmirdim, soruşurdu, Məlahət,
anangilə baş çəkmək istəmirsən, deyirdim,
burda darıxmıram axı, hamı başıma and
içir. Mən Vaqifin anasından
qayınanalıq görmədim, o elə mənə də ana
idi. Üstəlik, anamgili,
bacı-qardaşlarım özləri tez-tez gəlirdilər
bizə.
...sonra lətifə saatları
Vaqif qısqanc idi bir az. Həyətə düşməyimə,
zibil atmağıma belə icazə vermirdi. Evə
işıqçı gəlirdi, qayınanam ona da süfrə
açırdı. Deyirdim, ay ana, hər
adama süfrə niyə açırsan? Deyirdi,
yazıq qapı-qapı gəzib sayğacları yoxlayır, əlbəttə,
acdır, evdən də yemək qoxusu gəlir, günaha batmaq
olmaz. Evə biri gəldisə, mütləq
süfrə açılmalıydı. Elə
bil, ayda bir dəfə işıqçı, qazçı
mütləq naharı bizim evdə eləməliydi.
- Bəs onun bu səxavəti sizi
qıcıqlandırmırdı? Hər halda, sizin həyat
yoldaşınızın qazancı ilə
açılırdı o süfrələr.
- Yox, qətiyyən.
Hamı o qadının xətrini istəyirdi.
Vaqif dünyasını dəyişəndən
sonra biz də Bakıya köçdük, dediyim kimi, sonra bir
dəfə köhnə məhəlləmizə yolum
düşdü, qonşular başıma
yığışdılar, hamı deyirdi ki, bu məhəllədə
sizin kimi ailə olmayıb.
- Bəs siz haradasa işləyirdiniz?
Necə çatdıra bilirdiniz evin
qayğılarını?
- Mən
işləmirdim. Ailə qurana qədər "Azərbaycan"
nəşriyyatında işləmişdim, dediyim kimi, elə
Vaqiflə də orada tanış
olmuşduq, sonra Vaqif məni işdən çıxartdı.
Mənə söz vermişdi ki, Sumqayıtda
işə düzəldəcək, amma fikrindən
daşındı, mən də həmişə onun verdiyi qərara
hörmətlə yanaşmışam.
- Komsomol mükafatı o vaxt
üçün normal pul mükafatıydı, kitabları,
qonorarlar, ezamiyyətlər... ailəyə korluq vermirdi?
- Yox, qətiyyən.
Evə qətiyyən korluq verməzdi, hərdən
evdir də, ailədir, deyirdim, filan şeyimiz
çatışmır, deyirdi ki, bazar günü bir yerdə
çıxıb alarıq. O vaxt yaradıcı adamlar
qonorarla dolanırdılar. O da, demək olar, bütün qəzet-jurnallarda
çap olunurdu. Çox yazırdı, BAM xatirələri,
şeirləri, məqalələri... elə gün olmurdu ki,
çap olunmasın. Qayınanam şəkər
xəstəsiydi, deyirdim nə edirsən elə, amma onun dərmanlarını,
həkimini yaddan çıxratma, qoy arvad əziyyət çəkməsin.
Hər gün çap olunurdu
Qayınanam dünyasını dəyişəndə
Şəkidəydik, zəng vurub dedilər ki, arvadın vəziyyəti
ağırdır. Deyirdi, Məlahət gəlməsə,
canımı tapşıra bilmərəm. Biz onu sap-sağlam qoyub getmişdik, şəkərdir
də, birdən halı pisləşib. Yay
vaxtı idi, tez qayıtdıq Sumqayıta, arvad, elə bil,
doğrudan da, bizi gözləyirdi. Qucaqladım
onu, başını qoydum əlimin üstündə, mənə
baxdı, canını tapşırdı.
- BAM-a tez-tez gedib-gəlirdi, hətta
ona BAM-ın fəxri inşaatçısı adı
verilmişdi. Nə bağlayırdı onu
BAM-la? Maddi maraqları vardımı?
- Yox, nə
maddi maraq?! Ümumiyyətlə, səyahət etməyi
sevirdi, yollarda olmağı sevən adam
idi. BAM-ın Unkan qəsəbəsində azərbaycanlılar
çox idi, onlarla görüşməyə, onlardan
müsahibə almağa, onlardan yazmağa gedirdi. Həmin yazıları böyük jurnalist Nəsir
İmanquliyev baş redaktoru olduğu "Bakı" və
"Baku" axşam qəzetlərində silsilə şəklində
çap edirdi. O, komsomol xəttilə ezamiyyətə
gedirdi, elə komsomol mükafatını da BAM silsiləsinə
görə almışdı.
BAM-ın fəxri
inşaatçısı
Onun BAM-a
gedib-gəlməyi yarım ay çəkirdi. Mən gəlin
köçənə qədər, sən demə, Arif
qardaşı narazılıq edirmiş ki, gedirsən, günlərlə
xəbər-ətər çıxmır səndən,
atan-anan yaşlı adamlardır, narahat olurlar, arada zəng
vur, demişdi BAM dünyanın o başıdır, zəng
vurmaq çətindir. Təzə ailə
qurmuşduq, axşam hamımız evdəydik, şəhərlərarası
zəngin çağırışı fərqli olurdu, bir də
gördük, şəhərlərarası zəng gəldi.
Tez qaçdım dəstəyi götürməyə, dedim,
Vaqif olacaq. Arif dedi ki, ola bilməz Vaqif zəng
vursun, amma Vaqif idi (üzü gülür). Vaqifdən
sonra da onlar məni həmişə uca tutdular, heç vaxt
könlümü qırmadılar. Uşaqlar
da əmilərinə, bibilərinə çox
bağlıdırlar.
- Vaqif müəllim həm şeir
yazırdı, həm də məqalələr, oçerklər.
Onun yazı prosesi necəydi? Hansı saatlarda işləyirdi?
- Mən
onu işləyəndə görmürdüm. Demək olar,
evdə işləmirdi, ola bilsin, nəsə
qeydlər edirdi, vəssalam. Sumqayıtda onun tək
otağı var idi, yaradıcılıq otağı, evdən
də bir qədər aralı idi. Bircə
dəfə demişdi ki, işləyəndə məni narahat
etməyin. Mən ora heç vaxt getməmişdim,
ancaq Vaqif dünyasını dəyişəndən sonra
getdim həmin otağa. Çünki
heç vaxt onun bir sözünü iki eləməzdim. Hər bazar günü səhər yeməyini o
hazırlayırdı, pomidor-yumurta bişirirdi bizə, bir yerdə
yeyirdik, ona görə bazar günlərini həsrətlə
gözləyirdim, bir yerdə olurduq axı. Sonra çıxırdı evdən, naharını
hazırlayıb qoyurdum çantasına, bir də gecə saat
10-da, bəzən daha da gec qayırdırdı evə. Biz onu doyunca görə bilmirdik.
Məni narahat etməyin
- Daha çox gənclərlə
işləyirdi, üstəlik, özü də gənc idi, 38
yaş nədir ki? İş söhbətlərini evdə
danışmağı xoşlayan adam idi? Xətrini istədiyi, ümidverən gəncdən,
ya da onu bezdirən kimdənsə danışırdı evdə?
- Qətiyyən
evdə iş söhbəti eləməzdi. Hərdən əsəbi
olanda hiss edirdim ki, kimsə mane olur, kimsə
ayağının altını qazır onun. Bilirsiniz,
gözü götürməyən çox idi onu. Cavan idi, amma çox tanınırdı,
yaxşı hörmət qazanmışdı. O dövrdə
çox sevilən, məşhur bir şair vardı, o da
komsomol mükafatı almışdı, amma nədənsə,
gözü götürmürdü Vaqifi, çox əsəbiləşdirirdi.
- Vaqif müəllim
dünyasını dəyişəndən sonra söhbətimizin
əvvəlində adlarını çəkdiyiniz yaxın
dostlarını nəzərdə tutmuram, komsomol, dövlət
xəttilə sizinlə maraqlanan oldumu?
- Yox... Vaqiflə hər şey qurtardı. Mən özüm də heç bir qapıya getmədim.
Çox deyirdilər kiməsə ağız
açım, kiminsə qəbuluna gedim, amma getmədim. Respublika Komsomolunun birinci katibi C.Müslümzadə
xəbər göndərdi ki, Məlahət yanıma gəlsin,
görək nə kömək etmək lazımdır. Getmədim. Uzun illər bu xasiyyətim
dəyişmədi. Sağ olsun, Aqil Abbas, həmişə
"Ədalət" qəzetində Vaqifi yad eləyir, xatirəsini
əziz tutur. Vaqif oktyabrda dünyasını dəyişib,
Aqil müəllim hər il oktyabrda onu
xatırlayır. Vaqif Cəbrayılzadə Vaqif
haqqında yaxşı yazı yazmışdı. Yəni
yada salanlar, xatırlayanlar var, sağ olsunlar.
Cəmi
bir dəfə, uşaqlar böyüyb, ali
təhsil alandan sonra onların işilə bağlı bir
tanınmış deputatımızın yanına getdim,
bilirdim Vaqiflə yaxın olduqlarını.
- Kim idi o deputat?
- Yox,
adını çəkməyəcəyəm, Allah
cansağlığı versin, başqa nə deyim? Xahiş elədim
məktəblərin birində Rəşadın işə
düzəlməsinə kömək eləsin,
sözümü yerə saldı, dedi, mənim elə
tanışlarım yoxdur, amma bilirdim ki, bir zəngiylə həll
edə bilər. Onun yanından
çıxıb həyətdə çox ağladım.
Yaxşı ki Rəşada deməmişdim sənin
işinlə bağlı filankəsin yanına gedirəm, yəqin,
inciyərdi məndən, qınayardı məni.
Buna yaşamaq demək olmaz
- Aydındır (araya uzun sükut
çökür). Vaqif müəllim dünyasını dəyişəndən
sonra ilk vaxtlar, əlbəttə, çox ağır oldu, necə
yaşaya bildiniz o günləri?
- Buna
yaşamaq demək olmaz. Qızım Aytəni
anamgilin yanında qoyurdum, Rəşadı geyindirib gəlirdim
Sumqayıta, amma hər dəfə Vaqif qəzaya
düşdüyü yerdən keçəndə gözlərimi
yumurdum. Gedirdik Sumqayıta, Vaqifin gəzdiyi yerləri, məhəlləmizi,
iş otağının yanını gəzirdim, sonra fikirləşirdim
ki, mənim burada nə işim var. Elə bilirdim, dəli
olacağam... Qayıdırdım Bakıya, amma yenə
özümə yer tapa bilmirdim, deyirdim, qayıdıram
Sumqayıta. Bütün günü yollarda,
avtobuslardaydım (ağlayır). Yaxşı ki,
uşaqlar tez böyüdülər, onlar böyüdükcə
mən yavaş-yavaş ovundum, dedim ki, yaşamalıyam,
Vaqifin yadigarları üçün yaşamalıyam. Feyzi gəlirdi,
Rəhman gəlirdi, çalışırdılar
başımı qatmağa...
- Hər gün Sumqayıt-Bakı
yoluyla gedib-gəlirdi, amma bir oktyabr günü o yol bitdi. Belə götürəndə həm də Vaqif
İbrahim adlı bir yol da bitdi o gün. O qəza xəbərini
necə eşitdiniz? Kim dedi, kim
çatdırdı?
Əlvida, qara gözlüm
- Səhər
işə gedəndə həmişəki kimi zarafat eləyib
getdi, sonra tez pəncərəyə çəkilib, xeyli
arxasınca baxdım. Hələ dayanıb, əl
də elədi mənə. Sonra eyvandan
baxdım onun arxasınca, gözdən itənə qədər
baxdım, elə bil, nəsə olacaqdı, özümə
yer tapa bilmirdim, çox narahat idim. Həmin gün ev telefonumuz da kəsildi. Aytən
anamgildəydi, Rəşadı ayaqlarım üstə
yatırdırdım, nəsə mürgüləyəndə
yuxu gördüm. Elə bil Vaqifin
ölümünü gördüm. Yuxuda
gördüm qapısız-pəncərəsiz bir otaqdayam,
quş kimi çırpına-çırpına
qalmışam. Sonra oyandım, elə
bildim Vaqif gəldi, uşağı kənara qoyub mətbəxə
baxdım, hamama baxdım, gördüm yox, məni qara
basıb. Oturdum pəncərə
qabağında, gecə saat 1 oldu, gəlmədi, 2 oldu, gəlmədi,
ürəyim partlayır. Sən demə, mən
yuxu görəndə artıq Vaqif həyatla əlləşirmiş.
Axşam saat 8-9 arası birliyin məşğələsindən
qayıdanda hadisə olub, anamgili tapıblar, Vaqifi Republika xəstəxanasına
aparıblar, rəhmətlik Bəxtiyar Bahabzadə gəlib
özünü çatdırıb.
Gecə saat 3-ü keçmişdi, bir də
gördüm "Göyərçin" jurnalının
sürücüsü Rizvan gəldi maşınla həyətə,
elə bildim Vaqifi gətirir. Tez qapını
açdım, qapıda anamla bacımı görəndə
dalağım sancdı ki, nəsə olub. Anam dedi, Vaqif
bir az əzilib, 1 gün xəstəxanada
qalacaq, geyin gedək onun yanına. Səhər
öz əlimlə geyindirdiyim plaşı, sən demə, qan
içində olub, anam onu gizlincə gətirib hamama
qoymuşdu. Getdik xəstəxanaya.
Gördüm Feyzigili, dostları, Bəxtiyar Vahabzadə, Gəncənin
katibi olan bacısının yoldaşı, hamısı
burdadır. Məni palataya keçməyə
qoymadılar. Mən Vaqifi son dəfə həyətdə
bir anlıq dayanıb mənə əl eləyəndə
gördüm. Vaqif üç gün komada qaldı, sonra
öz ölümü ilə məni yandırıb getdi...
Söhbətləşdi: Əyyub
QİYAS
Ədəbiyyat qəzeti.- 2021.- 28 may.- S.16-17.