Məşhur bir
yanlışa zəruri düzəliş
1980-ci illərin sonu - 1990-cı illərin əvvəllərində
keçmiş SSRİ məkanında,
o cümlədən Azərbaycanda
milli özünüdərk
və milli dirçəliş ruhunun
qüvvətlənməsi ilə
müşayiət olunan
tarixi proseslər ictimai-siyasi, ədəbi-mədəni
mühitdə mövcud
olan bir çox yasaqları aradan qaldırdığı
kimi, mühacirət irsinin də obyektiv elmi tədqiqi
üçün şərait
yaratdı. Azərbaycan mühacirət ədəbiyyatının
ayrı-ayrı görkəmli
nümayəndələrinin həyatı və yaradıcılığı haqqında
qəzet və jurnal səhifələrində
məqalələr dərc
edilməyə, onların
əsərlərindən örnəklərin
ədəbi ictimaiyyətə
təqdim olunmasına
başlandı. Məhz
belə bir dövrdə filologiya elmləri doktoru Vilayət Quliyev "Ədəbiyyat qəzeti"nin 15 mart 1991-ci il tarixli sayında "Əhməd Cəfəroğlu"
adlı irihəcmli məqaləsini dərc etdirdi. Müəllif bu məqalədə mühacir alimin çoxcəhətli elmi fəaliyyətinin əsas
yönləri, türk
dili, ədəbiyyatı,
mədəniyyəti, tarixi
və etnoqrafiyası ilə bağlı araşdırmaları haqqında
məlumat verir, onu "yaradıcılığı
ensiklopedik xarakteri ilə seçilən",
"dünya miqyasında
tanınan və türkologiya elminin inkişafına istiqamət
verən alimlərdən"
biri kimi qiymətləndirir.
Lakin bu məqalədə bir faktoloji yanlışlığa
yol verilmişdir. Müəllif
yazır ki, 1946-cı ildə müəllimi Məhəmməd Fuad Köprülünün ölümündən
sonra Ə.Cəfəroğlu
onun yerinə İstanbul Universiteti Türk dili tarixi kafedrasının müdiri olmuş və həyatını bu vəzifədə (yəni 6 yanvar 1975-ci ildə) dəyişmişdir.
Əslində isə M.F.Köprülü 1946-cı ildə
deyil, 20 il
sonra - 28 iyun
1966-cı ildə vəfat
etmişdir. 1946-cı ildə İstanbul Universitetində kafedra müdiri vəzifəsindən
ayrılması isə
siyasi fəaliyyəti
ilə əlaqədar
idi. Həmin ildə məhz
buna görə boş qalan vəzifəni Əhməd
Cəfəroğlu tutmuşdur.
1950-ci ildə isə Türk dili tarixi kafedrasının
bazasında Əski türk dili tarixi və Yeni türk dili tarixi kafedraları
təşkil olunur.
Əski türk dili tarixi kafedrasının müdiri vəzifəsinə
Prof.dr.Rəşid Rəhməti
Arat (sonradan ord.prof dr.), Yeni türk dili kafedrasının müdiri
vəzifəsinə isə
Prof.dr.Ə.Cəfəroğlu gətirilir. Ə.Cəfəroğlu isə sözügedən
kafedranın müdiri
vəzifəsində, V.Quliyevin
iddia etdiyi kimi, ömrünün sonuna qədər deyil, 1973-cü ilin iyun ayınadək - yəni pensiyaya çıxanadək çalışmışdır.
V.Quliyev
sözügedən məqaləsini
sonradan "Tarixdə
iz qoyan şəxsiyyətlər" (Bakı:
Ozan, 2001) və "Son illərin yazıları"
(Bakı: Ozan, 2009, elmi redaktoru və ön sözün müəllifi
Asif Rüstəmli) kitablarına daxil etsə də, həmin yanlışlığı
düzəltməmişdir (1-ci kitab, s.340; 2-ci kitab s.87). Əhməd Cəfəroğlunun
"Seçilmiş əsərləri"nin (Bakı: Mütərcim, 2008, tərtib
edəni və ön sözün müəllifi V.Quliyev) ön sözündə də həmin fakt yer almışdır
(s.9). Lakin məsələ bununla da bitmir.
Məzkur fakt sonradan başqa kitablara da keçmişdir. Belə ki, Ş.Həsənova
"Mühacirət irsimizdən
səhifələr" (Bakı:
Maarif, 1995, elmi redaktoru:V.Quliyev) monoqrafiyasında
(s.26), həmin kitabın
"Mühacirət irsimizin
"Yurd bilgisi" (Bakı: Letterpress, 2014) adlı
ikinci nəşrində
(s.40), prof. Alxan Məmmədov isə
"Azərbaycan mühacirət
mətbuatına dair mühazirələr" adlı
dərs vəsaitində
(Bakı Universiteti nəşriyyatı, 2004) həmin
yanlışlığı təkrarlamışlar (s.56).
Ə.Cəfəroğlunu kafedra müdiri təyin etmək üçün F.Köprülünün ömrünü "iyirmi
il qısaldanların"
siyahısı bununla bitmir. Bədirxan Əhmədov da xüsusi layihə üzrə hazırladığı
"Azərbaycan mühacirət
ədəbiyyatı" adlı
kitabda (Bakı: Elm və təhsil, 2017, elmi redaktoru: fil.e.d.,prof. Şirindil
Alışanlı), həmin
yanlışlığı təkrar edir (s.244).
2019-cu ildə Ə.Cəfəroğlunun
120 illik yubileyi münasibətilə müxtəlif
mətbuat orqanlarında
imzalı və imzasız dərc olunmuş tanıtma xarakterli bir sıra yazılarda da sözügedən fakt yer almışdır.
Peşəkar tədqiqatçı olan V.Quliyevin məqaləsinə
yuxarıda qeyd etdiyimiz yanlışlığın
yol tapması təəssüf doğurur. Lakin digərlərinin
bunu tirajlaması isə acınacaqlı haldır. Bəzi redaktorların diqqətsizliyi,
bəzilərinin isə
"redaktə" etdikləri
kitabın mahiyyətindən
xəbərsizliyi də
faktdır. İlkin mənbələri
araşdırmaq əvəzinə,
başqa müəlliflərin
əsərlərini kompilyasiya
etmək son vaxtlar geniş yayılıb.
Bəziləri buna o qədər
aludə olurlar ki, yanlışı da doğru kimi
qələmə verirlər.
Bu barədə digər yazılarımızda
ətraflı bəhs
edəcəyik.
Nikpur CABBARLI
Ədəbiyyat qəzeti.- 2021.-
28 may.- S.19.