Ziyarətə ucalan yol
Yazıçı Kamil Əfsəroğlunun
70 illiyinə
Bu
günlərdə 70 yaşı tamam olan tanınmış
yazıçı Kamil Əfsəroğlu ilə məni
iyirmi il öncə Məmməd Oruc tanış edib. O,
tanımadığım bir nəfərlə "Azərbaycan"
jurnalındakı iş otağımıza daxil olub, -
"Əsəd, tanış ol, bu, Kamil Əfsəroğludur"
- dedi və mən ortaboylu, səliqəylə geyinmiş,
üz-gözündən sakitlik yağan yazıçını ilk dəfə
belə gördüm. Onda, əlbəttə, ağlıma da gətirmirdim ki, tanışlığımız
uzun sürən yazıçı-tənqidçi münasibətlərinə
çevriləcək və bu gün onun haqqında bu sözləri
yazacam.
Təxminən
on beş il qabaq AYB-nin "Natəvan" klubunda kitab təqdimatında
aparıcı idim, dəxli olan-olmayan - hamı
çıxış eləmək, özünü göstərmək istəyirdi. Birinci sırada əyləşən
Kamil müəllimə çıxış etməsilə
bağlı işarə elədim və eyni dildə ondan elə
cavab aldım ki, dostumuzun sadəcə o gün və orada
deyil, ümumən çıxış eləmək həvəskarı
olmadığını anladım. İllər sonra
yazıçının "Ədəbiyyat qəzeti"nə
müsahibəsində bu sözlərə rast gəlirəm:
"Natəvan" klubunun formatında dəyişiklik
aparılsa da, o məşhur tribunanı çıxarıb dəhlizə
qoysalar da, adama elə gəlir ki, yenə hamı qalxıb o
tribunadan danışır".
Söhbət,
əlbəttə, çıxış söhbəti deyil,
Kamil müəllimin xarakterinin özəlliyidir. Hər cür
tribunluq ona yaddır və bu onun
yaradıcılığına da yansıyır. Mənə həmişə
elə gəlir ki, onun ədəbi prosesin hay-küyündən
uzaq öz dünyası var və o, dünyaya
özünün bu kamillik prizmasından baxır.
Cəlil
Məmmədquluzadənin Mirzə Fətəli Axundov
haqqında bir sözü var: "Mirzə barədə ya gərək
yaxşı yazasan, ya da heç yazmayasan". Kamil Əfsəroğlu
haqqında bir neçə dəfə - onun əsərlərilə
ilk dəfə tanış olanda, "İt qanı"
romanı "Azərbaycan" jurnalında işıq
üzü görəndə, 60 yaşı olanda... - yazmaq istəsəm də, o
yazını gündəlik qaçaqaçdan vaxt eləyib,
hansısa arxayın günə saxlamışam. Amma həyatımızın
ritmi elədir ki, bu iyirmi ildə o arxayın gün gəlməyib,
amma budur, Kamil müəllimin 70
yaşı inanılmaz sürətlə gəlib
çatıb.
Kamil
Əfsəroğlu 1951-ci ilin martında Cəbrayıl şəhərində,
ziyalı ailəsində dünyaya gəlib. "İlk səhər"
adlı ilk hekayəsi 1974-cü ildə "Ədəbiyyat və
incəsənət" qəzeti, "Səmanı mənə
bağışla" adlı ilk hekayələr kitabı isə
1992-ci ildə işıq üzü görüb. Sovetlər
Birliyinin çöküşü və Qarabağ
savaşı çoxları kimi onun da
yaradıcılığında bir nəfəsdərmə
yaradıb.
Yazıçının 2000-2003-cü illərdə dərc
olunan "Yol", "Bəyaz pərdə",
"Şanxaydan əsən xəzri", "Sovet
küçəsinin serenadası" kitabları göstərir ki, "nəfəsdərmə"
dediyim illər yeni yaradıcılıq mərhələsinə
keçid üçün sadəcə daxili hazırlıq
dönəmiymiş və onun əksər əsərlərinin
ideya özülü məhz bu illərdə qoyulub.
Tarix ədəbiyyatın
anasıdır və Kamil Əfsəroğlunun tarix sarıdan
bəxti gətirib: uşaqlığı Cahan savaşı
sonrası sıxıntılarda keçib; cavanlığı
Sovetlər Birliyinin "qızıl dövr"ünə
düşüb; ahıllığı bir epoxadan digərinə
keçidin doğurduğu olaylarla uğraşıb. Buna
uyğun onun bədii nəsr düşüncəsi də
üç ana mövzunun orbitində fırlanıb.
Neçə
il öncə Muğannadan - "Özünüzdən
sonrakı yazarlara necə yazmağı məsləhət
görürsünüz?" - deyə soruşmuş və
ondan - "Qoy, damlada dəryanı
göstərsinlər" - cavabını
almışdım. Bu fikrin sufiyanə metafizik
yönünü bir kənara qoysaq, Kamil Əfsəroğlu məhz
bu yolla gedir. Çünki o özünün istənilən əsərində
nə qədər millidirsə, bir onca da qlobaldır. Bu
işdə onun Azərbaycan Dövlət Radiosu Xarici əlaqələr
şöbəsinin əməkdaşı kimi uzun illər beynəlxalq
kinofestival və konfranslarda iştirak etməsi, dünyanın
ən ünlü sənət adamlarının bir çoxuyla
görüşməsinin də rolu az olmayıb. İndi hər
hansı bir gənc xarici
yazıçıdan müsahibə alır və mükafata
layiq görülür. Bu meyarla yanaşanda Federiko Fellini, Rac
Kapur, Yusif Şahin, Rober Osseyn, Türkan Şoray, Atif
Yılmaz, Amitabh Baççan, Şaşi Kapur, Raciv Kapur,
Stenli Kramer, Kamaki Kurixara, Zinat Aman... və daha neçə-neçə
dünya miqyaslı sənət adamıyla söhbətlər
aparan Kamil Əfsəroğlu, görəsən, hansı mükafata, hansı ada
layiq görülməlidir?
Kamil
Əfsəroğlunun bir-birindən maraqlı publisistik
yazıları göstərir ki, o özümüzə
özgələrdən, özgələrə
özümüzdən baxır və ortada sadəcə insan
qalır. Təsadüfi deyil ki, onun "Hollivuddan
Yeşilçama" (Bakı, "Nurlan", 2016) kitabı
görkəmli amerikan kinorejissoru, dünyalarca məşhur
"Nürnberq məhkəməsi" filminin
quruluşçusu Kramer haqda bu sözlərlə
başlayır: "Rusiyanın "Don" jurnalında dərc
edilmiş "İttiham" povestimi Stenli Kramerlə
görüşdən sonra yazmışam. Belə bir əsər
yazmaq ideyasını da mənə o görüş, o
tanışlıq verib".
Yazıçının
"Dava-dava oyunu", "Ögey tale",
"Ülgüc", "Sürməli qız",
"Filmin sonu", "Papaqçı" hekayələri və
"Qisas" povesti, Şoloxovun dililə desək,
"insanın taleyi" məsələsinə həsr
olunub. Bu hekayə və povestlərin təhkiyəçi və
qəhrəmanları əksərən müharibə
sonrası uşaqlarıdır. Davadan "qara
kağızı" gələn atalarını davalı
filmlərdə axtaran, oyuncaqları taxtadan düzəltdikləri
"avtomatlar" olan, bu oyunların Qarabağ savaşına
hazırlıq olduğundan xəbərsiz uşaqlar, taleyin ögey balaları... Yazıçı
"davalı" hekayələrini "taxta peçenye"
və "tüstülü konfet"i ən böyük nemət
sayan uşaqların gözüylə verir və bu amil hekayələrin
təsir gücünü artıraraq, onların uğurunun əsasında
durur.
Kamil
Əfsəroğlunun "Qisas" povestinin dəli qəhrəmanı
gecələr Stalinin kənddəki heykəlini
daşlayır və əslində,
bununla totalitar rejimə üsyan edir. Hər dəfə
bütlər yıxılır və yeni zaman başlayır.
Yəqin, bu üzdən stalinizmin süqutundan sonrakı
dövr yazıçının düşüncəsinə
"qızıl əsr" kimi daxil olur. "İnsanın
xislətidir, nostalji hissləri onu tərk eləmir" deyən yazıçının hekayələrindən
biri "Nisgil" adlanır. Onun "Sorokinin məzarı",
"Tayqulaq", "Kor
quyu", "Qanlıgölün pərisi",
"Burulğan", "Qan iyi", "Kor
tamaşaçılar", "Divar", "Şərab
Allahı Dionis", "Çat", "Sibir toyu" hekayələri,
"Dəlilərin son padşahı",
"İttiham", eləcə də "Sovetski"
trilogiyasına daxil olan "Şanxaydan əsən xəzri",
"Hamam hamam içində" və "Sovet küçəsinin
serenadası" povestləri, nəhayət, "Daşlı
qala" romanında sovet dövrünə özünəməxsus
bir baxış duyulur. Dövrün kəndini də, şəhərini
də öz koloritiylə əks etdirən bu əsərlər
göstərir ki, onların müəllifi üçün
ideal müsbət və birmənalı mənfi qəhrəman
olmadığı kimi, "kənd və şəhər nəsri"
bölgüsü də yoxdur. Kənddə də, şəhərdə
də özünün işıqlı və qaranlıq
yönləriylə birlikdə insan var, qayğıya, mərhəmətə
möhtac, sevgiyə layiq insan!
Təkcə
doğulub böyüdüyü Cəbrayıl deyil, gənc
yaşlarından üz tutduğu Bakı da
yazıçının əsərlərinin məkanına, süni mayalandırmada işləyən
kolxozçu da, başında təvərə papaq,
damağında siqaret "Torqovı"da gəzən qədeş
də onun qəhrəmanlarına eyni dərəcədə
uğurla çevrilir. "Mən şəhərə şəhərli
olmaq üçün gəlməmişdim" - deyən
yazıçı kənd mühiti kimi, urbanistik mühiti də
bədii nəsrə elə ustalıqla gətirir ki, oxucu onun əsərlərinin
sadəcə seyrçisi yox, birbaşa
iştirakçısı, personajlarının dostu, həmsöhbəti
olmaq istəyir. Lakin Cəbrayılın kəhrizli və
Bakının tramvaylı günlərinə nostalji heç
vaxt dövrün idealizəsinə gətirib
çıxarmır.
Yazıçının gizli kamerası həmişə
yanılı, ikinci planı həmişə oyaqdır. Bu oyaqlığın hesabına o,
bəzən lirik, bəzən komik durumların
altındakı tragizmi fasiləsiz olaraq lentə köçürür
və tragikomizm onun əsas
yazı üslubuna çevrilir.
Kamil
müəllimin 2000-ci ildən sonrakı əksər əsərləri gözümün qabağında
yaranıb. Bu əsərlər hər dəfə üzə
çıxdıqca ona, - "Sənə elə gəlmirmi,
sovet dövründən çox yazırsan?" - deyə
soruşduğum vaxtlar olub. Amma elə ki, Sovet küçəsi
sökülərək yerində hündürmərtəbəli
binalar tikilməyə başlayıb, görmüşəm
ki, bu küçənin təkrarsız koloritə malik
personajları, birmərtəbəli, qır damlı evləri
yazıçının "Sovetski" trilogiyasında
yaşamaqda davam edir və bu əsərlərin bir vəzifəsi
də elə budur - aradan qalxmaqda olan bu subkulturoloji mühiti bədii
yaddaşa köçürmək.
"Axşambazarı",
"Nırx", "Qladiator", "İştah",
"Tüfəng açıldı", "İlan
öcü",
"Qaratoy", "Meymun oyunu", "Kuklalar
gülür", "Bəyaz qaranlıq",
"Sarışınlar metrosu" hekayələri,
"İtqanı" və "Çadır"
romanlarında
yazıçı artıq müstəqillik dönəminə
keçidin ağrı-acılarından danışır. Bu
hekayə və romanların bir çoxunun qəhrəmanları
Qarabağ müharibəsi iştirakçıları və
qaçqınlar, mövzusu qaçqınlıq həyatının
doğurduğu sosial-mənəvi problemlər, ideyası
doğma yerlərə qayıtmaqdır.
Yazıçının
da, onun personajlarının da arzularının son
ünvanı doğma yerlərin rəmzi-simvolik işarəsi
olan Ziyarat dağıdır. Onun düçüncəsinin bədii zaman və məkan koordinatları məhz
bu "qutsal" dağda kəsişir. Folknerin Yoknapatofu,
Şəhriyarın Heydərbabası, Əylislinin
Buzbulağı kimi, Kamil Əfsəroğlunun Ziyaratı da
"cənnəti" işarələyir. Lakin o, sovet
dövrünə münasibətdə olduğu kimi, müstəqillik
dönəminin təsvirində də olaylar və personajlara
birmənalı yanaşmadan uzaqdır. Bu üzdən onun əsərlərində
bəzən mərhəmətə möhtac, mərd, vətənpərvər
qaçqın obrazları, bəzən tam əksinə - mənfəətpərəst,
zamana çeviliklə uyğunlaşan işbazlar kimi zahir
olur. Yazıçının qaçqın düşərgəsini
əks etdirən "Çadır" romanında dövrün
sosial-mənəvi mozaikası
özünün bütün bu mürəkkəb
çalarlarıyla üzə çıxır.
"Mənim
ədəbi qəhrəmanlarım Dəllək Əvəz,
kefli Həsən, Cığal Əli, İlan Aydın, kankan Cəmil
və neçə-neçə tanıdığım saf qəlbli,
xeyirxah adamlardır. İstəyirəm ki, dünyanın hər
yerinin, hətta Amerikanın da öz Cığal Əlisi,
İlan Aydını... olsun" - deməsindən
görünür ki, yazıçı özünü
romantik çalardan da xali olmayan realist yaradıcılıq
metodunun nümayəndəsi kimi dərk edir. Amma onun əsl uğuru o vaxt baş
verir ki, "İt qanı" romanında olduğu kimi
realizmin sosial qatından psixoloji qatına keçir.
Realist-psixoloji üslubda yazılmış, sadə, amma mənalı
süjetə malik, rəmzi kodlarla zəngin bu roman baş qəhrəman
Kərimin timsalında müharibənin vəhşiləşdirdiyi
insanın özünə dönüşü, ikinci
doğuluşu prosesini əks etdirir. Finalda problemin
çözümünün yazıçı tərəfindən
bilərəkdən açıq saxlanılması romana modern
ruh verir. Ən ümumi mövzu və ideya yönündən
Edvar Svikin "Payız əfsanələri" filmi ilə
müqayisə edilə biləcək bu roman məhz bu
açıq sonluğuna görə Hollivud ssenarisindən fərqlənir.
"İt qanı" milli bədii düşüncəmizə
müharibənin psixoloji zədələri haqqında
yazılmış uğurlu romanlardan biri kimi daxil olub. Rusiyanın nüfuzlu ədəbi-bədii
orqanlarından sayılan "Don" jurnalında işıq
üzü görməsi isə əsərə daha bir status
qazandırır - "İt
qanı" Qarabağ həqiqətlərini Rusiya mətbuatında
əks etdirən ilk romanlarımızdan biridir.
Yadımdadır
ki, romanın "Azərbaycan" jurnalında dərcindən
sonra Kamillə Sahil parkında gəzirdik. Təsadüfən
şair Qabillə rastlaşdıq, o, müəllifi təbrik
elədikdən sonra dedi: "Mən birinci cümləsindən
sonuncuya qədər romanı sizə əzbər
danışa bilərəm".
Əlbəttə,
adlı-sanlı bir şairin verdiyi qiymət az şey
deyil. Amma Kamil Əfsəroğlunun bir sıra əsərləri,
o sıradan da Qarabağ müharibəsi qazilərindən
danışan "İt qanı",
qaçqın-köçkün həyatını əks
etdirən "Çadır", yaxud da cənab Heydər
Əliyev tətəfindən milli zabit kadrlarımızın
hazırlanmasına həsr olunmuş "Daşlı
qala" romanları özünün qiymətini
alıbmı? Bu sualın cavabını
yazıçının əsərlərinin modern
finallarına uyğun olaraq açıq saxlamaq istəyirəm...
Kamil
Əfsəroğlu nəsrinin diqqəti çəkən
yönlərindən biri onun öz şirəsini çoxəsrlik
xalq danışığından alan bədii dilidir. Bu dil mənə
həmişə el deyimlərinin
böyük qayğıyla toplanmış zəngin
saxlancını xatırladır.
Yazıçının təhkiyəsi öz təbiiliyi
ilə yadda qalır, hər obraz özünəməxsus danışıq tərziylə səciyyələnir.
Yəqin, bu üzdən o, birinci cümlədəncə
oxucunu ələ almağı bacarır: "Kərimin dəfi
dünəndən dönmüşdü, burnunun yeli saman
sovururdu" - "İt qanı" belə
başlayır. "Məmişin işi elə ağır
deyildi, yaxşıydı. Di gəl ki, adı ovsanasız idi -
mayalama məntəqəsində inək, düyə
başı tuturdu" - bu, "Burulğan"ın
başlanğıcıdır. "Gecə, yuxunun xayın
vaxtı qəfil tüfəng açıldı" - bu isə
"Tüfəng açıldı"nın ilk cümləsidir.
Yazıçı istənilən əsərində diqqəti
yayındıracaq hər şeyi bir kənara qoyaraq, birbaşa
əsas mətləbdən - zildən başlayır və bu
tonu axıracan qoruyub saxlayır.
Xalq dilinə
məxsus lakonizm yazıçıya "Çadır"
romanında olduğu kimi bir neçə cümlə ilə
bütöv bir mənzərə, yaddaqalan bir tablo yaratmağa
imkan verir: "Bozqırın üzü dəmrov
tökmüşdü. Alalı-azarlı bu qısır məkanı
elə bil Tanrının qarğışı tutmuşdu,
torpağa qotur verib, dırnaq verməmişdi. Göz işlədikcə
uzanan löhranın arını-abrını örtən
adda-budda pöhrələnmiş sarıtikan, sirkan,
qındırğa kollarıydı". Bu romanı
oxumağımdan on ildən çox keçib, amma hər dəfə
onun adı çəkiləndə mənə elə gəlir ki, üzü dəmrov
tutmuş bozqırda ayaqyalın gəzir, dabanıma batan
tikanların ağrısını hiss edirəm.
Kamil
Əfsəroğlu haqda Akif Hüseynov, Seyran Səxavət,
Vaqif Yusifli, Kamran Nəzirli,
İlham Qəhrəman, Əhməd Oğuz, Nərgiz
Cabbarlı, Səid Riad və digər ədəbi tənqidçi
və yazıçılar söz deyib. Bakı, Ankara və İstanbul
radiolarında onun pyesləri səslənib. O, AYB rəhbərliyinin
təqdimatı ilə Prezident təqaüdünə layiq
görülüb. Görkəmli tənqidçi A.Hüseynov
yazıçının nəsri barədə yazır: "Kamil Əfsəroğlunun
"Dəlilərin son padşahı" povestini oxuyanda bir
daha əmin oldum ki, ədəbiyyat dil və üslub cazibədarlığından
başlayır". Tanınmış şair İ.Qəhrəman
isə onun nəsrimizdəki yerini belə görür:
"Turgenev rus ədəbiyyatı üçün kimdirsə,
Kamil Əfsəroğlu da Azərbaycan ədəbiyyatı
üçün odur".
Yazıçının
əsərləri ölkəmizin hüdudlarından kənarda
da yüksək qiymətləndirilib. Onun "Ostıvşiy
oçak" povest və hekayələr kitabı rus dilində, "Kor seyirciler" kitabı isə
İstanbulda türk dilində işıq üzü
görüb. Hekayələri moldovan, özbək, türkmən,
gürcü, Belarus dillərinə
tərcümə olunub. Belarus Yazıçılar
İttifaqının katibi, yazıçı-dramaturq Georgi
Marçuk həmyerlimizin "Ostıvşiy oçak"
kitabına ön sözündə yazır: "Əminəm
ki, özünün ən yüksək qiymətə layiq olan
yazıçısı Kamil Əfsəroğlu ilə Azərbaycan
ədəbiyyatının fəxr etmək haqqı var".
Yazıçının hekayələrini Türkiyə
türkcəsinə çevirən Seyfəddin Altaylı isə
deyir: "Kamil Əfsəroğlunun kitabını Türkiyə
türkcəsinə çevirəndə böyük həzz
aldım. Onun əsərlərinin özünəxas
şirinliyi və rəngi var".
Seyfəddin
bəy gözəl deyib, amma Kamil Əfsəroğlunun nəsrində
bir rəng də var - adsız rəng. Oxucu bu rəngin sehrinə
düşür, sirrinə tapınmaq istəyir. Lakin məsələ
bundadır ki, təkcə oxucu yox, yazıçı
özü də o rəngin sorağındadır. Məncə,
bədii yaradıcılıq deyilən nəsnə nədirsə,
elə budur - açılmaz bir sirrin, çözümsüz
bir sualın ardınca qoşmaq...
Əsəd CAHANGİR
Ədəbiyyat 2021.- 28
may.- S.20-21.