Taleyə çevrilən mətnlər
Fraqmentlər
Bədii
mətn, poeziya nümunəsi gerçəkliyin ən müxtəlif
laylarına səpələnmiş küyü (indinin və gələcəyin
qara buludlarını-!) həmin o misralararası sahədə
elə "həll edir" ki, şeir proqnoz olmaq imkanından
vaz keçib taleyə çevrilir, təkcə şairin yox,
elə millətin də. Bədii mətnin oxusu,
mütaliəsi ilk əvvəl özünün daxili ritmi ilə
oxucuları bir yerə, bir düşüncə mərkəzinə
yığsa da, sonradan onları ayırır, çünki hər
bir insan bu şeirdə millətin taleyini bir şəkildə
görür və öz taleyini bu mətnə bir şəkildə
qatır və ya bu mətnin güzgüsündə
özünü tam başqa şəkildə görür.
Bu mənada Əhməd Cavadın 1925-ci ildə
yazdığı "Göygöl" şeiri səciyyəvidir.
Şeirin adı mütaliənin ən müxtəlif
dönəmlərində onun ideologiyasına, poetik formuluna
müxtəlif şəkildə nüfuz edir. Şeirin adı (Göygöl...), nə vaxtsa,
hansı əsrdəsə baş verən zəlzələ,
dağların parçalanması, qayaların qopması... zəmanənin
içindəki küyü səsə - şairin gələcəkdən
xəbər gətirən pıçıltısına
çevrilir. Professor Qorxmaz Quliyev yazır: "...Əhməd
Cavadın məşhur "Göygöl" şeirində
ezop dilinin ortaya qoyduğu imkanlardan məharətlə istifadəsi
kod-küy münasibətlərinin bu növünə misal ola
bilər: əsər bir tərəfdən, gözəl poetik
nümunə, digər tərəfdən, müəllifin
poetik kodun üzvi tərkib hissəsi qismində kifayət qədər
"şəffaf" küy vasitəsilə son dərəcə
təlatümlü bir dövrdə - XX əsrin əvvəllərində
Azərbaycan xalqının arzu və ümidlərini,
başının üstünü alan təhlükələri
ifadə edir. İkincisi, oxucunun ədəbi-bədii
mətndə küyün yaratdığı maneələri dəf
etmək və müəllifin ifadə etdiyi mətləbləri
bu və ya digər səbəbə görə dərk etmək
iqtidarında olmaması. Bəzən müəlliflər
bədii kodda küyün xüsusi çəkisini son dərəcə
artırmaqla özləri ilə oxucu arasında keçilməz
maneə yaradırlar və bilərəkdən oxucunu özlərindən
təcrid edirlər...". Uzaqlaşdırma,
təcrid etmə hardasa həm uzaqdan baxışın
labüdlüyü, həm də niyyətin işarələr
içində "gizlədilməsinə" xidmət
edirdi.
Kəsin
eyşi-nuşi, gələnlər, susun!
Dumandan yorğanı, döşəyi-yosun.
Bir
yorğun pəri var, bir az uyusun,
Uyusun
dağların maralı Göygöl!
Dolanır
başına göydə buludlar,
Bəzənmiş
eşqinlə çiçəklər, otlar,
Öpər
ayağından qurbanlar, otlar,
Ayrılıq
könlünü qıralı, Göygöl!
Əhməd Cavadın 1915-ci ildə yazdığı
"Nə gördümsə" şeirində bu mənzərə
daha da konkretləşir. Şeir nağıl dili və üslubuyla
başlayır. Bir quş oldum çıxdım yola //
getdim gördüm dost elində // nə bir səs var, nə
bir layla. Ancaq tezliklə bu "yüyrək
dilin" altındakı qüssə lay-lay görünür.
Belə getsə // o dağlarda// illər keçər
çiçək bitməz//o dağları duman
basmış//duman getməz//yaman getməz. Əhməd
Cavad naləsi, onun poetik idealı xalqın bağrının
başından qopduğu üçün bədii mətndə
keçmiş və gələcəyi kədərin
aşıb-daşdığı yerdə düyünləyir.
Keçmiş və gələcəyin mətnləri
ilə virtual əlaqələr bu bədii parçanın
informativ yükünün əslində elə dağlar qədər
ağır olması fikrini təsdiqləyir.
***
Ayrılıqda
heç nə ciddi deyil, ayrılıqda heç nə
bayağı da deyil... Bir hadisə, insan... gülüş hədəfinə
çevrildikdə, gülüş ələyində ələndikdən
sonra ciddiləşə bilir, bu proses olmadan hökm vermək, zənnimizcə,
axmaqların işidir. Və belə olur, ömrünün
uzun bir sürəsi heç danışmayan adam
birdən nələrisə faş edir. Kaş
danışmayaydı. Mirzə Cəlilin
"Ölülər"ində nə qədər ciddi, nə
qədər bayağı adam var? Ən
ciddisi elə gülüşün özüdür...
Əsərdə
az qala hər cümləbaşı
çəkilən qəhqəhələr ayrıca tədqiq
olunası məsələlərdir. Elə bil ki, hadisələr
ancaq bir məkanda baş verir, ev-qəbiristan
bölgüsü yoxdur, ev də elə qəbiristan
kimidir, o biri dünyada "dondurulmuş" işarələrin
canlandırılması, ayaq tutub yeriməsidir. Ölülər
girib-çıxır, nəsə söhbət edir, özlərinə
çox ciddi görünən mətləblərə
toxunurlar. Ancaq hadisələr əvəzləndikcə
hamı dərin bir xofun girdabına yuvarlanır
(öldüyü məkana qayıdır), öz içlərində
qıvrıldıqca qıvrılırlar. Ancaq bu qıvrılma canlı hərəkətə
sövq etmir. Bir tərəfdən də İskəndərin
qəhqəhələri... İnsan, əlbəttə,
təklikdə də gülə bilər, ancaq səsinə səs
verən olmaz. Gülüş həmişə
ünsiyyət situasiyaları ilə əlaqəlidir, harda
qırıqlıq (kommunikasiya xətlərinin-!)
anlaşılmazlıq, düşmənçilik varsa, gülüş
ora tələsir. Nüfuz elədiyi
qapalı dünyaların daxilində
calaşdırıcı, "dalğatutan" rolunu
oynadığı üçün gülüş
açıq sistemlər təklif edir. Bu mənada
bədii əsərdə gülüş hadisəsini
kommunikasiya aktı kimi götürmək olar. Adətən gülüşü danışıq
prosesindəki dialoqlarla müqayisə edirlər. Burada bir fərq var ki, dialoqda insan diqqətini bir
qayda olaraq onu narahat edən problemlər üzərinə cəmləşdirir
və dialoq vasitəsilə, necə deyərlər, öz təfəkkürünü
açıqlayır. Zahirən elə
görünə bilər ki, qışqıran adamlar haqlı
olduqlarından, daha dözə bilmədiklərindən "fəryad"
edirlər. bunun başqa tərəfi
də var: bu adam özünü gizlədir, özünü
baha satmaq istəyir, amma alınmır. Gülüşdə
qışqırıq yoxdur, sükut var...
Dialoq həmişə daxili ehtiyacdan yaranır, bu və
ya digər münasibəti ifadə etməyə xidmət
edir. Gülüşün yaranma mexanizmi, A.Berqsonun təsdiq
etdiyi kimi avtomatizmdədir. Bir hadisə və
ona münasibət konkret situasiyada dəfələrlə təkrar
olunmalıdır ki, onun "səthindəki" ciddilik
qatı aşılanıb getsin, təkrarlanma güclə, məcburiyyətlə
yox, avtomatik şəkildə reallaşa bilsin. Gülüşdə özünü və
bütün çətinliklərini unutmaq stixiyası
yaşayır. Kommunikasiya aktı kimi
gülüşün təkamülünü folklordan
tutmuş, bitkin yazılı ədəbi nümunələrədək
nəzərdən keçirmək olar. Misal
üçün, Molla Nəsrəddin lətifələrindən
bir neçəsinə baxmaq olar: "Hamınızın dərdini
çəkirəm", "Daş üstə daş
qalmazdı", "Xəbəraparan dovşan",
"Qurtaran deyildi" və s.
"Daş
üstə daş qalmazdı"... - mətn özü deyir
ki, arxasında çox güclü düyünlər var.
İlk baxışdan gülüş adına
heç nə yoxdur. Bəs nə var? - yanğın, ölüm, itim, sel... Ancaq
burası da var ki, ölüm ölüm kimi mənalanmır,
yanğın, sel... bədbəxtlik kimi
açıqlanmır. Təqdim edilən əhvalatda hakimin
mövqeyi əsasdır: ikinci gün bir qudurmuş it on-on beş adamı qapdı. Beşinci
gün bir kəndli dəli oldu, beş-altı adamı
öldürdü. Hadisələr sıra
ardıcıllığı ilə "üfüqi xətt"
boyu verilsə də, yadda qalan "qapdı",
"öldürdü" və s. sözlər olur. Oxunuş prosesində, mətnin sintaqmatik
açılışında görürsən ki, bu mənalar
mətndə olduğu kimi bir-birinə paralel istiqamətdə
getmir (hakimin mövqeyinin əksinə olaraq
çarpazlaşır). Gülüş
sferası heç kəsi təcrid etmir, hamıya eyni
doğmalıqla yanaşır. Gülüşə ən
çox məruz qalan ən ciddi adam olur.
Lətifələrdə
bəzən elə olur ki, həmişə özgələrinə
sataşan adam, özü pis vəziyyətə
düşür. Özgəsinə quyu qazan
özü düşür. Lətifədə elə bil
əsrlər boyu toplana-toplana gələn təcrübədən
doğan daxili bir məntiq var. Buna görə də
"özgəsinə quyu qazan özü düşər"
tipli atalar sözləri ilk baxışdan lətifələrin
təlqin etdiyi əxlaqi-didaktik qayənin bir nöqtəyə
yığılmış forması kimi diqqəti çəkir.
Ayrı-ayrı şəxslərin: mollanın, kəndlinin,
oğrunun məntiqi əsas deyil. Bir də
görürsən kəndxuda mollaya sataşır, molla da
özünü qəsdən axmaq yerinə qoyur.
Başlayır "axmaqlamağa"...
Niyə lətifədə hamı axmaqdır və ya ən
azı axmaq vəziyyətə düşür? Gülüş
aləmində belə bir "yüngül" atmosfer,
başqa sözlə desək, çəkisizlik şəraiti
nəyin hesabına yaradılır? Molla da ən
ağıllı olmasına baxmayaraq potensial axmaqdır, ancaq əsl
axmaqlar qoymur onu biabır olmağa, potensialını sonadək
tükətməyə... Biz hələ Mirzə
Fətəlinin yaratdığı Hacı Nuru obrazıyla
müqayisələr aparmırıq. Hacı
Nuruda Mollanın hazırcavablığının yalnız bir
tərəfi inkişaf edib, özü də sxem şəklində.
Bu sxem konkret vəziyyətə, onun mürəkkəb
strukturuna hesablanmayıb. Lətifələrdəki
Molla hazırcavablığı ilə bərabər həm də
ayıqdır, vəziyyəti olduğu kimi qiymətləndirmək
qabiliyyətinə malikdir. Molla bir obraz kimi
o dərəcədə "elastikdir" ki, işlər
şuluq olanda tez sivişib aradan çıxa bilir. Hacı Nurunun düşdüyü vəziyyət isə,
bir növ onun özü tərəfindən
yaradılmışdır, elə buna görə də onun
konkret məqamda ilişməyi labüddür. Molla Nəsrəddin lətifələrində bir nəfər
heç kəsə dərs verə bilmir, dərs verən,
öyrədən gülüşdür, bu məntiqi tutub hərə
öz aqibətinə doğru gedir.
***
...Gecənin
bu vədəsi, səhərə yaxın oyanıb
görürsən ki, hər yer qürbətdi, burdan vətənə
necə dönməli, dünyanın bütün suları
üstünə gəlib danışdığın dilin sait
və samitlərini bir-bir ayırıb aparır, sözün
vurğusunu ildırım vurur, ağzında dilin gicişir, sən
onu itirdiyini hiss edirsən, ömür suların içində
bitir, amma su aydınlıqdı... Göylər ağlayana
yaxın yumulmaq istəyən gözə bənzədi...
***
...Bəzən,
ya da elə həmişə, şair ən kədərli
halını, başına sonradan, ömrün sonunda gələcək
vaqeəni çox cavan, enerjili vaxtında yazır, üstəlik,
birnəfəsə yazdığından ləzzət alıb
onu bir yolluq unudur. Son anda bu su kimi birnəfəsə
başına çəkib içdiyi şərab
boğazını yandırır, qəlbini
parçalayır, çatın düşdüyü yerdən
baxıb o mətni yazan çağını başqa bir
adamın ömrü kimi görür və beləcə, həm
özüylə, həm də o cavanla vidalaşır... Bəzi
şeirləri dünyaya gətirən hekayə onun ən dərin
yerində gizlənir və bunu fəhm etmədən həmin
mətni tam olaraq hiss etmək mümkünsüzdür. Şeir nəsr, proza deyil, amma onun daxilindəki nəsr-hekayə
danışmağı sevən bir adamın dünyadan
köçənə qədər buna macal tapa bilməsiylə
bitir. Məsələn:
Çox
baxma ona
Zülmətə
Qərq
olarsan...
Arxanı
da çevirmə
Kölgəsində
itərsən...
Ancaq
üzündə onun
Bir
nöqtəlik
Qaranlıq
belə yoxdu...
"Günəş"
adlı bu şeirin içindəki hekayə sükutun dilində
oxunur...
***
Bəzən gözəl bir şeiri sadəcə
oxuyursan, təqdim edirsən, təhlil etmirsən, onun
içində elə bir şey var ki, hər şeyi bir anda əvəz
edir. Qısa bir şeir. Bu hadisəni
Mirzə Cəlildə də müşahidə etmişik.
Ona görə Mirzə Cəlilin əsərlərini
istədiyin zaman və istədiyin məqamdan (yerindən) oxuya
bilirsən, sanki haçansa oxuyub qatladığın yerdən
başlayırsan, bu birinci səhifə olsa belə. Bu səbəbdən həmin mətn fraqmenti təhlilə
"gəlmir". Taledir. Baxın:
"...Tələbələrdən
biri: Professor, ruhi xəstələrə tibb elmində bir əlac
işarəsi tapılırmı ki, xəstənin
bütün-bütünə şəfa tapmasına
ümidvar olmaq ola?
O biri tələbə:
- Yəni açıqcasına sizin mühazirələrin nəticəsində
xəstələrin şəfa tapması tez-tezmi ittifaq
düşür?
Professor:
- Yoldaşlar, sizin suallarınız xeyli ağıllı bir
sualdı. Çünki zəif şüur
bütün ruh xəstəliklərinin ən adi bir şəklidir.
Müxtəlif alimlər və mütəxəssislər
arasında şüursuzluq halı haqqında bir çox
münaqişələr vaqe olmuşdur. Cəmi
bu münaqişələrin nəticəsində bu
anlaşılır ki, müalicə qəbul etməyən cəmi
mərəzlərin ikinci dərəcədə hesab
olunması paranoydur. Bizim xəstəxanada
həmin mərəzə giriftar olan (kitaba baxır) bir nəfərdir
ki, ona camaat arasında "təbiri-xab" deyirlər. Qapıçıya işarə edir, o da dəlilərin
içindən bir nəfərin qolundan tutub gətirir. Xəstə titrəyə-titrəyə daxil olur.
Professor və tələbələr ona
yavuq gəlirlər. Professor gedir,
yapışır onun nəbzindən və soruşur:
Professor:
- Nədən qorxursan?
Xəstə cavab vermir və tələbələrin
birindən elə qorxur ki, başlayır
çığırmağa. Professor bunu şirin dillə
danışdırır".
Cavanşir
YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2021.- 28
may.- S.23.