XX əsr Pakistan şeiri
Məhəmməd İqbal
Böyük Pakistan şairi, filosofu,
ictimai-siyasi xadim, XX əsr Müsəlman Şərqi ədəbiyyatının
görkəmli nümayəndəsi
və nəhayət, Pakistanın "mənəvi
atası" titulunu almış Məhəmməd
İqbal 1873-cü ildə
Pəncab əyalətinin
Siyalkut kəndində,
sufi ailəsində
anadan olub. İlk təhsilini dini elmlər və "Qurani-Kərim" üzrə
alıb. Mədrəsə
təhsilini bitirdikdən
sonra ərəb və fars
dili müəlliminin məsləhətilə müsəlman
xalqlarının ədəbiyyatına
maraq göstərən
İqbal Lahurda ali təhsilini başa vurub Şərq dilləri fakültəsində müəllim
kimi çalışıb.
İlk şeirlərinin dərci də həmin dövrə təsadüf
edir. 1905-ci ildə
Kembric Universitetinin Fəlsəfə və iqtisadiyyat fakültəsini
bitirən İqbal Londonda yaşadığı
3 il ərzində
Ərəb dili və ədəbiyyatı
fakültəsində müəllim
işləməklə yanaşı,
Londonda böyük əks-sədaya səbəb
olan bir sıra konfranslar təşkil edib. Sonrakı illərdə o,
Almaniyanın Münhen
şəhərində fəlsəfə
üzrə doktorantura
təhsili də alır. 1908-ci ildə
Hindistana qayıdan, orada böyük heyranlıq və coşqu ilə qarşılanan Məhəmməd
İqbal ölkənin
siyasi həyatında fəal iştirak edib, xalqının maariflənməsi istiqamətində
böyük işlər
görüb.
O, şeirləri
ilə Hindistandakı
müsəlmanların ingilis
müstəmləkəçilərinə
qarşı mübarizəsinə
təkan verib, Pakistanın müstəqil
bir dövlət halına gəlməsinə
misilsiz xidmət göstərmişdir. Məhəmməd
İqbal uzun sürən xəstəlik
nəticəsində 1938-ci il aprel
ayının 21-də vəfat
edib. "Əsrar
və rumuz", "Məşriqdən xəbər",
"Cəbrayılın qanadları",
"Ziyarətçi" və
başqa əsərlərin
müəllifidir. Əsərlərini
urdu, pəncabi,
fars və ingilis dillərində yazıb.
Şeir
Sən
"həyatlı ölümün",
ya da "ölümlü həyatın"
səhnəsindəsən,
vəziyyətini dəqiqləşdirmək
üçün kömək
istə üç şahiddən
Birinci şahid şüurundur:
özünə özünlə
işıq salaraq bax.
İkinci
şahid başqa bir sənin, nəfsinin şüurudur:
özünə o başqasıyla
da işıq salaraq bax.
Üçüncü şahid Tanrının şüurudur:
özünə Tanrı
işığında bax,
özünü Onun qədər əbədi və canlı hiss edərək, sayaraq.
Yalnız
niyyət və qeyrət edən həqiqidir,
yalnız həqiqi
olan layiqdir Tanrı ilə üz-üzə gəlməyə.
Merac nədir
ki? Şahid axtarışı.
Elə bir şahid ki, təsdiqi əbədiyyətdir.
Kim ki, təsdiqləyəcəkdir
qarşısında titrəmədən
durmaq mümkün deyil.
Kim ki, duracaq, bax, yalnız o, xalis qızıldır.
Sən sadəcə bir toz dənəsisən,
nəfsinin kəndirini
möhkəm çək.
Və möhkəm
yapış öz kiçik varlığından.
Necə
də gözəldir nəfsini arındırmaq
və yoxlamaq onu günəşin işığı altında.
Yenidən yığ bir yerə o qədim çərçivəni
və yarat öz yeni mənliyini
Bax həmin mənlikdir həqiqi olan,
yoxsa nəfsin sadəcə bir tüstü halqası.
Şair
Bədən - xalqdır, bədənin
hissələri - adamlar;
Ayaqlar, əllər
elə hey durmadan çalışar.
İqtidar sükanını ucaldanlar
- Siması;
Şairlər öz xalqının görən Gözü, aynası.
Bədən ağrısa əgər
Gözü yaşlı
görərsən,
Xalqa sonsuz sevgini şairlərdən
bilərsən.
Dördlük
Sorursan köksündəki
o könül nədir
axı?
Sualına cavabım belədir
əvvəl-axır:
Könül ağlın yanması,
ürəyin cəfasıdır,
Olmasa könül
deyil, o palçıq
parçasıdır.
Tərcümə etdilər:
Səlim Babullaoğlu və
Sona Səlimli
Ədəbiyyat qəzeti.- 2021.-
28 may.- S.25.