Dilimizin lüğətində
"ingilis barmağı"
Dilimizə ingilis dilinin ziyanlı təsiri barədə...
İngilis dilinin çağdaş dünyada ən böyük informasiya daşıyıcısı kimi
real gücə malik olması, demək olar ki, bütün
dillərə leksik zənginləşmə mənasında
faydalı təsir göstərməsi obyektiv
həqiqətdir. Müasir beynəlxalq münasibətlər
sistemində onun hegemon rolunu etiraf etməklə bərabər, böyük
tarixi ənənələrə
malik fransız, ispan, alman, rus,
yapon, Çin, ərəb, fars dilləri bu dilin bəzən bütün zəruri hədləri dağıdıb
aşan ziyanlı təsirindən qorunmaq üçün əməli
tədbirlər görməyə
çalışırlar. Təbii ki,
belə bir "ingilis təhlükəsi"
türk dünyasının,
o cümlədən bizim
ölkəmizin dil mühiti üçün
də aktualdır.
Təkcə elə paytaxtımızın
reklam və tərtibat mənzərəsini
nəzərdən keçirmək
həmin təhlükənin
nə qədər ciddi və real xarakter daşıdığı
qənaətinə gəlmək
üçün kifayət
edər.
Şəhərimizdə bir çox ticarət və xidmət müəssisələrinin, idman
və turizm obyektlərinin, otel və istirahət ocaqlarının adlarının
yazılışında Dövlət
dili haqqında Qanunun onların əvvəlcə daha böyük ölçüdə
Azərbaycan dilində,
sonra isə həmin müəssisələrin
fəaliyyəti ilə
bağlı ehtiyac yaranarsa, həm də xarici dildə yazılması barədə tələbi
kobudcasına pozulur.
Demək
olar ki, hamının şərik
olduğu "dilimizi qorumaq lazımdır" şüarını on dəfə
dilə gətirəndə
bir dəfə də özümüzə
sual verməliyik:
"Kimdən?". Ciddi və vicdanla düşünsək, yüz
haldan doxsanında
"ilk növbədə özümüzdən!"
cavabını verməli
olarıq. Əlbəttə, dilə biganə münasibət üçün
zəmin yaradan ictimai-sosial şəraiti nəzərə almamaq olmaz, ancaq onu
da boynumuza almalıyıq ki, müşahidə olunan pozuntuların hamısını
"həyata keçirən"
biz özümüzük - ya diqqətsizlikdən, ya savadsızlıqdan, çox zaman da sayğısızlıqdan.
Heç
bir ingilis, yaxud rus gəlib
burada bizim ölkəmizin, ya şəhərimzin dil mühitini korlamır.
Bir daha etiraf etmək lazımdır ki, bu məsələdə
real faktorlarla yanaşı,
subyektiv amillərin rolu da az deyil. Məsələn, iş adamımız
Ağabala bəy təzə açdığı
kafeyə qəşəng
bir qız adı qoymaq istəyir. Təbii ki, bu zaman onun yadına
nənələri Qızbacı
və Gülxanımın
adları düşmür,
çünki bunlardan
"brend" çıxmaz,
ekzotika lazımdır.
Və Ağabala kafenin adını İzabella, yaxud Şarlotta qoyur. Nə yaxşı ki, ingilis dili varmış,
yoxsa "milli" sahibkarımız "obyektinin"
adını Haykanuş
da qoya bilərdi...
Buna dövlət, ya cəmiyyət neyləsin? Dövlət qanunu verib, cəmiyyətin də
"ictimai" qınaqdan
başqa heç nəyə gücü çatmır.
Beləliklə, müasir ədəbi
dilimizdə ingilis dilindən alınmış
zəruri miqdarda yeni kəlmələrlə
yanaşı, ehtiyac olmadan alınmış sözlər də az deyil.
Onlara münasibət ictimai rəydə də, mütəxəssislər
arasında da birmənalıdır: Öz
dilimizin leksik vahidlərinin semantik potensialı fikrin ifadəsi üçün
kifayət etdiyi hallarda alınma sözlərdən istifadəyə
ehtiyac yoxdur.
Məlumdur ki, dünya praktikasında xüsusi adlar dildən dilə keçərkən
tərcümə olunmur. Yalnız müxtəlif
dillərin tarixi ənənələrinə uyğun
olaraq, variantların meydana çıxması mümkündür. Məsələn,
qədim yəhudi dilində orijinalı Mixael kimi səslənən
şəxs adı dünyanın müxtəlif
dillərində fərqli
şəkillərdə - Maykl,
Mişel, Mixail, Mixaylo, Migel, Mikele, Mikail və s. kimi işlədilir. Biz bu adı ərəbcədən
("Quran" mətnindən) Mikail kimi götürmüşük,
lakin ötən əsrlər ərzində
söz dilimizin fonetik qaydalarına uyğunlaşaraq Mikayıl
formasına düşmüşdür.
Yaxud başqa bir nümunə: Orijinalı qədim yəhudicə İosif olan şəxs adı dünyanın müxtəlif dillərində
Yuzasif, Jozef, Yozef, Yusif və
s. variantlarda işlədilir.
Biz də tarixən
bu sözü ərəbcədən "Yusif"
kimi almışıq
və bu söz ədəbi leksik normada bu gün də
olduğu kimi qalır. Ancaq dilimizin fonetik
və tələffüz
qaydalarına uyğun
olaraq, sonrakı təkamül prosesində
Azərbaycan dilində
bu adın "Usub" variantı meydana gəlib və uzun illər
boyu hər iki variant paralel işlənib. Əfsus
ki, bu hadisənin
dil üçün qanunauyğunluğunu nəzərə
almayaraq, son dövrlər
ömrü boyu "Usubbəyov" familiyasını
daşımış görkəmli
Cümhuriyyət xadimi
Nəsib bəyin soyadına "düzəliş
edərək" onu
"Yusifbəyli" kimi
yazırlar, millilik yolunda canını qurban vermiş kişini guya daha da "milliləşdirirlər".
Çox qəribədir ki, son illər bizim mətbuatın dilində ingilis mənşəli bir çox xüsusi adları (şəxs, yer-yurd, qəzet-jurnal, idman komandası və s.) ingilis transkripsiyasında yazmağa başlayıblar. Məsələn, bu cür - "New York
Times", "Boeinq", yaxud
"Manchester United". Heç on illər boyu
dilimizi siyasi və ideoloji basqılar altında saxlayan Rusiya (Sovet) İmperiyası bizdən, məsələn,
"Komsomolğskaə pravda"
yazmağı tələb
etmirdi. İndi isə belə
çıxır ki, Azərbaycan oxucusu azərbaycandilli qəzeti oxumaq üçün mütləq ingilis dilini də bilməlidir. Təbii ki,
ingilis dilini yaxşı bilməyən
azərbaycanlı bu sözləri düzgün
oxuya bilməyəcək.
Halbuki, dilin saflığının
qorunması mətbuatın
əsas funksiyalarından
biridir. (Sonra da gileylənirik
ki, xarici şirkətlər işçi
axtaranda ingilis dilini bilməsini tələb edirlər.)
Bu cür sözləri
mətbuatın dilində
ingilis qaydası ilə yazdıqları kimi, telekanalların dilində də ingilis (daha doğrusu,
amerikan) intonasiyası
ilə tələffüz
edirlər. Acınacaqlı haldır ki, bizim bəzi vətəndaşlarımız milli xüsusiyyətlərə
çox asanlıqla arxa çevirərək dünənki rusdillilik ədasını indi də ingilisdillilik lovğalığı ilə
əvəz edirlər.
Zənnimizcə, müasir dövrdə ingilis dilinin Azərbaycan dilinə ziyanlı təsirindən
bəhs edərkən
təkcə leksik alınmalarla kifayətlənməmək,
əsas diqqəti bu təsirin bəzən dilimizin qrammatik sisteminə müdaxilə təhlükəsi
yaratdığına yönəltmək
lazımdır. Ümumiyyətlə, leksik pozuntular
dilin taleyi üçün o qədər
də böyük təhlükə yaratmır,
bu hadisə nə qədər kütləvi xarakter alsa da, bu
sözlərdən yaxa
qurtarmaq çətin
də olsa, mümkündür. Ancaq yad
elementlər dilin qrammatik sisteminə nüfuz edərsə, onların ziyanlı təsirini aradan qaldırmaq mümkün olmaz. Xoşbəxtlikdən, daha doğrusu,
dilimizin qrammatik sisteminin mükəmməlliyi
səbəbindən yad
dillərin əsrlər
boyu davam edən təsiri bu sistemə ciddi ziyan vura
bilməmişdir. Müasir dilimizdə
də bu təsir ayrı-ayrı ünsürlərin meydana
çıxmasından uzağa
gedə bilmir. Məsələn, "Respublika stadionu",
"Moskva" univermağı"
tipli ifadələrin hər iki komponenti
əcnəbi söz olsa da, bütövlükdə
bu söz birləşmələri Azərbaycan
dili vahidləridir (ikinci növ təyini söz birləşməsi). "Dalğa Arena", "Park Bulvar",
"Gənclik Mall", "Buta Palas", "Babək Plaza", "Bazar
Store" kimi birləşmələr
isə tərkibində
milli sözlərimiz olmasına baxmayaraq, ingilis dili qrammatikasının
məhsuludur.
Bütün bu sayılanlar dil haqqında Dövlət Proqramının
və Dövlət dili haqqında Qanunun tələbləri ilə tam ziddiyyət təşkil edir. Unutmayaq ki,
dilimizin sərhədlərini
qorumaq dövlətimizin
sərhədlərini qorumaq
qədər mühüm
bir vəzifədir.
İlham ABBASOV
Ədəbiyyat qəzeti.- 2021.- 28 may.- S.28.