Kağız ev
44 günlük savaş
günlərində çəkilən "Kağız ev" filmi üçün yazılıb
Kağızdan bir ev
qurmuşduq nə vaxtsa,
Gündüz kimi dümağ idi divarı.
Talvarında sarı salxım
üzümü,
Həyətində şirin narı, zoğalı.
Sürahisi əlimizə sığaldı,
Bir cüt gözdü pəncərəsi
gecələr.
Eyvanına bütün məhlə
sığardı,
Qəhqəhəylə gülüşərdi körpələr.
Burulardı bacasının tüstüsü,
Qapısının cırıltısı holavar.
Birdən-birə qəhət oldu
istisi,
Qaçaq oldu birdən-birə el-oba.
Birdən-birə su yerinə həlməşik
İrin axdı, susuz qaldı bağatı.
Yetim qaldı həyət-baca, ev-eşik,
Uçub-getdi laylasıynan bayatı.
Namərd
yağı göz diksə də yurduma
Evimizə düz gəlmədi dirəyi.
Elimizə düz gəlmədi
ürəyi,
Qolumuza tən gəlmədi biləyi.
Budur yenə qayıtmışıq,
atacan,
Kimi şəhid,
kimi qazi, kimi ruh.
Bayatıynan, holavarnan qarışıq
Bir havayla yenə dövrə vururuq.
Xatirələr bizimlədir - qol-boyun:
Hamı sağdır, hamı şaddır, anacan.
Çal-çağırdı el-obada, toy-düyün,
Bu ev bizim
evimizdir binadan.
Səlim BABULLAOĞLU
Ədəbiyyat qəzeti.- 2021.-
6 noyabr.- S.9.