Sakit Məmmədovun Qarabağ
apofeozu -
"Qarabağnamə"
Miflər,
simvollar, fərqli sənət estetikaları, miniatür
üslubu, qrafik üslub, rəngkarlıq.
"Qarabağnamə"ni simvolizm cərəyanına
da aid etmək olar. Burda impressionist çalarlar da var. Tablo həm
də postmodernist tablodur.
Hətta
bəlkə impressionizmin
çərçivəsini genişləndirən yeni
estetik cərəyan -
opalizm. İmpressionist rəssam nə
karədir ki, yeni rəng qamması icad etsin. Ən böyük rəssam
olan Allah rəng qammasını elə dünya yarananda opal daşların üzərində
xəlq etmişdi.
Bu həqiqəti ilk dəfə
Azərbaycan rəssamı
Sakit Məmmədov kəşf etdi və özü də bu gün
dünyada qəbul olunan opalizm cərəyanının əsasını
qoydu...
"Qarabağnamə" tablosunda miflər və simvollar eyni vüsətlə iştirak edir. Yəni
"Qarabağnamə"də 3000 ildir ki, Qarabağı
özlərinə Vətən
qılmış prototürklərin
izlərini yaşadan balballar da, iskit
pazırıq elementləri
də var. Balbaldan, pazırıq ilmələrindən
yola çıxsaq, bizi bütün oğuz boyları, o sıradan hunlar, göytürklər, səlcuqlular,
qızılbaşlar müşayiət
edəcək. Onları
isə saysız elementlər - Boz Qurd, Qızılbaş miniatür üslubu, bədii tikmə üzərindən tabloya köçmüş süvari,
səlcuqlu memarlığının
zərifliyi və harmoniyası, Üzeyir bəy, Mirmöhsün Nəvvab, türk gücünü simvolizə
edən Şahbulaq qalası, yaxud Əsgəran qalasından
ucalan Dəmir Yumruq izləyəcək.
Estetik həzzin qaynağı, qəribədir ki, Qarabağın bir rəssam fırçası
ilə abidələşmiş,
sənətləşmiş versiyası oldu... Sakit lap Anri Matissdə olduğu kimi duyğusal və real tablo rəsm etdi. Amma bu tabloda
duyğusallıqla reallığın
sınırları bir-birinə
qarışmış haldadır...
Tarixin dan sökülənindən gerçək
tarixə qədər
Qarabağ burdadır və bizimdir... Rəssam Qarabağı bu tabloya necə sığışdıra bilib?
Görünən o ki, burda cərəyan edən enerji otuz ildir
ki, qələbə və zəfər havasıyla gərilməkdəymiş.
Nəhayət, Azərbaycan
rəssamlığı Qarabağa
bu şəkildə dönüş etdi... Otuz ilin rəng
və fikir enerjisi bir kətanın
üzərində partladı
və otuz ilin deyil, min illərin metafizikasını
şəkilləndirdi... Bu görünən Qarabağdır...
O, yeddi at Qarabağın
yeddi rayonudur... Biz bu dəyər uğrunda savaşmışıq...
Savaşmağa dəyərmiş...
Notr-Damın çatısında və
Eyfelin civarında yalan üfüləyən
İblis irrealdır, amma 44 günlük savaş dönəmimizdə
bunlar real oldu. Fransa İblisin
tərəfində oldu.
İblis
44 gün ərzində
fransız dilində danışdı. Tabloda
erməni obrazını
- şər metaforasını
ilan, iblis, çəyirtkə və
donuz təmsil edir...
Bizim Alp
Ər Tonqanın atının nalı Eyfelin qürurunu əzəndə Qarabağ
atının hərəkət
trayektoriyasını pusan slavyan kultudur - Ayıdır. Amma tarixin dansökülənində
- mifolojidə bir Boz Qurd inancı
da var... Onunla həmahəng olan Qoç isə təkcə gücün deyil, Azərbaycan tarixindən gəlib keçmiş Ağ Qoçun, Qara Qoçun simvoludur.
Sakit Məmmədov
təməldə prototürklərdən
sonrakı Dədə
Qorqudu da unutmayıb. Qədim əcdadların idolları
üzərində və
Xarıbülbüllərin işıq və ətir saçdığı
göytürk aurasında
özü də çiçəklənibmiş kimi görünən qızın libasındakı
elementləri Sakit Məmmədov Xurşid Banu Natəvanın zövqüncə bəzədilmiş
bədii parçaların
naxışları ilə
süsləyib. Bu tablo
bura qədər Qarabağdır, yəni....
Şuşanın sirli
açarı da bizdədir... Bir əlində qılınc,
o birində Qarabağın
açarını tutan
döyüşçünü və Qarabağı fondakı Qarabağ naxışlı qədim
qalxan - Qarabağ xanlığına aid qalxan
qoruyur... Döyüşçünün mindiyi at yarı
heykəl, yarı canlıdır. Yəni biz burda
təməlliyik, biz qayıtmışıq.
Lazım gələrsə
heykəlləşmiş tarix
olarıq, lazım gələrsə gündoğandan
günbatana qoşub gedərik... Atın bir ayağı Eyfeldə, bir ayağı burdakı ilanın başındadır...
Mifoloji obrazlar özlüyündə
"Qarabağnamə"nin
enerjisini bütün tabloya səpələyir.
Başqa sözlə,
tabloda mifoloji obrazlar sayrışır...
Tablonun gündoğanı
da, günbatanı da Qarabağdır. Günbatanda
- "Qarabağnamə"nin
sonunda Xudafərin körpüsü tamamlanmamış
təsvir olunub. Xudafərinin qalan hissəsi "Qarabağnamə"nin pərdəarxasındadır.
Çünki "Qarabağnamə"də
Qarabağ bitsə də, Azərbaycan davam edir...
Tablonun mərkəzi
və yuxarı hissəsində ümummilli
liderin və Ali Baş Komandanın qrafik üslubda yaradılmış portretləri
var. Sakit Məmmədov
bunu qrafik üslubda həll etməyi lazım bilib. "Qarabağnamə"nin
zirvə məqamı
da bu hissədədir.
Halənin içində
şəhidlərin haqqa
yürüyüşü və
bir az
aralıda üzü niqablı atlı... Bu mənada "Qarabağnamə"
bir sənət məbədidir. Ona bir də məbəd gözü ilə baxın. Ümummilli liderin, Ali Baş
Komandanın və üzü niqablı müqəddəsin, behişt
yolunda sıralanmış
şəhidlərin təsviri
qübbənin mərkəzindədir.
Azərbaycan Müdafiə Nazirliyinin
simvolu da. Bədr olmamış hilalımız - ayparamız
da... Könül istərdi ki, Sakit Məmmədovun bu əsərinin əsasında Şuşada
əzəmətli bir
məbəd də inşa olunsun...
"Qarabağnamə"də vahid
işığın emanasiyası,
onun daha çox işığa çevrilməsi prosesini Sakit Məmmədov üç min illik bir tarixin içində
seyr edir... Üç min ildir ki, bura Qarabağdır,
yəni Tanrının
evidir... Və Türk Qarabağdır. Üç min il
idi ki, vətən
idi. 44 günlük savaş isə ona müqəddəslik əyarı verdi.
İndi də ilk dəfədir ki, o, Azərbaycan incəsənətində ilahiləşir.
Vaqifdən, Vaqif məqbərəsindən,
hətta Ağa Məhəmməd Şah Qacarın, Pənahəli xanın başı üzərindən pərvazlanıb
gedən durnalar tablonun başqa bir səmtindən geri qayıdır. Simvollaşma davam edir. "Vaqifin də
könlü çox edər pərvaz, hərdən sizin ilə gəzə durnalar". Yenidən
Qarabağ səmasına
dönüş edən
durnalar bu qayıdışla Azərbaycan,
Türkiyə, Pakistan və
İsrail övladlarını
rəmzləndirir... "Qarabağnamə"də
yəhudi simvollarını
möhürləyən rəssam
Sakit Məmmədovun bu təfəkkür jesti yadıma Əli bəy Hüseynzadənin Səid
Səlmasiyə istinadən
yazdıqlarını saldı:
yəhudilər "yəhudi
mənafeini türk mənafei ilə həmahəng bilirlər.
Yəhudilər daima türk mühibbi (dostu) ola
gəlmişlər və
bu halda qalacaqlarına şübhə
etməməlidir". Qarabağ ərəfəsində
olduğu kimi, "Qarabağnamə"də də
bu fikir aktuallığını saxlayır.
Təkcə durnalar qayıtmır
ki... "Qarabağnamə"nin,
necə deyərlər,
öz "məntiqüt
teyr"i, yəni quş dili var. Qaranquşla yanaşı,
Şanapipik, Sağsağan,
yuvasında təsvir edilmiş Turac da əbədi baharın, əbədi Qarabağın müjdəsini
gətirməklə tablonu
metafizik bir auraya bürüyür...
"Qarabağnamə"də saat 44-dür. Yox, bu, absurd deyil.
Bu simvolun şərhi
bizi təkcə 44 gün davam edən müharibə təqviminə deyil, bayrağımızdakı səkkizguşəli
ulduza, ulduzdan cənnətin səkkiz guşəsinə qədər
aparacaq. Axı qarabağlı Əhməd
Ağaoğluna görə
Vətən səkkizguşəli
ana kainatdır... Və qarabağlı Seyid Nigariyə görə, Qarabağ Cənnətdə axan Kövsər bulağıdır..
Sakit Məmmədov, Vereşagin
kimi "Müharibə
apofeozu" yaratmadı.
Qarabağ apofeozunu yaratdı... Qarabağ zəfərinə işıqla
dolu "Qarabağnamə"ni ithaf etdi.
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2021.-
6 noyabr.- S.10.