Üçrəngli bayrağınla məsud
yaşa!
Cəfər Cabbarlı bayrağımızı
mələklərin qanadına
bənzədirdi ("Mələklərin
qanadımı üzərimə
kölgə salan?!");
Əhməd Cavad bayrağımızın kölgəsini
dövlət quşuna
tay tuturdu
("Kölgən dövlət
quşu, qondu başıma!")... 44 günlük
Vətən müharibəsində
bayrağımız əsgərlərimizin
qoynunda, Bəxtiyar Vahabzadənin arzusunda olduğu kimi, silahla tən ("Daim ucalasan! Savaş günündə \ Əsgər
silahıyla səni tən görüm.")
döyüşdü...
Şanlı ordumuzun şücaəti
sayəsində qəlbimizin
sevinclə döyündüyü,
qazi və şəhidlərimizin canı-qanı
bahasına xalqımıza
bəxş etdiyi qürur dolu günlər yaşayırıq:
8 noyabr - Qələbə,
9 noyabr - Dövlət
Bayrağı günü.
Düz bir il öncə 8 noyabr tarixində Ali Baş Komandanın Şuşanın
işğaldan azad olunduğunu elan etdiyi məqamları bu günmüş kimi xatırlayıram: bütün xalq olaraq ekran qarşısına
kilidləndiyimiz, fərəhdən
özümüzə sığmadığımız,
uzun dəqiqələr
boyunca sevincdən hönkürdüyümüz, 30 illik ağrı-acıya
son verən o möhtəşəm
gün. Şuşanın azad olunmasından
duyduğumuz qarşısıalınmaz
sevinc göz yaşları Qarabağın
azadlığı timsalında
yaralarımızın sağalması
idi. Həmin gün Ali Baş
Komandan İlham Əliyev bizi Şuşanın işğaldan
azad olunması xəbəri ilə "Əziz Şuşa, sən azadsan!" nidası ilə Şəhidlər xiyabanında
- uca bayrağımızın
fonunda müjdələdi.
Milli ideoloqumuz Məhəmməd
Əmin Rəsulzadə
"Əsrimizin Siyavuşu"
əsərini Azərbaycan
gənclərinə xitab
ilə bitirir: "Əvət, ey vətəndaşlar! Və
dolayısıyla sizlər,
ey gələcək nəsil, ey gənclik!.. Sənin öhdəndə böyük
bir vəzifə var. Səndən əvvəlki
nəsil yoxdan bir bayraq, müqəddəs
bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq
dedi ki: "Bir kərə yüksələn bayraq bir daha enməz!"
Sən də onun ümidini qırmayacaq, Azərbaycan türklərinin yanıqlı
nəğmələrinə mövzu olmuş, ürəklərinə enmiş
bu bayrağı bir daha o bina
üzərinə tikəcək,
bu yolda ya qazi, ya
şəhid olacaqsan..."
Zaman-zaman bayrağımız yalnız ürəklərdə
ucaldı, ona olan sevgi gizlicə
qəlblərə gömüldü,
Azərbaycan oğlu bu yolda şəhid
də oldu, qazi də, amma
vətən və bayraq sevgisinin varlığımızı tərk
etməsinə imkan vermədi. Ən başda bu sevgini yaşadan, bu alovu sönməyə
qoymayan milli dəyərlərə sadiq
ziyalılarımız oldu.
Onların sayəsində biz millət olaraq ucalığımıza inamı
itirmədik, bu bayrağa sədaqətimiz
- əhdimiz, andımız
oldu. Müqəddəs bayrağımız yenidən layiq olduğu ucalıqda dalğalandı.
1956-cı
ildə bir qrup gəncin Qız Qalasına sancdığı, 1988-ci ildə
Azadlıq meydanında
dalğalanan bayrağımız
rəsmi olaraq ilk dəfə Naxçıvan
Ali Sovetinin binası üzərində ucaldıldı
(19 yanvar 1990-cı il). Bayrağımızın dövlət rəmzi
kimi bərpası istiqamətində ilk israrlı
cəhdlər ümummili
lider Heydər Əliyevin Naxçıvana
rəhbərlik etdiyi dövrə təsadüf
edir. Milli özünüdərkin təmin
olunması prosesinin tərkib hissəsi kimi, 10 ay sonra - 1991-ci il noyabrın 17-də Naxçıvan Ali Məclisinin
Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında
Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının
Muxtar Respublikanın rəsmi bayrağı kimi təsdiqlənməsi
onun sonradan Azərbaycanın dövlət
bayrağı kimi qəbul olunmasında böyük əhəmiyyətə
malik oldu. Belə ki, 1991-ci il fevralın
5-də Ali Sovetin "Dövlət
bayrağı haqqında"
qanununa əsasən, üçrəngli bayrağa
Azərbaycan Respublikasının
Dövlət Bayrağı
statusu verildi.
Azərbaycan bayrağı haqqında
ümummilli liderimiz Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən müxtəlif
vaxtlarda bir neçə mühüm dövlət sənədi
imzalanmışdır: "Azərbaycan Respublikasının
dövlət atributlarının
təbliği işinin
gücləndirilməsi haqqında"
(13 mart 1998-ci il), "Azərbaycan
Respublikası Dövlət
bayrağının istifadəsi
qaydaları haqqında
Azərbaycan Respublikasının
Qanunu" (8 iyun,
2004-cü il), "Azərbaycan
Respublikasının paytaxtı
Bakı şəhərində
Dövlət bayrağı
meydanının yaradılması
haqqında (2007-ci il noyabrın 17-də) sərəncam, digər
fərmanlar və qanunlar dövlət səviyyəsində bayrağımıza
olan ehtiramın bariz nümunəsidir.
Xalqın milli müstəqilliyinin
real mahiyyət və məzmunu onun dövlət rəmzlərində
əksini tapır. Odur ki, hər ölkənin bayrağı onun tarixinin, kimliyinin, mədəniyyətinin rəmzlərinin
daşıyıcısıdır. Azərbaycan bayrağının üçrəngli
olması dahi mütəfəkkir Əli
bəy Hüseynzadənin
milli yaşam fəlsəfəsini ("Türkləşmək,
müasirləşmək, islamlaşmaq")
ehtiva edir. Bayrağımızdakı rənglərin
və ay-ulduzun mənalarını ən
gözəl şəkildə
ifadə edən əsərlərdən biri
Cəfər Cabbarlının
"Azərbaycan bayrağına"
şeiridir:
...Bu ay, yıldız, boyaların qurultayı nə demək?
Bizcə,
böylə söyləmək!
Bu göy boya Göy
Moğoldan qalmış
bir türk
nişanı,
Bir türk oğlu olmalı!
Yaşıl boya islamlığın
sarsılmayan imanı,
Ürəklərə dolmalı!
Şu
al boya azadlığın,
təcəddüdün fərmanı,
Mədəniyyət bulmalı.
Səkkiz
uclu şu ulduz da səkkiz
hərfli od
yurdu
Əsarətin gecəsindən fürsət
bulmuş quş kibi,
Səhərlərə uçmuşdur
Şu hilal da türk
bilgisi, düzgün sevgi nişanı,
Yurdumuzu
qucmuşdur!..
Bayraqları bayraq edən millətin mübarizəsi,
qurbanlar bahasına olsa belə, əldə etdiyi istiqlalıdır. Şəhidlərimizin son örtüyü olan bayrağımız şərəfli tariximizin
dəlilidir. Çünki bir dövlətin bayrağı ölkəsinin
azad səmasında ucalırsa, bunun mütləq bir bədəli var - şəhidlərin azadlıq
uğrunda axan qanı, verilən canı bahasına başa gəlmişdir mütləq.
Erməni faşizmi üzərindəki
qələbə bizi nə qədər sevindirirsə, itkilərimiz
o qədər ağrıdır. Bundan sonrakı
bütün ömrümüz
boyunca qələbə
sevincimizi, azadlıq duyğumuzu şəhidlərin
canı və qanı, qazilərimizin dirənişi bahasına yaşadığımızı unutmamalıyıq. Unutmamalıyıq ki, bu gün
qüdrətli Azərbaycanın
vətəndaşı olmağımızla
bağlı qürur hissini onlar sayəsində
yaşayırıq. "Əlimizdən onlara rəhmət diləməkdən
başqa nə gəlir ki?!" demək yaxasını kənara çəkmək
deməkdir. Bu vətəni
yaşanılacaq, başqa
ölkələrə can atmayıb
hər bir halda məhz buranı seçəcək
potensialda ölkəyə
çevirməkdir borcumuz.
Onlar azad, müstəqil Azərbaycan
uğrunda biz dara düşən kimi vətəni tərk etməyi planlaşdıraq
deyə can verməyiblər.
Elm və təhsil sahəsində, mədəni
sferada, sənaye və istehsalatda - harada olursa olsun,
Azərbaycan adına
görülən bütün
yaxşı işlər
vətənpərvərlik nümunəsidir.
Heç kimin qarşısında öhdəliyimiz olmadığını
düşünməyə ixtiyarımız yoxdur. Bəli, bu
torpaq uğrunda can verəcək qədər
gözüqara olub döyüş bölgəsinə
yollanmaq, düşməni
məhv etmək onların seçimi idi - məsuliyyətdən,
sevgidən, vicdan borcundan qaynaqlanırdı.
Biz də hər
bir addımımızda
qan bahasını unutmamalıyıq. Bunun üçün
sadəcə, məsuliyyətli,
vicdanlı və peşəkar olmaq lazımdır. "Hubbul vətən minəl iman" deyir dinimiz. Atalarımız isə Vətənə
gəlməyi imana gəlməklə bir tutub.
Dövlət Bayrağı Meydanının
açılış mərasimində
(1 sentyabr 2010) Prezidentimiz
xalqımızın ən
böyük arzusunu dilə gətirmişdi:
"Bizim bayrağımız
qürur mənbəyimizdir.
Bizim bayrağımız canımızdır,
ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində
dövlət bayrağı
dalğalanır. Azərbaycan
ərazi bütövlüyünü
bərpa edəndən
sonra milli dövlət bayrağımız
bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır..." Dövlət
başçısı İlham
Əliyevin ölkənin
prinsipial məqsədləri
uğrunda həyata keçirdiyi uğurlu diplomatiya və hərbi quruculuq siyasəti nəticəsində
ötən il
bu ülvi arzu da gerçəkləşdi.
Ali Baş Komandanın
söylədiyi kimi, Azərbaycan bayrağı
Qarabağda dalğalandı.
Müzəffər ordumuz şəhərbəşəhər,
kəndbəkənd irəlilədikcə
işğaldan azad etdikləri məntəqələrin
ən uca nöqtələrinə bayrağımızı
sancdılar. 30 il erməni işğalında inləyən
torpaqlarımız Ali Baş
Komandanın səbatlı
siyasəti, xalqın iradəsi və Milli Ordunun qüdrəti
sayəsində bu gün azaddır. Bu günlərdə möhtəşəm qələbəmizin
1 ilini qürur və minnətdarlıqla qeyd edirik. Və "barışın göyərçini,
savaşın qartalı"
olan bayrağımız
ölkəmizin hər
yerində olduğu kimi, Qarabağ səmasında da vüqarla dalğalanır.
Mətanət Vahid
Filologiya üzrə fəlsəfə
doktoru
Ədəbiyyat qəzeti.- 2021.-
6 noyabr.- S.12.