M.Ə.Rəsulzadə irsində Nizami yaradıcılığı
I məqalə
Azərbaycan
Milli Qurtuluş Hərəkatının ideoloqu, Azərbaycanın
görkəmli dövlət xadimi M.Ə.Rəsulzadənin
siyasi fəaliyyəti ilə yanaşı, onun zəngin, lakin az öyrənilmiş ədəbi-bədii və
tərcümə əsərləri irsi vardır. Bu faktı qeyd etməkdə məqsədimiz -
M.Ə.Rəsulzadənin sonralar Azərbaycan şairi Nizami Gəncəvi
yaradıcılığı ilə əlaqəli
araşdırmalarının təsadüfi
olmadığını göstərməkdir.
M.Ə.Rəsulzadənin Azərbaycan ədəbiyyatı
və tanınmış yazıçı, şairlərimizlə
bağlı da ciddi araşdırmaları vardır.
M.Ə.Rəsulzadənin
ilk şeiri "Müxəmməs" adlanırdı və
1903-cü ildə may ayının 18-də Tiflisdə
M.A.Şahtaxtinskinin redaktorluğu ilə nəşr edilən
"Şərqi-Rus" qəzetində çap olundu.
M.Ə.Rəsulzadənin
"Şərqi-Rus" qəzetinin 20-ci sayında çap
edilən şeiri belə adlanırdı: "Elm tərifində
deyilibdir".
Sonradan,
1906-cı ildə, fevralın 16-da M.Ə.Rəsulzadə
"İrşad" qəzetində "Razi" təxəllüsü
ilə "Qara pul" adlı şeir çap etdirir.
1907-ci
ilin yanvarın 12-də M.Ə.Rəsulzadənin görkəmli
mütəfəkkir Ə.Hüseynzadənin redaktorluğu ilə
nəşr edilən "Füyuzat" jurnalında "Həsbi-hal"
adlı üsyankar ruhlu şeiri çap olunur və o
yazır: "Qaranlıqdır mənə dünya".
M.Ə.Rəsulzadə bu illərdə tərcümə
ilə də məşğul olur və 1907-ci ildə A.Blyumun
"Fəhlə sinfinə hansı azadlıq
lazımdır?" kitabını Azərbaycan dilinə tərcümə
edib, Orucov qardaşları mətbəəsində çap
etdirir.
M.Ə.Rəsulzadə bədii yaradıcılıq sahəsində
axtarışlarını davam etdirir, onun yazdığı
"Qaranlıqda işıqlar" adlı ilk pyesi 1908-ci ilin
dekabrın 5-də tamaşaya qoyulur.
M.Ə.Rəsulzadə
1908-1911-ci illərdə İranda olur, 1909-cu ilin avqustun 23-dən
1911-ci ilin mayın ortalarınadək Tehranda Avropa tipli
"İrani-Nov" ("Yeni İran") qəzetini fars dilində nəşr etdirir. Bu
qəzet gündəlik olaraq milli, siyasi, ictimai, iqtisadi, ədəbi,
bədii, əxlaqi və məzhəbi bir mətbuat orqanı
kimi nəşrə başlamışdır.
1910-cu ildə
onun Tehranda "Faros" mətbəəsində farsca
"Mühafizəkar və ya sosialist-mühafizəkar
partiyaların tənqidi" əsəri, 1911-ci ildə isə
Ərdəbildə fars dilində "Səadəti-bəşər"
("Bəşəriyyətin xoşbəxtliyi")
kitabı çap edilir. M.Ə.Rəsulzadə 1912-ci ildə
İrandan sonra Türkiyədə məcburi olaraq yaşamaq məcburiyyətində
olarkən, tanınmış mütəfəkkir Şeyx Cəmaləddin
Əfqaninin "Milli birlik fəlsəfəsi" əsərini
farscadan çevirib "Türk Yurdu" jurnalında çap
etdirir.
Bundan əlavə,
M.Ə.Rəsulzadə tərcümə sahəsində fəaliyyətini
genişləndirmiş, rus yazıçısı M.Qorkinin
"Ana" romanından bir hissəni, F.M.Dostoyevskinin
"Qartal" hekayəsini rus dilindən tərcümə edərək
"İqbal" qəzetində çap etdirmişdir.
M.Ə.Rəsulzadənin yaradıcı fəaliyyətində
onun teatr tamaşalarını ciddi izlədiyi, səhnə əsərləri
haqqında əsaslı məqalələr
yazdığını da görürük. M.Ə.Rəsulzadənin
ümumilikdə on bir pyes, opera və operettalar haqqında
yazıları vardır: "Əhdə vəfa",
"Əsli və Kərəm", "Arşın mal
alan", "Şah Abbas və Xurşidbanu",
"Siyavuş", "Qaçaq Kərəm",
"Rüstəm və Söhrab", "Ölülər"
və s.
M.Ə.Rəsulzadə Azərbaycanın memarlıq abidələri
haqqında maraqlı yazılar çap etdirmişdir. Bu baxımdan onun
"Bakı abidələri", "Atababa - Şeyx Yusif
Türbəsi", "Möminə Xatun" abidəsi,
"Qarabağlar" türbəsi ilə bağlı məqalələri
ciddi əhəmiyyət kəsb edir.
Bu mövzulara - incəsənətə M.Ə.Rəsulzadənin
dərindən bələdçiliyidir ki, sonradan
yazdığı Nizami haqqında kitabında rəsmlərin
seçim və təqdimatında da diqqətli mövqe sərgiləmişdir.
M.Ə.Rəsulzadə sonradan mühacirətdə
yaşadığı illərdə Azərbaycan ədəbiyyatını,
şair və yazıçılarımızın
yaradıcılığını araşdırmış, təhlil
etmiş, dəyərləndirmişdir.
Qeyd edək ki, 1920-ci illərdən başlayaraq
mühacirətdə yaşamış Azərbaycan
ziyalıları da Nizami irsi ilə bağlı ciddi
araşdırmalar aparmışlar.
1934-cü
ildə İstanbulda professor Ə.Cəfəroğlunun
redaktorluğu ilə nəşr edilən "Azərbaycan
Yurd Bilgisi" jurnalında azərbaycanlı mühacir Məhəmməd
Əli Rəsuloğlunun "Gəncəli Nizami" məqaləsi çap olundu. Qeyd edək ki, o, həm də M.Ə.Rəsulzadənin
doğma əmisi oğludur.
Bu məqaləyə qədər Türkiyədəki tədqiqatlarda,
eləcə də Azərbaycandakı araşdırmalarda
böyük şair Nizaminin azərbaycanlı və türk mənşəli
olması əsaslı şəkildə elmi auditoriyaya təqdim
edilməmişdi.
Bu dövrə qədər isə mühacirlərimizin nəşrlərində
və yazılarında Nizami mövzusuna ümumilikdə
toxunulmamışdı. Yalnız M.Ə.Rəsulzadə 1923-cü ildə nəşr
edilən "Azərbaycan Cümhuriyyəti, keyfiyyəti-təşəkkülü
və şimdiki vəziyyəti" kitabında, yenə eyni müəllifin
1928-ci ildə çap olunan "Qafqasya türkləri" əsərində Nizaminin adı
qısa məlumatla
verilmişdir.
M.Ə.Rəsulzadə irsində N.Gəncəvi ilə
bağlı ilk məlumatları 1920-ci illərdə əldə
etmək mümkündür. Məlum olduğu kimi, 1920-ci ilin 27
Aprelində Azərbaycan Rusiya bolşevikləri tərəfindən
işğal edildi, ilk Cümhuriyyətimizi yaradan digər
şəxsiyyətlər kimi M.Ə.Rəsulzadə də Vətəni
tərk etmək məcburiyyətində qaldı. Rusiya,
Finlandiya və başqa ölkələrdə yaşamaq məcburiyyətində
qalan M.Ə.Rəsulzadə
böyük çətinliklə 1922-ci ilin dekabrında
Türkiyəyə getdi. Həmin dövrdən
başlayaraq o, həm siyasi mücadiləsini, həm də
tarix, ədəbiyyat sahəsində olan
araşdırmalarını davam etdirdi.
M.Ə.Rəsulzadə
1923-cü ildə nəşr etdirdiyi "Azərbaycan
Cümhuriyyəti, keyfiyyəti-təşəkkülü və
şimdiki vəziyyəti" ("Azərbaycan Cümhuriyyəti:
yaranması və formalaşması") kitabında, "Ədəbi
və milli intibah" bölümündə Nizaminin Azərbaycan
şairi olduğunu belə ifadə edirdi: "Bu türklər
Azərbaycanı ikiyə bölən Araz çayının
iki tərəfində yaşayıb və qismən İrana
bu və ya bu surətlə bağlı müstəqil bir halda
yaşadıqları zaman məhkum bir millət deyil, hakim
olaraq yaşayırlardı. Çünki əsrlərdən
bəri İranın hakim sinfini türklər təşkil
edirdi...
Azərbaycan xalqı idarəcə gördüyü
ağırlığı başqalarından deyil, öz
cinsindən gördüyü üçün həqiqi məhkumiyyətini,
mənəviyyatca başqa bir mədəniyyətin məhkumu
olduğunu dərk etmirdi. O, get-gedə farslaşırdı.
Yuxarı təbəqə təhsilini farsca görür, fars tərbiyəsi alır, fars kimi
düşünür və özünün
doğrudan-doğruya iranlı olduğuna qane olurdu. Xalqın həll və əqdini əlində saxlayan
bu yuxarı təbəqə kimi mənəviyyatına hakim
olan bilikli adamlar sinfi də eyni ruhda, eyni tərbiyədə və
eyni zehniyyətdə idi.
Fars ədəbiyyatına
Nizamilər, Xaqanilər, Məhsətilər kimi ustadlar bəxş
edən bu torpaqda yetişən Azərbaycan ziyalısı pək
təbii idi ki, bir zaman Süleyman Qanuninin belə az qala qəbul
elədiyi Sədi dili qarşısında əriyib
özündən keçmiş, türk ilə türkcəyə
xor baxmışlardı".
M.Ə.Rəsulzadənin bu təqdimatında Nizami Azərbaycan
şairi, türk şairi kimi təqdim olunur.
1928-ci ildə İstanbulda "Türk Ocaqları"
İdarə Heyəti tərəfindən Yusif
Akçuranın topladığı yazılar əsasında
və onun da redaktorluğu ilə "Türk ili" məcmuəsi
nəşr edilir. Bu məcmuədə M.Ə.Rəsulzadənin
böyük əhəmiyyət kəsb edən "Qafqaz
türkləri" əsəri də çap olunur.
M.Ə.Rəsulzadə bu əsərində də
tanınmış Azərbaycan ziyalılarının fars dilində yazması probleminə toxunur,
A.Bakıxanovun "Gülüstani-İrəm"ini,
M.F.Axundovun əsərlərinin bir qismini farsca
yazdığını qeyd edir. M.Ə.Rəsulzadə Azərbaycan
Atabəyliyi dövründə yaşamış Azərbaycan
şairi Fələki Şirvaninin fars ədəbiyyatının
ustadlarından sayıldığını qeyd etdikdən
sonra, Nizami haqqında üç sətirdən ibarət olan
çox qısa məzmunlu bu cümlələri yazır:
"Nizaminin mənşəyində ixtilaf olduğu
üçün onu azərbaycanlı bir türk şairi
olmasa da, Gəncədə yaşamış və bu mühit
içərisində yetişmiş bir şair olaraq qəbul
edə biliriz. Şamaxıdan, Bakıdan, Gəncədən,
Dərbənd ilə Təbrizdən bir çox alimlər,
şairlər, həkim və filosoflar
çıxmışlar ki, əsərlərini farsca
yazmışlardır".
Çox
ehtimal ki, M.Ə.Rəsulzadə "Nizaminin mənşəyində
ixtilaf" fikrini, bəzi fars tədqiqatçılarının,
şairin əslinin İranın Qum şəhərindən
olması fikri ilə əlaqələndirib təqdim edirdi. M.Ə.Rəsulzadə sonrakı
araşdırmalarında isə Nizaminin əslən Gəncədən
olduğunu, onun Azərbaycan şairi kimi qəbul edildiyini əsaslandırdı.
1936-cı
ildə M.Ə.Rəsulzadə Almaniyada, Berlində
"Çağdaş Azərbaycan ədəbiyyatı"
kitabını Türkiyə türkcəsində, rus dilində
isə Parisdə
çap etdirir.
M.Ə.Rəsulzadə bu araşdırmalarında
görkəmli Azərbaycan şair və
yazıçıları olan M.Füzuli, Ş.İ.Xətai,
M.Ş.Vazeh, M.F.Axundzadə, N.Vəzirov, Ə.Haqverdiyev,
M.Ə.Sabir, M.Hadi, H.Cavid, C.Məmmədquluzadə və digərləri
haqqında bilgilər vermişdir. Burada sovet rejimində
yaşayan C.Cabbarlını, Ə.Abidin
yaradıcılığını əhatə edən məlumatlar
vardır.
M.Ə.Rəsulzadə 1936-cı ildə Parisdə
"Qafqaz, Türküstan və Ukrayna xalqlar dostluğu" cəmiyyətinin
toplantısında rus dilində "Müasir Azərbaycan ədəbiyyatı"
mövzusunda məruzə etmişdir. Həmin məruzə
kitab olaraq da 1936-cı ildə Parisdə rus dilində nəşr
edilmişdir.
Öz məruzəsini
"Azərbaycan türkləri Ümumtürk mədəniyyətinin
inkişafında əhəmiyyətli rol oynamışlar"
sözləri ilə başlayan M.Ə.Rəsulzadə
böyük şair Füzulinin XIX əsrə qədər Azərbaycan
ədəbiyyatına təsir imkanlarını qeyd edir və
sonra Nizami Gəncəvinin həqiqi Azərbaycan şairi olduğunu
xüsusi vurğulayır: "Əgər diqqətə alsaq
ki, ona qədər (yəni Füzuliyə - red.) və ondan
sonra Azərbaycanın ən yaxşı şairləri fars
dilində yazmışlar, fars ədəbiyyatının
böyük klassikləri olan Fələki və Xaqani
Şirvanilər, eləcə də Nizami Gəncəvi əsl
azərbaycanlı idilər, bax onda aydın olar ki,
sözün həqiqi mənasında, Füzuli hansı ədəbi
inqilabı etmişdir".
Göründüyü
kimi, M.Ə.Rəsulzadə 1936-cı ildəki
çıxışında və elə həmin ili nəşr edilən kitabında Nizaminin
"azərbaycanlı" olduğunu qeyd edir.
M.Ə.Rəsulzadənin
Nizami haqqında geniş araşdırmalara əsaslanan əsərini
yazması İkinci Dünya müharibəsinin
başlanmasından (1939-cu il, sentyabr)
sonraya təsadüf edir. Bu, daha çox onun
Rumıniyada yaşadığı illərə (1940-1944)
aiddir.
Aydın olur ki, M.Ə.Rəsulzadə bu əsərini
Rumıniyada yazıb və 1941-ci ildə başa
çatdırıb. Onun məqsədi böyük şairin
anadan olmasının 800 illiyinə bu əsərini töhfə
etmək idi. Əslində, M.Ə.Rəsulzadə
bu ağır və əsaslı araşdırmasını
başa çatdırdı. Lakin İkinci
Dünya savaşının o dövrdə davam etməsi,
savaş bitəndən sonrakı dönəmdə gərgin
şərait kitabın nəşrinə imkan yaratmadı.
Nəsiman YAQUBLU
Ədəbiyyat qəzeti.- 2021.- 6 noyabr.- S.15.