Varislər

 

Mənim atalı dünyam...

 

"Varislər"in bugünkü qonağı unudulmaz yazıçı, uzun illər mətbuat sahəsində çalışmış dəyərli jurnalist, tərcüməçi, ictimai xadim, gözəl dost Cəmil Əlibəyovun oğlu Ceyhun Əlibəyovdur.

 

1927-ci ildə Füzuli rayonunun Dədəli kəndində, Ədil bəyin ailəsində gəlmişdi dünyaya. Ədil bəy Dədəli kəndinin sayılıb-seçilən kişilərindən biri, Dədəli oymağına başçılıq etmiş Əlibəyli nəslinin davamçısı idi. Sovetlər qurulduqdan sonra sinfi düşmənçilik adıyla təqiblərə məruz qalan Ədil bəy, Araz çayını keçərək İrana mühacirət etmək məcburiyyətində qalmış, haqsızlığa, ədalətsizliyə tab gətirməyən ürəyi az sonra mühacirətdəcə dayanmışdı.

Cəmil Əlibəyovun anası Ziba xanım dindar qızı olduğundan o da sovetlərin təzyiqlərinə tuş gəlmiş, Cəmil Əlibəyov dayılarının himayəsində böyüməyə məcbur olmuşdu. Yeniyetməlik, gənclik illərində Cəmil Əlibəyovu daima təqib edən mülkədar oğlu olmaq, sinfi düşmən ailəsində doğulmaq ittihamları dəfələrlə qarşısına sədd çəksə də, bu həssas qəlbli adamın iradəsini qıra bilməmişdi. Məhz bu səbəbdən Cəmil Əlibəyovun şərəfli həyat yolu həmişə sevgiylə, ehtiramla xatırlanır.

 

Əlibəyovlar...

 

- Ceyhun müəllim, kim olub Əlibəyovlar. Kim olub Dədəli oymağının başçısı Əli bəy?

- Ata babam Ədil bəy Dədəli kəndində məşhur adam olub. Onun ulu babaları isə həmin yerlərdə uzun illər mal-mülk və söz sahibi olublar. Bir vaxtlar atamın xahişilə əmim oğlu Gəray Əlibəyov xeyli müddət arxivlərdə işlədi və əlibəyovların tarixilə bağlı sənədləri tapıb üzə çıxara bildi. Əldə edilən materiallar üzərində işləyən atam sonuncu "Zəmanələrlə üz-üzə" avtobioqrafik kitabında həmin sənədləri təqdim etdi və əlibəyovlar nəslinin tarixilə bağlı maraqlı faktlara toxundu. Bu kitab ümumiyyətlə, tarix üçün də maraqlı vəsait sayıla bilər. Kitabda atamın keçdiyi həyat yolu, qarşılaşdığı insanlar, fəaliyyəti və bir çox başqa məqamlar öz əksini tapıb.

Sovet hökuməti əyalətlərə bir qədər gec çatır. Otuzuncu illərin əvvəlində, atamın təxminən üç yaşı olanda babamız Ədil bəy təqib olunmağa başlayıb, bu səbəbdən müvəqqəti İrana mühacirət eləyib. Az sonra yollar bağlanıb və ailəsindən, doğmalarından ayrı düşüb. Babamın mühacirətə getməsi, əslində ailəsini təqiblərdən xilas etmək məqsədilə olub, çünki sovetlər baxmırdı, bütün ailə uşaqlı-böyüklü sürgünə göndərilə, ya da güllələnə bilərdi. Ədil bəy tezliklə geri qayıdacağını düşünürmüş, amma sərhədlər bağlandığından qayıda bilməyib və bu ayrılığa tab gətirmədiyindən iki il sonra qürbətdə vəfat edib. 

Atam sonuncu əmim o vaxt balaca olduqlarından Ədil bəyi, yəni atalarını xatırlamırdılar. Ədil babamla bağlı məlumatları atamın böyük qardaşlarından eşitmişdim. Knyaz əmim 1941-1945-ci il müharibəsində itkin düşmüşdü. Həsən əmim müharibədə həlak olmuşdu. Atamla bərabər altı qardaş olublar və hamısı dünyasını dəyişib. Sonuncu atam idi o da 2014-cü ildə vəfat etdi.

Atamın dövlət qulluğunda son iş yeri "Xalq qəzeti"nin baş redaktorluğu oldu. Sonra təqaüdə çıxdı. Son günlərinə qədər yaradıcılıqla məşğul olurdu. Bir ilə qədər evdə qaldı, sonra işsiz otura bilmədi. Atam rejimlə yaşayırdı, mən onun bu rejimi dəyişdiyini görmədim. İşdən axşam saat 8-dən sonra gəlirdi evə. Qəzetdə işləyəndə isə ümumiyyətlə gec gəlirdi. Çünki gündəlik qəzet idi və ən son materiallar hazır olub, mətbəəyə göndərilənə qədər işdə olurdu. Axşam saat 11-də yatır, səhər saat 5-də yuxudan oyanır, saat 8-ə qədər yazırdı. Bu həmişə belə davam elədi. Sonra yüngül qəhvəaltı eləyib işə gedirdi.

- Cəmil müəllimin anası Ziba xanım axund qızı olduğuna görə sinfi ayrı-seçkiliklə üzləşmişdi. Belə çıxır ki, ailə hər tərəfdən yeni quruluşa düşmən olub...

 

Azərbaycan qadını

 

- Mən Ziba nənəmi görməmişdim, 1969-cu ildə dünyasını dəyişmişdi. Ədil babam mühacirətdə dünyasını dəyişəndən sonra ailənin bütün yükü Ziba nənəmin üzərinə düşüb, uşaqlarını böyüdüb, təhsil almaları üçün əlindən gələni edib. Bilirsiniz, məncə, Azərbaycan qadını bütün hallarda hörmətə, sevgiyə layiqdir. Müharibə dövründə ərlərini cəbhəyə göndərən qadınlar həm ailəni saxlayrdı, həm öz yerinə, həm də müharibədə olan ərinin yerinə işləyirdi. Bütün çətinlikləri, bütün yükü öz zərif çiyinlərində daşıyırdı. Amma indi eşidirik də, bir balaca çətinliyə düşən kimi ailələr dağılır, münasibətlər pozulur. Mənim anamgili böyük ailə olublar. Ana babam İsrafil Nəzərov vaxtilə Dövlət Radio-Televiziya Verilişləri Komitəsinin sədri, sonra "Kommunist" qəzetinin baş redaktoru olub. Müharibə dövründə İranda işləyib və o vaxt ailənin bütün yükü Balaxanıda ana nənəmin üzərinə düşüb. Azərbaycan qadını, Azərbaycan anası bütün hallarda hörmətə layiqdir.

- Cəmil müəllim uşaq yaşlarından ana qohumlarının, dayılarının himayəsində böyüyüb. Sonradan bu qohumluq münasibətləri necə qorundu? Cəmil müəllim tanınmış, hörmətli adam idi, qohumlar onun nüfuzundan, köməyindən yararlanırdılarmı?

- Atam təkcə qohumlarını deməzdim, mənsub olduğu milləti, xalqı çox sevirdi və təbii ki, qohumlar, doğmalar bu sevgidən əsas xətt kimi keçirdilər. O, ümumiyyətlə, insanları sevirdi. Nə vaxtsa kimdənsə xoşu gəlmədiyini, kiminləsə düşmənlik elədiyini eşitmədim, görmədim. Olurdu, bəzən kimsə atama deyirdi ki, filankəs sənin haqqında belə danışdı, belə dedi, amma o, buna əhəmiyyət vermirdi, inanmırdı. Qohumlar da onun xətrini çox istəyirdilər. Ümumiyyətlə, Füzulidə, Qarabağda atamın hörməti böyük idi. Evin sonbeşiyi mənəm. Yaxşı xatırlayıram, ikiotaqlı mənzilimiz vardı, amma həmişə evdə qonaq olurdu. Rayondan gələnlər bizim evdə qalırdılar. Əsgər gedənlər, oxumağa gələnlər yerbəyer olana qədər bizdə yaşayırdılar, amma evdə bununla bağlı qətiyyən narazılıq olmurdu. Dostları da çox idi. Qarabağa gedəndə hörmətlə qarşılayırdılar.

Atam, bir ondan kiçik qardaşı Şamil əmim Bakıda yaşayırdılar, qalan bütün qohum-əqrəba rayonda idi və atam ildə bir neçə dəfə mütləq onlara baş çəkirdi. Bibim oğlu Asif Quliyev uzun illər "Sovet kəndi" qəzetinin baş redaktoru olmuşdu. O da çox hörmətli jurnalist, tanınmış adam idi. Bibimin o biri oğlu Sərdar Quliyev APİ-də dekan olub. Alim idi. Demək olar hamısı savadlı, ziyalı adamlar idilər və onların təhsil almasında atamın böyük rolu olmuşdu. Əvvəl qohumlar, tutaq ki, atamın dayısı Səttar müəllim atamın təhsil almasına kömək etmişdi, ona arxa, dayaq olmuşdu, sonra atam qohum uşaqlarının oxumasına, yerbəyer olmasına bir böyük kimi əlindən gələni etdi. Atamın xüsusi məqsədi olmayıb ki, qohumlarımız Bakıya köçsünlər, sadəcə təhsil almalarını, cəmiyyətə yararlı insanlar kimi yetişmələrini istəyib. Atam öz böyüklərindən bu qayğını görmüşdü, vaxtı gəlib çatandan sonra o da eyni qayğını özündən kiçiklərə göstərdi və bu, bir örnək oldu. Ondan sonra gələnlər də başa düşdülər ki, bu yolu tutmaq, bir-birinə arxa, dayaq olmaq lazımdır.

- Bu, çox gözəl ənənədir. Təəssüf ki, bu gün o dəyərlər itib. İndi qohum qohumun telefonuna cavab vermək istəmir. Hələ qaynayıb-qarışmaq bir yana qalsın. Məncə, hasarlar qalxdıqca, toylarımız şadlıq evlərinə keçdikcə  insanlar bir-birindən ayrı düşməyə başladı.

 

Bir nəslin ağsaqqalı

 

- Tamamilə doğrudur. Qəribə dövr gəlib. Bəzən yaxın qohumlar bir yerdə işləyirlər, bir-birini tanıyırlar, amma qohum olduqlarını bilmirlər. Bu, faciədir. Atam nəslin ağsaqqalıydı. Ağsaqqal olmaq həm də böyük məsuliyyətdir. Bir şey olan kimi hamı atamın yanına gəlirdi. Onun məsləhətini eşitməyə ehtiyac olurdu. Kiminsə arasında narazılıq yaranan kimi atam bunun dərinləşməsinə imkan vermirdi və biz hamımız çox mehriban yaşayırdıq. Yəni istənilən məsələdə son nöqtəni atam qoyurdu və onunla da söhbət bitirdi. İndi real ağsaqqal rolu oynayan adamlar da çox az qalıb, bu missiya da başqa dəyərlərlə ölçülür. Ağsaqqallıq yaşlanmaq deyildi, söz sahibi olmaq, özündə bu cəsarəti hiss edib, bu yükün altına girmək idi. Atam o yükü uzun illər çiynində daşıya bildi. İndi mən yaşda çoxundan kiçik olsam da, qohumlarla münasibətləri qoruyub saxlamağa, dirçəltməyə çalışıram. Və sağ olsunlar, qohumlar da bu işdə mənə dəstək olurlar. Bilirsiniz necədir, məncə, kimdənsə umu-küsü eləmək, kiminsə zəng vuracağını, ilk addımı atmasını gözləmək lazım deyil, sadəcə telefonu götürüb nömrəni yığmaq və bu addımı atmaq lazımdır. Gözləsək, bir-birimizdən çox uzaq düşərik.

- Cəmil Əlibəyov yaxşı tələbə olub, uğurla oxuyub, amma universitetin son kursunda oxuyanda onu Şərqşünaslıq fakültəsindən qovmuşdular. Niyə?

- Əlbəttə, əsas səbəb atasının mühacirət etməsi, İranda dünyasını dəyişməsi, anası Ziba xanımın din xadiminin qızı olması idi. Amma sovet rejiminə quyruq bulayanlar daha ciddi ittiham qoymuşdular ortalığa, guya şərqşünaslıqda oxuyan bir qrup tələbə dövlət əleyhinə gizli fəaliyyət göstərirmiş. Atamın da adı bu məsələdə hallanmışdı. Amma haqq nazilir, üzülmür axı... Heç bir sübut tapa bilməmişdilər. Bu səbəbdən ixtisasını dəyişib, bu dəfə Tarix fakültəsinə bərpa etmişdilər onu. Təxminən həmin dövrdə "Azərbaycan gəncləri" qəzetində işləməyə başlamışdı. Bilirsiniz, imzasız məktub yazanlar, üzdə olan, istedadlı, bacarıqlı adamları gözü götürməyənlər, paxıllıq eləyənlər, ayağının altını qazanlar həmişə olub. Bu "donoslar" təkcə tələbəlik illərində yox, elə sonrakı həyatında da atamı təqib eləyib, amma daha demokratik adamlar da olub ki, bunları ciddi qəbul etməyiblər. Yoxsa daha çox ziyalımız, elm, mədəniyyət adamımız günahsız yerə qurban ola bilərdi. İnsan daşın ona haradan atıldığını bilir. Əlbəttə, adam düşünür ki, bu daşı ata bilən bir-iki nəfər var, konkret bilməsə də təxmin eləyir. Atam onları tanıyırdı. Bu ona daha təmkinli olmağa, daha yaxşı işləməyə, daha böyük uğurlar qazanmağa stimul verirdi sanki. Əgər onlara baş qoşub, enerjisini buna sərf eləsəydi, həm vaxtını, həm də hörmətini itirərdi bəlkə də. Atam daha böyük düşüncəylə yaşayırdı.

O, öz kimliyini gizlətmirdi, bəy oğlu olduğunu deyirdi. Həm də deyirdi ki, dövr dəyişib, bu gün mən öz dövlətimə, öz vətinimə xidmət etməliyəm. Hələ gəncliyindən mühüm dövlət işlərinə irəli çəkmişdilər onu. Radio və Televiziya Komitəsində Radio üzrə sədrin müavini olmuşdu. Onun baş redaktoru olduğu dövrdə "Azərbaycan gəncləri" qəzetinin gündəlik tirajı 450 minə çatmışdı. Kinostudiyanın direktoru, "Azərnəşr"in direktoru olmuşdu. Yəni atam öz işi, bacarığı ilə özünü təsdiq eləyə bilmişdi. Mən ağlım kəsəndən atamı dövlət işində görmüşəm, amma ailəmizin problemli dövrləri də olub, haqsız yerə müəyyən əziyyətlərə düçar olduğu dövrlər də olub. Yəni Cəmil Əlibəyov özünü təsdiq eləyənə qədər çox əziyyətlər çəkib.

- Cəmil müəllimin kinostudiyaya rəhbər təyin edilməsi ilk vaxtlar birmənalı qarşılanmamışdı. Kinonu dərindən bilməyən adamdır deyirdilər, amma qısa zaman ərzində bu fikirlər unuduldu və onun dövründə maraqlı filmlər çəkildi.

 

Kinomuzun Əlibəyov dövrü

 

- Onun kinostudiyada işlədiyi dövrlər həyatımın ən maraqlı illəridir. Mən, demək olar, kinostudiyanın pavilyonlarında böyüyürdüm. Dekorasiyalar qurulurdu, otaqlar, saraylar düzəldirdilər. Qrim sexi, paltar sexi, rekvizit sexi, aktyorlar, rejissorlar, operatorlar, rəssamlar... möcüzələr aləmiydi mənimçün kinostudiya. Orda mən hamını tanıyırdım, mən də hamını tanıyırdım...

O ki qaldı atamın kinostudiyaya direktor təyin olunmasına, təklif ölkə rəhbərindən, unudulmaz Heydər Əliyevdən gəlmişdi. Ədil İsgəndərovdan sonra kinostudiya kimi bir yerə rəhbərlik eləmək məsuliyyət idi. Atamın qarşısına şərt qoyulmuşdu, qısa müddət ərzində kinonu qaldırmalıydı. Məncə, o, kinostudiyaya gedəndə hardasa 4-5 il işləyəcəyini düşünürdü, amma on ildən artıq işlədi və onun dövründə çəkilən filmlər Dövlət mükafatına, xarici ölkələrin kino mükafatlarına layiq görüldü. "Babək" filmi böyük büdcəli filmlərdən idi, birbaşa ulu öndər Heydər Əliyevin dəstəyi və diqqətilə çəkilmişdi. "Dədə Qorqud", "Tütək səsi", "İstintaq", "Ad günü", "Dərviş Parisi partladır" və s. filmlər kino tariximizin inciləridir. Kinomuz 90-cı illərdən sonra böyük böhran yaşadı. Avadanlıqlar dağıldı, kino mütəxəssisləri pərən-pərən düşdü, kinostudiya öz mahiyyətini itirdi. Bəzən bir şeyi sıfırdan qurmaq, onu bərpa eləməkdən asan olur. Kinomuz indi yavaş-yavaş özünə gəlməyə başlayıb və əminəm ki, ən yaxın gələcəkdə milli kinomuz öz əvvəlki şöhrətini geri qaytaracaq.

Atam Dövlət Televiziyasında milli radioya rəhbərlik edən sədr müavinliyindən getmişdi kinostudiyaya. Əlbəttə, radio işi sırf jurnalistikaya bağlı sahədir, kino isə daha çox bir sıra incəsənət sahələrini özündə birləşdirən sənaye-istehsalat sahəsiydi. Amma atam tez adaptasiya olundu işinə. Ümumiyyətlə, onun üçün belə şeylər çətin deyildi, "bacarmaram" sözü onun leksikonuna yad idi. Mən də bu cəhətdən ona çəkmişəm. Əgər bir işi boynuma götürürəmsə, qısa müddət ərzində onu öyrənib işimə bağlanıram. Atam bütün işlərini sevərək görürdü. Atam öz işçilərinə, belə deyək də öz komandasına inanırdı. Uğurun açarı komandaya inanmaqdan başlayır, əks halda iş getməz. Atam insanlara inanırdı.

Sizə bir əhvalat danışım. Atam kinostudiyadan çıxandan sonra mən o tərəflərə getmirdim. Doxsanıncı illərdə bir gün dostlarım məni "20 Yanvar" metrostansiyasının yaxınlığında yeni açılmış restorana dəvət etdilər. Getdik ora. Addımımı atıb içəri girən kimi kinostudiyanın həyətində olduğumu başa düşdüm. Bələd idim axı oralara. Ürəyim ağrıdı. Evdə atama dedim ki, kinostudiyanın həyətində restoran açıblar, gözləri doldu.

- Cəmil müəllim uzun illər müxtəlif vəzifələrdə işləyib. Vəzifəli adamlarla dostluq etmək istəyənlər çox olur. Kim idi onun dostları? Kimlər gəlib-gedirdi evə?   

- Atamın dostu çox idi. Daha çox qələm adamlarıyla dostluq edirdi. Hikmət Ziya yaxın dostu idi. Tutaq ki, il boyu Hikmət əmi evə gəlməsə də bilirdik ki, uzaq başı yanvarın birində mütləq bizdə olacaq. Çünki yanvarın 1-də böyük qardaşımın ad günüydü və xatırlamıram ki, nə vaxtsa Hikmət əmi həmin gün hava şəraitindən asılı olmayaraq bizə gəlməsin. Onsuz da yeni il idi, hər evdə süfrə açılırdı. Hikmət əmiyə nəyisə xatırlatmaq lazım deyildi. Ya da zəng vurub demirdi ki, sizə gəlirəm. Biz onu gözləyirdik. Evin fəxri qonağıydı.

- Bu gün Cəmil müəllim həyatda yoxdur. Vəziyyət necədir, yenə sizə ona görə hörmət edirlərmi?

- Yaşım artıq əllini keçib, əlbəttə, mən Cəmil Əlibəyovun oğluyam və ömrümün müəyyən dövründə atamın adı mənə həmişə yol açıb, amma mən də həyatımı elə qurmağa çalışmışam ki, özüm həyatda nüfuz qazana bilim və o adı, o soyadı qürurla yaşadım. Bu gün çox adam mənim Cəmil Əlibəyovun oğlu olduğumu bilmir, çünki atamın yaşıdlarının əksəriyyəti dünyadan gedib, gənc nəsil isə o dövrün imzalarıyla bəzən maraqlanmır. Amma incəsənət adamları atamın adını yaxşı xatırlayırlar və mən onların atama olan hörmətini həmişə hiss edirəm. Nə xoş ki, bu gün də atamı Cəmil müəllim kimi, Cəmil əmi kimi sevənlər var.

 

Çayxanada görüş

 

Atamla bağlı xatirələrim çoxdur. Onunla xeyli yol yoldaşı olmuşam. Qarabağda, Şuşada olmuşuq dəfələrlə bir yerdə. Bir dəfə Ağdamda tədbir vardı, bir avtobus yazıçı-şairlə Ağdama gedirdik, bircə azyaşlı mən idim o avtobusda. İndiyə qədər o möhtəşəm səfəri xatırlayıram. O zarafatlar, o söhbətlər hələ də qulaqlarımda səslənir. Çay içmək üçün Şamaxıda dayanmışdılar. Bilmirəm adamlar haradan xəbər tutdular, necə xəbər tutdular, yarım saatın içində nə qədər adam toplaşdı həmin çayxanaya, suallar verirdilər, danışırdılar, şeir dinləyirdilər...

Bir dəfə Şuşada tədbirdəydik. Tədbirdən sonra İsa bulağında məclis davam etdi. Cavan-yaşlı xanəndələr toplaşmışdı ora. Əsl musiqi yarışması gedirdi. Biri oxuyur, digəri muğamı yarıdan davam edirdi. Hər biri özünü göstərmək, öz istedadını ortaya qoymağa çalışırdı. Atamın "Mənim analı dünyam" adlı məşhur romanı vardı, bax o günlər də mənim atalı dünyam idi, xoşbəxt, əvəzsiz günlərim idi.

- Cəmil müəllim 86 il ömür sürdü. Bu yaşda artıq insan ailə tərəfdən, nəvə tərəfdən arxayın gedir. Cəmil müəllim ömrünün son günlərini necə yaşadı? Nədənsə nisgilli getmədi ki...

- Atam çox iradəli adam idi. Cavan vaxtlarında rayona gedəndə avtomobil qəzasına düşmüşdü, onurğası sınmışdı. Bakıya gətirmək vaxt itkisi olduğundan onu hərbi hospitala çatdırmışdılar. Həkimlər onun bir də ayaq üstə durub, gəzə biləcəyinə şübhə edirdilər, amma atam altı aya öz iradəsilə ayağa qalxdı. Həkimlər məsləhət görmüşdü ki, özünə bağ alsın və bağı belləsin. Bu, fizioterapiya kimi bir şey idi. Atam ömrü boyu o məsləhətə əməl etdi, bütün bağı o belləyirdi və dəfələrlə belləyirdi. Mən cavan idim, onun kimi işləyə bilmirdim...

Qarabağ hadisələri başlayanda Füzuliyə getmişdik. Yaz idi, amma ağacların yarpağı saralmışdı. Atam heyrətlə soruşdu ki, ilin bu fəslində yarpaqlar niyə saralıb, hərbçilər cavab verdilər, dedilər ki, top səsləri, barıt qoxusu saraldır yarpaqları... Mistik bir şey idi. Atam məni qucaqlayıb, gözlərini gizlətdi...

 

Söhbətləşdi: Əyyub QİYAS

 

Ədəbiyyat qəzeti.- 2021.- 6 noyabr.- S.16-17.