Həyət
hekayə
Bakı kəndlərinin birində palçıqlı,
yağışlı, tutqun göyləri ürəyə kədər
gətirən payız ayının son günləri idi. İki gün
əvvəl isə bu kəndə əsl bahar
qayıtmışdı. Günəş
buludların arasından sıçrayıb
çıxmış, bütün ətrafı al-əlvan
şüalara qərq eləmişdi. Həmidağa
üzünü taraş etdirmək üçün Zakir
ustanın bərbərxanasına getmişdi. Bir kənarda oturub növbəsini gözləyirdi.
Zakir usta kresloda yayxanaraq tərpənməz qalmış
müştərinin üzünü qırxa-qırxa Həmidağa
ilə söhbət eləyirdi. Söhbət həmişəki
söhbət idi:
- Mən
vallahi, mat qalmışam. Səlim də özgəsi deyil... (Səlim Zakirə üzünü qırxdıran
müştəri idi). Şəhərdə
o boyda evin ola-ola (Təzəbazarın yanında ikiotaqlı mənzildən
söhbət gedirdi, çoxlu qonşuları yaşayan və
adını Böyük həyət adlandırdıqları
həyətə girişin sağ tərəfində
qoyulmuş zibil yeşiklərinin yanındakı ata-baba evi), sən
gəlib girmisən burda balaca bir deşiyə. Əməlli-başlı
müştərin də yoxdu... Köç get,
yaşa. Yaşa! Burdakı evini də istəsən,
lap elə mən alaram. Evə görə yox a... Bir dənə
o tut ağacına görə...
Zakirin
dediyi o "balaca deşik" Zakirin özünün gen-bol həyətinin
divarına söykənmiş (əslində,
qısılmış) komaya bənzər bir ev
idi. Amma bu evin özünəaid balaca bir həyəti
var idi. Necə olsa da bu həyət ancaq
onun həyəti idi. Həmidağa əvvəllər
buranı böyük şəstlə həyətim
adlandırırdı. İçindəki yeganə tut
ağacı həyətdəki evin özündən
böyük idi və o, yelpazə kimi qol-budaq açıb ev adlanan bu komanı sanki kimdənsə
qoruyurdu. Həmidağa bu həyətə indi
nifrət edirdi. "Doğrudan da mən
niyə bura belə bağlanmışam?! Şəhərdə
qalmaq (yaşamaq!) burdakından çox-çox sərfəli
olar. Uşağın da məktəb qurtarmağına az qalıb. Özümün də işim orda
başımdan aşardı..."
"Əməlli-başlı müştərin
yoxdu!" sözlərinə gələndə, demək
lazımdı ki, Həmidağa taksi işinə
baxırdı.
Bir köhnə "Jiquli"si vardı. Atası ölən kimi Həmidağa onun həyatı
boyu yığıb saxladığı, göz-bəbəyi
kimi qoruduğu pulları anasından alıb (daha doğrusu, tələb
edib) tələsik gedib bu "Jiquli"yə vermişdi.
Evin bərəkəti o gedən getmişdi.
İndinin özünə Həmidağa ailəsilə bir
yerdə həmən nimdaş "Jiquli"nin
içində gəlib çıxmışdılar.
Kənd yeridi, müştəri həftədə iki dəfə
olurdu, ya olmurdu. Arvadı Gülşən bir sehirbaz kimi nə
təhər edirdisə bu kiçik ailə dolana bilirdi.
Sağ olsunlar paltar yudurdan, ev təmizlədən
bağ sahibləri, qonşular... "Jiquli"nin
əsas işi çirkli paltarları evə, təmiz, yuyulub
ütülənmişləri isə evdən sahiblərinə
çatdırmaq olurdu. Günlər, aylar beləcə
sakit-sakit keçib gedirdi. Bəzən tez-tez, bəzən
yavaş-yavaş...
Həmidağa qonşusu Zakir ustanın yanından fikirli
ayrıldı.
"Bu adam doğru söz deyir. Yolumu gərək şəhərdən salım,
Böyük həyətə getmək, evə baş çəkmək
lazımdır. Nə qalıb, nə
qalmayıb?! Nə çatır, nə
çatmır?! Bilmək olmaz, zalımın qızı
bəlkə razılaşdı..."- düşündü.
Gülşəni nəzərdə tuturdu.
Həmidağa əvvəllər Böyük həyətə
qayıtmaq barədə Gülşənə ciddi şəkildə
heç bir söz deməmişdi. Zarafatla ancaq eyham
vurmuşdu. Təxminən belə.
Uzun qış gecələrinin birində axşam nəylə
məşğul olmağı biməyəndə
üzünü qızı Arzuya tutdu, əslində isə,
Gülşənə eşitdirə-eşitdirə
"İndi şəhərdə olsaydıq kinoya gedərdik..."
dedi və nədənsə şit-şit güldü. Əlində köynək cırığı
kötdəyən Gülşən əlüstü başa
düşdü ki, Həmidağa Arzu ilə deyil, onunla
danışır, ondan bir cavab gözləyir.
Arzu ki, dəftər-kitabını stolun üstünə
töküb dərsi ilə məşğul idi,
atasının bu sözlərindən sonra ağzını
açıb gah anasının üzünə, gah da
atasının üzünə baxa-baxa qaldı. Gülşən
qızı ilə masa arxasında üzbəüz oturmuşdu,
iynə keçirib kötdədiyi köynəyin
ora-burasını işığa tutdu. Köynəyi
xeyli diqqətlə gözdən keçirdi və
dodağının ucundakı sözləri ox kimi
tuşlayaraq Həmidağaya ünvanladı:"elə bircə
kinomuz çatmırdı..." Həmidağa
ta söhbəti uzatmadı. "Kino" məsələsi
bir də Həmidağa Zakirin bərbərxanasından evə
dönən gecə təkrar oldu və bu dəfə evdə ər
ilə arvad arasına yüngülvari bir mübahisə də
düşdü.
- İstəmirəm mən sənin şəhərini. Istəmirəm,
başa düşürsən? - Birdən-birə
Gülşən özündən çıxdı.
- Niyə
axı istəmirsən, Gülşən? Bunun bir səbəbi
olmalıdı, ya yox?! Elə-belə deməklə olmaz ki... Mənə səbəbini denən. Niyə? - deyə Həmidağa
tənbəl- tənbəl soruşdu.
Cavab gəlmədi. Gülşən yuyulmuş paltarla dolu bir
yekə tabağı qoltuğuna vurub həyətə
çıxdı.
Gülşən
ilə Həmidağa, əslində, qonşu idilər, haman
Böyük həyətdə yaşayırdılar və hətta
uzaq qohumluqları da var idi. Onlar eyni məktəbə
gedirdilər. Təkcə onlar yox,
bütün məhəllə eyni məktəbə gedirdi.
Həmidağanın qonşu küçədə
yaşayan əmisi oğlu Qadir də bu məktəbdə
onlardan iki sinif yuxarı oxuyurdu. Günlərin bir
günü Qadir Böyük həyətin açıq
darvazasının qarşısında qəflətən
arxadan "zühur" edib Həmidağanın qoluna girdi:
- Əmioğlu, nə var, nə yox?
Sonra cavab
gözləmədən:
- Sizin bu
qonşunuz var a, Gülşən, sən onu yaxşı tanıyırsan?
Bir sinifdəsiz?
- Həri,
bir sinifdəyik. Onlar həyətin o biri
başında olurlar. Nədi,
nöşün ki?
- Yox, elə-belə
soruşuram. Gəzib-elədiyi bir adam yoxdu
ki?!
- Mən
bilən yoxdu. Xeyir ola, əmioğlu?!
- Dedim sənə
axı, elə-belə soruşuram. - Qadir bic-bic güldü. -
Bir şey olsa deyərəm. Hər ehtimal,
gözün üstündə olsun. Sonra
söhbət elərik.
Və o gündən Həmidağanın bir gözü
Gülşənin üstündə oldu. Məktəbi
bitirdilər. Qadir günlərin bir
günü pul qazanmaq (özü deyirdi, maşın almaq)
üçün Krasnoyarskda yaşayan dayısıoğlunun
yanına getdi. Nəhəng Sibir şəhəri
onu öz rəhninə elə çəkdi ki, bir daha səsi-sorağı
gəlmədi.
Günlərin bir günü axşam saat 8 olardı. Həmidağa
Böyük həyətin qabağında curları ilə deyə-gülə
son zaman dillər əzbəri olmuş hind filmi "Sanqam"
haqqında danışırdılar. Bu
vaxt Gülşən küçənin o başında tini
buruldu. Oğlanlar söhbətlərini kəsdilər.
Gülşən addımlarını yeyinlədib
onların yanından ötərək həyətə
keçdi. Oğlanlardan bir-ikisinin
gözü qıyıldı. Ağzını
açıb ortaya namünasib söz atmağa hazır olan
Əbülfəzə tərs-tərs baxandan sonra Həmidağa
qızın dalınca həyətə keçdi, arxadan
yavaş və hətta belə də demək olardı,
mülayim bir səslə onu səslədi:
- Bir dəqiqə.
Bir dəqiqə olar səni?
Qız ayaq saxladı. Dabanı üstə
fırlanıb ona sarı çöndü. Həmidağa
özü də bilmədi ki, nə üçün
Gülşənə bu cür pənbə buludlar qədər
yumşaq bir səslə belə bir sual verdi:
- Xeyir ola,
bu vaxtı sən hardan gəlirsən?! Axşam
düşüb, qaranlıqdı...
Hava təzəcə qaralmağa başlayırdı. Günün
ağırlığını çiyinlərinə
almış Böyük həyət, nəhayət,
hamını öz evinin içinə salmış və nəhayət,
indi asudə nəfəs almağa hazırlaşırdı.
Ətrafda heç kəs yox idi. Nə gələn var idi, nə gedən. Gülşən belə bir qəmzəli şəkildə
Həmidağaya sarı çevriləndə Həmidağanın
ürəyi quş ürəyi kimi çırpınmağa
başladı. Tərs təbiəti ilə
ad çıxarmış Gülşən yəqin ki, bu saat
ona dişinin dibindən çıxanı deyəcəkdi.
Hansı haqla Həmidağa onu belə bir
sorğu-suala tutur?! Eyni həyətdə
yaşadıqları üçünmü?! Ya bəlkə
artıq heç kimin düz-əməlli
xatırlamadığı uzaq qohumluğa görəmi?!
Amma hər şey 180 dərəcə tərsinə oldu. Gülşən
sanki Həmidağaya illər boyu hara gedib hardan gəldiyinin
saatbasaat hesabını vermişdi. İndi də hesabat
verəcək şəkildə:
- Rəfiqəmgildəydim,
- dedi. - Anamgilin xəbəri var. İmtahana
hazırlaşırdıq. Oldu?!
Yer-göy Həmidağanın başına
fırlanmadımı, fırlandı. Ürəyindən ona indiyənədək
tanış olmayan xoş bir gizilti
keçdi. Onu sayırdılar, ona hesab verirdilər.
Özü də kim - Gülşən. Daha heç nə soruşmadı. "Hesabatı qəbul etdim" mənasında
başını bir-iki dəfə tərpədib sevincək
(amma bu sevinci biruzə vermədən) həyətin girəcəyinə,
uşaqların yanına geri döndü. Burada
sükut hökm sürürdü. Kimi
oğrun-oğrun siqaret çəkirdi, kimi də mənalı-mənalı
susurdu. Məlumdu ki, onu gözləyirdilər.
Həmidağa boğazını arıtlayıb ötkəm
bir səslə ortalığa dedi:
-
Podruqasıgildə imiş. İmtahana
hazırlaşırmışlar. Evdən
icazəliydi.
Sonra Gülşəni rəfiqəsigilə Həmidağa
aparıb-gətirməyə başladı. Əvvəl
arxasınca gizlənə-gizlənə, daha sonra artıq
yanında, qızın gəzdiyi oğlan kimi. Sonra "həri" oldu, sonra nişan, sonra da toy. Gülşən
eşidəndə ki onlar kənddə Həmidağanın
babasından qalmış evdə yaşayacaqlar, çox
sevindi. Ən çox da Böyük həyətdən
ayrılacağına görə. Gülşən
bu həyətə nifrət edirdi. Ata-anası
öləndən sonra evlərini satmışdılar. Burada ona doğma olan heç nə
qalmamışdı. O zaman Gülşən Böyük
həyətlə bağlı öz fikirlərini ümumiləşdirib
Həmidağaya belə demişdi:
- Nifrət
edirəm bu həyətə. Evdən
çıxıb həyətin qapısına gələnəcən,
elə bil, hamı sənə baxır. Elə
bil, rentgen altındasan. Adam öz beyni ilə,
öz ürəyi ilə təkbətək qala bilmir. Belə də insanlar olar?! Gözlərilə,
elə bil, sifət yox, asfalt deşirlər.
Həmidağa Gülşənin niyə belə dediyini
anlamamışdı. Onların evi Böyük həyətin
girəcəyində olduğu üçün o, darvazaya qədər
yol ölçmürdü.
...Həmidağa
səhər tezdən hələ yarıyuxulu halda gözlərini
ovuşduranda ağlına gələn ilk fikir bundan ibarət
oldu ki, Gülşənlə barışmaq yeni həyata qədəm
qoymağın yaxşı bir başlanğıcı ola bilər. Yeni həyata qədəm qoymaq Həmidağa
üçün Böyük həyətə qədəm
qoymaq kimi bir şey idi.
- Mənim
bu şalvarım hardadı görəsən? -
Öz-özünə mızıldanıb Həmidağa yataq
otağında ora-bura ha baxdısa gecə yatağa girmədən
əvvəl soyunub hara gəldi tolazladığı
şalvarını tapa bilmədi.
Şalvar isə onun bir addımlığında səliqə
ilə stolun başına keçirilmişdi. Həmidağa
dodağının ucuna təbəssüməbənzər
heç bir məna verməyən bir ifadə qondurdu. Başını yırğaladı. Sonra şalvarıını əyninə
keçirdi və indi də köynəyini axtarmağa
başladı. Əzik-üzük köynəyi
həyət pəncərəsindən baxanda gördü ki,
yaş-yaş, suyu hələ də axa-axa zivədə yellənir.
Külək onu o tərəfə aparır, bu tərəfə
gətirir. Bu zaman əlində təzəcə
ütüdən çıxmış dama-dama köynək
Gülşən otağa girdi. Dinməzcə
köynəyi ona uzatdı. Bu, Həmidağanın
sevimli köynəyi idi.
- Hə...
Ütüləmisən ki bunu... - Həmidağa
başqa söz tapıb deyə bilmədi. Gülşən də, əslində, ondan təşəkkür
gözləmirdi.
Arzu artıq məktəbə getmişdi. İkisi səhər
yeməyinə oturdular. Əlindəki çay stəkanlarını
stolun üstünə qoyub Gülşən dedi:
- Bax, Həmid,
bir də gəl bu söhbətə qayıtmayaq. Şəhərə köçmək nədi hələ?!
Burda səni əzən, sıxan var?
Öz evimiz, öz həyətimiz... Elə bircə bu tut
ağacını şəhərdəki o boyda həyətə dəyişmərəm.
- Tut
ağacı başqa aləmdi... Şəhərdə belə
tut var?! - Həmidağa altdan-altdan Gülşənə
baxdı.
- Bizim bu
balaca həyətin dadı başqadı. Ordakının
bir ucundan o biri ucuna gələnəcən elə bilirsən,
iki ostanovka yol getdin. Sən burdan niyə ləzzət
ala bilmirsən, mən başa düşmürəm.
- Niyə
ala bilmirəm?! Bilirəm.
- O zaman
bitdi bu söhbət.
Həmidağa susdu.
Amma söhbət bitmədi. Həmidağa bu dəfə
başqa metod seçdi. Heç nədən
ah-zara başladı. Bir də
görürdün gah oturduğu yerdə köksünü
ötürdü, gah gözlərini bir kənara dikib heç
kimi eşitmədi və onu səsləyəndə də
cavab vermədi. Bir-iki dəfə hətta
Gülşənə elə gəldi ki, Həmidağanın
qızdırması var və onu yataqdan qalxmağa qoymadı.
Gülşən Həmidağanın
bütün bu hərəkətlərinə kədərlə
baxır və başa düşürdü ki, Həmidağa
bunları nəyə görə edir. Həmidağa
şəhərə köçmək xülyasından hələ
də əl çəkməmişdi.
Nəhayət,
yaz günlərinin birində Həmidağa külfətini
"Jiquli"yə mindirib ən vacib ev əşyalarını,
yorğan-döşəyi maşına yüklədi.
Böyük
həyətə çatdıqları zaman Gülşən
dedi:
- Siz gedin
yerləşin. Mən bazara dəyib gəlirəm.
Gülşən evə hava qaralanda gəldi. Həyətdə
heç kimlə görüşmək istəmədiyi
üçün tez qapını açıb içəri
keçdi. Həyətdə qara-qara
kölgələr peyda olmuşdu. Ay
işığında onlar zəhmli görünürdülər.
Arzu ətrafın tozunu almış, çaydanı
qazın üstünə qoymuşdu. İndi də çay
dəmləyirdi.
- Siz
özünüz bilərsiniz, mən burda yaşaya bilməyəcəyəm,
deyəsən. - Bu sözləri deyib Gülşən
oturduğu yerdəcə əllərini qoynuna aldı və
onun gözlərindən bıldır-bıldır, adətinə
uyğun şəkildə sakitcəsinə yaş axmağa
başladı.
- Sən
burda bizim günümüzü məlum oldu ki, göy əskiyə
bükəcəksən. Durun ayağa. Yığışın görüm. Sizə yaxşılıq yoxdu. Qayıdaq.
Qayıdaq
kasıbçılığımıza davam edək. Qayıdırıq. Kəndə.
- Həmidağa artıq hər şeydən bezmiş adamlar
kimi qəti qərara gəldi.
Gecəyarısı ancaq gəlib kəndə çatdılar. Balaca, kimsəsiz həyətə girəndə yarpaqları büzüşüb bir-birinin içində gizlənən tut ağacı, elə bil, qəflətən cana gəldi. Ağacı, elə bil, kimsə dərindəki kökündən tutub bərk-bərk silkələdi. Yarpaqlar ay işığında bütün cilvələrini göstərdilər - hər biri ayrı-ayrılıqda bərq vurdu. Gümüşü ay işığı tutun budaqlarından, yarpaqlarından yavaş-yavaş süzülüb bütün həyəti öz nuruna bürüdü.
Gülşən tut ağacının altındakı skamyada təkcənə oturub maşından əşyaları endirən Həmidağaya baxır, qəlbinə yayılan rahatçılıq hissindən boğazına qəhər dolurdu.
Kamal Abdulla
Ədəbiyyat qəzeti.- 2021.- 6 noyabr.- S.18-19.