Ruhumuzun zəfəri

 

Gözün aydın, ey Vətən, izin qayada, daşda,

Sən mübarək elədin döyüşünlə qəzanı.

Baş ucaltdın şərəflə bu köksal, mərd savaşda,

Açıq ürəklə tutdun haqq tərəzi-mizanı.

 

Əllərini uzatdın ümidin salamına,

Doğma Qarabağını bağrına basdın, Vətən,

Uydun hikmət məramlı atalar kəlamına:

"Güc axırda gülənin..." susadın, susdun, Vətən...

 

Ərənlər dözmədilər pozulan atəşkəsə -

Tükənən səbrimizlə sındı o qəlib, Yurdum.

Qulaq as qəlbimdəki çağlayan ulu səsə:

Qələbə - yaraşığın sənin, ey qalib yurdum.

 

Lələk atan quş kimi xeyirxah ramındakı

Əzmin əks-sədası ərləri simurq etdi.

Ali Baş Komandanın ali məramındakı

ruhun səfərbərliyi xalqı bir yumruq etdi!..

 

Şər yağmurda islanıb, içib alov şehləri,

Əsgər, zabit, general bir əhdə qol açdılar.

Xüsusi təyinatlı Qarabağ fatehləri

Arxalanıb qeyrətə, Şuşaya yol açdılar!..

 

Torpaq imdad deyəndə köhlən çapan əlaca

Haqqın haqq hüzuruna qanadlanıb yetəndir.

Fədai şəhidlərə əyilən başlar uca

Səma ünvanlı ruhlar hərəsi bir Vətəndir!

 

Qətini alqışladı göyün şimşək zilləri;

Adın bayrağın kimi sancıldı haqq dilinə.

Var ol, Azərbaycanım - qüdrətli türk elləri!

Tarix yazdın əsrimin iyirminci ilinə!..

 

Qurban verdin bu yolda, dönmədin amalından,

Şəhidlərin qanından hüzurun çiçəklədi.

Babaların mirası igidlik təməlindən

Ümidlər pöhrələndi, arzular gerçəklədi.

 

Ey Vətən, ey yenilməz qəhrəmanlar anası,

Göstərdin öz həddini, yerini düşməninə.

Gülər üzün - açılan göy qurşağı hənası,

Torpaq azadlığını ünvan etdin şəninə.

 

Namərd yolda nahaqdan özlərini yordular

Özünə güvənməyib, kənardan "dərs verənlər"...

Ədalət amacında sənə arxa durdular

Türk-Turan elləritək səsinə səs verənlər!..

 

Quş eyvana çöp taxıb, dönər, uçmaq deyil ki...

Yurduna bağlı ürək saf eşqin yuvasıdır.

Zəfər təkcə silahdan odlar saçmaq deyil ki,

O, həm ruhumuzun istiqlal havasıdır!

 

Xəzrin xəzəllərini səpələdi köksünə;

O da dalğın görkəmin doğurur, Azərbaycanım.

qayğın var Xəzərin nəğməsinə büksənə,

Ey Qafqazların gözü, məğrur Azərbaycanım!

 

Səni qorumaq üçün müsəlləh əsgər olduq,

Zəfərləndin vüqarla, sən ey Vətən, ey Vətən!

Hər an ziyarətində biz baş əyən ər olduq,

Kəbəmiz, Qibləmizlə tən, ey Vətən, ey Vətən!

 

Qəlbimiz ipək kimi, məqamda sərtliyimiz -

Yazıldıq yaddaşına belə dostun, yadın da.

Qalxdıq, bütöv bir olduq, sınandı mərdliyimiz,

Zəfər yolçusu olduq əbədiyyət adında!

 

2 noyabr 2021-ci il

 

Yusif NƏĞMƏKAR

 

Ədəbiyyat qəzeti.- 2021.- 6 noyabr.- S.19.