"Kitabi-Dədə Qorqud":
yazılı ədəbiyyatımızın
ata abidəsi
Ədəbiyyat
tariximizdə elə şəxsiyyətlər, elə abidələr
var ki, yadımıza ancaq yubileydən-yubileyə
düşür. Amma elə abidələr də vardır ki,
yubiley oldu-olmadı heç vaxt yadımızdan
çıxmır, həmişə tədqiqat müstəvimizdədir.
Bunun səbəbi isə həmin abidənin
xalqımızın dilinin, ədəbiyyatının, təfəkkürünün,
mədəniyyətinin, mənəviyyatının tarixində
misilsiz əhəmiyyətə malik olması ilə əlaqədardır.
Və belə abidələrdən də biri və birincisi
heç şübhəsiz ki, ədəbi sevgimizin əbədi
ünvanı olan "Kitabi-Dədə Qorqud" abidəsidir.
"Vətəni
sevmək imandandır" öyrədir dinimiz. Biz 44
günlük Vətən müharibəsində
böyüyümüzdən - Müzəffər Ordumuzun Ali
Baş Komandanı, sevimli Prezidentimiz cənab İlham
Əliyevdən tutmuş, ən kiçiyimizə, müharibədə
qəhrəmancasına həlak olmuş, məqamları həmişə
başımızın üstündə olacaq ən
kiçik yaşlı şəhidimizə, vətənini sevən
hər bir vətəndaşımıza qədər Vətən
sevgimizin, imanımızın necə güclü olduğunu
bütün dünyaya nümayiş etdirdik. Və bu sevgi əslində
o qədər böyük, əzəmətli, qüdrətli,
çoxcəhətli, coxistiqamətli bir sevgidir ki, onu sözlə
ifadə etmək belə olmur, söz belə bu sevginin tərənnümündə
acizdir.
Mən
deyərdim ki, xalqımızın ən böyük mənəvi
abidələrindən biri olan "Dədə Qorqud"
eposuna olan sevgimiz də belə bir sevgidir. Çünki bu
eposda canımız qədər sevdiyimiz Vətənimizin dili,
tarixi, mənəviyyatı öz əksini tapır...
İnsan
daima özünə həmfikir, həmməslək
axtarır. Xüsusilə elm adamları. Bu mənada, təbii
ki, mən də istisna deyiləm. Mən də illərlə
sevə-sevə məşğul olduğum "Dədə
Qorqud kitabı" ilə bağlı fikirlərimin elmi
ictimaiyyətimiz tərəfindən necə
qarşılanğını bilmək istəyir, "Dədə
Qorqud kitabı"nın yaşı, tarixi, əlyazma nüsxələri
və s. problemləri haqqında dediyim fikirlərin cəmiyyətdə
necə əks-səda doğurduğunu görmək istəyirəm.
Bu baxımdan, akademik İsa Həbibbəylinin bu yaxınlarda
çapdan çıxmış "Kitabi-Dədə
Qorqud": yazılı epos və ya epopeya" ("Kitabi-Dədə
Qorqud": yazılı epos və ya epopeya" Bakı,
"Elm", 2020) adlı kitabında mənim haqqımda dediyi
dəyərli fikirlərə görə ilk növbədə
İsa müəllimə minnətdarlığımı
bildirirəm. Daha sonra isə bu kitabın çapına
görə ürəkdən sevinirəm. Çünki
akademik İsa Həbibbəyli də "Dədə Qorqud
kitabı"nın yaşını, tarixini, janrını,
poetikasını, onun yazılı ədəbiyyat, yoxsa xalq ədəbiyyatı
nümunəsimi olduğunu bir qədər yuxarıda qeyd
etdiyim Vətən sevgisi ilə araşdırır. Və bu
sevgi bizi birləşdirir, bizim həmfikir olduğumuzu deyir. Bu
mənada, mən akademik İsa Həbibbəylinin fikirlərinə
hörmətlə yanaşır, bu fikirlərin böyük
bir sevgidən qaynaqlandığını görürəm.
Məlumdur
ki, bu gün Azərbaycan Respublikası Milli Məclisinin millət
vəkili olmaqdan əlavə, akademik İsa Həbibbəyli həm
də Azərbaycan Milli Elmlər Akademiyasının humanitar
elmlər üzrə vitse-prezidentidir. Lakin o, eyni zamanda Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun da direktorudur. Həqiqətən
də, bu vəzifələr olduqca məsuliyyətli, gərgin
zəhmət tələb edən vəzifələrdir. Lakin
bu vəzifələr inzibati baxımdan nə qədər
çətin olsalar da, eyni zamanda elmi baxımdan da bir o qədər
mürəkkəb, rəhbərdən hərtərəfli
bilik, savad, geniş təfəkkür tələb edən sahələrdir.
Bu mənada, hələ vitse-prezident kimi digər humanitar elm
sahələrinə rəhbərliyi demirəm, ancaq elə
Ədəbiyyat İnstitutuna rəhbərlik etmək, ən qədim
abidəmiz olan "Kitabi-Dədə Qorqud"dan tutmuş,
müasir ədəbiyyatımızdakı müxtəlif cərəyanlara
qədər ədəbi prosesdən baş çıxarmaq
olduqca çətin işdir. Lakin ürəklə, inamla deyə
bilərik ki, akademik İsa Həbibbəyli, həqiqətən
də, bu gün bu vəzifələrin öhdəsindən
bacarıqla gəlir. Və bu gün akademik İsa Həbibbəylinin
Ədəbiyyat İnstitutuna rəhbərlik etməsi, ədəbiyyatşünaslıq
elmimizi istiqamətləndirməsi, ədəbiyyat tariximizə
yeni təfəkkürlə yanaşması olduqca diqqətəlayiq
haldır. Çünki ən azından ədəbiyyat
tariximizə yanaşmada olan ənənəvi baxışlara
son qoymaq, illərlə daşlaşmış stereotipləri
qırmaq, bu sahədə yeni söz söyləmək, yeni
üfüqlər açmaq, yeni tədqiqatlara rəvac vermək
heç də asan məsələ deyildir. Lakin qeyd edək
ki, bu qədər gərgin işin içində akademik
İsa Həbibbəyli məhz bunu bacarır, bütün təfəkkür
genişliyi ilə ədəbiyyat tariximizə nəzər
salıb, onun ayrı-ayrı mərhələlərinin
tipologiya, genezis məsələlərini öyrənir.
Həqiqətən
də, ədəbiyyat tariximizə nəzər salanda
çaşıb qalırıq: ədəbiyyat tariximizi
haradan, hansı tarixdən başlamalıyıq? Doğrudur,
bu sual üzü Firidun bəy Köçərlidən
tutmuş, əksər ədəbiyyatşünaslarımızı
düşündürmüşdür. Təəssüf ki,
bu günə qədər hələ də öz qəti həllini
tapmamış və bir sual olaraq da qalırdı. Amma akademik
İsa Həbibbəylinin "Kitabi-Dədə Qorqud":
yazılı epos və ya epopeya" adlı kitabı ilə
tanış olduqdan sonra bu suala cavab
tapıldığını inamla söyləmək olar.
Çünki akademik İsa Həbibbəyli bu
monoqrafiyasında ardıcıl, inamlı, elmi tədqiqatları
ilə bizi "Kitabi-Dədə Qorqud"un yazılı ədəbiyyat
nümunəsi olduğuna inandıraraq, məhz onun
yazılı ədəbiyyat nümunəsi kimi ədəbiyyat
tariximizin başında durmalı olduğunu söyləyir. Bu
isə ədəbiyyat tariximizə yanaşmada artıq, həqiqətən
də, akademik təfəkkürün təzahürüdür.
Qeyd edək
ki, akademik İsa Həbibbəylinin qələminə məxsus
"Kitabi-Dədə Qorqud": yazılı epos və ya
epopeya" kitabı qorqudşünaşlıqda yeni
sözdür, yeni mərhələdir və yəqin ki, yeni təfəkkür
tərzi ilə yazıldığı üçün
özündən sonra yaranacaq tədqiqatlara da təsir edərək,
onların da mahiyyətini, məğzini dəyişəcəkdir.
Əsərin bütövlükdə ideyası, məzmunu, qayəsi
yenidir: "Kitabi-Dədə Qorqud" yazılı ədəbiyyat
nümunəsidir!". Bizcə, adıçəkilən
kitabda sübut edilməsi üçün qarşıya
qoyulmuş bu məqsəd alınmış və müəllif
istəyinə nail olaraq bu tezisi sübut etməyi
bacarmışdır. Çünki məhz müəllifin
dediyi kimi, üzərində "kitab" sözü olan,
ayrı-ayrı boyları "oğuznamə", "namə"
adlandırılan, "boy boylayan"ı, "soy
soylayan"ı olan, bir müəllif tərəfindən bir
üslubda, bir təhkiyədə, bir leksik qatda yazılan, qəhrəmanlarının
əksəriyyətinin xalq ədəbiyyatında variantı
olmayan, ümumiyyətlə təkvariantlı
yaradıcılıq məhsulu kimi meydana çıxan,
obrazlarının, xarakterlərinin təsvirində,
ayrı-ayrı boylarının kompozisiya və süjet
quruluşlarında daha çox yazılı təfəkkürün
xüsusiyyətləri özünü göstərən,
epik təsvirlər baxımından roman, epos, epopeya
janrlarının tələblərini ödəyə bilən,
demək olar ki, dövrümüzə qədər bir-birinin
eyni olan cəmi iki əlyazma nüsxəsində gəlib
çatan abidə, təbii ki, həqiqətən də, ilk
növbədə, yazılı ədəbiyyat nümunəsidir.
Akademik İsa Həbibbəylinin isə bir alim kimi
böyüklüyü bu faktı Azərbaycan ədəbiyyatşünaslığında
ilk dəfə görməsi, qələmə alması və
fundamental bir tədqiqatla geniş elmi ictimaiyyətə təqdim
etməsindədir.
Bəri
başdan bir daha onu deyim ki, kitabda əsas bir tezis tədqiqat
müstəvisinə çıxarılır: "Kitabi-Dədə
Qorqud" eposu yazılı ədəbiyyat nümunəsidir"
və kitabın digər tezis və fəsilləri bu
ideyanın sübut və təsdiq olunmasına yönəldilir.
Əslində bu tezisin təsdiq olunacağı təqdirdə
qorqudşünaslıqda, ədəbiyyat tariximizdə
çox şey dəyişir: ilk növbədə, tariximiz
daha da qədimləşir. Yəni yazılı ədəbiyyat
tariximiz nə qədər qədimdirsə, deməli,
ümumiyyətlə tariximiz, xüsusilə də bədii təfəkkür
tariximiz də bir o qədər qədimdir. Bu isə o qədər
də kiçik məsələ deyildir. Xalqı xalq edən,
onu digər xalqlar sırasında hörmətə mindirən
amillərdən biri onun bədii təfəkkürünün
qədimliyidir. Və üstəlik, bu bədii təfəkkür
yazılı şəkildə meydana çıxırsa, deməli,
o xalqın tarixi, həqiqətən də, qədimdir və o
xalq yazı mədəniyyətinə gəlib çatana qədər
neçə-neçə minillikləri arxada qoymuşdur.
Məlum
olduğu kimi, "Dədə Qorqud"un yaşını bu
və ya digər mənada VII əsrlə, başqa sözlə
desək, Məhəmməd Peyğəmbər (s.ə.s.)
dövrü ilə bağlayırıq. Əslində, Dədə Qorqud
eposunun ən geci VII əsrdə yazılı şəkildə
meydana çıxması bizə o qədər də qədim
tarix kimi görünməməlidir. Cünki VI-VIII əsrlərdə
artıq türk xalqlarının daş kitabələr üzərinə
yazdığı Orxon-Yenisey abidələri var idi. Bu mənada,
"Dədə Qorqud eposunun" VII əsrdə yazılı
şəkildə meydana çıxması tamamilə təbii
idi. Və bir də eposun sonuncu boyunda "İç Oğuza
Taş Oğuz asi olub Beyrək öldügi boy"da da Aruz
Qazana asi olarkən, Beyrəgi yanına çağıran
zaman, ona "kağıd" göndərir. Deməli, Dədə
Qorqud qəhrəmanlarının yazı mədəniyyətindən
də xəbərləri var imiş. Eyni zamanda, bizim bəzi
qorqudşünasların görməzdən gəldikləri,
amma akademik İsa Həbibbəylinin çox doğru olaraq
diqqət mərkəzində saxladığı XIV əsr
müəllifi əd-Dəvadarinin "Dürlər xəzinəsi..."
əsərində verdiyi məlumata görə "türklərin
qutsal kitabı olan, tarixdə yaşamış bir şəxsiyyət
kimi Dədə Qorqud haqqında ilk məlumatların yer
aldığı "Ulu xan Ata Bitik" əsərinin
olduğunu, onun 580-ci ildən qabaq
yazıldığını və Bozorgmehr əl-Bahtixan tərəfindən
türkcədən farscaya, sonra isə 826-cı ildə Cibril
bin Bühtişü əl-Təbibin fars dilindən ərəbcəyə
çevirdiyini" də nəzərə almaq
lazımdır. Bu mənada, eposun özünün yazıya
alınması ideyası da təbii, adi bir proses ola bilərdi.
Və diqqətəlayiqdir ki, bu təbii prosesi də kitabda
akademik İsa Həbibbəyli olduqca elmi şəkildə
sübuta yetirir. Akademik İsa Həbibbəylinin mülahizəsinin
elmiliyi ondan ibarətdir ki, müəllif eposun yazıya
alınan vaxta qədər onun folklor köklərinin
olduğunu heç də inkar etmir və "şifahi xalq ədəbiyyatı
"Kitabi-Dədə Qorqud"un yaranması üçün
əsas başlanğıc və mühüm hərəkətverici
qüvvə funksiyasını yerinə yetirmişdir"
dedikdən sonra "lakin şifahi xalq ədəbiyyatı
materiallarına istinad edilməsi vasitəsilə
yaradılmasına baxmayaraq, "Kitabi-Dədə Qorqud"
tam folklor abidəsi deyildir" fikrini söyləyir. Və
fikirlərini davam etdirərək "ən yaxşı halda
"Dədə Qorqud kitabı" Azərbaycan ədəbiyyatında
şifahi ənənədən yazılı ədəbiyyata
keçid dövrünün ilk möhtəşəm ədəbiyyat
nümunəsi" olduğu fikrini deyir.
Eposdan
yazılı ədəbiyyat nümunəsi kimi danışarkən
isə müəllif ilk növbədə elə eposun
adında "kitab", ayrı-ayrı boyların sonunda
"namə" sözünün də iştirak etdiyi
"oğuznamə" sözlərinin əksini
tapmalarını, "Dədəm Qorqud gəlibən
şadlıq çaldı, boy boyladı, soy soyladı. Bu
oğuznaməyi düzdü-qoşdu" kimi eposun yazıya
alınma prosesini, eposun təkvariantlı olmasının onun
yazılı ədəbiyyat nümunəsi kimi qəbul edilməsi
arqumentlərini nümunə gətirir. Həqiqətən də,
eposun yazılı ədəbiyyat nümunəsi olduğu barədə
akademikin söylədiyi arqumentlər inkarolunmaz faktlardır.
Cünki müəllifin özünün də dediyi kimi, məsələn,
hələ orta əsrlərdə hər yazı nümunəsinə
"kitab" deyilməmiş, bu söz ancaq, həqiqətən
də, bu ünvanı tamamilə doğrulda bilən, hər
hansı bir xalqın, etnosun tarixində, mədəniyyətində,
mənəviyyatında mühüm rol oynayan əsərlərə,
abidələrə ünvanlanmışdır. Bu mənada,
orta əsrlərdə "kitab" sözünün
ünvanlandığı belə abidələrdən biri, mənim
tərəfimdən "Dədə Qorqud"la, bəlkə
də, müqayisəsi caiz olmasa da, amma hər halda
adını deyəcəyim kitab - müqəddəs
"Qurani-Kərim"dir. Məlumdur ki, müqəddəs
"Qurani-Kərim" də
düzülmüş-qoşulmuş və nəticədə
"Kitab", "Müqəddəs Kitab"
adlanmışdır.
Məsələ
burasındadır ki, bu vaxta, yəni akademik İsa Həbibbəylinin
adıçəkilən kitabına qədər biz "Dədə
Qorqud" abidəsinə, adətən daha çox dastan kimi
yanaşsaq da, əslində, bu əsərlə tanış
olduqdan sonra mövqeyimizi dəyişməliyik. Çünki
akademik İsa Həbibbəylinin doğru olaraq dediyi və
sübut etdiyi kimi "Kitabi-Dədə Qorqud" müəllif
tərəfindən elə ilk yaradılışından,
yarandığı gündən birbaşa kitab şəklində
düşünülmüş, tərtib olunmuşdur. Bu mənada,
akademik İsa Həbibbəyli deyir: "Kitabi-Dədə
Qorqud" Azərbaycan yazılı ədəbiyyatının
hələlik bizə məlum olan ilk nümunəsidir. Bu, Azərbaycan
yazılı ədəbiyyatının xalqımızın
ana dilində yazılmış ilk kitabıdır... Dədə
Qorqud boyları toplusunun "Kitab" adlandırılması
təqdim olunan əlyazmanın sadəcə üzü
köçürülmüş bir mətn, yaxud toplanaraq
yazıya alınmış əlyazma deyil, məhz
"Kitab" olduğunu, kitab şəklində
düşünülərək müstəqil bədii əsər
şəklində yaradıldığını təsəvvür
etməyə əsas verən arqumentlərdən biridir".
Həqiqətən
də bu fikirlərin heç birinin ciddi-cəhdlə
sübuta ehtiyacı yoxdur. Qorqudşünaslar hamısı,
aşağı-yuxarı, demək olar ki, bu fikirləri qəbul
edir. Yəni akademik İsa Həbibbəylinin dediyi kimi, "Kitabi-Dədə
Qorqud"un adındakı "kitab" sözünün
daşıdığı funksiya Azərbaycan xalqı
üçün o qədər aydındır ki, bu söz birləşməsindəki
"kitabi" sözünün fars dilində izafət bildirən
söz olmasına baxmayaraq, son illərə qədər həmin
söz abidənin adında həmişə olduğu kimi
işlədilmiş, hər kəs tərəfindən
anlaşıqlı şəkildə qəbul
edilmişdir". Yəni başqa sözlə desək,
"kitab" sözü ən qədim zamanlardan bəri Azərbaycan
dilində hansı semantikada işlənmişsə, abidənin
adında da həmin mənanı ifadə etmişdir. Beləliklə,
akademik gəldiyi nəticədə tamamilə haqlıdır
ki, "abidə daşıdığı xüsusiyyətlərə
görə üzərində yazılan "kitab"
sözünün bütün funksiyalarını
doğruldur". Və yenə də haqlı olaraq, eyni zamanda
böyük təvazökarlıqla, bu fikrin
qorqudşünaslıqda ilk dəfə qəti şəkildə
onun tərəfindən söyləndiyini vurğulayır:
"Bütün bunlara baxmayaraq, ayrı-ayrı tədqiqatlarda
"Kitabi-Dədə Qorqud"un yazılı ədəbiyyata
aid olması haqqındakı fikirlər epizodik xarakter
daşımış, xüsusi bir araşdırmaya
çevrilməmişdir. Abidənin tam olaraq yazılı bədii
əsər olduğuna dair qəti hökm
çıxarılmamışdır. Lakin diqqətlə nəzər
yetirdikdə "Kitabi-Dədə Qorqud"da şifahi
başlanğıcla yanaşı, yazılı ədəbiyyata
aid xüsusiyyətlərin daha çox olduğu aşkar
görünür". Bu məqamda akademik İsa Həbibbəylinin
bir iradı da qəbulolunandır. Belə ki, son zamanlar
qorqudşünaslıqda, "Kitabi-Dədə Qorqud"
adı "Dədə Qorqud kitabı" ifadəsi ilə əvəz
olunur ki, bu da müəllifin fikrincə, bu abidə dünya
miqyasında "Kitabi-Dədə Qorqud" adı ilə
tanındığı üçün məqbul sayıla
bilməz.
Eposun
yazılı ədəbiyyat nümunəsi kimi qəbul
olunması yolunda bu arqumentlərdən başqa, akademik İsa
Həbibbəylinin daha iki mülahizəsi də vardır:
onlardan birincisi Dədə Qorqudun eposun müəllifi
olması, digəri isə abidənin əslində demək
olar ki, yazılı ədəbiyyatın bütün tələblərinə
cavab verməsi ilə əlaqədardır.
Sonuncu
mülahizəsinə münasibət bildirsək, onu deyə
bilərik ki, İsa müəllim kitabın sonrakı fəsillərində
bu arqumenti güclü şəkildə əsaslandırır
və abidənin bütün ideya-məzmun, poetik xüsusuyyətləri
ilə roman, epos, epopeya janrının xüsusiyyətlərinə
cavab verdiyini söyləyir və "folklor materiallarından,
seçilmiş oğuznamə motivlərindən başqa,
"Kitab"ın dili və üslubunda Azərbaycan dastan
poetikasının müəyyən xüsusiyyətlərinin
mövcudluğu "Kitabi-Dədə Qorqud"dan folklor abidəsi
kimi danışmağı şərtləndirsə də,
ardıcıl və sistemli bədii mətnin, fərqli
süjetlərin, dolğun bədii obrazların,
çoxsaylı orijinal bədii təsvir vasitələrinin, bənzərsiz
bir təhkiyənin özünə yer alması bu oğuznamədən
yazılı ədəbiyyat nümunəsi kimi bəhs etməyə
əsas verir" fikrini deyərək, eposun yazılı ədəbiyyat
nümunəsi olduğunu vurğulayır, eposun yazılı ədəbiyyat
nümunəsi kimi əsas cizgilərini göstərir. Həqiqətən
də, abidəyə İsa müəllimin
yanaşdığı bucaqdan baxdıqda, onun tamamilə
haqlı olduğunu görürsən. Və eposun doğrudan
da, süjet, kompozisiya, konflikt, xarakterlər, obrazlar, epik
vüsət, bədii ifadə vasitələri, dil, təhkiyə,
üslub və sairə baxımından nə qədər
mükəmməl bir əsər, abidə olduğunu
görüb, istər-istəməz akademik İsa Həbibbəylinin
bir tezisini təsdiq etmiş olursan: "Kitabi-Dədə
Qorqud" əvvəldən axıra, başdan-başa konkret
bir yaradıcı dühanın sabit təhkiyəsi və
obrazlı bədii düşüncəsi ilə
yaradılmış orijinal sənət abidəsidir...
Buradakı məcazlar ümumxalq bədii təfəkküründən
çox, konkret bir yaradıcı şəxsiyyət tərəfindən
düşünülüb tapılmış, kəşf
edilmiş nadir və bənzərsiz sənətkarlıq
nümunələridir" və həqiqətən də
yazılı ədəbiyyat abidəsidir.
Akademik
İsa Həbibbəyli əslində kitabının hər
bölməsində araşdırmağı
qarşısına məqsəd qoyduğu bu problemi - abidənin,
həqiqətən də, yazılı ədəbiyyat abidəsi
olduğu fikrini təsdiq etməyə çalışır
və böyük inamla, demək olar ki, buna nail olur. Belə
ki, o, abidənin bir çox obrazlarının və süjetlərinin
xalq ədəbiyyatında, folklorda, hətta əgər belə
demək mümkünsə, yazılı ədəbiyyatda da sələflərinin
olmamasını əsas gətirərək, onların məhz
ilk dəfə abidənin yaradıcısının - Dədə
Qorqudun təxəyyülünün məhsulu olduğunu
sübut edir. Bu isə artıq bir daha danılmaz yazılı
ədəbiyyat faktıdır: "Folklorla əlaqəsi
olmayıb və ya az olub, ilk dəfə Dədə Qorqud tərəfindən
yaradılıb əlavə edilmiş obrazlar və onlarla
bağlı süjetlər "Kitabi-Dədə Qorqud"un
yazılı ədəbiyyat abidəsi olduğunu müəyyən
edən mühüm dəlillərdəndir". Akademik
İsa Həbibbəylinin bu obrazların xarakterik cizgiləri
haqqındakı fikirlərinə nəzər saldıqda,
onların, həqiqətən də, təkcə şifahi ədəbiyyat
faktı olmayıb, eyni zamanda yazılı təfəkkürün
məhsulu olduğunu da görürsən.
İsa Həbibbəylinin
Dədə Qorqudu "yazıçı-rəssam"
adlandırması da inandırıcı səslənir. Məsələn,
bu baxımdan akademikin abidədən Qaraca Çobanın təsviri
ilə bağlı gətirdiyi sitatdan sonra dediyi fikirlər bu
həqiqəti bir daha təsdiq edir: "Həyati
müşahidələrinin incəliklərinə və
obrazlı vasitələrlə təqdim olunmasına görə
Dədə Qorqudun yaratdığı Qaraca Çoban
obrazı dünya ədəbiyyatı və təsviri sənətinin
şah əsərlərindən biri hesab oluna bilər". Və
bu parçada Qaraca Çoban obrazı o qədər canlı
və əsas etibarilə o qədər yazılı ədəbiyyat
təfəkkürü ilə təsvir olunub ki, istər-istəməz
müəllifin gəldiyi nəticə ilə
razılaşırsan: "Bədii obraz yaratmaq sənətkarlığı
etibarilə "Kitabi-Dədə Qorqud" şifahi xalq ədəbiyyatından
yaradıcı şəkildə istifadə etməklə
yaradılmış mükəmməl yazılı bədii ədəbiyyat
nümunəsidir".
Beləliklə,
abidənin "namə", "kitab" olduğu, onun bir
müəllif tərəfindən yaradıldığı
inkarolunmaz dəlillərlə əsaslandırıldıqdan və
sən də ona inandıqdan sonra istər-istəməz bir nəticəyə
də gəlirsən: deməli, bu abidənin bir
yaradıcısı, müəllifi də olmalıdır. Uzun
illər biz abidəyə yalnız folklor abidəsi kimi
yanaşdığımızdan, bu məsələyə
geniş şəkildə baxmamış və demək olar
ki, onun müəllifi haqqında həvəssiz şəkildə
bəhs etməklə ötüb keçmişik. Akademik
İsa Həbibbəyli isə abidənin verdiyi poetik imkanlar və
məntiqin gücü ilə tamamilə haqlı olaraq, bu məqamda
abidənin bir müəllifi və bu müəllifin də Dədə
Qorqud olduğunu söyləyir. Abidədə isə
kitabın müəllifinin də dediyi kimi, abidənin
yazılı ədəbiyyat nümunəsi olduğunu
sübut edən digər faktlardan sonra, "Dədə Qorqudun
boy boylaması, soy soylaması", "Dirsə xan oğlu
Buğac boyu"nda isə axırda gəlib oğuznaməni
düzüb-qoşması, onun həqiqətən də, abidənin
müəllifi olduğunu göstərir. Bu mənada, akademik
İsa Həbibbəylinin "Kitabi-Dədə
Qorqud"un yazılı epos və
ya epopeya olduğu barədə dediyi fikirlərin
hamısını tədqiqat müstəvisinə
çıxarmadan da onun gəldiyi nəticə ilə və
qorqudşünaslıqda dediyi təzə söz ilə yenə
də istər-istəməz razılaşırsan: "Beləliklə,
bizim fikrimizcə, əsrlər boyu oğuz tayfaları içərisində
gəzib-dolaşmış Dədə Qorqud süjetləri Rəsul
əleyhissəlamın zamanında, yəni islamın qəbul
olunmaqda olduğu VII əsrin birinci yarısında, Bayat
boyundan çıxmış Qorqud Ata adlı bir ər, Dədə
Ozan tərəfindən "kitab" kimi
formalaşdırılmışdır. İslamın qəbul
edildiyi zamanda isə Dədə Qorqud boyları ustad ozanın
özü, müasirləri və davamçıları olan
alp ozanlar tərəfindən el-oba içərisində
geniş şəkildə söylənərək daha da təkmilləşdirilmiş
və yaddaşlarda möhkəmləndirilmişdir. İslama
aid motivlər, söz və ifadələr "Kitabi-Dədə
Qorqud"un məhz həmin təkmilləşdirilmə mərhələsində
və sonrakı dövrlərdə katiblər tərəfindən
müxtəlif əlyazma nüsxələrinin üzü
köçürülərkən boylara əlavə
edilmişdir".
Davamı gələn sayımızda
Tərlan QULİYEV
Ədəbiyyat qəzeti.- 2021.- 6 noyabr.- S.22-23.