Yeraltı kitabxanalar
"...Bir ovuc külün içində
nə qorxular var, sizə deyimmi..."
T.S.Eliot
"Underground ədəbiyyat" anlayışı var,
bunun hansı yöndə hansı rəngi, hansı məna və
nüansları ifadə etməyindən asılı olmayaraq,
biz yalnız ifadənin hərfi mənasından başlamaq istərdik. Yəni yer altında qurulan,
yalnız müəyyən qisim insanların yolunu
tanıdığı kitabxana... Əslində,
buna "kitabxana" demək də düzgün deyildir,
çünki onu ideya kimi quranların niyyətindən
asılı olaraq həmin kitabxana anidən başqa bir məkana,
deyək ki, əlyazmaların saxlandığı, yolunu kimsənin
bilmədiyi bir məkana da çevrilə bilir. Vaxtilə xarici mətbuatda Suriyada, Dəməşqdə
aşkarlanan yeraltı kitabxanadan bəhs edilmişdi. Şəhər bombardmana məruz qaldığı
zaman kitabların ziyan görməməsi üçün
insanlar 14000-dən çox kitabı xilas edib yer altına
daşımışdı. O insanlardan biri elə belə
də demişdi: müharibənin amansız və güzəştsiz
şərtləri daxilində kitab mənim həyatımı
dəyişdi. Ona görə yox ki, yer altında gizlənib
ölümdən qurtulmuşdu (orda da ölə bilərdi və
ümumən ölümdən qurtulmaq mümkün
deyildir...), kitab oxumuşdu və bombaların
yağdığı gecə və gündüzlərdə
kitab ona çox özəl nələrisə demişdi, yaxud
bu insan anlamışdı ki... "Suriyada gizli kitabxana"
başlığı ilə dərc edilən məqalədə
belə bir önəmli fakt da keçirdi: "...Yer
altında oxu zalı haqqında xəbər
yayımlandıqdan sonra məlum oldu ki, başqa bir yerdə əsrlər
boyu əlyazmaların saxlandığı məkan
aşkarlanıb...". Məhz
yer altında. Şübhəsiz ki, siyasi
rejimlərin basqısı altında qələmə
alınan mətnləri gün işığına
çıxarmaq mümkün olmadıqda bu əlyazmalar kimsənin
xəbəri olmadan məkan dəyişdirir, yəni əlyazmalar
əvvəl-axır tapılır və oxunur. (Məlum
situasiyada Molla Pənah Vaqifin şeirləri də
yandırılmışdı, ancaq sonralar onları
ağızlardan, yəni yaddaşlardan toplamışdılar,
başqa sözlə, bəzi şeylər oddan,
dağıntıdan heç cürə qurtula bilmir və məhv
olduğu an yenidən doğuluş üçün
keçid məqamı meydana gəlir...). Bu hiss insanın
içində yuva qurmuş ən fundamental hisslərdəndir,
başqalarına oxumaq, söyləmək istəmədiyini
gizli yerdə, hücrədə saxlamaq, yaxud qədimdə
şairlərin hücrələrdə yaşaması (onlar bu
dar, xəfə hücrələrdə kosmosla əlləşirdilər
və təsadüfi deyildir ki, onların mətnlərində
də elə "kosmik" obrazlar yer alardı, zamanın
heç də uzaq olmayan çağında bu misraları kim
yazmışdı, bilirsiniz: "Nə qədər ki, fələyin
sabiti-səyyarəsi var, ol qədər sinədə qəmzən oxunun yarəsi var..."
- M.F.Axundzadə o kosmik uzaqlığı məhv etdi və
yaxşı da elədi...) şübhəsiz ki, ürəyinə
dolan hissləri, onların əsasında
yaranıb-formalaşan niyyətləri ilk öncə gizlində
saxlamaq məsələsi incələnməli məqamlardandır.
Molla Pənah Vaqifin qətli tale, qədərdirsə,
əlyazmlarının yandırılması və sonradan
onların bitdə-bitdə yaddaşlardan toplanması artıq
başqa tipli, bəlkə də adi insan məntiqi ilə
çətin anlaşılan bir nəsnədir. Nobel
mükafatçısı Tomas Tranströmer vaxtilə
yazırdı: "Hərdən külə dönməyim gəlir,
xatirə olmamaqçün...". Vaqiflə Tranströmeri müqayisə etmək,
şübhəsiz ki, ilk baxışdan yolverilməzdir,
dövrünə, əsrinə, əsərlərinə,
dünyaduyumu və sair cəhətlərə görə.
Ancaq bədii mətnlər haqqında bu həqiqət
keçmir, istənilən mətn istənilən və
ixtiyari bədii mətnlə nə eləsən də
yanaşıdır, bu təsadüfdə ən uzaqda olan mətnlərlə,
ən yaxında, "paralel"də olan mətnlərin
bir-birinə nüfuzu, bir-birini doğurması tam fərqli
hadisələrdir. Məhz bir-birindən ən uzaqda
"yerləşən" mətnlər elə bir-birinə ən
yaxın mətnlərdir (və əksinə -!), ona görə
Tranströmerin ibarəsindəki "yanıb kül olmaq"
deyimi ilə Vaqifin əlyazmalarının
yandırılması arasında gizli və
açıq-aşkar əlaqələr mövcuddur.
Ancaq bəri
başdan bunu deyək ki, şairin ömrü boyu işlətdiyi
hər bir söz və deyimin kökü, rişəsi
şeirlərindən, mətnlərindən qabaq ürəyində,
ruhunda, başqa sözlə, taleyində olur və bu söz,
bu deyim, zamanla, bəlkə şair dünyadan, bu göy
qübbəsinin altından çəkildikdən sonra
aşkarlanır. Tranströmerin və Vaqifin
taleyindəki o "yanmaq, yanıb külə dönmək"
diskursu heç şübhəsiz ki, sevincdən, xoşbəxtlikdən
kədərə və ölümə doğru uzanan bir
yoldur. Vaqifin şeirləri sevincdən, həyat
eşqindən aşıb-daşır, onların
"dalğaları" o qədər sürətli, o qədər
coşqundur ki, hər misranın üstündə günəş
şəfəqinin bərq vurduğunu da anidən hiss edirik,
ancaq bunu biz dərhal da unuduruq, çünki qarşıdan
"Qətl günü" gəlir. Amansız
və güzəştsiz.
Beləliklə, Tranströmeri o qeydi yazmağa nə
vadar etmişdi? Bunun da kökünü biz yəqin ki,
onun digər deyim və sözlərində tapıb aşkara
çıxara bilərik. Diqqət edin, hər
iki şairin böyük çoşquyla işlətdiyi
gözəl bir söz (deyək ki, şəfəq, mina gərdan...
və sair) bir məqamda dayanmır, onun taleyinə, digər mətnlərinə
və nəhayət, sonuna, ölümünə doğru hərəkət
edir. Özünün əksinə tam dönənə qədər
dönür, çevrilir... O şux qəmzələrin,
xunkar kirpiyin // Gündə olur yüz min qan qabağında //
Xumar-xumar baxan ala gözlərin // Gərəkdir verəsən
can qabağında // Qaşın qabağında
sığallı birçək // Sayə salmış üzə
şölə mübarək // Amma iki dəstə tər bənövşətək
// Qoymuş al yanağın yan qabağında //
Zülfündən qoxuşar güllü reyhanlar // Qurban hər
muyinə yüz min cavanlar // Pişvazına gəlir huri
qılmanlar // Məlayik durmuşlar san qabağında... Bu mətndəki coşqu, dinamika hər şeydən
əvvəl dünyanı, insa və onun xarakterini, gerçəkliyin
min türlü sirlərini qavrayıb ifadə etməyin yeni
metodu sayılmalıdır. Yeni dövr ədəbiyyatının
bu şəkildə, bu coşqu və dinamika ilə
başlaması təsadüfi deyildir, məhz bu iki komponent gələcək
şeirin, lap elə indilərdə yazılan ən mükəmməl
mətnlərin enerjisini təyin edir. Bu
şeirin şairin taleyinə yönəlik
"möhürü" başdan-başa kədər və
dərdlə süslənib. Hər misrasında ürək
döyüntüsünün hiss edildiyi (...Xumar-xumar baxan ala
gözlərin gərəkdir verəsən can
qabağında...) enerjinin yaşaması, dayanmadan başqa mətnlərə
və dünyalara keçə bilməsi üçün
şair qurban getməlidir, daha doğrusu, bu boyda coşqu və
dinamikanın (ürək döyüntüsünün) o biri
ucu mütləq kədər, faciə və ölümə
dirənir. Şairin ölümü həyatdan,
sevgidən, eşqdən aşıb-daşan misraların
arasında gizli qalır və günlərin bir günü
tale olur. Amma Vaqifin qəzəlləri də
var, o mətnlərdə isə yuxarıda dediyimiz sonuc
başqa bir şəkildə, deyək ki, klassik ədəbiyyata
xas üsullarla, müəmmalara bürünərək ifadə
edilir.
Dil
çahi-zənəxdanə düşüb zülfün ucundan,
Əlbəttə,
xətasız kişi zindanə düşərmi?
Möhsün
Nağısoylu H.Cavidin qəzəllərindən bəhs edərkən
yazır: "Aydınlıq üçün qeyd edək ki,
beytin ikinci misrasındakı farsmənşəli
"çahi-zənəxdan" tərkibinin mənası
çənənin ortasındakı batıq və ya
çökək yerdir. Fars izahlı lüğətlərində
bu ifadənin qədimdə işlənməsi qeyd olunmaqla
yanaşı, onun əski zamanlarda gözəlliyin bir əlaməti
olması da diqqətə çatdırılır. İfadədəki "çah"
sözünün həqiqi mənası isə quyu deməkdir.
Beytin ilk misrasında gözəllikdə ad
çıxarmış Yusifin yada salınması, eləcə
də onun ümumi məzmunu isə belə bir qənaətə
gəlməyə əsas verir ki, şair burada Yusifin
qardaşları tərəfindən quyuya salınmasına (və
ya Züleyxanın fitnəsi üzündən zindana
atılmasına) işarə etmişdir. Qeyd
edək ki, qəzəlin ilk beytində məşuqənin
aşiqin könlünü zindana salması da diqqətə
çatdırılır".
Əlbəttə,
bu tipli bədii mətnlərdə müasir anlamla əski məna
həmişə canbir qəlbdə olur və onlardan biri
qabarıq nəzərə çarpanda ikincisi (deyək ki, quyu mənası),
necə deyərlər, onunla eyni zamanda təsir göstərir.
Gözəllik (çənədəki batıq
yeri) və quyu (yerin altı - əlyazmaların əsrlər
boyu gizli kitabxanada - yer altında özlərini gizlətməsi)
bir məqamın içindədir. Əlbəttə,
Vaqif elə klassik ədəbiyyatın ehtiva etdiyi mənada və
kontekstdə "Əlbəttə, xətasız kişi
zindanə düşərmi?" (Könlün
zindana düşməsi...) əslində, formal səciyyə
daşıyan sualı vermişdi. Ürəklə,
ürək qanıyla yazılan hər bir mətndə
şairin, yazarın taleyi durur, yəni məntlərarası əlaqələrdən
başqa, şeirin, bədii mətnin taleyə dönməsi də
var və ən önəmılisi də budur.
İndi isə başqa, tam fərqli bir məqama diqqət
edək. Tomas
Tranströmer öz xatirələrində tam ciddi şəkildə
bunları yazmışdı: "Mənim həyatım".
Bu sözlər haqqında düşünəndə
gözlərim önündə işıq şöləsini,
günəş şəfəqini görürəm. Bir
az yaxına gəlib baxanda hiss edirəm ki,
bu işıq kometa formasını alır, sonra başa və
quyruğa dönür. Onun ən parlaq ucu -
uşaqlığın sonu və yeniyetməlikdir. Onun ən gözəl yeri, şübhəsiz ki,
uşaqlıq illəridir, məhz bu zaman çərəyində
mövcudluğun ən parlaq səciyyəsi cəmlənir.
Mən nələrisə xatırlamaq, daha dərinlərə
addımlamaq istəyirəm. Ancaq bu sıx ərazidə
irəliləmək getdikcə qəlizləşir: hətta təhlükəli
forma ala bilər və hətta yaxınlaşan ölüm təəssüratını
da oyada bilər...". Mətndəki
işıq parçası (şölə-!) ilə
Tranströmerin "yanıb külə dönmək istəyirəm"
deyimi arasındakı dəruni əlaqəni yalnız onun
bütün külliyyatını mütaliə edənlər
duya bilər. Burda digər maraqlı məqam da var: bu
sıx ərazidə irliləmək çox çətin və
mürəkkəb bir işdir, xatirələrə doğru
yol getdikcə daralır və sənin addımın artıq
o yola yerləşmir, bir az da irəli getsək
o ərazidən bizə ölüm yaxınlaşar, hətta əlimizə
toxunar... Yanıb külə dönmək
yanğısını məhz bu situasiya yaradır,
ayaqların yerə, sirli məkanın müqəddəs
torpaqlarına ilişib qalıb, ömrünə doğru geri
dönməlisən... Zənnimizcə, məhz
bu mətndəki işıq parçası elə onun
"yanıb külə dönmək istəyirəm" qənaətini
doğurmuşdu. Vaqiflə Tranströmer bir-birlərinə
çox uzaq şairlərdir, ancaq məsafə nə qədər
çox uzaq olarsa, yaxınlıq elə bir məqamda tutular və
aşkarlanar ki, ikisinin də obrazı bir misranın içində
gün işığının şəfəqi kimi
oyanıb-sönər...
Hansı uzaqlar? Şairin özü bunu belə ifadə edirdi:
...Bu boz
ağaca baxın. Səma
nazilmiş damarlarından keçib
torpağın qəlbinə sızdı.
Torpaq son
damlanı içəndə
orda
üzünü qırış basmış bircə bulud
vardı.
Məkan
yoxdu, itib
köklərin hörüklərindən asıb özünü.
Yarpaqlara, otlara dolaşıb. - Bir neçə saniyə
azadlıqdan cəmi üçcə damcı axışır
içimizdə partlayır
qaynayıb daşır
həyatın qanına, ordan daha uzaqlara...
Vaqiflə Tranströmeri yaxınlaşdıran başqa
"uzaqlar" da var. Molla Pənah Vaqif qoşmalarında
öz dilində danışırdı. Yəni klassik
formalarda nə qədər cəhd etsən də, formanın
çəmbərindən qurtula bilmirsən, bütün
hallarda onun ifadə etdikləri sənin demək istədiklərini
yenir. Diskurs və mənaların şaxələnməsi
mətn ərazisində keçə bilmədiyin bir
donuşuqluq yaradır. Vaqif bu çənbəri
ilk yaran, poeziyada öz dilini yaradan, öz dili ilə
danışan şairdir. Tomas Tranströmer yaradıcılığa
başlayanda İsveç modernist şairlərinin dili qəliz
və daha çox qəsdən düşünülüb
qurulan bir modelə sarı yüyürürdü.
Tranströmer bu gerçəyi bildiyindən daha sadə
üslubda yazmaq qərarına gəldi, elə bir dildə ki,
bu hansısa "izm"in yox, onun öz dili olsun, onun daxili
dünyasına və dünyaduyumuna tən gəlsin.
Sonda
T.Tranströmerdən miniatür bir şeir:
Solğun
bir işıq
Üst-başıma
sıçradı
Qışda gün dönümü.
Buz təbilləri
cingildədi
Gözlərimi yumdum.
Lal dünya.
Ölülərin
gizlində sərhədi keçdiyi
Çat yeri.
Bu
çat yeri, əslində, onun qəlbindən o sirli
dünyaya açılan pəncərə idi. Tranströmerin
belə bir şeiri də var: "Zone limitrophe", yəni
qonşu, sərhəd zonası (yaxud bir-birinin içinə
keçib qarışan ərazilər...).
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2021.- 6 noyabr.- S.29.