Təhminənin son sirri
Hekayə
Bir
ayrılıq, bir ölüm
Heç biri olmayaydı.
Ölüm
Allah əmridi
Ayrılıq olmayaydı.
Tabutu iki tərəfdən dörd kişi çiyinlərinə almışdı. Üçü maskalıydı. İkisi qara, biri çil-çil yaşıl maskada. Dördüncü kişi maskasızdı, amma arxadan üzünü görmək olmurdu. Tabutun qapağı açıqdı. İçində uzadılmış meyit də maskalıydı. Maska ölünün nəyinə gərək? Amma yəqin, başqalarını, məsələn, elə qəbirqazanları yoluxdurmamaq üçün taxıblar üzünə maskanı. Kim bilir, bəlkə elə koronavirusdan ölüb.
Küçənin tininə yetişdilər. İşıqforda qırmızı işıq yandı. Dayandılar, yaşıl rəngli rəqəmlər bir-bir dəyişirdi: yeddi, altı, beş, dörd, üç, iki, bir… Yaşıl işıq yandı. Tabutu daşıyanlar səkidən küçəyə düşdülər. Küçənin ortasında töyşüməyə başladılar. Tabutu yerə qoydular. Dərhal polis başlarının üstünü aldı: Polis də, təbii ki, maskalıydı.
– Burda tabut saxlamaq olmaz
– dedi – bura nazirliyin stoyankasıdı.
Tabutu sağ tərəfdən
daşıyan maskasını çıxartdı. Bu, Murtuz
Balayeviç idi: – Sən kiminlə belə
danışırsan? – deyə polisin
üstünə qabardı – Mən polkovnikəm. Onun
arxasındakı kişi də
maskasını çıxartdı: – Mən də KQB-nin
mayoruyam – dedi. Dadaş idi. Sol tərəfdəki
kişi də maskasını
çıxartdı. Polis rişxəndlə: – sən də generalsan yəqin, –
dedi. Səfdər dayı: – Yox, mən kassirəm, – dedi.
Polis: – Mən general-admiral hərləmirəm,
– dedi. – Hamınız cərimə verəcəksiniz.
Ratsiyasıyla harasa xəbər
elədi. Murtuz Balayeviç də, Səfdər
dayı da, Dadaş da birdən-birə yox oldular. Yox, qaçmadılar, uzaqlaşmadılar, birdən-birə
sirab kimi yoxa çıxdılar, havada əriyib itdilər.
Polisin çağırdığı evakuator gəldi.
Sarı geyimli xidmətçilər tabutu
evakuatora yüklədilər. Elə bu an
tabutun içindəki meyit başını qaldırıb
bağırdı:
– Zaur, Zaur, bura gəl!
Zaur – demə, tabutu daşıyan
dördüncü adam oymuş –
çığırmağa başladı – yox, yox, Məmməd
Nəsir, gəlmirəm. Çağırma, gəlmirəm, Məmməd
Nəsir!
Firəngiz Zauru dümsükləyib
oyatdı:
– Nə bağırırsan, Zaur? Dur görək.
Zaur gözlərini
ovuşdura-ovuşdura:
– Nə
bağırırdım ki? – deyə
soruşdu.
Firəngiz:
– Nə
bilim? Məmməd Nəsiri
çağırırdın. Məmməd
Nəsir sənin o araq dostundu? Onun bir
yüz yaşı olar yəqin.
– Yüz
olmasa da, doxsanı çoxdan keçib.
– Amma yenə
araq içməyindən qalmır.
– Hə də.
Deyir ki, dünyada qoca içkibazlar qoca həkimlərdən
çoxdu.
Firəngiz güldü:
– Onun
sözü deyil ki. Yadındadır, Parisdə
bir kafeyə getmişdik. Orda divarda
yazılmışdı bu sözlər. Bizə
tərcümə etdilər. Xeyli güldük – Firəngiz
köksünü ötürdü: – Eh, nə gözəl
günlər idi… Elə bil yuxuda
görmüşəm bütün bunları.
Zaur:
– Ola
bilsin mən danışmışam bunu Məmməd Nəsirə,
onun da ürəyindən olub. Elə tez-tez təkrar edir ki…
Durub tualetə
keçdi, sonra əl-üzünü yudu, dişlərini təmizlədi.
Diş məcununun lap dibi qalmışdı. Güclə
sıxıb bir neçə damcı çıxartdı.
«Sabah pasta almalıyam», – deyə
düşündü.
Otağa keçib
masanın arxasında oturdu. Firəngiz armudu stəkana
çay süzdü:
– Yenə
ölənlərin sayı artıb, – dedi – bu koronavirus nə
zibil şeymiş. Hamımızı
qırıb çatacaq.
Zaur
pendir-çörəkdən bir dişdəm alıb: –
Ağzıvı xeyirliyə aç – dedi.
– Görmürsən televizorda nə
deyirlər? Yüz faiz sübut ediblər ki,
süni virusdu, qəsdən düzəldiblər Çində.
Bütün dünya əhalisini qıracaqlar.
Çinə nə var? Yarıları
qırılsa da, yarısı qalacaq – nə bilim neçə
yüz milyon. Vay bizim halımıza. Hamımız öləsiyik. İntəhası
geci-tezi var.
Pendir-çörək
Zaurun boğazında qaldı. Çeçədi.
Loxmanı birtəhər uddu:
– Dedim
axı, ağzıvı xeyirliyə aç. Öləndə
öləcəyik də… İndidən niyə
yas tutaq?
Firəngiz:
– Hamı
ölsə də Məmməd Nəsir sağ qalacaq, – dedi, –
səninlə araq içmək üçün.
Zaur araq məsələsini
qulaq ardına vurdu.
– Allah
ağzından eşitsin, – dedi. Bir ay olar
kişidən xəbərim yoxdu.
– Araq
içməkçün darıxmısan?
– Yox, sənə
söz vermişəm axı, day dilimə vurmayacam.
Otağına keçib
geyindi. – Çıxıb
bir az bulvarda hava alım.
– Gələndə
çörək al. Hə, bir də sarımsaq. Deyirlər, sarımsaq virusun qənimidir.
Əslində, niyyəti
bulvarda gəzmək deyil, Məmməd Nəsirlə
görüşmək idi. Yox, içməkçün
yox. Firəngizə söz vermişdi ki,
dilinə vurmayacaq. Hər halda, ən
azı bir-iki ay. Məmməd Nəsirlə
isə bir ay olardı görüşmürdülər.
Bəlkə, aydan da artıq. Bu gecə gördüyü yuxu heç cür
başından çıxmırdı. Zalım
oğlu prinsipə düşüb telefon almır. Nəinki
cib telefonu, heç adi ev telefonu da yoxdu. Görüşmək istəyəndə gərək
evinə təşrif buyurasan. O da evdədirsə, yəni
ayıqdırsa…
Küçəylə
addımladıqca qarşısına maskalı adamlar
çıxırdı. – Çox nizam-intizamlı
xalqımız var, – deyə düşündü. –
Bütün deyilənlərə riayət edir.
İnsan sifətləri
yalnız gözdən və alından ibarətdi. Görəsən, ancaq gözlərindən
insanı tanımaq olurmı? Hardansa
ağlına bəzi müsəlman ölkələrindəki
çadralı qadınlar gəldi. Onsuz da
bütün sifətləri qapalıdır, görəsən,
onlar da maska taxır? Çadranın
altından, ya üstündən? Öz qəribə
fikrinə özü də gülümsədi.
Qoşa qala
qapılarından girən kimi burnunu kabab iyi çaldı.
Neçə vaxtdı yolu İçərişəhərdən
düşəndə hər tərəfi
bürümüş kabab iyindən rəncidə olurdu.
Bu qədər kababxana nəyə gərəkdir
axı? Kabab çəkənlər də
maska taxır, görəsən? Kababı
dişinə çəkənlər necə?
Haçansa uzaq gəncliyində,
çox-çox illər bundan öncə, işlədiyi nəşriyyatın
yanından keçdi. Binanın
qarşısında Zərdabi mağmın-mağmın
oturmuşdu. Daha doğrusu, Zərdabinin hələ
o vaxtlardan qalan heykəli. İndi bu binada nəşriyyat-filan
yoxdu. Restoran açmışdılar
burda.
Zaura elə gəldi
ki, Zərdabini də burda restoranın qapıçısı
kimi saxlayıblar – gəlib-gedənləri
qarşılayıb yola salsın.
Binanın yanından
keçib, dar dalanla üzüyuxarı getməyə
başladı. Bu da Məmməd Nəsirgilin
həyəti.
Darvazadan içəri
keçdi, donub qaldı. Məmməd Nəsirin
birinci mərtəbədəki ikiotaqlı mənzilinin
divarında «Market» sözü yazılmışdı. Marketin qapısından içəri girdi, xudmani
dükanın piştaxtasında növ-növ ərzaq
malları düzülmüşdü.
Ən çox da sosiskalar asılmış və
altında «halal sosiska» sözləri yazılmışdı.
Orta yaşlı, qarabuğdayı kişi Zauru görüb ayağa qalxdı, tələsik
maska taxtı. Gözləri çəp idi.
Zaur: – bax bunu maskada da gözlərindən tanımaq olar, – deyə
düşündü. Çəp kişi:
– Xoş
gəlmisiz, – dedi.
Zaur nədən başlamağı, necə
soruşmağı bilmirdi. Satıcı:
– Mən
sizi tanıyıram Zaur bəy, – dedi. – Dayımın dostusuz. Mən
də Nəsir dayının bacısı oğluyam da…
Adım Rizvandır.
– Bəs
Məmməd Nəsir özü,.. – deyə Zaur sözə başlamışdı
ki, Rizvan: – Dayım rəhmətlik sizdən hey
danışardı… – dedi.
Rəhmətlik? – Zaur quruyub qaldı – Məmməd Nəsir rəhmətə
gedib?
Rizvan təəccübləndi:
– Bəs bilmirdiz? Bir
ay olar rəhmətə getdiyi.
Zaur karıxıb qalmışdı. Nədənsə,
ona elə gəlirdi ki, Məmməd Nəsir əbədidir.
Heç vaxt vəfat etməyəcək. Elə bayaq Firəngizin dediyi sözləri də
xatırladı. Aman Allah, Məmməd Nəsir
də ölərmiş. Hannan hana özünə gəlib:
-Yox, əlbəttə,
eşitməmişdim, – dedi və yalan danışmalı
oldu: – Mən özüm də xeyli vaxtdı xəstə
yatırdım, odur ki, xəbər tutmamışam.
Rizvan:
– Allah haqqı, dayım olduğu
üçün demirəm, çox xeyirxah adam
idi. Bu evi də mənə özü vəsiyyət
eləmişdi. Axı məndən
başqa heç kəsi yoxdu. Mənim Nardaranda bir balaca
dükanım var. Oranı da saxlamışam, amma dedim şəhərdə
də bir balaca dükan açım. Savab
işdi. Dayımın da ruhu şad olar.
Bir şey almaq istəsəz, peşkəşdi
sizə, pul-zad da lazım deyil. Bu
sosiskaları İrandan təzə gətiriblər, halal
maldı. Nə qədər istəsəz
büküm.
Rizvan əlini
sosiskalara sarı uzatdı.
Zaur:
– Yox, yox, sağ ol, – dedi. – Bizdə
sosiska yeyən yoxdu, Allah kişiyə rəhmət eləsin.
Kabab iyinə qərq olmuş
İçərişəhərin bu qədər doğma, tanış və bu qədər yad, özgələşmiş
küçələriylə addımlayaraq
düşünürdü:
«Yox, doğrudan da, nədirsə
sirli bir qüvvə var, ismarışlarını
yuxularımıza göndərir. Hiyə Məmməd
Nәsir məhz elə
bu gecə yuxuma girdi və elə bil hansı qüvvәsə məni bura
çağırdı ki, dostuna baş çək.
Qəflcə
ağlına gələn fikirdən Zaur eyməndi. Bəlkə bu yuxu da bir xəbərdarlıq idi.
Məmməd Nəsir məni əbəs yerə
çağırmırdı ki…
Hara
çağırırdı onu Məmməd Nəsir? O
dünyaya? Zaur daha o dünyaya inanmırdı.
Haçansa, çox uzaq gənclik illərində
inanırmış ki, ölümdən sonra da başqa bir həyat
var. Xüsusilə valideynlərini itirəndən sonra bununla təsəlli
tapırdı. İnanırdı ki, onlarla
hansısa başqa bir aləmdə mütləq
görüşəcək. Özü
özünü bu başqa aləmin varlığına
inandırmışdı. Axı necə ola
bilər, mən varam, fikrim, zehnim, xatirələrim,
düşüncələrim, duyğularım var. Birdən-birə
bütün bunlar necə yox ola bilər? Bu fikirdən təsəlli
tapırdı ki, yox, əlbəttə, bütün bunlar bir
an içində heç ola bilməz. Amma günlərin bir günü sadədən sadə
bir fikir gəldi başına və bütün
gümanlarını alt-üst elədi. Yaxşı,
sən dünyaya gələnə qədər hardaydın?
Başqa bir dünyada? Əlbəttə,
yox. Heçsizlikdə, yoxluqda idin də… Valideynlərinin
məhəbbəti sayəsində dünyaya gəldin o
mübhəm, qaranlıq heçsizlikdən, bir gün, gec-tez
ora da qayıdacaqsan, qaranlıq, səssiz-səmirsiz
heçsizliyə. Bu qəfil
düşüncə Zauru sarsıtmışdı. Belə çıxırdı ki, axırı
heçsizliyə yuvarlanan ömrün, həyatın heç
bir mənası yoxmuş. Ay «özündən sonra bir
iş qoyub get!», ya nə bilim «bir ağac ək,
ev tik, oğul-uşaq sahibi ol», bütün bunlar özünə
təsəllidir, aldanışdır, vəssalam. Sən ki, olmayacaqsan, səndən sonra qalan sənin
nə vecinə, axı sən bunu bilməyəcəksən.
Amma, görünür, insan təsəllisiz də
yaşaya bilmir, hökmən özünə təskinlik verməkçün
bir şey uydurmalıdır. Zaur da bir
gün bunu tapıb sakitləşdi. Gəl
elə düşünək ki, başqa bir dünya hər
halda var. Doğrudan da, varsa, çox gözəl,
bakılılar demiş, əmiri. Yox, əgər
heç bir başqa dünya mövcud deyilsə, sən ki,
öləndən sonra bunu bilməyəcəksən. Yəni xəyal qırıqlığına
uğramayacaqsan. Başqa bir dünyanın olmamasından
bixəbər gedəcəksən bu dünyadan…
«Mən də bu
yaşımda gör nələr barədə
düşünürəm» – deyə öz-özünü
qınadı. Hamısı həştatdandı.
Nə qəribə ifadədir bu. Bunu yalnız səksən
yaşını adlayandan sonra anlayırsan. Hamısı həştatdandı – bildiklərin,
bilmədiklərin, qazandıqların, itirdiklərin… hə,
yaxşı yadıma düşdü, çörək
almalıyam.
Dükandan təndir
çörəyi aldı. Firəngiz ancaq
bu çörəyi yeyir. Evlərinə gəldi.
Liftə girib altıncı mərtəbənin
düyməsini basdı, lift hərəkətə gələndə
yadına düşdü ki, sarımsaq almayıb. Geri
qayıdıb evlərinin atındakı dükandan sarımsaq
almaq istədi, amma elə bu an lift gəlib
altıncı mərtəbədə – onların mənzili
olan mərtəbədə dayandı, qapıları
açıldı. Bir də geri dönməyə
ərindi. «Eyb etməz, viruslar da
sarımsaqsız bir gün çox yaşayarlar».
O da
ağlına gəldi ki, son zamanlar viruslar haqqında
düşünəndə onları şüurlu məxluq
sayır və ona elə gəlir ki, bu şüurlu məxluqlar
şüurlu surətdə insanlığı məhv edib
planetə hakim olmağı qərarlaşdırıb, bu qərarı
həyata keçirirlər.
Firəngiz:
– Spartak zəng
eləmişdi, – dedi, – səninlə görüşmək
istəyir.
– Xeyir ola…
– Nə bilim, dedi Zaura vacib
sözüm var.
– Sözü var, özü gəlsin
də bizə.
– Dedim, dedi bir az
nasazam.
– Nə olub, olmaya o da…
Firəngiz
Zaurun sözünü yarımçıq kəsib:
– Allah eləməsin,
– dedi – Spartakı tanımırsan, nazik əyirəndi,
yanından yel ötən kimi «yəqin, antologiyadı» deyir.
Vasvasının biri…
– Nə olub axı?
– Nə bilim vallah. Amma
nədirsə, israrla xahiş etdi ki, bu gün gedəsən.
Zaur artıq paltarını soyunmaq
istəyirdi, dayandı:
– Onda bəlkə
elə indi gedim. Axşam futbol var, Macarıstanla
oynayırıq, evdə baxmaq istəyirəm,
– Əvvəl yemək ye, sonra
get. Kələm dolması bişirmişəm.
Sən axı xoşlayırsan kələm dolmasını…
Zaur masanın arxasına keçdi,
Firəngiz xörəyi gətirib boşqaba çəkdi,
– Elə bilirsən orda Xalabacı səni
ləzzətli xörəyə qonaq edəcək? Ay-hay.
Xalabacı dediyinin
adı Qızbəs idi. Spartakın
üçüncü arvadı. Birinci
arvadını boşamış, ikinci arvadı Tamara xərçəngdən
vəfat etmişdi. Ölümündən iki il qabaq kənddən
uzaq qohumlarının cavan qızlarını – Qızbəsi Bakıya gətirtmişdi
ki, onlara xidmət etsin. Tamaranın ölümündən bir il sonra Spartak özündən otuz yaş cavan
olan Qızbəslə evləndi. Firəngiz bunu
heç cür qardaşına bağışlaya bilmirdi.
Gör bədbəxt Tamaradan sonra kimi aldı da,
kəntoşu, qulluqçularını, xalabacını.
Elə o vaxt Spartak
bacısının bu rəftarından gileylənərək
ürəyini Zaura boşaltmışdı. Firəngizə
deyə bilmədiklərini yeznəsinə deyirdi:
Başımın tükü sayı qadınlarım, sevgililərim
olub. Hamısı da bir-birindən gözəl, indi mənim bu
yaşımda mənə qadın yox, arvad lazımdı…
Zauru heç cür başa sala
bilmirdi ki, qadın ayrıdı, arvad ayrı. .
.
İllər
keçdikcə Firəngizin Qızbəsə münasibəti
dəyişmirdi ki dəyişmirdi.
Zaur onu da xatırlayırdı ki,
axı Firəngizin özünün də bu uzun illər ərzində
xasiyyəti çox dəyişib, elə bil tamam başqa adam olub. Uzaq gəncliklərində,
təzə evlənəndə Firəngizin səsi
çıxmazdı, kimsə onu dindirənda
qıpqırmızı qızarar, sanki danışmağa
söz tapmazdı. İndi maşallah elə
bil dilotu yeyib. Nə isə…
Ac olmasa da, Firəngizin
dadlı dolmasını ləzzətlə yedi. Düz deyirmişlər ki, iştah diş
altındadır.
Spartak yataqda idi. Qızbəs ərinin yerini yataq otağında
çarpayısında yox, qonaq otağında geniş divan
üstündə salmışdı. Spartak
mixəyi pijamada idi. Zaur maskada içəri girəndə:
–
Əşşi, çıxart bu zibili, – dedi. – Belə də
iş olar, adam üzü görməyə
həsrət qalmışıq.
Firəngizin
gümanı düz çıxmadı. Qızbəs:
– Zaur
qardaş, – dedi – yaxşı piti bişirmişəm, bir qab
çəkim.
–
Çox sağ ol, – dedi Zaur, – nədənsə, adını
çəkməkdən çəkinirdi, bir yandan qorxurdu ki,
çaşıb onu Firəngizin qoyduğu adla
çağırar: Xalabacı. Bir yandan da Zaura
elə gəlirdi ki, adı Qızbəs olsa da, ona Qızbəs
(ya Qızbəs xanım, Qızbəs bacı) desən inciyər,
– elə bil təhqir edirsən, yəni yetər bəsdi, daha
qız istəmirik. Neyləməli ki, beş
qızdan sonra atası qoymuşdu ona bu adı.
Spartak amiranə bir tərzdə: –
Yemək istəmir, çay gətir, – dedi.
Qızbəs:
– Baş üstə, Spartak müəllim
– dedi – Mürəbbəylə içəcəksiz? «içəcəksiz» ikisinə, Zaurla Spartaka
yox, tək elə Spartaka aiddi. Zaur bilirdi ki,
Qızbəs əriylə hələ də «sizlə»
danışır. Gülüşünü güclə
saxladı: müəllim, siz! Görəsən,
yataqda da ərinə siz və müəllim deyir?
Spartak: Yüz qramla necəsən,
Zaur? – dedi.
– Yox,
dilimə vurmuram. Firəngizə söz
vermişəm.
– Əşşi Fira hardan biləcək? Əla
konyakım da var, xalis fransız konyakı.
– Yox, mən
elə çay içərəm. Fira dedi mənə vacib
sözün var.
– Deyəcəm,
tələsmə. Onda izin ver mən bir balaca
vurum. Yoxsa söhbətimiz tutmaz.
– Axı
xəstəsən. Həkim icazə verir
içməyə?
– Kimdi həkimin
sözünə baxan.
Spartak badəyə
viski süzdü. – Buz gətir,
– deyə Qısbəsi səslədi. – Çərəz də
gətir.
Qızbəs deyilənləri
gətirdi. Masanın arxasında oturdu: – Firəngiz
bacı necədi?
– Sağ
olun yaxşıdı. Salamı var.
Spartak badəyə üç
parça buz atdı, Qızbəsə:
– Sən
get – dedi – Zaurla söhbətim var.
Qızbəs dərhal otaqdan çıxdı. Spartak:
– Sağ ol, – deyə viskini bir
içimə hortdatdı.
– Fira dedi xəstəsən, amma
görürəm, kefindən də qalmırsan:
Spartak:
– Bu day
son kefimdi, Zaur, – dedi və harasa tələsirmiş kimi badəni
yenidən ləbaləb doldurub başına çəkdi.
– Bilirsən,
Zaur, – dedi, – mən həyatımdan razıyam. Hər
şey olub ömrümdə. Pis günlərim
də olub, yaxşı günlərim də. Ən gözəl qadınlarla olmuşam, eşq macəraları-filan,
ən dəbli maşınlarım olub. Pula
pul deməmişəm, varlı-karlı dost-aşnam, zövqlə
geyinib-kecinmişəm. Dünyanın hər
üzünü görmüşəm. Türmədə
də yatmışam, paraşanın yanında, böyük
şəhərlərdə beşulduz otellərdə də
qalmışam, məşhur kazinolarda oynamışam,
udmuşam, uduzmuşam, day nə deyim, bunları sən də
bilirsən. Yəni bir qismini bilirsən,
hamısını yox, əlbəttə. Hamısını
heç kəs bilmir. Kaş
yaşadığım ömrü bir də yaşaya biləydim,
hətta türməsiylə belə. Kaş
arxada nə olubsa qarşıda olaydı. Kaş…
Səsi titrədi. Qəhərlənmişdi.
Zaur:
– Nə
olub sənə? – dedi. – Hələ
qabaqda çox ömrün qalıb...
Spartak
xırıltılı gülüşlə qəhqəhə
çəkdi:
– Hardan? Səksən bir yaşında? «Bütün
ömrüm qabaqdadı». Bax bircə bu
cümləni deyə bilsəydim dünyanın bütün
var-dövlətini bu cümləyə dəyişməzdim.
Eh, Zaur, sən nə görmüsən axı bu dünyada?
– Mənim
ömrümü müzakirə etməyə
çağırmısan məni?
– Yox,
incimə. Qaynım olsan da, indiyə qədər
bilmirəm sən mənə necə münasibət bəsləyirsən.
Amma mən səni çox istəyirəm.
Doğru sözümdü. Özünü
aparmağın, gözü toxluğun, ailəcanablığın.
Bizim kişilər belə sözü deməz, amma mən
deyirəm: bacımın bəxti gətirib.
Zaur heç nə demədi.
Spartak badəni
üçüncü dəfə doldurdu:
– İçirəm bunu sənin sağlığına,
– badəni başına çəkdi – ağzına bir-iki
püstə atdı. – Yadındadır mənə sillə çəkdiyin? Hə, yadındadı? – deyə
sərxoş inadıyla təkrar etdi. Gör bu haçan idi,
ilahi…
– Bunu niyə
yada salırsan ki. Gör üstündən nə
qədər vaxt keçib. Nə qədər
ölüm-itim olub.
– Yox,
nahaq yerə yada salmıram. Üç gün
bundan qabaq həkimə getmişdim. Axır
vaxtlar nədirsə yaddaşım yaman korlanıb. Birdən ən adi sözləri unuduram. Elə bil sözlər məndən qaçıb
gizlənir. Həkim köhnə dostumdu, məni
əməlli-başlı müayinə etdi. Çekap
deyirlər, nə deyirlər və məlum oldu ki…
Zaur əndişələndi.
«Tupoy olmusan» deyibsə də, bu elə
düşünüb ki, xərçəngdi, gizlədirlər».
– Həkim
bilirsən nə dedi?
– Nə?
– Dedi səndə
altsheymer xəstəliyi başlanıb və bunun
qabağını almaq olmur. Bilirsən altsheymer
nə deməkdi?
– Yaddaşın itməsidi, deyəsən,
Reyqan da bu xəstəliyə tutulmuşdu gərək ki…
– Bəli. Yaddaş
birdən yox, tədricən, yavaş-yavaş itir. Mən artıq görürsən birdən
hansısa sözü yadıma sala bilmirəm. Bayaq sən gələndə üzündə nə
vardı?
– Nə? Maska?
– Hə də.
Bax bu söz birdən-birə qaçıb
çıxmışdı yadımdan.
– Bu söz xəstəlikdən yox,
visknin təsiriylə çıxıb yadından.
– Yox, Zaur, zarafatın yeri deyil. Bu çox ciddi söhbətdi. Çooox
ciddi. Həkim dedi ki, bir-iki aya az qala
öz adını da unudacaqsan.
Zaur bilmirdi nə desin.
Spartak: –
Orda stolun üstündə siqaret var – dedi, – çəkirsən?
Birini də mənə ver.
Hər ikisinin siqaretini
alışqanla odladı.
Spartak: Həyatda
çox günahlarım olub, Zaur, – dedi. – Düzdür,
heç kəsə pislik eləməmişəm. Amma olub ki, arvadlar mənim ucbatımdan
boşanıblar, ailələri dağılıb.
Zaur fəhmlə bu
söhbətin hara gedib çıxacağını təxmin
etdi, mövzunu dəyişmək istədi.
– Nəvələrin necədir e…
onlardan danış.
– Nəvələrimin
adları da bəzən yadımdan çıxır. Nə isə, bu ayrı söhbətdi. Yaddaşım tamam sıradan
çıxmamış, sənə bir sirri açmaq istəyirəm.
Çünki bu sirr mənim
yaddaşsızlığımda itib-bata bilər. Bağışla məni, Zaur.
– Nəyə
görə bağışlamalıyam səni?
Spartak bir
an susdu, siqaretdən dərin bir qullab
alıb yavaş səslə:
– Təhminəyə görə, – dedi.
Qohum kimi yaşadıqları uzun illər
ərzində də Spartakla hər təkbətək
görüşdə Zaurun ürəyi səksəkədəydi
ki, Spartak bir gün bu söhbəti sala bilər… Bu mövzuya toxunmağı heç cür istəmirdi.
Araya yenə üzüntülü, nigaranlıq, təşviş
dolu sükut çökdü. Sonra…
– O gün yaxşı
yadındadı? – deyə soruşdu Spartak.
– Hansı gün?
– Özünü keyliyə
qoyma. Çox gözəl bilirsən hansı
günü deyirəm. Sənin mənə
şillə vurduğun gün.
– Əvəzini çıxmaq istəyirsən? – Zaur yenə zarafat dalğasına
keçməyə cəhd etdi.
Amma Spartak tam ciddiyyətlə
davam etdi.
– O
gün biz Təhminəylə mənim maşınımda
bağdan gəlirdik. Yolda səninlə
rastlaşdıq. Dalısını da
yadına salım?
Zaur: –
Lazım deyil, – dedi, – yadımdadı.
Bir an içində
uzaq illərin dumanından sıyrılıb
çıxdı o səhnə. O günün hər
saatı, hər dəqiqəsi Zaurun yaddaşına əbədilik
həkk olunmuşdu:
– Yaxşı, tutalım
yadımdadı, – dedi, – nə olsun?
Spartak bir
az əvvəlki adda-budda
danışığından fərqli olaraq sözlərini
bircə-bircə, aramla və aydın tələffüz etdi:
– O olsun ki, – dedi – nə o gün, nə ondan əvvəl, nə
ondan sonra Təhminəylə mənim aramda heç bir şey
olmayıb. Bilirsən də nə mənada deyirəm.
Zaur sanki quruyub
qalmışdı.
Spartak siqaretini külqabına basıb söndürdü.
– Nə gizlədim, – dedi. – Ondan yaman kəsirdim,
xoşuma gəlirdi, bu bəyəm günahdı? Hə, – deyə
sərxoş inadıyla təkrar etdi: – Günahdı?
Zaur bu söhbəti
davam etdirmədən, daha heç nə demədən durub
getmək istədi. Spartak bunu duymuş kimi:
– Yox, dayan, getmə, – dedi, – hər
şeyi bilməlisən. Bir gün mənə zəng
elədi. Bağrım çatlayır, – dedi. – Gəl
görüşək. Sevindiyimdən bilmirdim nə
edim. Təhminə ilk dəfə
özü məni görüşə dəvət edirdi.
İndi gəlirəm, – dedim. Tələsik: yox, yox, – dedi –
maşınla gəl, şəhərdən çıxaq, dəniz
qırağına gedək.
Pirşağı tərəfdə
dəqiq bir yeri dedi, ora sürməyimi istədi.
Heç nə
dinib-danışmırdı. Özüm səni
soruşdum. Biz ayrıldıq, – dedi, – amma nə qədər
soruşdumsa səbəbini söyləmədi. Gedib
dəniz kənarına çatdıq. Maşından
düşdü.
– Sən
burda qal ,– dedi. Uzun zaman sahildə
gəzişdi.
Sonra qayıtdı – gedək, –
dedi.
Hara, şəhərə?
– deyə soruşdum. Heç
nə başa düşmürdüm.
– Yox, əvvəlcə sizin
bağa dəyək.
Təəccüb
qaldım, Zaur, nə gizlədim, telefonla məni
görüşə çağıranda da, sonra
maşında ayrıldığınızı deyəndə
də məndə belə bir fikir oyanmışdı ki, mənimlə
əlaqə qurmaq istəyir. Ürəyimdə
hətta qadın xislətinin etibarsızlığı
haqqında bir-iki təmtəraqlı cümlə də
hazırlamışdım. Bağımıza getməyi
təklif edəndə bu güman bir az da
artdı. Hər nəysə, bağa gəldik.
Spartak
danışdıqca Zaur qəribə, özüyçün
belə gözlənilməz hisslər keçirirdi. Bu qədər
il ötmüşdü, sanki hər
şey unudulmuş, solmuş, sönmüş, ömürdən
silinib atılmışdı. İllərdi
başqa bir həyatla yaşayırdı və o həyatdan bu
həyatda heç bir iz, soraq qalmamışdı. Amma indi Spartak o məşum günü təfərrüatıyla
yada saldıqca Zaur çoxdan unudulmuş həyəcanla, təlaş
və səbirsizliklə söhbətin davamını gözləyirdi.
– Bağa
girdik. İkinci mərtəbəyə
qalxdıq. Eyvanda xeyli dayandı, dinib-
danışmırdı, uzun-uzun harasa baxırdı. Quruyub qalmışdım. Axı
niyə məni bura dartıb gətirmişdi? Bəlkə, mənim tərəfimdən təşəbbüs
gözləyirdi.
Spartak susub badəsinə
viski süzdü, amma içmədi.
– Bağışla
məni, Zaur, – dedi. – Bilirəm sən ona necə deyərlər,
romantik hisslər bəsləyirdin. Amma mən o
vaxt romantik deyildim. – Güldü, – doğrusu, heç
indi də romantik deyiləm. Amma sən zənn etdiyin kimi pis adam da deyildim, vallah. Çox-çox
üzr istəyirəm, bunu da deməliyəm. Ona yanaşdım, çiyinlərindən
yapışdım, özümə tərəf çəkmək
istədim, anında dartınıb qollarımın
arasından çıxdı. Məni məzəmmət
də eləmədi, ancaq bir söz dedi: – Gedək şəhərə.
– Bəs
bura niyə gəlmişdik? Bir az kobud dedim
bunu.
Sakitcə:
– Vidalaşmağa, – dedi.
– Mənimlə burda vidalaşmaq istəyirsən?
– Səninlə yox, – dedi və təkrar
etdi – gedək şəhərə.
Heç nə başa
düşmədim.
Yenə aralığa
sükut çökdü. Bu səfər viskidən bir
qurtum aldı, sonra:
– Səninsə
ürəyinə tamam başqa şey gəlmişdi, Zaur. Bunu
sənə danışmasaydım dünyadan… – Səsi titrədi,
sözünə davam edə bilmədi.
Spartakgildən
çıxanda hava artıq qaralmışdı. Zaur qarışıq hisslər içində
addımlayırdı. Sanki bütün
ömrü bir neçə an içində gözlərinin
önündən kino lenti kimi keçirdi. Bu etirafın bir ömür gecikdiyini
düşünürdü. Bəlkə
bunu vaxtında dərk etsəydi, tamam başqa bir həyat
yaşayacaqdı. Amma keçmişin
şərti variantı yoxdu. Olan olmuş,
keçən keçmişdi. Heç nəyi
qaytarmaq, dəyişmək, başqa cür yönəltmək
mümkün deyildi. Niyə? Nədən? Neçin? Suallar içində boğulurdu, beyni
qaynayırdı. Spartaka həm nifrət
edir, həm minnətdar olurdu.
Evlərinə
çatdı. Liftin düyməsini
basdı. Lift işləmirdi. Qapıçının
yanına çıxdı. – Lift işləmir – dedi.
– Həri, işləmir. İki saatdı xarab olub. Sabah usta gəlib
düzəldəcək.
Zaur dərk edirdi ki, iki dəfə
infarkt keçirmiş ürəyilə altı mərtəbəni
çətin qalxa bilər... Küçədə də qala
bilməzdi… Bu boyda şəhərdə getməyə
yeri yoxdu. Bu ovqatla balalarının evlərinə
necə gedəydi? Bir ömür boyu izah
edə bilmədiyini onlara necə başa salaydı? Bəlkə
yenə Spartakgilə qayıtsın, yox, bu da mümkün
deyildi... Yeganə çıxış – nəyin
bahasına olur-olsun, mənzilinə qalxmaqdı. Durduğu yerdən altı mərtəbə
yuxarıda onu ömrünün son sığnağı, son təsəllisi,
son hayanı gözləyirdi. Yavaş-yavaş
pilləkanları qalxmalıydı. Bu,
Zaurun həyatda bəlkə də son sınağı,
qaytarılası son borcu idi. Addım-addım
pillələrlə qalxmağa başladı. Yavaş-yavaş ikinci mərtəbəyə
çatdı. Dayandı. Töyşüyürdü. Nəfəsini
dərdi. Beş dəqiqədən sonra
daha artıq töyşüyərək
üçüncü mərtəbəyə qalxdı. Burda xeyli müddət dayanmalı oldu, sonra yenə
pillə-pillə qalxmağa başladı. Bu da
dördüncü mərtəbə. . . Nə qalıb ki? Nəfəsi kəsilirdi.
Daha bir addım…
31
oktyabr 2021
Müəllifdən:
Əski
personajlarımla vida hekayəsinə sözardı yazmağa
da ehtiyac var. Bir müddət bundan əvvəl hansı tədbirdənsə
çıxarkən iki gənc – oğlan və qız mənə
yanaşdılar. Nişanlı, ya ər
arvad idilər. Bilmirəm. Oğlan:
– Olar sizə bir sual verim, – dedi.
– Olar, – dedim.
Oğlan:
– Zəhmət olmasa sən kənara çəkil, – deyə
qızın qolundan tutub bir az aralıya
apardı. – İnciməyin, – dedi. – Bir şey soruşmaq istəyirəm
sizdən. O bağda Təhminəylə Spartakın
arasında bir şey olub? Bilirsiz də nə mənada?
Oğlanın dupduru
gözlərinə baxdım, intizarla cavabımı gözləyirdi.
– Yox, – dedim. – Əlbəttə, aralarında
heç nə olmayıb.
Oğlanın elə
bil çiçəyi çırtladı. – Çox
sağ olun, – deyib sevincək qıza tərəf yollandı. –
Gördün? Bəs mən nə deyirdim?
O gündən xeyli vaxt keçdi. Bir gecə yuxumda Təhminəni gördüm. Təhminə həmin o qızdı, sual verən oğlanın nişanlısı (ya arvadı).
– Bəs bu şübhə mənim üstümdə qalmaqdadır axı – dedi – o oğlana dediyini oxucularına da çatdırsana…
Səhər durub bu hekayəni yazdım.
Anar
Xalq yazıçısı
Ədəbiyyat qəzeti.- 2021.- 13
noyabr.- S.4-6.