Hekayə diskurs kimi:
Anar."Təhminənin son sirri"
Əvvəlcə,
bunu deyim. Əsərdəki istənilən sirrin müəllif
tərəfindən açılmasını təqdir etmirəm.
Mətn daha çox reseptiv oxunuşa açıq
olmalıdır. Yəni, kim necə qavrayırsa, o cür.
Çünki bədii əsərin varlığını, mənasını
məhz müəlliflə oxucu arasında həmin o
münasibət - sirr, məchulluq təyin edir. Bir halda ki,
müəllif sirri açıb, o zaman hekayəni də bu
sirrin kontekstindən dəyərləndirmək gərək.
Anarın
yeni hekayəsini müəllifin qəzavü-qədər
düşüncələri, fanilik duyğusu, aqibət
yaşantıları içrə oxudum. Bir də bu
yaşantılar içrə ömür urasını
yaşayan obrazın illərlə qəlbində gəzdirdiyi
sirrdən qurtulma anının yaratdığı psixoloji
effekt, poetik təəssürat. Bu mənada, hekayədəki
intonasiya, ritm nizamı nəsr əsərlərinə gərəkən
şəkildə monolit və simmetrikdir. Müəyyən
yaşdan sonra həyat və ölüm haqqında narahat
duyğularla yaşayan insanın bir ömür içində
yığılıb qalan suallara cavab axtarışı,
suxurlanan nigaranlıqdan, məhculluq və təlatümdən
xilas olub yüngülləşmək istəyi.
İstənilən
mətnin öz daxili zamanı var və yazıçı
öz mətnində zamanı istədiyi kimi qurmaqda sərbəstdir.
"Təhminənin son sirri" hekayəsindəki zamanın
semantik yükü özündən əvvəlki
keçmişlə - romanın zamanı ilə əlaqə
yarada bilməsidir. Amma qəribədir ki, oxucu bu zaman fərqini
çox da hiss etmir. Əlbəttə, dövr çox dəyişib,
lap çağımızın koronavirus bəlasının
mövcudluğunu ehtiva edəcək qədər. Buna
baxmayaraq, Anar romanın
yazıldığı zaman, məkan, şəxs-personaj heyətini
çərçivələnmiş nəql strukturunda birləşdirib
yeni mətnə ötürməyə nail olur. Və bu
çərçivələnmiş nəqlin daxilində
zaman sıçrayışları, retrospeksiya
çalarları hər addımda öz fərqli modusları
ilə görünür. Obrazların xarakterinə, səsinə,
danışıq tərzlərinə, həyat
platformalarına qədər hər nüans, situasiyaların təsvirinə,
rəqəmlərin simvolikasına (altıncı mərtəbə)
qədər hər detal yenidən xatırlanıb səhifələnir.
Hətta Anar dilinin aparıcı xətti olan daxili səs
qüdrəti, bu səsin addımbaşı obrazın ruhunda
işlək olması da nəzərə çarpan poetik amillər
sırasındadır.
Baş
verənlər yalnız roman,
yaxud hekayənin yazılma zamanını əhatələmir əslində.
İki mətnin yazılma mərhələsi
aralığındakı vaqeələrə körpü
salınır. Nə dəyişib? Məlum olur ki, heç nə.
Yeni olan bir koronavirus bəlasıdır. Bir
tanımadığımız yeni obraz - Spartakın
üçüncü həyat yoldaşı Qızbəs. Bir
də Firəngizin xasiyyəti: "Uzaq gəncliklərində,
təzə evlənəndə Firəngizin səsi
çıxmazdı, kimsə onu dindirəndə
qıpqırmızı qızarar, sanki danışmağa söz
tapmazdı. İndi maşallah elə bil dilotu yeyib".
Vəssəlam.
Qalan hər şey adidən adidir. Hamı öz
gününü qazanıb ömrü uduzmaqla məşğuldur:
Məmməd Nəsir, Spartak, Firəngiz, Zaur. Həyatın
axarına qarışıb günlərini keçirirlər.
Kənardan belə görünür hər halda. Amma dəyişməyənlər
arasında dünənli duyğulara da yer var deyəsən.
Necə ki, ani bir məqam gəlir və dincə qoyulmuş
çarpışmalar, düyünlər açılır.
Zaur sirri çözür, sualına cavab tapır, amma
tapdığı anda da nəsə itirir. Bu dəfə
görünür ki, əbədilik. Bu əbədiliyin
ağırlığı onu artıq əvvəlki həyata
qayıda bilməmək mənasında geri dartır. Sonluq bu
mənada düşündürür və ardınca sual
işarələri gətirir. Belə çıxır ki,
yazıçı bir sirri qapayarkən yenisinə qapı
açır. Məsələn, qəhrəman hansı mənzilə
doğru can atır? "Altı
mərtəbə yuxarıda onu ömrünün son
sığnağı, son təsəllisi, son hayanı gözləyir"
deyərkən son duracaq kimi hara tələsir? Evinəmi? Yox, "son sınaq və
borcun" yaratdığı təlaş ev üçün
ola bilməz. Keçmişəmi? Yox, ürəkdəki
yanğı qəhrəmana nəfəsini toparlayıb
altıncı mərtəbəyə yetmək
üçün imkan verməz daha. Keçmişə
dönüş qarşısında hamı
gücsüzdür. Zaur da. Bu gücsüzlük də ona pilləkənləri sonadək -
(ünvana!) qalxmağa imkan vermir, yuxarıya doğru
atdığı hər addımla əslində geriyə, əbədiyyətə
yön alır. Burdan o yana gedilən yeganə ünvan
inanmadığı "o biri dünya" ola bilər. Məmməd
Nəsirlə bağlı səhər gördüyü yuxunu
xatırlayırıq və dairə qapanır.
Elnarə AKİMOVA
Bu
hekayəni məlum romana şərh kimi anlamaq olarmı? Bilmirəm,
ancaq bir məsələ aydındı: bir yazıçı
kimi Anarın üslubuna sinxronluq xasdır, dünyada bir
sıra proza ustaları kimi o, yazını bir mənbədən
alıb davam etdirir (bütün əsərlərini diqqətlə
oxusaq bunun şahidi ola bilərik, qəhrəmandan qəhrəmana,
obrazdan obraza və hadisədən hadisəyə keçidlər
onları bir tama, həm də açıq kitaba
çevirir...), ancaq bu həmin əhvalat və mətləbin
tam fəth edilməsi anlamına gəlmir, buna görə
ayrı-ayrı əsərlərində hadisələr və
personajlar arası keçidlər həm də
dönüş nöqtələridir, bu hekayədə Zaur,
fikir vermisinizsə təkcə yaş baxımından dəyişməyib,
müəllifə yaxınlaşıb, yəni, bədii əsərdə
həmin doğma keçidlər personaj və
düşüncənin daxilən başqalaşmasını
da şərtləndirir.
Romanda
onu mükəmməl bədii mətn kimi şərtləndirən
cəhətlərdən ikisini nümunə gətirək,
beşmərtəbənin altıncı mərtəbəsi
(metafora) və Təhminənin sirri... Bu ikisindən birini
götürsək, aradan qaldırsaq roman başqa bir formatda
oxunardı.
Hekayədə
6-cı mərtəbə yoxdur (əslində var, ancaq... Zaur
sirri öyrənəndən sonra lift işləmir, ora
tövşüyə-tövşüyə, ölərək
qalxmalıdır...), insanlar yaşlaşıb, qocalıblar (əvvəllər
söz deyəndə qıpqırmızı qızaran Firəngiz
indi elə bil dilotu yeyib, Spartak yaddaşını itirmək
qorxusunu yaşayır, Zaur o mərtəbəyə qalxan pilləkənlərə
ayağını basdımı tövşüyür, ürək
dözmür, gəncliklə bərabər o arzular və
onlara yaraşan metaforalar da əriyib gedib...), təkcə o
sirr qalıb, hamıdan, hər şeydən cavan və ən
çox yaşamaq haqqı olan sirr.
Hekayədə
iki yuxu var, biri mətnin əvvəlində, xəbərdarlıq
işarəsi kimi, ikincisi müəllifin yuxusu. Hekayədə
sirab kimi əriyib gedən görüntülər yuxu
metaforasının içindən süzüb gedir. Məmməd
Nəsirlə bağlı Zaurun dediyi "Dünyada qoca
içkibazlar qoca həkimlərdən çoxdur" sözlərinə
Firəngizin reaksiyası:
"Firəngiz
güldü:
-
Onun sözü deyil ki. Yadındadır, Parisdə bir kafeyə
getmişdik. Orda divarda yazılmışdı bu sözlər.
Bizə tərcümə etdilər. Xeyli
güldük - Firəngiz köksünü ötürdü:
- Eh, nə gözəl günlər idi... Elə
bil yuxuda görmüşəm bütün bunları."
Ayağını
hara atsan yuxu məkanıdı, əriyib gedən və yenidən
səni içinə alan yuxu.
Hələlik bu qədər.
Cavanşir YUSİFLİ
Anarın
"Təhminənin son sirri" hekayəsi haqqında rəyimi
soruşdular, bu qeydləri yazdım:
Yazıçı
Anar heyrətləndirməkdə davam edir; özünə,
Sözünə, yaradıcılığına, qəhrəmanlarına,
oxucularına sədaqəti, səbatı ilə...
Mənə görə, hekayə
yazıçının sonda zəruri bildiyi "Müəllifdən"
qeydindəki "Təhminənin sirri"nə
aşırı oxucu marağından başlanır. Bugün Oxucu
yazıçıdan daha vacib, öndə, hakim, diktə edən
Səsdir. Deyim ki, təəccübümə
rəğmən, günün oxucuları Təhminənin
sirrini zaman-zaman təkcə yazıçıdan yox ki, bəzən
tənqidçilərdən də sorub, bilmək istəyir.
Təhminənin Anardan sonra neçə-neçə
dekonstruksiyası oldusa da, suallar bitmədi ki, bitmədi...
Bəlkə də hekayə Anar dünyasının
lokomotivi - yenə də ekzistensial düşüncə məqamından
başlanır. O yerdən ki, "günlərin bir günü sadədən
sadə bir fikir gəldi başına və bütün
gümanlarını alt-üst elədi. Yaxşı,
sən dünyaya gələnə qədər hardaydın?
Başqa bir dünyada? Əlbəttə,
yox. Heçsizlikdə, yoxluqda idin də..." Və elə
bu həngdə, ahəngdə də davam edir...
Ölümlər,
ölümlər, ölümlər... Nə
ölümdən qorxmaq ayıb, nə də düşünmək
ölümü. Ölümlər o qədər
rahatlaşıb ki. Hər yan maskadır,
maskadadır, cərimədir, cəriməlilərdir. Vida dəminin özü maraqlı olubdur, sakit olubdur,
soyuq olubdur. Qəhrəmanlarınla
ayrılığın belə ustadcasına, fəlsəfi,
müdrik üsulunu düşünmək hər
yazıçıya nəsib olmur. Axı biz oxucular bu qəhrəmanların
hamısını tanıyırıq; amma ölümlərinə
də hazır olmaqlıq heç ağlımıza gəlməyibdir...
Bəlkə də başlanğıc, müqəddimə
hekayənin sonluğunda qəhrəmanın, Zaurun pilləkənləri
ağır-ağır, səbr və gözlənti ilə
qalxdığı uzun intizar situasiyasından ayaq alıb
yeriyir. Biz,
artıq neçə nəsil Anarsevər oxucular Anarın qəhrəmanlarının
altıncı mərtəbədə, ya da həndəvərində
yaşadıqlarını bilirik.(Şəxsən öz oxucu
yaddaşıma sığınsam, mənimçün Anar təxminən
qırx-əlli il əvvəl bir hekayəsindən (gərək
ki, adı "O gecə" idi), 37-ci il qorxularının bir
binanın sakinlərinin qəlbində, pillə-pillə, hər
mərtəbədə doğurduğu vəlvələ, xof,
ölüm və əlbət ki,tükənməz həyat
duyğularından başlamış və sonra dayanmadan hər
əsərində içimə yerimişdi) ...Murtuz
Balayeviç, Dadaş, Səfdər, Məmməd Nəsir,
Firəngiz, Spartak... - yaxşı
tanıdığımız bu həyat personajları barəsində,
hekayədə, demək olar ki, əlavə nəsə
deyilmir; başdan-başa sitatlardır, inter-mətndir. Bir anlığa təzə nəsil, hələ ki,
Anar dünyasından xəbərsiz oxucunu düşünsək.
Dekonstruksiyalar dövrü oxucusunu. Hekayənin finalında qabağına çıxan
pilləkənləri, sizcə və Zaurun ardıyca, qayıdıb-qalxmaq
istəməyəcəkmi? Anar
dünyasına. Altıncı mətəbəyə.
Təhminənin sirlərinə. Mənimcə, istəyəcək. Bəlkə sonra həm də elə
ölümsüzlüyün sirlərinə.
Tehran ƏLİŞANOĞLU
Ədəbiyyat qəzeti.- 2021.- 13
noyabr.- S.7.