Atatürkçü ədəbiyyat
1938-ci il, 10 noyabr.
Atatürk dünyasını dəyişir.
Əli bəy Hüseynzadə "Onun vəfat
tarixi" adlı bir şeir yazır.
Atatürkün ölümü səbəbilə
yazılmış ilk şeirlərdəndir.
Əbdülhaq
Hamidin, Orhan Seyfi Orhanın, Behcet Kemal Çağların,
Cahit Sıtkı Tarancının, Melih Cevdet Andayın
Atatürklə bağlı şeirlərinin ən
yaxşıları ilə bir sırada dayanır.
Hüseynzadənin
"Ona inan", "Ondan öncə və sonra",
"Atatürk", "Onun vəfat tarixi" şeirlərini
(yuxarıda xatırlatdığım şairlərin
Atatürklə bağlı yazdıqlarını da) 2002-ci
ilin noyabrında "Yeni Azərbaycan" qəzetinin
"Ədəbiyyat" əlavəsində "Atatürk ədəbiyyatı"
adlı məqaləmlə bir yerdə təqdim etmiş və
yazmışdım ki, "Əli bəy Hüseynzadənin
Atatürkə həsr etdiyi şeirlər ədəbiyyat
tarixçilərimizin ayrıca araşdırma predmeti
olmalıdır, çünki bu şeirlər Azərbaycan ədəbiyyatı
tarixində Atatürk mövzusunun ilk örnəkləridir və
istər siyasi, istər bədii mahiyyətinə görə
xüsusi dəyər daşıyır" ("Yeni Azərbaycan"
qəzeti. "Ədəbiyyat" əlavəsi,
№ 5-6. 29 noyabr 2002). Amma indi,
üstündən 19 il keçəndən sonra təəssüf
hissi ilə yazıram ki, ədəbiyyatımızda
Atatürkə həsr olunmuş ilk poetik örnəklər bu
illər ərzində ədəbiyyat tarixçilərimizin
diqqətini cəlb etmədi, heç bir halda onların
araşdırma predmetinə çevrilmədi. Hətta
"Atatürk obrazı Azərbaycan ədəbiyyatında"
mövzusunda məqalələr, araşdırmalar yazılsa
da Hüseynzadənin həmin şeirləri unuduldu.
1930-cu illərdə Atatürkün şəxsiyyətinə
ilahi dəyər verməklə, türk ədəbiyyatı əslində,
milli idealların və istiqlalın qorunmasına xidmət
edirdi.
1938-ci ildə
Atatürk dünyasını dəyişərkən
İstanbulda "Tibb dünyası" dərgisində dərc
olunmuş "Onun vəfat tarixi" şeirində
Hüseynzadə Atatürkü Rəhmanın Ərşində
günəşə (Neyyiri-ərşi Rəhman) bənzədir,
məqamını "Mükimi-ərşi Yezdan"da
(Allahın ərşində) nişan verirdi.
Söylədi
tarixini
Ona tapan
bir ozan:
Öldü
ATATÜRK - dahi
Mükimi-ərşi
Yezdan!
Tənvir
eylədi fikri,
Doğru
yolu göstərdi:
KAMAL əfkar
rəhbəri
Neyyiri-ərşi
Rahman!
Gözələ
aşiq idi,
Sevgilisiydi vatan.
Şimdi
o yücə QAZİ
Qəribi-hüsni Canan.
Hüseynzadə
şeirdə "Kamal əfkar rəhbəri, Neyyiri-ərşi
Rahman!" misralarına belə bir qeyd
düşürmüşdü: "Bunun yerinə, "Kamal
onur rəhbəri, // Neyyiri-ərşi Rahman!" - denilsə,
əbcəd hesabı ilə misraların cəmi 1900 olur, bu təqdirdə
başa 38 ifadə edən böyük sifəti əlavə
olunursa, beyt 1938 olur. Görülür ki, onun əsrlərə
sığmayan böyüklüyü misralara da
sığmıyor".
Əli bəy bu şeiri 1938-ci ilin 10 noyabrında
yazıb.
Feyzavər xanımdan bu şeir barədə, şeirin
yazıldığı gün barədə soruşmuşdum:
"Atatürkün xəstəliyi uzun sürdü. Dolmabağça sarayının
çatısında bir bayraq dalğalanırdı. Hər gün biz böyük həyəcan və
xiffətlə o bayrağa baxırdıq. Bayrağın
enməsini istəmirdik. Çünki bu
enişlə Atatürkün artıq həyatda
olmadığı bilinəcəkdi. Babamın
yaxın dostu və eniştəmin qardaşı Akil Muxtar
Özdən Atatürkün özəl həkimləri
sırasındaydı. Daha çox o, hər
gün babama Atatürkün səhhəti ilə bağlı
məlumatlar gətirirdi. Bir səhər
Akademidə dərsdəydim. Bir də
gördük ki, bayraq enir. Hamımız
sarsıldıq. Bayrağın enişi
bütün Türkiyəni matəmə
düşürdü. O zaman mən bundan daha
müdhiş xəbər təsəvvür etmirdim. Hamıdan əvvəl babamı
düşündüm. Bilirdim ki, bu xəbər
onu sarsıdacaq, yıxacaq. Düşündüm,
görəsən, babam dözə biləcəkmi? Nə yapacağımı bilmədim. Şaşırıb qaldım. Səlim
abi məni tərk edib Dolmabağçaya getdi. Mən isə evə qaçdım.
Gördüm, babam qapıda durub bəkləyir... Babam məni
görən kimi ürkək səslə: "Atatürkdən
nə xəbər?" - deyə
soruşdu. Dedim ki, bayraq endi. Atatürkü
itirdik. Yasa batdı, yıxıldı,
sarsıldı. Evimizə matəm
havası çökdü".
Bu şeir də elə həmin gün o matəm
havalı evdə, o yasa batmış, sarsılmış,
yıxılmış insanın qələmindən
çıxıb. Hüseynzadə "Onun vəfat
tarixi" şeirində ümmət cizgisinin
hüdudlarını asanlıqla aşır, Mustafa Kamalın
şəxsiyyətini idealizə edir və ona ilahi məzmun
verirdi. Təkcə şeyxülislam nəvəsi Əli
bəy deyil, XX yüzil ümmət poeziyasının son
böyük dahisi, pakistanlı filosof Məhəmməd
İqbal da belə düşünürdü: "Türk
fidanı Avropa ildırımının onu davamlı
rahatsız etməsinə rəğmən kök saldı və
meyvə verdi. Peyğəmbər
Məhəmməd Mustafa münafiq düşməni Əbuləhəbin
təcavüzləri sayəsində necə kamala
çatmışdısa, türklərin Mustafası (Mustafa
Kamal) da avropalılarla çarpışma nəticəsində
kamala çatdı. Mənim şeirimi hind
və əcəm əyarı ilə ölçmə, zira bu
şerin cövhəri gecə yarılarında axan göz
yaşlarımdan gəlir".
Hüseynzadə Atatürklə bağlı poetik
intibalarında kifayət qədər estetdir. Hətta Homerdən
sərbəst şəkildə çevirdiyi "Troya pərisinin
hekayəsi"ndə, qəribədir ki, Atatürkün də
obrazı görünür. Tərcümədə
Yupiteri Nur, Heranı isə Canan adıyla təqdim edən
Hüseynzadə mətnin sonunda qəribə bir haşiyə
çıxırdı:
Canan isə
getdi irəli doğru
Və
Homerə görə uyutdu Nuru...
Onu
dörd bin sənə sonra uykudan
Uyandıran
Kemal Atatürk oldu! -
Söhbət
Troyadan gedirdi və türklərin Troyaya yenidən sahiblənməsi
üçün Yunan Tanrıları dörd min illik uyquya
dalmalıymışlar... Troyada - Çanaqqalada Yunan
Allahları ilə üz-üzə gələn Atatürk həm
də yunanlardan dörd min il əvvəl
yandırdıqları Troyanın öcünü
almışdı.
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2021.- 13 noyabr.- S.8.