Konsert
hekayə
Zərnigar ərinin hərbi
pencəyini şifonerin
sağ gözündən
alıb ora-burasına
diqqətlə baxdı,
pencəyin hər iki yaxasındakı orden və medalları
barmaqları ilə sığalladı:
- Arif, bunu niyə
geyinmək istəmirsən?
- deyə-deyə yan otağa keçdi, əlindəki pencəyi silkələyə-silkələyə
bütün cilvəsi
ilə onun gözləri önünə
tutdu.
Arif gözünün ucu ilə hər tərəfi orden-medalla dolu hərbi pencəyə ötəri
nəzər salıb dodaqaltı mızıldandı:
- İstəmirəm. Ayıbdı.
Adamlar elə bilər, özümü göstərirəm.
- Nəyi ayıbdı, bunları sən canını qoyub almısan. Səni tanıyan heç vədə helə deməz.
Axşam
Arif Zəfər gününə həsr edilmiş konsertə dəvətli idi. Ordudan sağlamlığına
görə tərxis edildikdən sonra adam arasına ilk çıxışı olacaqdı.
Tanış-bilişlə görüşəcəkdi.
Arif heç kimdən fərqlənmək
istəmirdi.
- Zərnigar, köynək nooldu?
Arif, nəhayət, mülki kostyumunu geyinib saçını güzgü
qabağında neçənci
dəfə darayandan sonra:
- Mən getdim, - deyə səsləndi və evdən çıxdı.
Konsert binasının qarşısında
adam adam üstündə idi. Hamı giriş qapısından keçməyə
can atırdı. Adamlar
bir əlində bilet, o biri əlindəki
telefonda kovidlə bağlı özlərinə
aid informasiyanı axtarır,
girişdə duran biletyoxlayanlara göstərməyə
çalışırdılar. Biletyoxlayanların arasında
cüssəli bir gənc xüsusi canfəşanlıq göstərirdi.
Bu, qara kostyum, ağ köynək geyinmiş, qırmızı
qalstuk taxmış bir aktivist idi.
Civə kimi gah sağa, gah sola qaçır, hərdən içəri
keçir, hərdən
bayıra çıxır,
sürüşüb içəri
keçmək istəyənlərin
qarşısını alır,
sırasını düzəldirdi.
- Qardaşım, sıranı
pozma. Yerinə keç. Sıraya girin, qardaşlar. Sakitliyə riayət edin. Sakit olun.
Arxayın olun. Konsert sizsiz başlamayacaq.
Qapı
ağzındakı izdiham
sakitləşmək bilmir,
sıra yenə də pozulur, adamlar dalğa-dalğa gəlib qapıya çırpılır, gənc
aktivistin geniş sinəsinə dəyib geri çəkilirdi.
Arif bu aktivistə, onun yersiz canfəşanlığına
baxdıqca gülməyi
gəlirdi. Bu oğlan
qələbədən uzaqda
"qələbə" qışqıranlara
oxşayırdı. Arif
düşündü: "Mən və yoldaşlarım "qələbə"
bayrağını vətən
torpağının bağrına
sancanda bu adamlar maşınlarının
pəncərəsindən televiziya
kameralarına "Qələbə!!!"
qışqıra-qışqıra poz verirdilər".
Gənc
aktivist çoxdan Arifin baxışlarını
tutmuşdu. Bu baxışların
arxasındakı rişxənd
dolu təbəssümü
də deşifrə eləmişdi. Girəvə
axtarırdı Arifə
cavab verməyə. Növbəti dalğa Arifi düz onun önünə atdı. Dalğa geri çəkiləndə
aktivist Arifi arxadan bərk-bərk qucaqlayıb kənara çəkdi.
- Məni niyə aparırsan? Mənim sıram ordadı. - Arif aktivistə sıradakı yerini nişan verməyə çalışdı.
- Dayı, sən hələ gəl bu tərəfə görüm. Ayaq altında qalarsan.
Əvvəla, göstər görək,
sənin kovid icazən varmı? - Aktivist çox ciddi şəkildə Arifdən soruşdu.
Arif bu basabasda istədi,
əlini cibinə atsın və telefonunu çıxarıb
kovid icazəsi olan səhifəni açıb göstərsin,
alınmadı, sağdan-soldan
onu möhkəmcə
sıxışdırırdılar:
- Qardaşım, bax, bu mənim konsertə
dəvətnaməm... - Arif
əlindəki dəvətnamə
ilə məsələni
həll eləməyə
çalışdı.
- Onu saxla. Kovid icazəni
göstər.
- Al, bax, bu da
mənim kovid icazəm. - Nəhayət,
Arif onu məngənə kimi sıxışdıranlardan canını
qurtarıb telefonu çıxardı və lazım olan səhifəni tapdı.
- Hə... tutalım
ki, bunu gördük, indi şəxsiyyət vəsiqəni
göstər.
- O niyə? O yanımda deyil.
- Yaxşı, nə bilək ki, bu icazə sənə
aiddir?
Arif inanmaq istəmədi ki; aktivist oğlan
bu dərəcədə
ciddi ola
bilər. O isə bir əlilə Arifin əlindən bərk-bərk yapışaraq
səbrlə gözləyirdi.
"İndi görərsən
başqasına rişxəndlə
gülmək necə olur?!"
- Bax, qardaşım...
- Nə bax, bax
salmısan?! Baxıram
da... Görmürəm. Çəkil kənara. Camaata mane olma.
Çəkil! - Gənc
aktivist Arifi bir kənara itələyə-itələyə hiddətlə onun qulağına pıçıldadı:
- Hə, niyə gülmürsən? Gülsənə!
Bayaqdan rişxəndlə
gülə bilirdin... Nooldu?!
Gənc aktivist, nəhayət ki, niyyətinə çatıb Arifi sıradan çıxardı. Sıradakılar yenidən qapıya hücum etdilər. Səs-küy yenidən yüksəldi.
Arif mat-məəttəl qalmışdı.
Elə bu zaman konsert binasının
iyirmi addımlığında
bir hərbi avtobus dayandı. İçindən hərbçilər enməyə
başladı. Bunlar zəfər
konsertinə dəvət
olunan müharibə qəhrəmanları idi.
Hamısının başında qırmızı
beret var idi. Boy-buxunları, əyin-başları
göz qamaşdırırdı.
Bir anın içində iki səf düzəltdilər.
Sonra konsert binasına doğru əsl hərbçi addımları
ilə "bir-iki, bir-iki" yaxınlaşmağa
başladılar. Camaat bir
anın içində
giriş qapısının
ətrafını boşaltdı.
Qapıya qədər adamlardan
ibarət canlı tunel yarandı. Gənc aktivist Arifi arxaya itələyib ön sıraya keçdi. Amma hələ də
arxasında gizlətdiyi
Arifin əlindən bərk-bərk tutmuşdu
ki, əlini ondan qoparıb içəri sürüşməsin.
Hərbçilər qapıya yaxınlaşdıqca
qapı ağzına toplaşanlar əl çalmağa başladılar.
Bütün məhəbbətlərini gözlərinə yığıb
hərbçiləri böyük
bir ruh yüksəkliyi
ilə qarşılayan
bu insanlar əllərinin ağrımasına
fikir vermədən hərbçilərin addım
ritminə uyğyn əl çalırdılar.
Hərbçilər onlar üçün düzələn tuneldən
keçməyə başlayan
zaman irəlidə gedən taqım komandirinin peşəkarcasına
sağa-sola qaynayan donuq gözlərinə birdən elə bil, işıq doldu. Gözləri sol tərəfə dirənib qaldı. Qapının dörd-beş
addımlığında taqım
komandiri qəflətən
yerində saymağa başladı və bir an sonra
komandirin bağırtısından
yer titrədi. Bu bağırtı ətrafdakı
çəpən səslərini
qartal qıyı kimi batırdı:
- Diqqət... sola!!! Taqım
dur!!!
Zəhmli, qaşqabaqlı hərbçilərin
iyirmisinin də ayağı bir nəfər kimi yerə pərçimlənmədimi,
pərçimləndi. Yenə
haman tükürpədən
bağırtı bu dəfə ətrafa hakim kəsilmiş sükutun bağrını yardı:
- Sola dön!!!
Hərbçilər bir nəfər kimi sola döndü. Qəflətən hamısının eyinləri
açıldı, gözləri
güldü. Hamısı öz köhnə komandirlərini görmüşdü.
Taqım hələ də farağaq halında idi. Yenə taqım
komandiri Mübarizin qartal səsi ucaldı:
- Komandiri salamla!!!
Hərbçilərin hamısı bir adam
kimi hərbi salama durdu. Gənc aktivist
qarşısında duran
hərbçilərin ona
tərəf dönüb
hərbi salamda farağat dayanmasını
başa düşə
bilmirdi. O, əməlli-başlı
çaşıb qalmışdı.
Kürəyindən tumanınacan
tər axdığını
hiss elədi.
Hərbçilərin farağat şəklində durduqları
hərbi salamın nə qədər sürəcəyini bir nəfərdən başqa
heç kim
bilmədi. Bütün ətraf çaşqın
halda susub qalmışdı. Birdən
gənc aktivist hiss elədi ki, arxasında gizlətməyə
çalışdığı o çəlimsiz kişi
əlini onun əlindən sıyırıb
azad elədi. Sonra Arif əlini ovuşdura-ovuşdura gənc
aktivistin arxasından çıxıb ona hərbi salama durmuş hərbçilərin
qabağına keçdi.
Bir anlıq Arif də farağat vəziyyətini aldı.
Qarşısında illər boyu
çörək kəsdiyi,
ölümə gedib salamat geri döndüyü,
yaralısını çiynində,
xəstəsini qucağında
daşıdığı döyüş
yoldaşları donuq şəkildə mil durub onun - sevimli komandirlərinin əmrini gözləyirdilər. Ancaq onun
əmri bu adamları farağat vəziyyətindən çıxara
bilərdi. Arif onların
hamısını bir-bir,
ciddi baxışla süzəndən sonra yavaş, amma sərt səslə
"Azad!" - dedi.
Hərbçilərin sevinci yerə-göyə sığmırdı. Onlar bir
anın içində
komandirlərini əhatə
etdilər, kimi Arifi qucaqlayır, kimi öpür, kimi də əlini
onun kürəyinə,
qoluna toxundururdu.
Deyə-deyə, gülə-gülə,
qucaqlaya-qucaqlaya onlar Arifi az
qala əlləri üstə alıb giriş qapısına tərəf apardılar.
Bir neçə an qapı ağzına toplaşmış adamlar hərbçilərin arxasınca
dinməz-söyləməz durub baxdıqca baxdılar. Sonra yenə də
konsert binasına yürüş başladı.
Gənc aktivist taqətsiz bir halda bu
insan selinin qarşısından çəkildi. Bir müddətdən
sonra o, tamamilə tək qaldı. Kənara çəkilib bir pilləkənin üstünə
oturdu. Qalstukunu boşaldıb köynəyinin
yaxasını açdı.
Özü də bilmədi
ki, qəhər onu niyə belə
boğur.
Noyabr,
2021
Kamal Abdulla
Ədəbiyyat qəzeti.- 2021.-
13 noyabr.- S.9.