Qısa hekayələr
Gecə
Maşın
yanımdan keçəndə sürətini azaltdı, amma mən
heç nədən şübhələnmədim. Sonra o,
tamam dayandı və qabaqda oturan şəxs maşının
şüşəsini aşağı endirib mənə
baxdı. Mən hava almaq üçün həyətə
düşmüşdüm, gecə saatları idi, ona görə
də bu şübhəli mənzərədən bir az
qorxdum. Amma çox düşünməyə vaxtım
olmadı. Həm sürücü, həm də qabaqda oturan
başqa bir oğlan maşından çıxıb mənə
doğru qaçdılar. Yerimdən tərpənməyə
macal tapmadım. İkisinin də əlində bıçaq
olduğunu artıq düz üzbəüzümdə
dayandıqları və həmin bıçaqları
qarnıma soxduqları vaxt hiss elədim. Ağrıdan və
qorxudan qeyri-ixtiyari qışqırdım. Onlar bir neçə
zərbə də endirib maşınlarına tərəf
qaçdılar. Yerə yıxıldım.
Yəqin
ki, məni kimləsə səhv salmışdılar.
Çünki mən Bakıya ömrümdə ilk dəfə
dünən gəlmişdim. Rayonda müəllim işləyirdim,
heç kəslə düşmənçiliyimiz yox idi və
həyatımda heç vaxt bu cür məsələlərlə
də işim olmamışdı.
Ölmək
istəmirdim. Telefonu cibimdən çıxarıb kiməsə
zəng etmək asfaltın üstündə bir az uzanandan
sonra ağlıma gəldi. Axırıncı eşitdiyim
şey xəttin o biri üzündəki adamın
qışqırıq və ağlamaq səsi oldu. Sonra
başımı asfaltın üstünə qoyub uzandım və
uzaqdan işıqları gələn maşınlara baxa-baxa
gözlərimi yumdum.
Zəlzələ
Ayaq
üstə bir az öpüşəndən sonra yataq
otağına getdik. Onu arxası üstə çarpayıya
uzatdım və boğazından aşağı doğru
öpməyə başladım. Amma bu vaxt otaq qəfildən
silkələnməyə başladı. Diksinib
başımı qaldırdım. Tavandan asılan lüstra
baxdım. Lüstr asta-asta yellənirdi. Zəlzələyə
bənzətdik, amma yerimizdən tərpənib işimizi
dayandırmağa tələsmədik. Sonra paltar şkafı
elə silkələnməyə başladı ki,
qapıları bir-birinə dəyib şaqqıldadı. Bu
vaxt daha gözləyə bilmədik. Qorxmuş halda, tələsik
ayağa qalxdıq. Yarıçılpaq bədənlərimizi
paltarlarımızla tezbazar qapadıq, amma həm də
ümid etdik ki, bu titrəyişlər dayanacaq və biz evi tərk
etməli olmayacağıq. Sonra hardansa şüşə
sınmasının səsini də eşitdik və daha
heç nəyi gözləmədən qaça-qaça mənzildən
çıxıb, pilləkənlərə sarı getdik.
Bəxşiş
Heç
bir işçiyə pul verməməli olduğumu bilirdim.
Bura elə yer idi ki, belə bir şey nə işçilərin,
nə də xidmətdən yararlananların ağlına gələn
deyildi. Ona görə də işim bitəndən sonra sənədlərimi
stolun üstündən götürəndə özümü
xəbərsiz kimi göstərərək və nə baş
verəcəyinin marağı ilə qarşımdakı
ağ köynəkli oğlandan soruşdum:
-
Qardaş, borcum nə qədərdi sizə?
- Borcunuz
yoxdur, müəllim, bunun üçün ödəniş
edilmir.
Üzümə
geniş bir təbəssüm qonduraraq:
- Nə
danışırsız, elə şey olar? Siz bu qədər
işimi gördünüz mənim, - dedim və onun növbəti
etirazlarını dinləmədən pulqabımdan beş
manat çıxarıb stolun üstünə qoydum.
Oğlan
həyəcanlı halda ayağa qalxıb, beşliyi
masanın üstündən götürdü və təzədən
mənə uzatdı.
Həyatda
nə üçün yaşadığımı bilmirdim,
içim qəm-qüssə və mənasızlıqlarla elə
dolu idi ki, əcaib hərəkətlər etmək,
insanların təəccüblü reaksiyalarını
görmək, hər kəs tərəfindən
alçaldılmaq istəyirdim. Ona görə də oğlan
beş manatı mənə uzadanda qəfildən
ağlıma başqa bir fikir də gəldi və mən
çox tərəddüd eləmədən; taksiyə minərkən
xırdaladığım iyirmiliyin manatlarını
pulqabımdan çıxartdım, bayaqdan bəri ağ
köynəkli işçi ilə apardığımız
söhbətlərə kənardan göz qoyan adamların
qabağındaca, həmin manatlıqları, hər birinin
arxasında bir işçi oturan masaların üstünə
düzə-düzə zalın yarısına qədər
getdim. Kənardan hamının gözü mənim üzərimdə
idi, onlar nə etməli olduqlarını bilmədən
bir-birinin üzünə baxır, bəziləri ayağa
qalxıb mənə sarı gəlir, məni
dayandırmağa çalışır, kimisi isə daha
yüksək bir vəzifəlini vəziyyətdən xəbərdar
etmək üçün təlaşlı halda harasa
qaçırdı. Manatlıqları düz iyirmi masanın
üstünə düzərək zalın axırına qədər
getdim.
İçimdəki
qəm-qüssə və sıxıntı dumanı sanki
parçalanaraq pərən-pərən oldu, masa
arxasındakı işçilərin mənə yönələn
təəccüblü baxışları, ayaq üstdəki
bütün müştərilərin və nəzarətçilərin
əlləri qoynunda sakitcə dayanıb məni izləməkləri,
xidmət göstərilən adamların hər dəfə mən
manat qoyduqca başlarını qaldırıb üzümə
baxmaları əhvalımı necə
yaxşılaşdırdısa, heç kimin buna müdaxilə
etməməsi üçün tezbazar çıxışa
tərəf addımladım. Çünki artıq bəzi
işçilərin, masa üzərindəki
manatlıqları yığmağa
başladığını görürdüm və mənə
elə gəlirdi ki, əgər onlar həmin pulları mənə
qaytara bilsələr, onda içimdəki sıxıntılar
təzədən məni narahat etməyə başlayacaq. Ona
görə də, addımlarımı elə sürətlə
atırdım ki, elə bil, ayaqqabılarımın
üstündəcə uçurdum. Qapıdan
çıxmağa az qalmış, əlində qeyd
kağızı tutan bir qız xidmətdən razı
qalıb qalmadığımı soruşdu. Ona dedim ki, hər
şey çox yaxşı oldu və diqqətlə
üzünə baxanda gözlərinin, burnunun,
dodaqlarının necə gözəl olduğunu
gördüm. Boyunun balacalığına fikir verəndə,
onu öpmək istəsəm, nə qədər
aşağı əyilməli olacağımı xəyal
etdim. Manatlarımı gətirən oğlanların arxamca
qaçaraq çatmaqda olduqlarını görəndə isə
qızın yanından uzaqlaşmaq məcburiyyətində
qaldım və binanı tərk edib açıq havaya
çıxdım. Yaxındakı dayanacağa qədər
dayanmadan qaçdım. Ağ köynəkli oğlanlar da əllərindəki
manatlarla dalımca düşdülər. Amma mən
dayanacağa çatar-çatmaz avtobusa mindim və
oğlanlar avtobusun şüşəsi arxasından onlara baxan
mənə təəssüf hissi ilə uzaqdan tamaşa etməklə
kifayətlənməli oldular. Sonra əllərindəki
manatlıqlar ovuclarından çıxaraq havada
uçuşmağa başladı; uça-uça avtobusdan
çöldə qalan dünyanın göylərinə
qalxıb, quşlara qoşuldular.
Kənd
Nənəm
düz səkkiz il əvvəl rəhmətə getmişdi,
amma mən əşyalarımı da götürüb istirahət
etmək üçün kəndə - xalamgilə getdiyim
gün süfrə üstündə ordan-burdan hal-əhval
tutub söhbət edərkən söz təsadüfən iki
həftə əvvəlki Qurban bayramından düşdü
və xalam üzümə baxıb:
-
Mamamın qəbrinə getdiz? - deyə soruşandan sonra
heç cavabımı gözləmədən:
-
Yazıq mamam, yazıq, - deyib qəfildəncə kövrəlməyə
başladı.
Mən
onun analarla bağlı tez-tez müxtəlif videolar, mahnılar
və şeirlər paylaşdığını şəhərdə
ikən çox görmüşdüm, amma təsəvvürümə
gətirməzdim ki, anasını qəfildən yada salıb
bu cür kövrələndən sonra hələ üstəlik
də, uşaqlığından qalan hansısa xatirəsini
danışıb gözündən əməlli-başlı
yaş axıdacaq.
- Biz
uşaq idik e onda, Qəzənfər dayımgilin toyuydu. Mamam
yazıq, gün görməmişdi ki, gözəl də
görsənə, amma həmin gün toya hazırlaşanda əyninə
nə paltar geyinmişdisə, qəşəng görsənirdi.
İndi də gözümün qabağındadı. Allah sənə
rəhmət eləsin, mama.
Mən
süfrədəki hər kəs kimi pərt olmuş şəkildə
yeməyimə davam elədim. Yeməkdən sonra həyətə
çıxdıq. Çantalarımı yuxarıdakı
otağa apardım və külək ucbatından əsərkən
budaqları bir-birinə toqquşan ağaclara, söyüd
kölgəsindəki stol-stula, həyətdəki köhnə
ayaqyolunun qapısına baxdıqca hələ bir neçə
gün burda qalacağımı xatırlayıb içimdə
sevinc və xoşbəxtlik duydum.
Maşın
Maşın
aldığım gün evdə ən çox sevinən, deyəsən,
ancaq özüm olmuşdum. Çünki anam elə əvvəldən
buna razı deyildi, atam isə həmin günlər iş
yerində özünü yeddinci mərtəbədən
atıb öldürən bir qadının intiharının təsirindən
düz-əməlli ayılmamışdı deyə, mən
darvazanı açıb maşını həyətə
salanda ağacın dibinə yığdığı sarı
yarpaqlardan əlini çəkmədən başını
qaldırıb qardaşımla mənə baxdı, sonra isə
heç nə demədən təzədən
başını aşağı salıb işinə davam elədi.
İlk dəfə
öz maşınımla işə getdiyim sabahkı gün hər
şey əvvəl-əvvəl çox yaxşı oldu.
Dümdüz asfalt üstündə maşınımın
quş kimi süzməsindən zövq ala-ala musiqinin səsini
verdiyim və hələ pəncərəni də
açıb günəşli payız havasını içəri
buraxdığım həmin səhər, özümü həm
də başqa şeylərə görə çox xoşbəxt
hiss edirdim.
Amma
axşam işdən sonra başıma qəribə bir hadisə
gəldi və buna görə əhvalım bir xeyli pozuldu.
Maşına
minib təzədən səhərki xoş əhvalla və
zövqlə mühərriki işə saldım. Bir az sonra -
piyada keçidində qara plaşlı və qara çətirli
bir xanıma, xoşbəxtliyimdən məmnunluq duyaraq
xeyirxahlıqla yol verdikdən sonra təzədən yola davam
etmək istəyəndə pəncərəmin düz
yaxınında və sanki düz qulağımın dibində
bir itin hürməyindən diksindim. Yekə bir it pəncələrini
maşının şüşəsinə söykəyib
ucadan hürürdü. Ayağımı pedala basdım, amma
maşın yerindən tərpənmədi. Bu vaxt sağ pəncərə
tərəfdən başqa bir it də maşına tərəf
cumdu. Onların onsuz da pəncərələri qıra bilməyəcəyini
bildiyim üçün əslində qorxmağıma gərək
yox idi, amma ikinci itin öz dişlərini necə
qıcadığını görəndə içimdə
kiçik də olsa bir qorxu duydum. Bu an gözlərim yoldan
keçən maşınlara sataşdı. Demək olar ki,
bütün maşınlar keçərkən sürətlərini
azaldıb içindəki adamlarla bir yerdə mənə tərəf
baxırdılar. Bəzi adamlar isə mindikləri
maşın yanımdan keçdikdən sonra da pəncərələrdən
başlarını çıxarıb arxaya boylanır və
itlərin hürüşməsini maraqla izləyirdilər.
İtlərin
niyə maşınıma hücum etdiklərini anlaya bilmirdim.
Bundan da dəhşətlisi o idi ki, ayağımı pedala
basdıqca mənə elə gəlirdi ki, pedal
qırılıb və əslində mən boş bir
şeyin üstünə basıram. Birdən ağlıma gəldi
ki, maşının siqnalı ilə itləri qorxudum. Ovcumu
var gücümlə siqnala sıxdım, amma hiss etdim ki,
heç bir səs çıxmır. İki-üç dəfə
təkrar-təkrar siqnalı sıxsam da, heç bir nəticə
olmadı. Bu an arxa tərəfdən də bir səs
eşitdim və başımı çevirmək istəyəndə
bayaq sol pəncərəyə hücum edən itin pəncələri
diqqətimi çəkdi. Və mən qəfil bir vahimə
ilə hiss etdim ki, həmin itin dırnaqları
uzadılmış və boya qoyulmuş qız
dırnaqlarıdır. Tünd-bənövşəyi rəngdəki
bu dırnaqları gördükdən sonra əlimi siqnaldan
çəkdim, arxaya söykəndim və heç nə eləmədən
anlaşılmaz bir qorxu içində sakit-sakit dayanıb
qabağa baxdım.
Pəncərədən
o tərəfdə kimsə öz maşınından
çıxıb telefonla bizi çəkirdi. Əks istiqamətli
yoldan işıqları oynaşan polis maşını
keçir, içəridəki polis isə səsucaldıcı
vasitəsilə nəsə deyirdi.
Yuxu
İndiyəcən
haqqında heç vaxt heç nə eşitmədiyi uzaq
qohumunun iki gün əvvəlki toyda onu bəyəndiyini
bibisindən eşidəndə bunu elə də ciddiyə
almamışdı, amma axşama yaxın bibisi ona həmin
oğlanın şəklini atandan və ehtiyatlı bir
üslubla onun nömrəsini oğlana vermək
üçün icazə istəyəndən sonra qız hər
gecə yuxuda həmin oğlanla sevişdiyini görməyə
başladı. Yuxularının birində isə artıq evləndiklərini,
toy gecəsi birlikdə evə gəldiklərini, içəri
keçəndən sonra maşının yerini dəyişmək
üçün oğlanın təzədən binanın həyətinə
endiyini, çöldə dəhşətli yağış
yağdığını və əynindəki ağ gəlinlik
paltarı ilə pəncərəyə söykənib
oğlanın dalınca binanın həyətinə
baxdığını, onu uzun-uzun gözlədiyini, bu
müddət ərzində pəncərələrin
öz-özünə açıldığını,
yağışın içəri yağmağa
başladığını görürdü.
Təvəkgül BOYSUNAR
Ədəbiyyat qəzeti.- 2021.- 13
noyabr.- S.28.