Nizami mətnləri ilə zarafat etmək
olmaz!
"Ədəbiyyat qəzeti"nin Nizami Gəncəviyə həsr olunmuş 9 oktyabr 2021-ci il tarixli xüsusi buraxılışı ölkəmizdə qeyd edilən "Nizami İli"nə önəmli töhfə kimi elmi-ədəbi mühitdə maraqla qarşılandı. Təəssüf ki, həmin buraxılışda Nizami şəxsiyyəti və irsinin daha dərindən dərkinə xidmət edən məqalə və materiallarla yanaşı, Nizami mətninin yanlış anlaşılması və şərhinə söykənən, üstəlik, tamamilə haqsız olaraq, özündən əvvəlki tərcümələrə kölgə salmaq cəhdini ehtiva edən bir yazıya da rast gəldim. Söhbət tanınmış ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoyun "Sirlər xəzinəsi"ndən iki beytin tərcüməsi haqqında" başlıqlı məqaləsindən gedir. Sözügedən məqalə "Ədəbiyyat qəzeti"nin saytında da dərc olunmuşdur və maraqlananlar onunla bu linkdən tanış ola bilərlər:
Əlbəttə, məni az-çox tanıyanların bildiyi kimi, təbiətən mübahisə və münaqişədən uzaq biri olaraq, bu yazının üstündən keçə də bilərdim. Necə ki, son dövrdə, xüsusən Nəsimi və Nizami illəri çərçivəsində dövri mətbuatda və müxtəlif çıxışlarda saysız xətalara, nəinki psevdoelmi, hətta antielmi müddəalara rast gəlmiş və bunlara reaksiya verməmişəm. Amma xüsusi buraxılışın AMEA Nizami adına Ədəbiyyat İnstitutunda keçirilən təqdimat mərasimində Firudin müəllimin bu məqaləsinin AYB katibi İlqar Fəhmi tərəfindən "gözəl yazı" kimi təqdir olunması, eləcə də məqalənin "Ulduz" jurnalında təkrar çap olunduğu barədə informasiya məni məsələyə münasibət bildirməyə vadar elədi.
***
F.Qurbansoy məqaləsinə bu fikirlə başlayır ki, Nizami əsərlərini tərcümə edənlərin nücum elmindən məlumatsızlığı onların mətni düzgün başa düşməməsinə və oxuculara yanlış çatdırmasına səbəb olub. "Sirlər xəzinəsi"ndən haqqında danışdığı iki beyti də o, bu müddəasını təsdiqləyən nümunə kimi nəzərdən keçirir. Əlbəttə, mənim kasad nücumi biliklərim Firudin müəllimin bu sahədəki zəngin məlumatları ilə müqayisə oluna bilməz, amma bəri başdan deməliyəm ki, sözügedən iki beytdə qətiyyən bu mövzudan söhbət getmir və müəllifin həmin beytlərə "ulduz elmi" əsasında verdiyi şərhin Nizami mətni ilə heç bir əlaqəsi yoxdur, onun yazdıqları sadəcə öz təxəyyülünün məhsuludur.
Nizaminin "Sirlər xəzinəsi"ni ithaf etdiyi Ərzincan hakimi Fəxrəddin Bəhramşaha müraciətlə yazılmış həmin iki beytin farscası belədir:
Ba fələk
an şəb ke neşini bexan,
Piş-e mən əfkən ğədəri ostoxan.
K-axər-e
laf-e səgit mizənəm,
Dəbdəbe-ye bəndegit mizənəm.
F.Qurbansoyun
məqaləsi ikinci beytdəki "səgit" ("səgiət")
və "bəndegit" ("bəndegiət") sözlərinin
guya əvvəlki tərcüməçilər tərəfindən
düzgün başa düşülməməsi tezisi və
özünün verdiyi "düzgün" şərh
üzərində qurulmuşdur. Onun iddiasına görə,
"Sirlər xəzinəsi"ni Azərbaycan və rus dillərinə
filoloji tərcümə etmiş professor Rüstəm
Əliyev hər iki variantda qeyd olunan sözləri
yanlış anlamış və onları müvafiq olaraq,
"sənin itin olmaq" və "sənə qul olmaq"
şəklində səhv tərcümə etmişdir.
Eynilə
"Sirlər xəzinəsi"ni Azərbaycan dilinə poetik
tərcümə edən Süleyman Rüstəm və Abbasəli
Sarovlu, Xəlil Rza Ulutürk, həmçinin əsəri
ruscaya poetik tərcümə etmiş K.Lipskerov və
S.Şervinski də analoji səhvə yol verərək, bir
növ, Nizamini "təhqir etmişlər".
F.Qurbansoyun
fikrincə, yalnız "dövrümüzün müqtədir
şair-tərcüməçisi" Mircəlal Zəkiyev
"böyük ədəblə Şeyx Nizami
sözünün cövhərini çatdırmağa müvəffəq
olmuşdur", başqa sözlə, mətni düzgün
çevirmişdir. Mircəlal Zəkiyevin tərcüməsinə
bir qədər sonra qayıdacağıq, hələlik onun
üzərində dayanaq ki, F.Qurbansoy "səgit" və
"bəndegit" sözlərini Nizaminin özünə
deyil, məmduhuna, yəni Fəxrəddin Bəhramşaha aid
edərək, qeyd olunan beytləri bu şəkildə tərcümə
etmişdir:
O gecə
ki, fələklə bir süfrədə oturmusan,
Bir qədər sümüklü (kababdan) mənim
üçün endir.
Sözümün
axırında sənin Köpəkliyindən
danışıram,
Bəndə olmağının dəbdəbəsindən
danışıram.
Bu tərcümə kökündən
yanlışdır və sadəcə F.Qurbansoyun mətndə
görmək istədiklərindən ibarətdir. Axı hansı məntiqlə
birinci beytdə "mənim qabağıma bir qədər
sümük at" (lap deyək ki, kabab olsun!) söyləyən
şair ikinci beytdə özünün yox, mədh etdiyi
hökmdarın "köpəkliyindən" (itliyindən)
danışmalıdır?! Və həm də
onun bəndə olmağından söz açmalıdır?
Özü də "bəndə olmağının dəbdəbəsindən"!
Müəllifin şərhinə baxaq: "[Nizami] bir yandan
şaha (böyük) Köpək deyir, ikinci tərəfdən,
onun bir dəbdəbəli bəndə olduğuna da öz
rişxəndini açıq göstərir".
Nizami mətnləri
ilə bu boyda zarafat etmək olmaz axı! Məqalədə
müəllifin öz yozumunu əsaslandırmaq
üçün danışdığı ulduzlar, bürclər,
hansısa hədisə işarə olunması barədə
müddəa... hamısı və hamısı mətnə dəxli
olmayan söhbətlərdir, çünki burada əsla o
şeylərdən danışılmır, heç onlara
işarə də olunmur.
F.Qurbansoy
yazır: "Fars dilindən az-çox xəbəri olanlar
bilməmiş deyil ki, "səgit" və "bəndəgit"
sözləri birinci şəxsin təkini, yəni
"itliyim"i və "bəndəliyim"i yox, ikinci
şəxsin təkini, yəni "itliyin"i və "bəndəliyin"i
bildirir. Filoloji tərcümədə
buraxılan bu bağışlanmaz kobud səhv bədii tərcümələrin
bəzisində də təkrar edildi". Belə çıxır ki, müəllifin
üstüörtülü kinayə ilə "dünya
şöhrətli şərqşünas alim, sovet
farsşünaslığının korifeyi" deyə yad
etdiyi Rüstəm Əliyev Şərqşünaslıq
fakültəsinin birinci kurs tələbələrinin bildiyi
"-ət" mənsubiyyət şəkilçisinin mənasından
xəbərsiz imiş! Əvvəla,
farsşünaslıq adlı elm sahəsi yoxdur,
iranşünaslıq var, ikincisi, Rüstəm Əliyev,
doğrudan da, həmin elm sahəsinin korifeyidir - onun bu statusu mənim,
ya Firudin müəllimin rəyindən asılı olmayaraq,
sağlığında dünyanın mötəbər elm mərkəzləri
və alimləri tərəfindən təsbit olunub. Onun tərcüməsinə qiymət vermək
üçün "fars dilindən az-çox xəbəri
olmaq", əlbəttə, kifayət deyil.
Yadımdadır, Nizaminin filoloji tərcümələri yeni
çapdan çıxanda onu tənqid edənlərin birinə
Rüstəm müəllim belə demişdi: "Nizamini
düzgün başa düşmək üçün ikiillik
fars dili kursunu bitirmək yetərli deyil, bunun üçün
məktəb keçmək lazımdır".
***
Şübhəsiz,
haqqında danışılan beytlərdəki "səgit"
və "bəndegit" sözlərində işlənmiş
"-(ə)t" şəkilçisi ikinci şəxsin təkinə
aiddir, amma poetik mətndə, xüsusən klassik şeirdə
kontekstdən asılı olaraq, müxtəlif məna
çalarları kəsb edir, eyni zamanda "sən" məfhumunu
da məzmununda saxlayır. Bu cür hallarda, məsələn,
"bəndegiət" sözü "sənin bəndəliyin"
deyil, "sənə bəndəlik" mənasını
verə bilər. Sədinin məşhur qəzəlindən
aşağıdakı beytdə olduğu kimi:
Yusof be bəndegit
kəmər bəste bər miyan,
Budəş
yəğin ke molk-e məlahət əz an-e to-st
Yusif sənə
bəndəlik üçün kəmərini
belinə
bağlayıb (hazır dayanıb),
Çünki
məlahət mülkünün
sənə
məxsus olduğunu yəqin edib.
Sədidən
başqa bir misal:
Doat qoftəm-o
doşnam əgər dəhi, səhl əst,
Ke ba şəkkər-dəhənan xoş bovəd sual-o
cəvab.
Sənə
dua etdim, əgər məni söysən, eyb etməz,
Şəkər ağızlılarla sual-cavab etmək
xoşdur.
Buradakı "doat" ("doayət") sözü
də "sənin duan" kimi deyil, "sənə dua"
kimi başa düşülməlidir.
Fars dilinin əsla qəliz olmayan bu semantik xüsusiyyətini
izah etməkdən məmnun olmasam da, məcburam. Və yekun olaraq, həmin
iki beytin düzgün tərcüməsini verirəm ki, müəyyən
ifadə fərqləri nəzərə alınmazsa, mənaca
unudulmaz ustadım Rüstəm Əliyevin tərcüməsi
ilə eynidir:
O gecə
fələklə bir süfrədə oturanda
Mənim qabağıma bir qədər sümük at.
Axı mən
sənin itin olmaqdan dəm vururam,
Sənə qul olduğumu ucadan söyləyirəm.
Buradan F.Qurbansoyun təriflədiyi poetik tərcümənin
qüsurları da aydın görünür. Mircəlal Zəkiyev
haqqında danışılan beytləri belə tərcümə
edib:
Çərx
ilə həmsüfrə olan axşamı,
Bəndəyə
həm süfrədən et ənamı.
Bəndəliyindən
vururam dəm sənin,
Dəbdəbədir bəndəliyin həm sənin.
Bu tərcümənin yeganə məziyyəti
orijinalın vəznini saxlamasındadır. Dörd sətirdə
üç dəfə "bəndə" sözünü
işlətmək hansı müqtədir şairlik və tərcüməçilikdir?
Üstəlik, tərcümədə F.Qurbansoyun haqqında
müzakirə açdığı ən açar söz -
"səgit" yoxa çıxmışdır! Amma bu da dərdin
yarısıdır: nə Mircəlal Zəkiyev, nə də
F.Qurbansoy orijinaldakı "dəbdəbə"
sözünün mənasını düzgün
anlamamışlar. Və "dəbdəbə"
sözünü tərcümədə işlətməklə,
onun Azərbaycan dilindəki anlamını zehində
canlandırmaqla, böyük məna təhrifinə, hətta
anlaşılmazlığa yol vermişlər, F.Qurbansoyun təbirincə
desək, "oxucu üçün böyük problemlər
yaratmışlar".
Məsələ
burasındadır ki, orijinal mətndəki "dəbdəbe"
sözü dilimizdəki "dəbdəbə" mənasında
deyil, "təbil" mənasında işlənmişdir. Özü də "dəbdəbe zədən",
yəni "təbil vurmaq, təbil döymək" birləşməsi
şəklində. Məcazi mənada bu birləşmə
nəyisə ucadan bəyan etmək, car çəkmək, hay
salmaq anlamını verir. Təsadüfi deyil ki,
Dehxuda "Lüğətnamə"sində bu birləşmənin
izahında məhz Nizaminin haqqında danışılan beyti
verilmişdir. Odur ki, Mircəlal Zəkiyevin
"Dəbdəbədir bəndəliyin həm sənin",
F.Qurbansoyun "Bəndə olmağının dəbdəbəsindən
danışıram" tərcümələri tamamilə
anlamsız cümlələrdir.
Haqqında danışılan beytlərin ümumi mənasına
gəldikdə isə, onların işləndiyi kontekst nəzərə
alındıqda, Nizamini aşağılayacaq hər hansı nəticə
meydana çıxmır. Bizim bir çox tədqiqatçıların
problemlərindən biri də hansısa beytin, misranın
şərhində kontekstin nəzərə
alınmamasıdır. Elə bunun nəticəsidir
ki, "Xosrov və Şirin"də Nizaminin özü
haqqında işlətdiyi "ikdiş" (ekdeş,
yekdeş) sözünü ehtiva edən beytin mənası barədə
gülməli fikirlər və şərhlər irəli
sürülmüşdür. Burada da Nizami
"it" sözünü xalqa çox anlaşıqlı
olan məcazi mənada - "vəfalı, sədaqətli
olmaq" anlamında işlətmişdir. Təsadüfi
deyil ki, "Sirlər xəzinəsi"ndə həmin beytdən
dərhal sonra "vəfa" sözünün işləndiyi
aşağıdakı beytlər gəlir:
Əz məlekani
ke vəfa dideəm,
Bəstən-e xod bər to pəsəndideəm.
Xedmətəm
axər be vəfayi keşəd,
Həm sər-e
in reşte be cayi keşəd.
Vəfa
gördüyüm hökmdarlardan
[Yalnız] sənə bağlanmağı üstün
bilmişəm.
[Sənə]
xidmətim axırda bir vəfa ilə sonuclanar,
Bu ipin ucu da bir yerə gedib çıxar.
Ümumiyyətlə, Firudin müəllim bilməmiş
deyil ki, orta əsr şairlərinin özlərini məmduh və
ya məşuqun itinə bənzətməsi adi bir hal idi. Üstəlik,
o boyda Şah Abbas özünü rəsmən "Əlinin
iti" adlandırırdı və heç kəs də bunu
onun şəninə əskiklik saymırdı. Qaldı bəndə, qul olmaq məsələsinə,
hələ başqa bir əsərində - "Leyli və Məcnun"da
Nizami Axsitana müraciətlə hətta "xalq sənə
qul olmaqla azaddır" deyir.
***
Bu yazını burada bitirmək də olardı. Amma bizdə,
bir qayda olaraq, öz alimlərimizin, Tərzi Əfşarın
sözü ilə desək, "ev buzovu" kimi qəbul
edildiyini nəzərə alaraq, haqqında danışılan
beytlərin bəzi digər mənbələrdə tərcüməsi
və şərhi ilə bağlı nümunələri təqdim
etməyi lazım bilirəm.
Məsələn,
əlyazması Tehranda İslam Şurası Məclisinin
Kitabxanasında 19047/210212 şifri ilə saxlanan və hicri XII
əsrə (miladi XVII-XVIII yüzilliklərə) aid olduğu
ehtimal edilən anonim "Məxzənül-əsrar"
şərhi"ndə sözügedən beytlər bu cür
izah olunur: "Məmduhun məqamının
ucalığını, səlahiyyət və əzəmətini
bəyan edir, yəni gecə möhtəşəm məclis
qurub fələklə bir süfrəyə oturanda eyş
zamanı məni də yada sal və ənam ver, çünki
eyş vaxtı yaxşı ənam verirlər. Ona
görə mənə səxavət göstər ki, mən sənin
itin və qulunam".
"Sirlər
xəzinəsi"nin müasir şərhində
də həmin beytlər təxminən eyni cür izah
olunmuşdur. Şərhin müəllifi, görkəmli
İran nizamişünası Barat Zəncani əvvəlcə
ayrı-ayrı sözlərin izahını verib leksik-qrammatik
xüsusiyyətlərini qeyd etmiş, daha sonra beytlərin mənasını
belə ümumiləşdirmişdir: "Fələklə
birgə yemək süfrəsinə oturduğun gecə o yeməyin
sümüyündən bir qədər mənə doğru
at, yəni mənə də bir az pay ver.
(İzah: Rütbəcə bərabər şəxsləri
eyni süfrədə oturdarlar, bu beytdə [şair] məmduhun
məqamını fələklə bərabər
tutmuşdur). Axı mən sənin itin
olduğumu iddia edirəm, sənin qulun olduğumu söyləyirəm,
ona görə də öz süfrəndən mənə bir
pay göndərməlisən" (Əhval-o asar və şərh-e
Məxzənol-əsrar-e Nezami Gəncəvi. Təlif-e doktor Bərat Zəncani. Tehran, 1371,
s. 231-232).
"Sirlər
xəzinəsi"nin ingilis dilinə
Qulamhüseyn Darab tərəfindən edilmiş filoloji tərcüməsində
sözügedən beytlərin çevirməsi belədir:
On the
night when thou sittest at the table of heaven, throw down a bone to me,
Because,
indeed, I boast that I am thy dog; I am proud to be thy slave.
(Makhzanol Asrar. The
treasury of mysteries of Nezami of Ganjeh. Translated
for the first time from the Persian, with an introductory essay on the life and
times of Nezami by Gholam Hosein Darab. London, 1945, p. 119)
Yəni:
Səma süfrəsində oturduğun gecə mənə bir
sümük at. Çünki həqiqətən,
mən sənin itin olmağımla öyünürəm; mən
sənin qulun olmağımla fəxr edirəm.
Fikrimcə, bütün bu nümunələr haqqında
danışılan iki beytin tərcümə və şərhində
kimin səhvə yol verdiyini anlamaq üçün kifayətdir.
***
Əlbəttə,
mən əsla o iddiada deyiləm ki, "Sirlər xəzinəsi"nin, eləcə də "Xəmsə"yə
daxil olan digər əsərlərin poetik və filoloji tərcümələri
qüsursuzdur. Amma bu tərcümələrin qüsurlu, hətta
yararsız olduğunu dönə-dönə iddia edib ortaya bir
iş qoymamaq daha böyük eyib sayılmalıdır. Ən
pisi də odur ki, neçə müddətdir, xüsusən
"Nizami İli" başlayandan bəri bilən də, bilməyən
də Nizami tərcümələrindən danışır
və məchul bir obyektə bu sahədə hansısa
"tapşırıqlar" ünvanlayır.
Poetik tərcümələrlə
bağlı fikrimi təqribən on il
öncə demişəm və mövqeyimdə elə bir dəyişiklik
yoxdur. Yeni poetik tərcümələrlə
bağlı müzakirələri də əhəmiyyətsiz
sayıram. Bununla bağlı "Ədəbiyyat qəzeti"nin
Nizami xüsusi buraxılışında Məhəmməd
Hadi və Səməd Vurğun tərcümələrindən
nümunələr verən qəzetin baş redaktoru Azər
Turanın dedikləri ilə razılaşmamaq olmur: "Azərbaycan
ədəbi dilinin (həm də Azərbaycan tarixinin) iki fərqli
inkişaf mərhələsində iki fərqli böyük
istedadın qələmində Nizami Gəncəvi təxminən
eyni sözləri söyləyirsə, indi "Xəmsə"nin
yeni tərcümələrinin zəruriliyindən
danışanlar bu misraları hətta bəhr və poetika, məzmun
dəqiqliyi baxımından Məhəmməd Hadidən, yaxud
çağdaş Azərbaycan ədəbi dili baxımından
Səməd Vurğundan daha üstün səviyyədə tərcümə
edəcək hansı şairimizi təklif edə bilər?".
Bəli,
bu gün ortada belə şairimiz yoxdur, odur ki, qoy Süleyman
Rüstəm, Rəsul Rza, Səməd Vurğun, Məmməd
Rahim, Mikayıl Rzaquluzadə və Abdulla Şaiqin etdiyi poetik çevirmələr
(bura şairin lirikasından edilmiş tərcümələri
də əlavə etməliyik) tərcümə tariximizin
parlaq abidələri kimi ədəbi-bədii həyatını
davam etdirsin. Dünya təcrübəsi isə
bizə filoloji tərcümələrə üstünlük
verməyi diktə edir. Elmi-nəzəri
prinsiplər də elə bu istiqaməti göstərir.
Bu baxımdan əslində "Nizami İli"ndə vaxtilə
görkəmli mütəxəssislərimiz tərəfindən
edilmiş Nizami lirikası və "Xəmsə"sinin
filoloji tərcümələri yenidən redaktə olunaraq
latın qrafikasında kütləvi tirajla çap olunmalı
idi və bu, şairin 880 illiyinə, doğrudan da, töhfə
olardı. Yoxsa mövcud tərcümələrdə bir-iki səhv
tapıb pafoslu məqalələr yazmağın böyük
mənada bir faydası yoxdur, xüsusən tapdığın
səhv də əslində səhv deyilsə!
Məsiağa MƏHƏMMƏDİ
Ədəbiyyat qəzeti.- 2021.- 13
noyabr.- S.10-11.