M.Ə.Rəsulzadənin
Nizami Gəncəvi
araşdırmaları
II məqalə
Əvvəli ötən
sayımızda
Aydın olur ki, M.Ə.Rəsulzadə bu əsərini
Rumıniyada yazıb və 1941-ci ildə başa
çatdırıb. Onun məqsədi böyük şairin
anadan olmasının 800 illiyinə bu əsərini töhfə
etmək idi. Əslində, M.Ə.Rəsulzadə
bu ağır və əsaslı araşdırmasını
başa çatdırdı. Lakin II
Dünya savaşının o dövrdə davam etməsi,
savaş bitəndən sonrakı dönəmdə gərgin
şərait kitabın nəşrinə imkan yaratmadı.
M.Ə.Rəsulzadə Polşanın
işğalından əvvəl - 1939-cu ilin avqustunda dostu Ayaz
İshaqi ilə birlikdə Rumıniyanın Dobruca bölgəsində,
Köstəncə (Konstansa) şəhərində idi. Burada onlar
Dobruca Mədəniyyət Birliyinin onların şərəfinə
keçirdiyi tədbirdə iştirak edirdilər (o dövrdə
burada çoxlu sayda türklər yaşayırdı).
Polşanın işğal edilməsi səbəbindən
M.Ə.Rəsulzadə polyak əsilli xanımı ilə
birlikdə Köstəncədə dostu, Türkiyəni
Rumıniyada böyükelçi olaraq təmsil etməyə
gələn Həmdulla Sübhi Tanrıövəri qarşılayır
və onunla birlikdə Buxarestə gedir. Burada
1944-cü ilin sonlarına qədər yaxın dostu
H.S.Tanrıövərin himayəsində "Kiryazi"
otelində yaşayır.
1941-ci ilin 10 avqustunda Nizami Gəncəviyə həsr
etdiyi "Azərbaycan şairi Nizami" əsərini
tamamlayır.
M.Ə.Rəsulzadə
irsinin tanınmış tədqiqatçılarından olan
Ö.Özcan "Məmməd Əmin Rəsulzadənin
bilinməyən yazıları" məqaləsində bu
haqda yazır: "Rəsulzadənin Rumıniyada
yaşadığı illərdə Gəncəli Nizami ilə
ilgili araşdırmalarını tamamladığı və
1941 ilində basıma hazır hala gətirdiyi bilinməkdədir".
M.Ə.Rəsulzadə Buxarestdə yaşasa da, eyni
zamanda Almaniyada da olur, azərbaycanlı əsirlərin xilas
edilməsi üçün Almaniya hökumət dairələri
ilə danışıqlar aparır.
1944-cü ilin aprelində Rumıniya bombalandıqdan sonra
burada baş verən çevrilişlə hökumət
devrilir. Yeni hökumət Sovet dövləti ilə atəşkəs
elan edir. Bu hadisələrdən və
Rumıniya işğal edildikdən sonra M.Ə.Rəsulzadə
Avstriyaya gedir, "İmperial" mehmanxanasında
yaşayır. O, sonradan Almaniyanın Mittenvald bölgəsindəki
düşərgədə qalır.
M.Ə.Rəsulzadənin Almaniyadan Türkiyəyə
getməsində yaxın dostu, o dövrdə Türkiyənin
Böyük Millət Məclisinin üzvü,
H.S.Tanrıövərin xidməti olmuşdur. Məlum olur
ki, Həmdulla bəy bu məsələ ilə bağlı
Daxili işlər nazirinə rəsmi müraciət ünvanlamış
və nəticədə razılıq
alınmışdır. M.Ə.Rəsulzadənin
Türkiyəyə qayıdışı 1947-ci ilin
sentyabrında mümkün olur.
M.Ə.Rəsulzadə Türkiyəyə getdiyi ilk illərdə
ehtiyatlı davranmağa məcbur olmuşdur. Görünür, Türkiyə
rəsmiləri Sovetlər Birliyini çox da
"qıcıqlandırmaq" istəməmiş, M.Ə.Rəsulzadənin
və digər siyasi mühacirlərin Türkiyəni tərk
etməsi ilə bağlı israrlı tənqidlərini
unutmamışlar. 1931-ci ildə isə Sovetlər
Biriliyi ilə Türkiyə dövləti arasında imzalanan rəsmi
sənədin gizli saxlanılan bir bəndində siyasi
mühacirlərin Türkiyə ərazisindəki fəaliyyətlərinin
tamamilə dayandırılması əks etdirilmişdir.
Bəlkə, elə bu "ehtiyatlılığa"
görə M.Ə.Rəsulzadə 1950-ci ilə qədər
Türkiyə mətbuatında (xüsusən, millətçilərə
məxsus olan "Ulus" qəzetində)
yazılarını "M.Ə.Yalvacoğlu" imzası ilə
çap etdirmişdir.
M.Ə.Rəsulzadənin
"Ulus" qəzeti ilə yaxınlığı səbəbini
Ö.Özcan onun əmisi oğlu M.Ə.Rəsuloğlunun o
dövrdə Türkiyədə hakimiyyətdə olan
Cümhuriyyət Xalq Partiyasına bağlı "Xalq evləri"
kitabxanasında məmur vəzifəsində
çalışması ilə əlaqələndirir. Çünki "Ulus" qəzeti CXP-nin yayın
orqanı idi.
1950-ci ilin 14 mayında Türkiyədə keçirilən
seçimlərdə Demokrat Partiyası qalib gəldikdən
sonra M.Ə.Rəsulzadə "Ulus" qəzeti ilə əməkdaşlığı
dayandırmışdır. Bu müddətdə
isə onun "Ulus" qəzetində üç
yazısı çap edilmişdir.
Lakin M.Ə.Rəsulzadə fəaliyyətini getdikcə
genişləndirmiş, ümumi təşkilatçılığı
və rəhbərliyi ilə yaxın dostlarının dəstəyi
sayəsində 1949-cu ilin fevralın 1-də Azərbaycan
Kültür Dərnəyini yaratmağa nail olmuşdur. Eyni zamanda o, həmin
dərnəyin Fəxri Başqanlığına
seçilmişdir.
Bu
dövrdə M.Ə.Rəsulzadənin Türkiyədə
aşağıdakı fəaliyyətlərini
görürük: 1) 28.05.1949-cu ildə "Azərbaycan mədəniyyət
ənənələri" mövzusunda konfransda
çıxışı; 2) 27.11.1949-cu ildə
"Çağdaş Azərbaycan ədəbiyyatı"
mövzusunda konfransda çıxışı; 3) 28.05.1950-ci
ildə "Çağdaş Azərbaycan tarixi"
mövzusunda çıxışı.
Bu
konfransların hər üçü Ankara "Türk
Ocağı"nın binasında
keçirilmiş və M.Ə.Rəsulzadənin
çıxışları maraqla
qarşılanmışdı.
1952-ci ilin aprelindən isə M.Ə.Rəsulzadənin
ümumi təşkilatçılığı ilə
Ankarada "Azərbaycan" jurnalı nəşrə
başlamışdır.
M.Ə.Rəsulzadə
Türkiyəyə getdikdən az müddət
sonra Nizami haqqında araşdırmasını 1949-cu ildə
nəşr olunmaq üçün Milli Təhsil Nazirliyinə
təqdim etmişdir. Lakin əsərdə
rusların əleyhinə ifadələr olduğu müəllifə
irad bildirilmişdir. Əsərin nəşrinin
bu ifadələrin çıxılmasından sonra
mümkün olacağı söylənilmiş, lakin M.Ə.Rəsulzadə
bununla razılaşmamışdır.
Qeyd edək ki, Nizami haqqında olan kitabın nəşri
Cümhuriyyət Partiyasının hakimiyyətdə olduğu
1950-ci ilə qədərki dönəmdə mümkün
olmadı. O
dövrdə Milli Təhsil naziri (Milli Eyitim Bakanı) Həsən
Təhsin Banguoğlu idi (ondan əvvəl isə
1938-1946-cı illərdə Həsən Əli Yücəl
Milli Təhsil naziri olmuşdu). Həsən
Əli Yücəl sonradan "Cümhuriyyət" qəzetində
M.Ə.Rəsulzadə haqqında bir məqalə də
yazmışdı.
1950-ci ildə Türkiyədə baş verən iqtidar dəyişikliyinin
ilk dövrlərində də kitab nəşr edilmədi. Çünki
Demokrat Partiyasından olan ilk Təhsil naziri Hüseyin Avni
Basman CHP meyilli bir şəxs idi. O, qısa müddətdən
sonra istefa etdi (onun nazir olduğu müddət yalnız iki ay
davam etdi). Onun yerinə təyin olunan Tevfik
İlərinin nazir işlədiyi zamanda M.Rəsulzadənin
"Azərbaycan şairi Nizami" kitabı nazirliyin nəşri
olaraq 1951-ci ildə çap edildi.
Bu haqda məlumatları o dövrdə Türkiyənin Təhsil
Nazirliyində çalışmış K.Dəvətoğlunun
nəşr etdirdiyi "Mənim gördüyüm
bugünkü Rusiya" kitabından öyrənmək
mümkündür. Müəllif yazır: "...Yenə bir kiçik xatirəmi
qeyd etmədən keçə bilməyəcəyəm. Özünü şəxsən və yaxından
tanımaq bəxtiyarlığına çatdığım
Azərbaycanın böyük mücahid övladı Rəsulzadə
Məhəmməd Əmin bəy Nizami haqqında dəyərli
əsərini yazmış, tamamlamışdı. Kitabda
mövcud ruslar əleyhindəki bəzi cümlələri
münasib görməyən sovet heyranı vəzifəlilər
kitabın nəşr edilməsi üçün bunların
çıxarılmasını istədikləri vaxt rəhmətlik:
"Bunları mən yazmadım ki, böyük Nizami
yazmış. Onları çıxarmaq nə mənim
haqqım, nə də kimsənin karıdır!" - demiş və kitabı nəşr etdirməkdən
imtina etmişdi. Bu kitab ancaq daha sonra rəhmətlik
Tevfik İləri Milli Təhsil naziri olunca nöqsansız bir
halda nazirlik tərəfindən nəşr edilmişdi".
1938-1946-cı illərdə Türkiyənin Milli Təhsil
naziri vəzifəsində çalışmış,
İzmirdən Türkiyə Böyük Millət Məclisinə
üzv seçilmiş Həsən Əli Yücəl bəyin
(1897-1961) də M.Ə.Rəsulzadənin kitabı ilə
bağlı maraqlı bir yazısı 1955-ci ilin 27 martında
"Cümhuriyyət" qəzetində nəşr
edilmişdir.
H.Ə.Yücəl bəy yazısını bu təsirli
sözlərlə başlayır: "Üç həftə
qədər öncə Ankarada bir qərib həyata gözlərini
yumdu. Hər türk ay-yıldızlı
bayrağının dalğalandığı hər yerdə
vətənindədir. Buna şübhə yox! Fəqət yenə hər türk evini,
köyünü və kəndini ayrıca sevdiyi, onlara
könlünü ayrıca bağladığı
üçün evindən, köyündən və kəndindən
uzaqda olunca kəndini "qərib" hiss etməkdən
uzaqdı. Rəhmətlik Məhəmməd
Əmin Rəsulzadə işdə (əslində - red.)
böylə bir qəribdi. Bu mənada evindən və
köyündən və yurdundan uzaqda qaldığı
üçün... O da türkdü, mən də
türkdüm. Bağlandığımız bu
müştərək kutsal varlıq üstündə söz
açıb fikir qarşılaşdırmaya ehtiyac dururmadan
anlaşmamıza yetmişdi".
Sonra
H.Ə.Yücəl bəy M.Ə.Rəsulzadənin Nizami
haqqında nəşr etdiyi kitabla bağlı bilgilər
verir: "Nizamiyə dair 1951-də Milli Eyitim Bakanlıq
seriyası içində yayınlanan kitabını mənə
lütf edib gətirdiyi zaman söylədiyimiz fikirlər həp
o mühüm nöqtənin ətrafında dönüb
durmuşdu.
...Bu kitab
böyük şairin 800-cü (1141-1941) ildönümü
münasibətilə yazılmışdı. Yazar şairin
adının üstünə bu qeydi qoymuşdu: Azərbaycan
şairi.
Bu 400 səhifəlik əsərin ruhu Azərbaycandır. Fars və
dünya ədəbiyyatının ən önəmli
simalarından biri olan Nizaminin şəkildə iranlı,
üzdə türk olduğunu isbat etmək üçün Rəsulzadə
bütün diqqətini hər məqama yönəltmişdi.
Nizaminin ilk qadınının qıpçaqlı bir türk
qızı olduğunu və tək oğlu Məhəmmədin
öldüyünü və məsnəvinin sonunda Xosrovun cənazəsi
üstündə can verən Şirin üçün "O
mənim qıpçaqlı Afaqıma bənzərdi, bəlkə
də onun ta kəndisi (özü - red.) idi"
- deyişini öylə içli anladırdı ki,
bütün bu həzin macəralar sanki Rəsulzadənin
başından keçmişdir.
Rəsulzadə Nizamidə türk ruhunu haqlı olaraq
bulmuşdu (tapmışdı - red.)".
Türkiyə arxivlərindən əldə olunan sənədə
görə (bu sənədi Ö.Özcan bəy
tapmışdır), M.Ə.Rəsulzadənin Nizami haqqında
kitabının nəşri ilə bağlı Türkiyə
Milli Təhsil Nazirliyinin qərarı 1949-cu ilin 10 may tarixində
qəbul edilmişdir. Lakin müəyyən səbəblərdən
(bu səbəbləri açıqlamışıq)
kitabın nəşri geçikdirilərək 1951-ci ildə
nəşr olunmuşdur.
Kitabın nəşri 1951-ci ildə reallaşdı. Bu kitab
Türkiyə cəmiyyətində böyük maraqla
qarşılandı və 1991-ci ildə Türk
Dünyasını Araşdırma Vəqfi tərəfindən
kiçik bir təqdimatla heç bir əlavələr
olmadan, eynən yenidən nəşr edildi.
M.Ə.Rəsulzadənin N.Gəncəvi haqqında
araşdırması yalnız Şərq, Türk, Azərbaycan
ədəbiyyatı tarixində deyil, ümumilikdə bəşər
mədəniyyəti sistemində maraqlı bir hadisə idi. M.Ə.Rəsulzadənin
bu tədqiqatında Azərbaycan şairi Nizami yaradıcılığının
ümuminsanlığa, ayrı-ayrı xalqların
inkişafına gərək olan dəyərlərindən
danışılır və ciddi faktlar təqdim edilirdi.
M.Ə.Rəsulzadə bu əhəmiyyətli
araşdırmasında Nizamini Azərbaycanın böyük
şəxsiyyəti, fəxri olaraq dəyərləndirirdi.
M.Ə.Rəsulzadənin
kitabı "Müəllifdən",
"Başlanğıc"dan, dörd bölümdən,
"Əlavələr"dən, "Biblioqrafiya"dan,
"Nizamidən mətnlər"dən, "İndeks"dən,
"Mətn xarici rəsmlər"dən ibarətdir.
Kitabın
başlanğıcında M.Ə.Rəsulzadənin əsas
mövqeyi ilə tanış olmaq mümkündür: "Nizami ? Azərbaycan şairi",
"Unudulmuş Nizami", "Nizamiyə qarşı
borcumuz".
Müəllifin seçdiyi bu başlıqlar, əslində,
narahatlıq doğuran həm də
çağırışlardır, yəni oxucunu
maraqlandırmaq, onun diqqətini Nizami şəxsiyyətinə
yönəltmək.
Kitabdakı
bölüm başlıqları da diqqəti cəlb edir:
"Nizami kimdir", "Nizaminin beş kitabı",
"Mövzuları baxımından Nizami", "Nizamidə
sənət və ideoloji".
Müəllif birinci bölümdə "Nizaminin hal tərcüməsi"ndən
başlayaraq şairin dünya ədəbiyyatındakı
mövqeyinə qədər maraqlı araşdırmalar
aparır. Ümumilikdə 70 səhifəni əhatə edən
bu bölümdə oxucuya böyük şairin şəxsiyyəti
haqqında əhatəli bilgilər verilir.
İkinci
bölüm Nizaminin beş kitabını - "Xəmsə"sini
əhatə edir: "Sirlər xəzinəsi", "Xosrov
və Şirin", "Leyli və Məcnun", "Yeddi
gözəl", "İskəndərnamə".
Bu əsərlərin hər birinin əhəmiyyətliliyi
və dəyəri M.Ə.Rəsulzadə tərəfindən
təhlil edilir, yeni faktlar, yanaşmalar və məlumatlarla
oxucunun ixtiyarına verilir.
Üçüncü bölümdə Nizaminin əsərlərinin
mövzuları araşdırılır. Müəllif bu
mövzuların da seçimini maraqlı sistemləşdirib:
"Nizamidə farslıq, "Nizamidə türklük",
"Nizamidə Qafqasya", "Nizami görüşü ilə
rus", "Nizamiyə görə qadınlıq".
Dördüncü bölümdə Nizami
yaradıcılığının sənətkarlığı,
ideoloji istiqamətləri öyrənilir. Bu
bölümdə müəllif Nizami şeirinin özəl
xüsusiyyətlərinə diqqət edərək bu
yaradıcılığın əsas mənbəyinə, onun
inkişafına, həyatın inkişafı və insan
probleminə, eşq fəlsəfəsinə, dini dəyərlərə
və sosial ideallara, dövlət məsələsinə,
ideal hökmdar istəyinə də diqqət yetirir.
Nəsiman Yaqublu
Tarix elmləri doktoru, professor
Ədəbiyyat qəzeti.- 2021.- 13 noyabr.- S.13.