Vəziyyət ruscadır.
Bu bir layihədir
Hər xalqın lüğət fondunda elə ifadələr
var ki, yalnız özünə məxsusdur. Necə deyərlər,
lalın dilin anası bilər. "Vəziyyət
ruscadır" da o xalqın leksikonunda yer eləmiş
sözlərdəndir. Mənaları
çoxdur və gərək fikri sonadək diqqətli oxuyasan
ki, nə niyyətlə işlənib. Yekun
nəticəni məntiq özü ortaya çıxaracaq.
Yazıçı-publisist Pərvin xanım da "oxu, fikrini
bildirərsən" deyincə elə baxışından məlumdur
ki, arif oxucudan rəy gözləyir. Moskva həyatına,
rus psixologiyasına bələdçiliyim, MDU-nun Jurnalistika
fakültəsində təhsil aldığım gündən
indiyədək bu xalqın klassik və müasir ədəbiyyatı
əlimdən düşmədiyindən bilirəm ki, arifə
bir işarə bəsdir.
Kitab çox ağır oxunur və başqa
çür də mümkün deyil. Onun əvəzində
iki-üçünü asanlıqla mütaliə edərdim.
Ön səhifədəki "Müəllif
deyir ki..." və sonda "XX əsr: yekun" hissələri
ilə tanışlıqdan sonra elə bilirəm üzərimdən
ağır yük götürülüb. Amma yanlış nəticədir, niyyətlər, nə
üçünlər bir-birini əvəzləyir. Çünki vəziyyət ruscadır və həmin
sualları cavablandırmaq çox çətindir. Bu mənada yoldaşlıq edəcək insanlar beyinlərində
dolaşan bu qədər sualı cavablandırmağa hazırdırlarmı?
Bəlkə sıraları səbirsizlikdən
elə seyrələcək ki, kimisə qınamağa tələsməyək.
Axı, "Vəziyyət ruscadır"
adamı elə psixoloji, mənəvi döyüntülərlə
üzləşdirir ki, sorğular bolluğunda itib-batırsan.
Buna görə iki əsrin dolanbaclarına
baş vuranlar üçün dözümün özü də
rusca olan vəziyyəti iradə timsalı sayırlar. Mütaliəçilərə də, rəyçilərə
də bunu arzulayaraq hər birinə tükənməz səbr
diləyirik.
Kitabın
mahiyyətindən ağır oxunuş, fikir və nəticələr
boylandığından az qalırsan bir kənara
atıb, daha bəsdir ifadəsini işlədəsən. Bütün surətlər, qəhrəmanlar vəziyyətin
rusca olduğunu təxmin edir. Əslində
bu, çıxış yolu sayılmır. Mən o oxuculardan deyiləm ki, səs-küy salmadan
bir kənara çəkilmək adətim olsun. Zəngin
ruh ədəbiyyatının bilicisi Pərvin də
sözünün davamında israrlı olduğunu
vurğulayaraq yazır: "İntəhası mənim də
təsəlliyə ehtiyacım varsa, necəsə
yaşamalı və yoluma davam etməli, qorxuları
atmalı, xəstəlik və ölüm xofunu
unutmalıyamsa, işləməkdən savayı yol
qalmır".
Burada
müəllifin oxucunu səbr, dözümlü, söz məkanında
inciləri ipə-sapa düzməyi təlqin edən fikri
üzərində dayanaraq nəticəyə gəlirsən:
"Bu yerdə mən də susum, Puşkin, Lermontov, Tolstoy,
Nabokov, Bunin danışsın..." deməklə
sözü oxucuya verir. Ədəbi
janrlarımızın orijinal metodudur ki, söz, məna, fikir
uğurlarını çiyninə yük kimi qoyur. Pərvinin bunun üçün
axtarıb-tapdığı yol əvəzolunmazdır.
Esselər kamil oxucu üçündür. Bəlkə də
adlarını çəkməsə də bu qəbil insanlar
üçün nəzərdə tutulub. Sıravi
oxucunun çəkəcəyi səbirsizlik indidən onun başı
üzərindədir. Kitab "Ay səni,
Puşkin..."lə açılır. Müəllif
daxilən sual verir: "...öz ömrünə yüzlərlə
qəhrəmanın, ya da gələcəkdə yaza biləcəyin,
var olan-olmayan kimsələrin hisslərini, fikirlərini
yükləməyə, laboratoriyadan keçirib yazıya
çevirməyə dəyərmi?" sualı ilə
başlayır. Bu, əslində bütün
başları ağrıya biləcək söz ustadlarına
ünvanlanan sorğudur. Ustad sənətkarımız
"Molla Nəsrəddin"i ərsəyə gətirərkən
də bu yaşantının baş ağrısı
olacağını vəd edirdi. Bəs zəmanəsində
nağıllarla millətinin başını qatan Puşkinə
nə düşmüşdü ki, başını cəncələ
salırdı? Nağıllarla
ömür-gününü yola verər, istədiyi rus ədəbiyyatının
qurucusu olmaq arzusunu üzərinə götürməzdi.
Bu həbəş balası möçüzəyə
imza atarkən inana bilmirdi üzərinə belə
missiyanı götürür. Başqa cür də ola bilməzdi. Rus ictimai fikri qədim
Şərq kimi xariqələr yaratmağa hazır deyildi.
Lakin XIX əsr ictimai fikri onları qabaqlayaraq
özünün başqa millətlə yarışan realist
nümayəndəsini, həm də banisini ortaya
çıxardı. Fransız ictimai fikri ilə tanış olan qalib gördüklərindən
heyrətə gələrək məğlub görkəmində
Vətənə qayıdardı.
O,
dekabristləri yetişdirəcəkdi, təhkimçilik həyatına
son qoyacaqdı. Dilinin, sözünün yiyəsi
olaraq yolunda çabalara başlayacaqdı. Aleksandr Sergeyeviç Puşkinin əsərləri
içərisində orijinal bir başlıq seçdim,
"Boldino payızı". 1830-cu ildə Moskvaya vəba
iflici düşərkən bağlanan universitetlər,
iş yerləri, qapanan mədəni tədbir müəssisələri
təsvir olunur. Bugünkü epidemiyanın təkrarı
və bunlar oxunaqlı surətdə təsvir olunur. 300 ilə yaxın bir vaxtda nəzərə
çarpan eyni mənzərələr. Bəli,
Puşkin sağlam qələmlə dövrünü
yazdı. Elə ona görə də
qarşısında "Zəmanə Adamı"na estafeti ötürdü.
Qafqaz dağlarında daha bir faciə yaşanmış,
fransız Jorj Dantesdən sonra Lermontov aradan
götürüldü. Demək olardımı məhv edildi - xeyr! Əslində şair cismən xalqından uzaq
düşmüşdü, mənən günümüzədək
yaşamaqdadır. Çexov şair kimi
bir sözü də artıq işlətmədiyini və
ondan öyrəndiyini yazır. Bəli,
qaydaları alt-üst edən "Zəmanəmizin qəhrəmanı"nın
mükəmməl və heyrətamiz sətirləri,
"Maskarad", "Demon" kimi nadir incilər idi.
Bu iki şəxsiyyət məşhur insanları
nadanların əli ilə aradan götürən rus hakimiyyətini
suçlayırdı. Puşkin və Lermontov xalq məhəbbətini
yaşadan obrazlar, süjetlər, hadisələr qələmə
aldılar. Ölümlərindən cəmi 50-60 il sonra Hacı Zeynalabdin Tağıyev Qızlar
məktəbinin ilk müdavimlərinə "Quran"la
yanaşı, hər iki sənətkarın kitablarını
hədiyyə etmişdi.
Mənim Qoqolun "Burun"u qədər ləzzət
aldığım əsər azdır. Elə
süjet yaradıb ki, əsər boyu gülməkdən
ürəyin gedir. Təkcə gülmək
üçünmü baxırıq, eyni faciələrlə
rastlaşa bilərik. Puşkin-Lermontov-Qoqol
- təkrarolunmaz üçlük, zirvə. "Biz Qoqolun şinelindən
çıxmışıq" deyənlər həm də
özlərində məsuliyyət duyurdular. Məllifin qeyd etdiyi kimi "Mirzə Cəlil ona rəhmət
oxuyub yeni bir era, təzə bir mübarizəyə
başlamalı oldu! Satiraya ara vermək
olmazdı! Bunun üçün səbəb və obyekt
çox idi! Elə indi də az deyil e...".
Vallah, onlar dahi idilər. Hər biri orijinal
yeniliyə imza atırdı. 1868-ci il
mayın 10-da "Russkiy vestnik"də vəfat etmiş
Mixail Saltıkov-Şedrinin dünyasının dəyişməsinə
həsr edilən başsağlığı onun manerasına
uyğun gəlir. Mətnin altı da,
üstü də qəzəblidir, kindir. Eyni manera ilə
1932-ci ildə "Bakinski raboçiy"də Mirzə Cəlilin
ölümünə başsağlığı verilir:
"Yanvarın 4-də tanınmış türk jurnalisti və
dramaturqu, "Molla Nəsrəddin" satirik jurnalının
redaktoru Cəlil Məmmədqulqzadə vəfat etmişdir...". Sonda vurğulanır ki,
jurnal mübariz allahsızların orqanına çevrilib.
Bundan qaramat başsağlığı
olardımı?
XIX əsr rus ədəbiyyatında parlaq ulduzlar
çoxdur. Təhkimçiliyin ləğvindən sonra aktivləşən
senzura insanların əl-qolunu bağlamağa nə qədər
xidmət etsə də, sovet dönəmində bu daha aqressiv
şəkil alır. Senzura hər iki əsrdə
var idi. Oktyabr çevrilişi bərqərar
olandan sonra imperiya bütün xalqların
qapı-bacalarını bağlamaqda davam edirdi.
"Raskolnik" - ikitirəlik, nifaq!.."
bölməsinin qəhrəmanı senzorların "tələbkarlığına"
görə "Ölü evdən qeydlər"
altını çəkməkdədir. İçəri də
ev kimi göstərilir. Pəncərədən
boylanan adamın gördüyüdür. Ölü ev sərbəstdir və bu barədə maraqla
danışmaq olar. Dostoyevskinin məqsədi
müəllifin yazdığı kimi "insanı
sınağa salıb dibini, dərinliyini, bütün təbəddülatlarını
göstərməkdir. Onun beş möhtəşəm
romanında - "Cinayət və çəza"da,
"İdiot"da,
"Şeytanlar"da, "Yeniyetmə"də və
"Karamazov qardaşları"nda stilistikasına sadiq
qalır.
Qızıl dövrünün sənətkarlarından
birini digəri ilə müqayisə etmək yerinə
düşmür. Onlar söz sənətinin qəhrəmanlarıdır.
Qiyamlar, açıq-aşkar zorakılığı
sevməyən "rus inqilabının güzgüsü"
Lev Nikolayeviç Tolstoy heç fikrinə gətirmirdi ki, bunu
təlqin edir.
"Rus xalqının şərəfini qoruyan"
Gertsen Polşa inqilabında üsyançılara qoşulub
onlarla çiyin-çiyinə döyüşürdü.
Əsl insan haqqında povestinin sətirlərində
Maksim Qorki şəxsiyyətindən keçir. Yeni hakimiyyət
nə qədər çalışdısa da, ondan istədiyi
kimi istifadə edə bilmədi. Bunin
mühacir idi, amma Maksim Qorki öz baxışlarına görə
ondan heç də geri qalmırdı.
Faktlar göstərir ki, hətta SSRİ-də
yaşayıb dünya ədəbiyyatı nümunələri
yaratmaq mümkündür. Mixail Şoloxov Nobel
mükafatını Bunindən 30 il sonra
alıb. Vətənində və xaricdə təzyiqlər
olub. Qalib gələn isə ədəbiyyat
oldu.
Soljenitsinin də başına gələnlər bir
silsilə romandır. Ömürlük sürgünə məhkum
olunan şəxs Stalini və rejimi tənqid etdiyinə görə
beləcə mükafatlandırılmışdı. Əzablı insan həyatının nəticələri.
"Vəziyyət ruscadır" kitabı ədəbi
layihədir, "Ədəbiyyat qəzeti"ndə çap
edilib. İndi də naşirlər oxucu reaksiyasını
gözləyir. Buna da haqları çatır.
Hər bir oxucunu kitabı vərəqləməyi məsləhət
görərdim. Nə dərəcədə
alınıb, bu suala konkret mütaliə cavab verəcək.
Mən iki əsrin dahilərinə esselər
vasitəsilə ləzzətlə nəzər saldım.
Sizləri də bu duyğuları yaşamaq
üçün kitabı oxumağa dəvət edirəm.
Əflatun AMAŞOV
Ədəbiyyat qəzeti.- 2021.- 13 noyabr.- S.12.