"Sənə deyim dərdimi, alma
ağacı"
Musa Urudun 60
illiyinə
Onu otuz
ildən çoxdur tanıyıram. Hələ
üzünü görməmişdən onun hansı qəzetdəsə
dərc olunan "Alma ağacı" şeirini oxumuşdum.
Bu şeirdə Musa Urud "boşluğa atılmış
güllə səsi kimi" dərdini alma ağacına
söyləyirdi. Füzulinin bir misrasını
xatırlayıram: "Qəm budur ki, var yüz min qəm, bir
qəmxar yox". Musa da məmləkətin, yurd-yuvasından
qaçqın düşən soydaşlarımızın, o
zaman işğal olunan torpaqlarımızın dərdini
çəkənlərdən biri və bütün bu bəlaların
kökünə, mahiyyətinə varmaq istəyirdi. "Qəmxar"
alma ağacıydı:
Ömür
sürdük, adımızı bilmədik,
Torpaq əkdik,
dadın-duzun bilmədik.
Dilimizə
öz dilimiz deməyə,
Özgələrdən
izn, rüsxət istədik,
Nə qədər
ki, öz-özünə qənimik,
Nə qədər
ki ata-ana qəmiyik,
"Qardaş"
- deyib göndəririk qabağa
"Vur"
- deyirik, arxasınca gəlmirik.
Nə qədər
ki, arxamızdan qaçan var,
Nə qədər
ki, içimizdən satan var
Qaytar məni
gətirdiyin dünyaya
Sənə
deyim dərdimi, alma ağacı.
Doxsanıncı
illərdə Musa Urud "Bu dəstə hara gedir" poemasını
yazdı. 1988-ci ildə, dekabr ayının 2-də erməni
zülmündən baş götürüb qaçan 107 nəfər
azərbaycanlı Zəngəzur silsiləsini aşaraq
Şahbuza gəlir. Yarımcan halda xəstəxanaya
köçürülən, taleyinə didərginlik
yazılmış bu zavallı insanlar qədim türk
torpağı olan Zəngəzurda yaşayan sonuncu
soydaşlarımız idilər. Musanın poemasında o dərdli
insanların taleyindən söz açılırdı.
Gözləri
əllərində,
Ayrılıb
ellərindən
Atkeçməz
yollarından
Bu dəstə
hara gedir?
İti zəncirdə
qalmış,
Kütü
təndirdə qalmış,
Başı
kəndirdə qalmış
Bu dəstə
hara gedir?
Düşüb
bu dağlara ki,
Öz
qara taleyini
kəfənə
büksün deyə
Bu dəstə
hara gedir?
Musa Urud o
illərdə ağrıdan, dərddən yazırdı və
bu ağrını, dərdi az qala ucuzlaşdıran bəzi
şairlərdən fərqli olaraq dərdin poeziyasını
yaradırdı. Daha doğrusu, dərdin poeziyasını
poeziyanın dərdinə çevirirdi. O deyəndə ki,
"Yarı Urud, yarı Musa, ölü də mən, diri də
mən". Bu iki misrada Zəngəzurda qoyub gəldiyi Urud kəndi
(yeri gəlmişkən deyim ki, Musa o kənd haqqında
böyük bir kitab yazıb) ilə öz taleyi arasında bir
bənzəyiş görürdü.
Amma mən
Musa Urudu sizlərə dərdli şair kimi tanıtmaq istəməzdim.
"Şair olan qəm də yeyir" - deyib böyük Səməd
Vurğun. Dərd də, qəm də, kədər də
şairləri ömrü boyu tərk etmir. Amma bu
dünyanın şairə bəxş elədiyi gözəlliklər
də var. Musa Urudun şeirlərində bu gözəlliklər
təbiət, sevgi və Urud obrazlarında təcəssüm
edir. Baxın:
Alma
çiçəklədi, nar çiçəklədi
Laçının
qaşında qar çiçəklədi.
Tumurcuq
qızlardan yar çiçəklədi,
İlahi,
nə gözəl başlayıb bu yaz.
Torpaq ətirlənib
sinəsin açır,
Qızılgül
xəlvəti qönçəsin açır.
Bir
qızın hər gecə yuxusu qaçır,
İlahi,
nə gözəl başlayıb bu yaz.
Musa Urud
sual verir: "Şeir nədir? Şeir həyatdır. Bəs
həyat nədir? - Bilmirəm. Bəs onda niyə yazırsan?
Bəs onda niyə yaşayırsan? Nə bilim? Bir də ki,
niyə yazdığımı, niyə
yaşadığımı bilsəydim, Allah olardım!
Bildiyim odur ki, şeir taledir, qəza-qədərdir. Şairlik
qismətdir".
Musa da
öz taleyini şeirdə yaşadan şairlərdəndir.
Ustadı Məmməd Araz kimi. ...Yazır ki: "Poeziyada
öz yolumu tapmaqda Bakıda mənə böyük
şairimiz Məmməd Araz, Gəncədə isə
tanınmış yazıçı Qərib Mehdi
yardımçı olmuşlar".
Poeziyamızda
Məmməd Araz yolu şahrah deyil, o elə bir şair idi ki,
onu təkrar eləmək və ikinci Məmməd Araz olmaq
mümkün deyildi. Amma M.Arazdan öyrənmək, onun poetik ustalığından
bəhrələnmək olar və M.Urudun "Minacat"
şeiri M.Araz poetik ruhunu yaşatmaq mənasında diqqət
çəkir:
Gəl məni
bir quşa döndər, İlahi!
Bir
böcəyə döndər, bir qurda döndər.
İlahi,
sən məni o yurda döndər.
İlahi,
sən məni Uruda döndər!
Musa Urud qoşma,
gəraylı şairi kimi daha xoş təsir
bağışlayır. Bu gün - bu formalarda yazanlar hesaba gəlməz.
Gərək bu çoxunun içində Vaqif zərgərliyi,
Ələsgər incəliyi, Dədə Şəmşir zərifliyi
ilə seçiləsən. Onun bir çox qoşma və gəraylıları
məhz ustadların ənənələrini yaşadır.
Ancaq bu qoşmalarda müasir bədii təfəkkürün
işığı var:
Suyun kəsik,
dəyirmanın sovulmuş,
Bizdən
daha biz olarmı, sağ olmuş?!
Yaddaşının
göylərinə dağılmış
Xatirəni
gözünə yığ, qayıtma!
Ömrü
qönçə gül elədim, almadın,
Yol elədim,
sən yolçusu olmadın,
Bulaq, -
dedim, bir içim su olmadın,
Cığır
yuyan sel olub ax, qayıtma!
Gözlərimi
quru yumdum, yaş açdım,
Fəsil
özgə, ağac həmin ağacdı.
Nə fərqi
var, çiçək açdı, daş açdı
Qayıtmır
ki, düşən yarpaq, qayıtma!
Musa Urudu
bir şair kimi səciyyələndirən bir cəhəti
mütləq nəzərə çarpdıraq: O, dilimizin əsl
şeir dili olduğunu ("Bu gözəl dilini
yaratmış güman, İlahi damağı çağ olan
zaman" - Əli Kərim) sübut edən şairlərdəndir.
Şeir dili musiqiyə, nəğməyə, ritmə,
intonasiyaya uyarlığı ilə seçilməlidir. Amma bu
azdır, şeirdə xalq ruhu, xalqdan gələn
yaşantılar da əks olunmalıdır:
Ağbabanın
ağ nanağı,
Ağrı
çəkir Ağrı dağı.
Dağ-daş
tutmaz, qəvvas çağır
Dəryaya
yaza dərdimi.
Musa Urud
haqqında - onun altmış illiyində şairliyindən
söz açdım. Amma həkim Musa Quliyev müstəqil Azərbaycan
Respublikasının ən fəal vətəndaşlarından
biridir. O, ulu öndər Heydər Əliyevin ideallarına,
daxili və xarici siyasətinə, böyük quruculuq
konsepsiyasına sadiqliyini dönə-dönə sübut edib.
Yeni Azərbaycan Partiyasının sıralarında və Milli
Məclisdəki deputatlıq fəaliyyətində Musa Quliyev
mandatını əməli işində həyata
keçirir. Ona bu əməl yolunda uğurlar arzulayaq!
P.S. Musa
Urud Birinci Qarabağ müharibəsinin ilk şəhid
şairi Nizami Aydının şeirlərini toplayıb
"Son dua" adında bir kitab nəşr etdirib. Dosti idi o
şəhid şair... "Yazıq Sənə, Musa Urud, Nizami
Aydına, heyif!". Nizami Aydını bir şair kimi mənə
sevdirən də Musa Urud oldu...
Vaqif
YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2021.- 13 noyabr.- S.14.