Varislər

 

Etibar ƏHMƏDLİ: "Yazıçı kimi əvvəldən sona qədər  öz yazı əqidəsinə sadiq qaldı"

 

"Varislər"in bugünkü qonağı unudulmaz insan, milli nəsrimizdə öz yazı üslubu və dəst-xəttilə seçilən istedadlı qələm adamı, Xalq yazıçısı, şəhid atası Sabir Əhmədlinin oğlu Etibar Əhmədlidir.

 

1930-cu ilin yayı cənnət Qarabağın gözəl guşələrinin birində - Cəbrayılda dünyaya gəlmişdi. Onun uşaqlıq və yeniyetməlik illəri İkinci Dünya müharibəsi və ondan sonrakı dövrə təsadüf etmişdi. Qanlı müharibə neçə-neçə doğma insanı ondan almış, müharibə dövrünün çətinlikləri, məşəqqətləri Sabir Əhmədlinin həyatında izsiz ötüşməmişdi. Qardaşı, cəmi 20 il yaşamış Sovet İttifaqı Qəhrəmanı, leytenant Cəmil Əhmədov sadəcə xatirələrdə və ağ-qara fotolarda yaşayırdı onunçün.

Orta məktəbi başa vuran Sabir Əhmədli Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində ali təhsil aldıqdan sonra bir müddət Cəbrayıla qayıtmış, rayon mərkəzindəki məktəbdə dil-ədəbiyyat müəllimi, Şükürbəyli kəndində məktəb direktoru işləmişdi.

 

"Poçtalyon"la başlayan yol

 

Onun mətbuatda ilk çıxışı "Pioner" jurnalında çap olunan "Poçtalyon" hekayəsi oldu. Daha sonra bütün həyatını ədəbiyyata həsr edən unudulmaz yazıçı bir-birindən gözəl hekayələri, bədii üslub və forma rəngarəngliyilə diqqət çəkən povest və romanları, dövrün ədəbi problemlərinə həsr olunmuş məqalələri ilə hər zaman diqqət mərkəzində oldu. Hələ ilk qələm təcrübələrində sovet ədəbiyyatı üçün qanun olaraq qəbul edilmiş sosialist realizmi metodu qəliblərindən çıxan yazıçı, öz yaradıcılığında azad və çərçivələrə sığmayan bədii üslub seçərək, milli nəsrimizin ilk modern və postmodern nümunələrini yaratmışdı.

- Xoş gəlmisiniz. Bura atamın ömrünün son illərini yaşadığı evdir. Son əsərlərinin hamısını bu evdəki iş otağında qələmə alıb. Atam "Yazılmayan yazı" romanında öz tərcümeyi-halından, həyatından, keçdiyi ömür yolundan bəhs edir. Təəssüf, sağlığında həmin kitabın çapdan çıxmasını görə bilmədi, biz onun ölümündən sonra romanı kitab halında çap etdirə bildik.

 

Ustadın iş otağında

 

Atam vaxtında öz nəslinin böyüklərindən müəyyən şeyləri soruşub dəqiqləşdirmədiyi üçün təəssüf hissi keçirirdi. Amma bəzi məsələləri aydınlaşdıra bilmişdi. Sovetlər gələndən sonra soyadlardakı "bəy", "əfəndi" sözlərinə qadağalar olub, sanki qorxublar bu sözlərin soyadlara gəlməsindən. Bunlar, əslində, əfəndiyevlərdir. Atamın atası Məhəmməd kişinin atasının adı Bəkir olub, Molla Bəkir. Cəbrayılda mədrəsədə dərs deyib. Əfəndilərdən olub. Onlar Bərdənin Lənbəran kəndindən gəliblər Cəbrayıla. Həmin kənd müxtəlif vaxtlarda gah Bərdə, gah da Ağcabədi inzibati rayonunun tərkibində olub. Cəbrayılda Araz boyu böyük kəndlər var, onların da kökü ordan gəlib. Amma bir fikir də var ki, ola bilsin Cəbrayıldan Lənbərana gediblər. Çünki Cəbrayılın özündə də xeyli köklü əhmədlilər var. Tayfa əhmədlilər tayfasıdır.

Çox böyük tayfadır. Şahsevənlərdəndirlər. Son əsrlərdə Cəbrayıl caamatı dini təriqətlərə o qədər də fikir verməyib. Tutaq ki, şahsevənlər əslində şiələrdir, amma Bəkir adı daha çox sünnilərdə yayılıb. Atam dini təriqət, məzhəb ayrı-seçkiliyini qəbul etmirdi. Onunçün bir din vardı - İslam dini - vəssalam. Qarabağda sünnilərlə şiələr həmişə ayrı-seçkilik bilmədən mehriban yaşayıblar. Atamın əmisigili isə əfəndiyevlər olub. Ümumiyyətlə, sərhəd zonasında soyada görə adamlara təzyiq ediblər, mütləq baba adıyla soyad götürməklərini tələb ediblər. Məsələn, Sovet İttifaqı Qəhrəmanı olan Cəmil əmimizin dördüncü-beşinci sinfə gedənə qədər soyadı olmayıb, bütün sənədlərdə Cəmil Məmməd oğlu yazılıb. Yəni o qolda ilk Əhmədov soyadıyla Cəmil əmimiz qeydiyyata düşüb, çünki məktəbdə tələb olunub ki, uşağa mütləq soyad vermək lazımdır. Ata babam Məmmədin babasının adı Əhməd olduğuna görə soyad da Əhmədov kimi yazılıb. Sonrakı nəsil tutaq ki, Məmməd babamın adıyla Məmmədovlar yazlıb. Sanki qəsdən doğmaların nəsil-kök bağlılığını bir-birindən ayırmağa çalışıblar.

 

Araz boyu...

 

Ata nənəmgilin nəsli-kökü Şuşadan olub. Onlara qalalılar deyirmişlər. Ümumiyyətlə, Qarabağ zonasında Şuşa el içində Qala kimi tanınır, şuşalılara da qalalılar deyirdilər.

Rus imperiyası İranla sərhəddə Araz boyu sərhəd zastavaları yaradıb, onların mərkəzi və gömrük Cəbrayıl ərazisinə düşüb. Araz boyu ticarət geniş yayılıb. Yeməkxanalar, qəlyanaltıxanalar çox olub. Atamın ana babası Şuşadan gəlib Cəbrayılda aşçı dükanı açıb. Orda həm ərzaq satılıb, həm də müştərilərə yemək veriblər. Məmməd babam həmin yeməkxanada işləməyə başlayıb, sonra da yeməkxana sahibinin qızıyla ailə qurub.

Bir fikrə görə deyirdilər ki, guya atamın ana tərəfi Cəbrayıla 1905-ci il erməni-müsəlman qırğınından sonra köçüb, amma bu, doğru deyil. Onlar ticarət məqsədilə Araz qırağana köçüblr. Ümumiyyətlə, Cəbrayıl torpaqları İbrahim xanın, Pənah xanın oğullarının torpaqları olub. Araz boyu münbit torpaqlar çox olub. Əkinçilik üçün, maldarlıq üçün yaxşı şərait olub oralarda. Ona görə ətraf yerlərdən adamlar həmin ərazilərə köç eləyiblər.

 

Cəmil Əhmədov kim idi?

 

Atamgili ailədə üç qardaş, bir bacı olublar. Sovet İttifaqı Qəhrəmanı olan Cəmil əmimiz böyük qardaşlarıdır. Belarusiya cəbhəsində vuruşub, Sibir alayının tərkibində Polşanın azad olunmasında şücaət göstərib, orda da həlak olub. Məzarı Varşavada, sovet döyüşçülərinin dəfn olunduğu qəbiristandadır. Atam gedib tapmışdı onun qəbrini.

Bir qardaşı Vaqif Əhmədov idi. Uzun illər partiya işlərində çalışmışdı, sovet dövründə Cəbrayılın birinci katibi olmuşdu. O da cavan dəyişmişdi dünyasını.

- Universitetdən sonra bir müddət Cəbrayılda müəllimlik eləmişdi. Niyə müəllim kimi davam etmədi? Bakıya gəlməsinə səbəb nə oldu?

- Atam universiteti əla qiymətlərlə bitirib. Cəbrayılda müəllim işləyəndə qısa müddət ərzində yaxşı hörmət qazanıb. Cavan olmasına baxmayaraq, Şükürbəyli kənd məktəbinə direktor təyin ediblər onu. Bakıya köçməyə qərar verəndə müəllim yoldaşları təkidlə qalıb müəllim kimi işləməsini istəyiblər. Amma atam artıq öz yolunu hələ yeniyetməlikdən seçmişdi, yazıçı olmaq, ruhunu narahat edən problemləri, xatirələrini ədəbiyyata gətirmək istəyirdi. Onun ilk ədəbi əsəri "Arabaçı" hekayəsidir, amma mətbuatda, o vaxtkı "Pioner" jurnalında ilk dəfə "Poçtalyon" adlı hekayəsi çap olunub və o dəqiqə rezonans doğurub. Təsəvvür eləyin ki, məktəbdə işlədiyi vaxt buraxılış imtahanında zərf açılanda gənc yazıçı kimi "Arabaçı" hekayəsinin imtahan suallarına daxil edildiyini görüb. Hətta Xalq yazıçısı Mirzə İbrahimov da hekayə haqqında xoş sözlər yazıb mətbuatda. Onun kənddə qalıb, kənd həyatından yazmasını məsləhət görüb. Amma atam fikrindən daşınmayıb, Bakıya gəlib və "Ədəbiyyat qəzeti"ndə ədəbi işçi kimi işləməyə başlayıb.

- İndi çap olunmaq çox asanlaşıb. O dövrdə mətbuata yol tapmaq, kitab çap etdirmək uzun proseslərdən keçirdi. Kim olub ona yol açan? Kim olub adi kənd müəlliminin gələcək yazıçı taleyində rol oynayan?

- "Arabaçı" hekayəsi, dediyim kimi, maraqla qarşılanıb. Xalq yazıçısı Mehdi Hüseyn yazıçıların qurultayında gənclərlə bağlı geniş məruzə eləyib və həmin məruzədə atamın "Arabaçı" hekayəsi haqqında maraqlı fikirlər söyləyib, onun gələcəkdə bu sahədə uğur qazanacağına əminlik bildirib. Adıçəkilən hekayə artıq sovet dövrü ədəbiyyatı üçün xarakterik yazı üslubundan fərqli idi. Sosrealizm çərçivələrindən kənara çıxmışdı. Birmənalı qarşılanmırdı. Amma çox ciddi yazıçılar bəyənmişdi onu. Atam standart ədəbi yazı qaydalarını qəbul etmirdi. Onun yanaşması fərqli idi. Yazı dili fərqli idi.

- Gəncədə yaşayıb-yaratmış undulmaz yazıçı-dramaturq Altay Məmmədovun oğlu Elcan bəylə görüşümüzdə o mənə çox sarsıldığım bir hadisədən bəhs etdi. Qardaşınız Məhəmmədin şəhid olmasından danışdı. Sabir müəllim o hadisəni çox dramatik şəkildə yaşamışdı... Məncə, Xalq yazıçısı oğlunu xidmətdən saxlaya bilərdi axı...

 

Doğum günündə şəhid olan qəhrəman

 

- Məhəmmədlə aramızda on yaş fərqimiz vardı, kiçik qardaşım idi mənim. Amma atam dünya da dağılsa, onu xidmətdən saxlamağa razı olmazdı. Ümumiyyətlə, o barədə ona söz demək mümkün deyildi. Amma əlbəttə, Məhəmməd getməyə bilərdi orduya. Saxlatmaq olardı onu. Atamın bircə zəngi ilə məsələ həll oluna bilərdi. Atam isə bircə fikir bildirdi: "Mənim oğlum da getməsə kim gedəcək?!". Atam deyirdi ki, mütləq döyüşüb, torpaqlarımızı qorumalıyıq. Amma mənim ordudakı vəziyyətdən xəbərim vardı. Vahid komandanlıq, demək olar, yox idi. Təzə qurulurdu ordu. Açığı, deyim ki, mən istəmirdim qardaşım getsin. İki dəfə Müşfiqdəki hərbi hissədən götürüb gətirmişdim onu evə.        

Hə, Altay müəllim atamın yaxın dostlarından biriydi. Atam rayona gedəndə, qayıdanda mütləq Gəncədə Altay müəllimə baş çəkirdi. Fevral ayının 12-si qardaşım Məhəmmədin doğum günüdür. Dəhşətli soyuqlar düşmüşdü. Qış çox sərt keçirdi. Atam qardaşımın ad gününü təbrik eləmək üçün onun xidmət etdiyi hərbi hissəyə getmişdi. Məhəmməd həqiqi hərbi xidmətini Moskvada keçirtmişdi. Sonra özü könüllü yazıldı orduya. Yadınızdadır da, vəziyyət çox çətin idi. Azərbaycanı vətəndaş müharibəsinə sürükləmək istəyirdilər. Məhəmmədin 24 yaşı vardı. Yasamal batalyonundan yazılmışdı. Hazırlıqsız-filansız birbaşa onları Kəlbəcərə atmışdılar. Onsuz da Kəlbəcərdə qış sərt keçir. Dağlıq ərazidir. Onları Murova aparmışdılar.

Baxın, son günlər sosial şəbəkələrdə hamı Xalq yazıçısı Çingiz Abdullayevin üstünə düşür, onun Birinci Qarabağ müharibəsi olmayıb fikirlərilə razılaşmırlar. Əslində, Çingiz müəllim düz deyir. Müharibə iki dövlətin ordusu arasında baş verən hərbi münaqişədir. Erməni ordusu vardı o vaxt? Sovet ordusunun Ermənistandakı hərbi hissələri Azərbaycana qarşı təxribat aparırdılar. Erməni diasporası ruslara ətək-ətək pul xərcləyirdi. Əliyalın Azərbaycan hərbçiləri, özünümüdafiə dəstələri lokal hərbi əməliyyatlar aparırdılar. Elə Çingiz müəllimin çox yaxın qohumları da o dövrdə şəhid olub. O vaxt çox şəhid vermişik. Həm hərbçilər, həm də mülki əhali arasında itkimiz çox olub. Yenə deyirəm, planlı şəkildə, vahid komandanlıq altında, müxtəlif ordu birləşmələrinin hərbi müdaxiləsilə müharibə aparılmırdı. Hərə öz bildiyi kimi döyüşürdü. Canavar kimi qorxu bilməyən igidlər vardı, Allah ruhlarını şad eləsin, amma ordudakı başıpozuqluq, hazırlıqsız olmağımız, üstəlik, rusların ermənilərə dəstək verməsi bizim uğur qazanmağımızı sıfıra endirmişdi. Yalnız ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə gələndən sonra ordu quruculuğunda dönüş yarandı. Horadiz əməliyyatından sonra ermənilər də məcbur olub atəşkəsi imzaladılar. Cavidin məşhur misrası var: "Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü". Mən hər dəfə o misraları xatırlayanda düşünürəm ki, əgər atəşkəs bir-neçə ay tez olsaydı, indi Məhəmməd sağ idi. Məhz bu atəşkəsdən sonra sağ qalan nəslin övladları, o döyüşlərdə şəhid olmuş qəhrəman oğullarımızın balaları böyüyüb atalarının qisasını alıb, millətimizin üstündəki məğlubiyyət ləkəsini götürdülər. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

 

Pəncərədən gələn işıq

 

Nəsə... atam Murova qardaşımın ad gününü təbrik eləməyə getmişdi. Murova gedib çıxanda ona deyiblər ki, Məhəmməd yüngül yaralanıb, Bakıya hospitala aparıblar. Qayıdanda yolüstü Altay müəllimgilə dəyib. Oturub nahar eləyiblər. Altay müəllimgili artıq biliblər qardaşımın şəhid olmasını. Altay müəllim oğlunu da atama qoşub, Bakıya yola salıb. Atam şübhələnməsin deyə, özü də başqa maşınla Bakıya gəlib.   

Məşhur gürcü filmi var, "Əsgər atası", təxminən elə bir hadisədir. Atamgili səhərə yaxın Bakıya çatmışdılar. Deyirdi ürəyimdə fikirləşirdim, pəncərədə işıq görsəm, demək uşağa nəsə olub, yox qaranlıq olsa, deməli, sakitlikdir, yatırlar. Amma pəncərədən işıq gəlirmiş... Həyətdə artıq böyük mağar qurulmuşdu.

Xəbəri brinci mənə gəlib çatdırdılar. Səhər tezdən idi. İnanmadım. Təzə getmişdi axı. Komandiri sinif yoldaşım idi, qardaşımı o, birtəhər göndərə bilmişdi evə. Həmin hərbi əməliyyatda ilk şəhid olanlardan biri qardaşım olmuşdu. Snayperlə vurmuşdular. Batalyondan demək olar əksəriyyəti şəhid olub.  

O hadisədən sonra atam çox düşdü. Həmişə bir şey deyirdi, dinə inamım tam deyil, tam olsaydı oğlumun şəhid olduğunu, Allahın ən uca məqamında olduğunu düşünər, yəqin, bununla təskinlik tapardım. Ondan sonra "Quran"ı dərindən öyrənməyə başladı. Təskinliyini yazmaqda tapırdı, başını yazmaqla qatırdı.

- Yazıçı kimi Sabir Əhmədli çox sevilirdi. Onun ədəbiyyata baxışı fərqliydi. İlk postmodern ədəbi nümunələri Sabir müəllim hələ postmodernizm bizə gəlib çatmazdan 40-50 il əvvəl yazmışdı.

 

Tərs adam...

 

- Bizdə konkret qəlib vardı. Konkret ədəbi qəhrəmanlar vardı. Atam öz yazılarını senzorlardan keçirmək üçün çox əziyyətlər çəkib. Yazıçı kimi əvvəldən sona qədər öz yazı əqidəsinə sadiq qaldı. Bir ata kimi də əvəzsiz idi. Biz yazıçı uşaqlarından bir qədər uzaq böyümüşük. Mənim dostlarım arasında yazıçı uşaqları demək olar olmayıb. Sonradan bir neçəsilə tanış oldum.

O, təbiiliyi, səmimiyyəti sevən adam idi. Doğruluğu sevirdi, həmişə haqqı müdafiə edirdi. Bəzən irad tuturdular ona, tərs adamdır deyirdilər. Deyirdi bəli, tərsəm, amma əyrinin tərsiyəm. Yalanın, saxtakarlığın tərsiyəm. Haramla qəti arası yox idi. Bizi də elə böyütdü, elə tərbiyə verdi.

Ailə içində məsləhətləri, öyüdləri olurdu. Mənə ilk və qəti məsləhəti o oldu ki, yazıçılıq fikrini ümumiyyətlə ağlımdan keçirməyim. Yazıçılıq əzablı işdir. Gecəsi-gündüzü olmayan işdir. Özüm görürdüm də, axşam işdən gəlirdi gecə işləyirdi. Səhər yuxudan dururdum görürdüm, yenə işləyir. Əvvəllər yazıçılara dəyər verirdilər, sovet dağılandan sonra uzun müddət ziyalılar, ən çox da qələm adamları ağır dövrlər yaşadılar. Kimin pulu vardı nə zibil yazsa kitabları çıxırdı, özünü reklam edirdi. Pulu olmayan lap şedevr yazsa da, yada salan olmurdu. Ona görə məni bu yoldan uzaqlaşdırmağa, həyatda öz yolumu tutmağa, cəmiyyətə yararlı işlə məşğul olmağa həvəsləndirirdi. Mən tarixçiyəm. Bunu da bir yerdə məsləhətləşdik, qərar verdik.

Qarabağda əliyalın xalqın başına gətirilən oyunları heç cür sindirə bilmirdi özünə. Torpaqlarımızın getməsi, ata-baba yurdundan uzaq düşməsi pis təsir edirdi ona. Başa düşürdü ki, imperiya ordusuna qarşı döyüşmək qeyri-bərabər şərtlərlə mübarizə aparmaqdır. Qaçqınları, köçkünləri gördükcə, onların şəraitlərini gördükcə ürəyi ağrıyırdı və əlindən heç nə gəlmirdi. Əlbəttə, Xalq yazıçısıydı, onun işləməsi, yazıb-yaratması üçün hər cür şərait yaratmışdılar, amma bu fikirlər ona rahatlıq vermirdi.

Yaxşı adamlar onun üçün milli dəyər idi. Ürəyi yerə-göyə sığmırdı millətini sevən, təmiz adamlarla tanış olanda. Yaxşı musiqini sevirdi, muğamlarımızı dinləyirdi. Çox məclis adamı deyildi. Daha çox öz dünyasında yaşayırdı. Azərbaycanın müxtəlif bölgələrinə getməyi, sadə adamlarla ünsiyyətdə olmağı sevirdi. Deyim ki, oturub saatlarla öyüd-nəsihət verirdi, yox, sadəcə özü elə yaşayırdı, biz də onun kimi olmağa çalışırdıq. Ailədə bizə azadlıq vermişdi. Bizə inanırdı, xüsusi nəzarətə ehtiyac duymurdu. Biz də bilirdik atamız kimdir və bizdən nə tələb olunur.

 

Sadə adamların yaxın dostu...

 

Əli Kərim, Məmməd Araz, Qabil, cavanlardan Sabir Rüstəmxanlı, Sirus Təbrizli, Aqil Abbas, lap gənclərdən Həmid Herisçiylə dostluq eləyirdi. Onun ən yaxın dostları əli qabarlı, sadə zəhmət adamları, çörəyini halallıqla qazananlar idi. Qohumlarla yaxınlıq eləyirdi. Onu da böyük kimi qəbul eləmişdilər. Həm qardaşım şəhid olanda, həm də atamın ölümündən sonra onu sevənlər bizi tək qoymadılar. Zəng vuranlar, gəlib-gedənlər çox oldu. Sabir Rüstəmxanlı əlaqə saxladı, mənə də çox köməyi dəyib. Sağ olsun. Bir müddət əvvəl bacımgilə zəng vurub, hal-əhval tutub. Belə...

- Anayla necə tanış olmuşdu? Xanımı hansı sevdiyi yeməkləri bişirirdi onunçün?

- Anam onun şagirdi olmuşdu. Onlar köklü cəbrayıllılardır. Ana babam Əhməd Hüseynov uzun müddət Cəbrayılda, Qubadlıda məsul vəzifələrdə işləyib. Ana nənəm Cəbrayılın Daşkəsən kəndindəndir, sovet dövründə Xalq Maarifi naziri olmuş Mehdi Mehdizadənin bacısıydı. Anamın bişirdiyi hinduşka plovunu, yarpaq dolmasını xoşlayırdı atam. Amma yeməklərə qarşı belə xüsusi həssaslığı yox idi, Allah verəndən nə olsa, yeyib şükür eləyən adam idi.

Anam məktəbi bitirəndən sonra ali məktəbə daxil olub, üçüncü kursda oxuyanda atam ona elçi göndərib. Bir-birinə həmişə qarşılıqlı hörmət bəsləyiblər...

 

Söhbətləşdi: Əyyub QİYAS

 

Ədəbiyyat qəzeti.- 2021.- 13 noyabr.- S.16-17.