"Elə oğul istəyir vətən"
Balaş Azəroğlu - 100
XX əsrin
40-cı illərində, xüsusilə II Cahan müharibəsi
dövründə Cənubi Azərbaycanda Rza şah
diktaturasının süqutundan sonra (1941) ədəbi hərəkatın
qarşısında yeni üfüqlər açıldı.
Yaradıcılıq cəbhəsinə qoşulan yeni
mübariz gənc qələm sahibləri yaranmış bu
ictimai-siyasi mühiti tarixi əsərlərilə tərənnüm
etməyə başladılar. Güneydə yaranan
döyüşkən poeziyanın, yəni siyasi lirikanın
genişlənməsində, onun yaşarılıq
qazanmasında Balaş Azəroğlu sənəti, sənətkarlığı,
bütünlükdə poetik yaradıcılığı
mötəbər özül oldu.
Xalq
şairi, "Şöhrət" ordenli Balaş
Allahbaxış oğlu Abızadə 1921-ci il noyabrın 11-də
Bakıda anadan olmuşdu. Onun valideynləri Cənubi Azərbaycanda,
Ərdəbilin Səlim qışlağı kəndində
yaşayırdılar. Lakin Cənubda olan işsizlik nəticəsində
onlar Bakıya işləməyə gəlmişdilər.
Balaş
Azəroğlu ömrünün on ilini (1938-1947) Güney Azərbaycanda
- Ərdəbil və Təbriz şəhərlərində
yaşamış, 1941-1946-cı illərin inqilabi hərəkatında
fəal iştirak etmişdi. Bu da onun
yaradıcılığında siyasi lirikanın ön plana
keçməsində əsas rol oynamışdı.
S.C.Pişəvərinin rəhbərlik etdiyi bu inqilabi hərəkatda
Azəroğlu həm siravi əsgər, həm də inqilabi
ideyaların alovlu tərənnümçüsü, yorulmaz təbliğatçısı
olmuşdu.
AMH-nin
süqutundan sonra onun rəhbər işçiləri, həmçinin
Balaş Azəroğlu 1947-ci ilin aprelində "Nicat" cəmiyyətinin
köməyi ilə Bakıya mühacirət etdilər. Eyni
zamanda, Təbrizdə formalaşan yeni ədəbi nəslin
nümayəndələrindən Mədinə Gülgün,
Hökumə Billuri, Əli Tudə, Söhrab Tahir, Aşıq
Hüseyn Cavan və başqaları Bakıya gəldilər,
burada öz bədii, elmi yaradıcılıqlarını
davam etdirdilər.
Şimali
Azərbaycanda - Bakıda B.Azəroğlu Təbrizdə
görüşdüyü, sevdiyi sənətkarların əhatəsinə
düşmüşdü. Səməd Vurğun, Rəsul Rza,
Cəfər Xəndan, Qulam Məmmədli, Mirzə
İbrahimov kimi insanların köməyi ilə 1947-1952-ci illərdə
Azərbaycan Dövlət Unversitetinin Filologiya fakültəsində
ali təhsil alır. Təbrizdə, Bakıda silahdaşı,
qələm yoldaşı Mədinə Gülgünlə
1950-ci ildə ailə həyatı qurur.
AMEA
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda elmi
işçi kimi çalışan Balaş Azəroğlu,
eyni zamanda ADF-nin orqanı "Azərbaycan" qəzetində
şöbə müdiri, redaktor kimi də fəaliyyət
göstərmişdir.
Tədqiqatlar
göstərir ki, B.Azəroğlu əsərlərini ən
çox bu illərdə, yəni 1952 - 1995-ci illərdə
yazmış, 40-a qədər kitabını, onlarca
elmi-publisistik məqaləsini, xatirələrini çap
etdirmişdir.
Balaş
Azəroğlunun poeziyasında müasir dünyanın,
ictimai-siyasi həyatın, inqilabi ideyaların təsvir və
tərənnümü mühüm yer tutur. Müxtəlif
ictimai-siyasi quruluşlarda yaşayan bir millətin Şimal, Cənub
adlı iki qütbü və Azəroğlunun da müəyyən
vaxtlarda hər iki qütbdə yaşaması, işləməsi
siyasi lirikanı onun yaradıcılığında
aparıcı xəttə çevirmişdi.
Hələ
Ərdəbildə yaşayarkən 1941-ci ildə
yazdığı "İnqilab şairiyəm" şeiri
saray şairlərinin yaradıcılığından
köklü surətdə fərqlənirdi:
Nə
peymanə, nə saqi, nə şərab şairiyəm,
Azadlığın
carçısı, inqilab şairiyəm!
Bu
illərdə yazılan "Səttarxan" mənzuməsi də
şairin yaradıcılığında önəmli yer
tutur. 1940-cı illərdə Güneydə başlanan yeni
inqilabi hərəkatda Səttarxan kimi xalq qəhrəmanlarına
böyük ehtiyac vardı. Şair onu ədəbiyyata gətirməklə
yeni səttarxanların meydana gəldiyini
vurğulayırdı:
Yox,
düşmən deməsin ölübdür Sərdar,
Onun
köksündəki ürək bizdədi!
Yanaşı
durmursa bu gün bizimlə,
Bilin,
götürdüyü tüfəng bizdədi!
Şairin
yaradıcılığında əsas xüsusiyyətlərindən
biri dövrün, zamanın nəbzini tuta bilmək,
günün mövzusunu seçə bilmək
bacarığı idi. Azərbaycan Milli Hökuməti o zaman
demokratik poeziyanın qarşısına böyük vəzifələr
qoymuşdu. Bu, Milli Hökumətin həyata keçirdiyi mədəni
islahatların təbliği, tərənnümü ilə
bağlı idi.
1945-ci
ildə Azərbaycan Demokratik Firqəsinin I Konqresinin
açılışı münasibətilə
yazdığı "Təbrizim" şeirində şair
ümumxalq birliyinin yaranmasında, formalaşmasında Təbrizin
dayaq nöqtəsi olmasından, xalqla birlikdə
döyüşməsindən bəhs edirdi. Şəhər
gecələr çırağa, gündüzlər
növrağa, qəlbi azadlıq eşqi ilə döyünən
insanlar üçün bulağa çevrilmişdi.
O
gün ki, sinəni sipər eylədin,
Qaranlıq
gecəni səhər eylədin,
Bizə
azadlığı xəbər eylədin,
Səsinə
səs verdi mahalım, Təbriz!
1979-cu
ildə İran İslam İnqilabının qələbəsi
nəticəsində Şahın ölkədən
qovulması, şahlıq rejiminin ləğv edilməsi
şairin düşüncələrinin həqiqət
olduğunu göstərdi.
B.Azəroğlunun
bu dönəmdə yazdığı, real həyatı əks
etdirən əsərlərindən biri də "Elə
oğul istəyir Vətən..." şeiridir. Həcminə
görə onu kiçik poema da adlandırmaq olar. Əsərdə
müəllif cəmiyyət qanunlarını riyazi formullara
bağlayan və bu yöndə şairə dərs keçmək
istəyən filosofa tutarlı, amma sadə dildə cavab verir.
Niyə bir vaxtlar Şah İsmayıl Xətainin qanunlar
yazdığı, fərmanlar verdiyi dildə indi məktəb,
dərslik yoxdu? Bu dil niyə təqib olunur? Şeyx Nizaminin
yurdu sən demə, bir məhəlləymiş? Bütün
İrana məşrutə verən Sərdarın nəvəsi
indi zülm içindədi. Görəsən, bunlar hansı
hesaba - kitaba sığar?
Şairə
görə ən böyük qanun azadlıqdır! Bunun
üçün Vətənə oğul gərəkdir! Vətən
elə oğul istəyir ki: "Səttarxan ürəkli,
Xiyabani nəfəsli, Möcüz niyyətli olsun!"
Füzulinin diliylə, Xətainin qılıncıyla
düşməni el-el qovsun, Vətəni də azad etsin,
özünü də! Bax onda nə qanun pozular, nə də həndəsi
formula!
Balaş
Azəroğlu daxilən, mənən zəngin şair idi.
Çünki həyatı, dünyanı, onun dərdini, kədərini
yaşayıb və bu yaşadıqlarını sənətinin
diliylə, sözün qüdrətiylə oxucusuna
çatdırmağı bacarırdı! Şair təkcə
Vətəninin deyil, bütün bəşəriyyətin
azad olmasını istəyirdi. Bu məqsədlə
yazdığı "Vətən məhəbbəti",
"Xosrov Ruzbeh", "Savalan" kimi şeirləri
şairin arzu-niyyətlərini əks etdirirdi.
Balaş
Azəroğlunun poeziyasında müdrik bir duyum, təsvir və
tərənnüm etdiyi obyektə fəlsəfi yöndən
yanaşmağa güclü meyil vardır. Onun
"Qızıl balıq" şeiri bu mənada çox ibrətamizdir.
Şair böyük dəryalara, dalğalara öyrəşmiş
Qızıl balığı gətirib iki-üç metrlik
hovuza atan, lakin onu orda saxlaya bilməyən insana
üzünü tutur:
Ey insan,
vurma əllərini, toxunma!
Onu
dalğası adam boyu qalxan,
Dənizə
aparmayacaqsan əgər!
Əl
vurma nahaq!
Şeirin fəlsəfi tutumu, fəlsəfi yükü
ağırdır. Əgər istədiyin azad dünya, azad həyat
yoxdursa, yaşamağa dəyməz. Onda
qalır ancaq ürəyincə ölmək. Əgər ona da imkan versələr.
"Çinardan bir yarpaq qopdu..." şeiri də adi təbiət
hadisəsidir.
Lakin bircə sarı yarpağın öz
budağından ayrılaraq torpağa enməsində, onun minlərlə
saralıb solmuş yarpaqla birlikdə torpağa
qarışmasında şairin mənalandırdığı
bir hikmət vardır. Çünki insan
da təbiətin bir parçasıdı. Nə
qədər dünyaya, cahana meydan oxusa da, vaxtı gələndə
o da bir yarpaq kimi torpağa enəcək və torpağa
qarışacaq.
Azəroğlunun "Qanun" şeiri özülü
savaş və qan üzərində qurulmuş cəmiyyətin
qanunlarından bəhs edir. Hər yerdə ağalıq edən
belə qanuna görə həbs olunan ata məhbəsdən
oğluna yazır: "Bu dünyada bir qanun var, İnsan
azadlığıdır o da!".
"Mənə elə ürək ver..." əsəri
də fəlsəfi-lirik notlarla yazılıb, elmi təfəkkürün
inkişafından, qüdrətindən bəhs edir.
B.Azəroğlunun fəlsəfi yönümlü, fəlsəfi
siqlətli əsərləri oxucuda müəyyən hisslər
silsiləsinin yaranmasını təmin etməklə
yanaşı, həm də onlarda həyat hadisələrini dərindən
və ətraflı anlamaq, onların mahiyyətini
düzgün dərk etmək qabiliyyətini də
aşılayır.
B.Azərolunun güclü lirizmi vardır. O, lirik qəhrəmanının
xarici gözəlliyi ilə yanaşı, onun mənəvi
dünyasını, arzu-düşüncələrini, istəklərini,
xəyallarını da əks etdirirdi. Bu mənada
ömür-gün yoldaşı, məsləkdaşı, qələmdaşı,
iki oğlunun anası Mədinə Gülgünə həsr
etdiyi şeirləri əsl məhəbbətin təntənəsi
idi. "Qələm yoldaşım", "Nəğmə",
"Payızdı, əzizim", "Sevgilim", "O
şeiri kim yazacaq" və Mədinə
xanımın ölümünə həsr etdiyi onlarca
şeiri səmimiliyi və poetikliyi ilə seçilirdi.
Sevgilim, sən
dünən cəbhə dostum,
Qələm yoldaşım idin.
Bu gün
həyat yoldaşım olmusan artıq...
Sən
tüfəngi atıb bir yana keşik
başından,
Beşik
başına keçib, layla çalırsan oğluma!
Azəroğlu öz fikirlərinin poetik tutumunu
poeziyanın məhsuldar janrı olan poemalarında daha əhatəli
tərənnüm etmişdir. Məhəbbət
mövzusunda onun "Nizami Gəncəvi" və ya "Qəsri
- Şirin", "Dəmirçi Zaman",
"İtmiş qız haqqında dastan", "Polyak
qızı Səlmi" kimi poemaları böyük süjet
xəttinə malik əsərlərdir. Bu əsərlərdə
ülvü məhəbbət Vətən sevgisi ilə
qarışmış, çuğlaşmış şəkildə
tərənnüm olunur. Hər iki sevgini
bir-birindən ayırmaq, fərqləndirmək mümkün
deyil. Çünki ikisi də yüksək
duyğuların, mənəvi dəyərlərin sənətkarlıqla
qələmə alınmış əks-sədasıdır.
Şair N.Gəncəvinin "Xosrov və Şirin" əsərinin
motivləri əsasında 1976-cı ildə "Qəsri-Şirin"
poemasını yazmışdır. Əsərdə təsvir olunan
Xosrov, Şirin, Məhinbanu, Fərhad surətlərini Azəroğlu
özünəməxsus şəkildə
yaratmışdır.
1981-ci ildə Azəroğlu "Qəsri-Şirin"
poemasına yenidən qayıtmış, onu "Nizami Gəncəvi"
adlandıraraq xeyli təkmilləşdirmiş, ona yeni fəsillər
əlavə etmişdir.
Təbiəti tərənnüm edən şeirləri
Azəroğlunun bahar könlünün rübabıdır. Bu rübabı o, ən
çox yazda dilləndirib və "Könlüm bahar istəyir",
"Qərənfil", "Buludlar", "Kəpənək",
"Dağlar", "Nərgiz gülü",
"Zanbaq" kimi bədii nümunələr yaradıb.
Azəroğlu uşaq şairi olmasa da, fidan balaları
da unutmamışdır. Şair həm uşaqların
özündən, yəni onların oyunlarından, dərs
oxumalarından, dostluqlarından, quşlara, heyvanlara,
ağaclara, gül-çiçəklərə olan
münasibətlərindən bəhs edir. Həm
də onlar üçün həyat, dünya, təbiət
haqqında mənzum hekayə-nağıllar
yazmışdır. Uşaq ədəbiyyatı
yaradıcılığında onun şeirləri - mənzum
nağılları, poemaları məzmun və forma
baxımından çox zəngin və rəngarəngdir.
Şairin yazdığı kiçikhəcimli
şeirləri, nağıl-poemaları uşaq dünyası,
onların düşüncə aləmi üçün
tapıntıdır, desək, səhv etmərik.
Azəroğlunun mənzum nağılları,
poemaları əvəzedilməz bilik mənbəyi, təlim-tərbiyə
vasitəsidir.
"Hökmdar ayı", "Ağca", "Savalan əfsanəsi",
"Hümmət və Qüdrət" kimi
poema-nağılları şairin uşaq
yaradıcılığından incilərdir.
Balaş Azəroğlunun poemalarında xalqın
mübarizə əzmi, döyüşkənliyi,
düşüncələri, yaşayış tərzi,
gündəlik həyatı geniş şəkildə əks
etdirilmişdir. Bədii idrakın, poetik sözün
qüdrətiylə şair cəmiyyətdə baş verən
ictimai-siyasi prosesləri, real həqiqətləri aydın,
canlı göstərməklə, insanları
xeyirxahlığa, vətənpərvərliyə, bəşəriyyəti
zalımlardan xilas oluncaya qədər mübarizə
aparmağa səsləyir. Bu poemalarda tarixi
mövzular, dövrün hadisələri, beynəlxalq aləmdə
baş verən siqlətli olaylar əhatəli şəkildə
inikasını tapmışdır. Azəroğlunun
otuz iki poemasının əksəriyyəti Cənubi Azərbaycanda
baş verən demokratik hərəkatın, inqilabi hadisələrin,
tarixi həqiqətlərin real bədii əks-sədasıdı.
Şair 1983-cü ildə "İnqilab"
poemasının davamı olaraq "İnqilaba" əlavə"
poemasını yazır. Burada biz inqilabın sonrakı talehini
görürük. Ayağa qalxan xalq, 25 min
övladını itirən Vətən, görəsən,
öz məramına, məqsədinə yetdimi? Xeyr... Kəndli
hələ də torpaqsızdır, fəhlə işsizdir, məktəblər
də bağlıdır:
Ana dili
çap oldu, məktəblər açılmadı...
Hələ
neçə sirlər, mətləblər
açılmadı...
Demək, qalib gələn inqilabın bəhrələrini
bir ovuc hakim dairələr mənimsədi. Xalqa isə
yalnız quru sözlər, boş vədlər verildi.
Odur ki, şair üzünü yenə əsgərlərə
tutur:
İnqilab
əsgərləri, qalxın-qalxın ayağa!
İnqilaba
ümidi, inamı doğrultmağa!
1976-cı
ildə Səməd Vurğunun 70 illiyi münasibətilə
yazdığı "Ayrılarmı könül
candan..." poemasında da şair Şərqdə ağ günlərin
başlandığını yazırdı. S.Vurğunun
qəhrəmanı olan Zəncinin arzuları həyata
keçməkdədir, - deyirdi.
Azəroğlunun ictimai-siyasi mövzuda yazdığı
daha bir əsəri "Bir məhbusun gündəliyi"
adlanır. Mövzusunu II Dünya müharibəsindən
götürdüyü əsərdə şair faşistlərin
törətdiyi cinayətləri böyük sənətkarlıqla
açıb oxucusuna göstərə bilir.
Ölüm
düşərgəsinin yerləşdiyi yer, elektrik cərəyanı
qoşulmuş məftillər, gecə-gündüz sobalarda
yanan əsirlərin tüstüsü... insanı lərzəyə
gətirir:
...Quşlar
da uçub gedib, gecə-gündüz sönməyən
Sobanın
tüstüsündən...
Günəş
də görünməyir, Günəşin nə işi var
Ölüm
düşərgəsində?!.
Poema nikbin sonluqla bitir. Milyonlarla insan sobada
yandırılıb, tank altında məhv edilib, gülləbaran
olunub, lakin nəticədə bəşəriyyət
faşist taunundan birdəfəlik xilas edilib.
Azəroğlunun II Dünya müharibəsindən bəhs
edən başqa bir əsəri "Polyak qızı Səlma"
adlanır. Poema tarixi fakları əks etdirməklə
yanaşı, həm də böyük məhəbbət
dastanıdır.
Azəroğlunun
müharibədən sonra dinc quruculuq illərindən də bəhs
edən bir neçə poeması var. "Mingəçevir",
"Kənddə sülh yığıncağı",
"Kənd axşamları", "Çiçəklənən
tarlalar", "Araz düzlərdən axır...". Bu əsərlərin hər biri bir bölgənin
quruculuq işlərindən bəhs edir.
Balaş Azəroğlunun nə arxivində, nə də
çap olunmuş nəsr əsəri yoxdur. Yalnız onun
"Xatirələrim", daha sonra "Ömürdən
ötən illər..." adlandırdığı bir
avtobioqrafik əsəri işıq üzü
görmüşdür. Əsər ərəb
əlifbası ilə 1990-cı ildə Urmiyada, 1995 və
2008-ci illərdə Bakıda nəşr olunmuşdur. Əsərdə şair Bakıda keçən
uşaqlığından, Güney Azərbaycana necə
sürgün olunmalarından və XX əsrin sonuna qədərki
həyatından söhbət açır. "Xatirələrim"i avtobioqrafik roman
adlandırmaq olar. Çox səmimi,
duyğulu, həzin, oxunaqlı bir dillə
yazılmışdır. Tarixi faktların
dəqiqliyi, çoxluğu, təbiiliyi,
ardıcıllığı baxımından da əsər
çox qiymətlidir.
Balaş Azəroğlunun elmi fəaliyyəti də onun
yaradıcılığında xüsusi yer tutur. O, N. Gəncəvi adına Ədəbiyyat institutunda işləyərkən
XVII əsrin görkəmli şairi Məhəmməd
Əmaninin yaradıcılığını tədqiq
etmiş və bu mövzuda 1966-cı ildə müdafiə edərək
filologiya elmləri namizədi adını almış, tədqiqat
işini 1977-ci ildə monoqrafiya kimi çap etdirmişdir.
B.Azəroğlu doktorluq işi kimi Saib Təbrizinin həyat
və yaradıcılığını
götürmüş, lakin müdafiə edə bilməmişdir. Çünki
bədii yaradıcılığa daha çox önəm
vermişdir. Bununla belə, o, tədqiqat
işini monoqrafiya halında çap etdirmişdir. Sonrakı dönəmlərdə Azəroğlu
tanıdığı, yaradıcılığına bələd
olduğu bir çox şair-yazıçılar, alimlər
haqqında da elmi, publisistik məqalələr yazıb
dövri mətbuatda çap etdirmişdir.
Xalq şairi Balaş Azəroğlunun zəngin
yaradıcılığı daim diqqət mərkəzindədir. Şairin həm
Güneydə, həm də Quzeydə yaşadığı
dönəmlərdə qələmə aldığı
poetik əsərlərində Cənub mövzusu xüsusi yer
tutur. Bu mövzu şairin
yaradıcılığından qırmızı xətlə
keçir. Onun məşhur poema və
şeirlərinin baş qəhrəmanı Cənubi Azərbaycan
və onun problemləridir.
Beləliklə, təzadlı tarixi dönəmlərdə
yaşayan Azəroğlunun poeziyası XX əsrin real həyat
həqiqətlərindən doğmuş, dərin ictimai-siyasi
məzmunu və mənası ilə seçilmişdir.
Bahar BƏRDƏLİ
filologiya üzrə fəlsəfə
doktoru, dosent
Ədəbiyyat qəzeti.- 2021.- 13
noyabr.- S.18-19.