Balaş Azəroğlu
unudulmazlığı
Balaş
Azəroğlu poeziyası
uzun illər boyunca Azərbaycan insanının «Təbriz azad olmadı», «Təbrizim-mənsizim» (Rəsul
Rza) ağrısını
özündə ehtiva
edən, bu yöndə aparılan mücadilə prosesinin davamlı inkişafında
səfərbəredici rol
oynayan zəngin ədəbi qaynaqlardındır.
İkiyə bölünmüş
bir məmləkətin
acı təəssüfünün,
nisgilinin, qəlb ağrısının boyaboy
rəsmini görmək
üçün Balaş
müəllimin gözlərinə
baxmaq, baxışlarını
tutmaq, yerişini-duruşunu izləmək bəs edərdi. Balaş müəllim öz şəxsiyyəti, mənalı
ömür yolu, mübarizə dolu yaradıcılığı ilə
bir arada otaylı-butaylı Azərbaycanımızın
bütövlük simvollarından
biri idi. Bütün varlığı ilə tarixi birliyimizi, bölünməzliyimizi simvolizə
edirdi. Canından
çox sevdiyi əziz, doğma Azərbaycanına dönə-dönə
etdiyi xitabı bu idi ki:
Əziz
Azərbaycan, ey gözəl diyar,
Anamın mehriban qucağı sənsən.
Könül tərlanının uçub
qonduğu,
Onun çox sevdiyi budağı sənsən…
Qoy bilsin, ey Vətən,
bu alçaq yağı
Solmaz bağçamızın
yaşıl yarpağı.
Sən Babək yurdusan, Azər torpağı,
Aslanlar oylağı, yatağı
sənsən…
Könül bağladığı, üz tutduğu iki qibləsi vardı – tarixən bütöv, bir olan doğma Azərbaycanı və bir də sevimli
ömür-gün yoldaşı,
unudulmaz Mədinə Gülgünü…
Ömrünün lap son günlərində Balaş müəllimin yaşadığı bina
qəzalı vəziyyətdəydi.
Sökülməliydi. Hazırlıq işləri görülmüş,
bütün sakinlər
köçürülmüşdü.
Təkcə Balaş müəllim
bu köçhaköçə
qoşulmamaqda qərarlı
idi. Birmənalı olaraq heç
hara köçməyəcəyini
bildirmişdi. Özünəməxsus müdrikliklə açıqlama
verirdi ki, «bu evin divarları
arasında Mədinəli
günlərim keçib.
Təbriz həsrətli günlərimizin
nişanəsidir bu mənzil. Mədinədən qalan xatirədir.
Divarlarında, qapı-pəncərəsində
Mədinənin həniri,
nəfəsi yaşayır.
Mən bu evi qoyub
hara köçüm?
Mədinəli günlərimin
şahidindən necə
ayrılım?».
Belə deyirdi. Kövrəlirdi. Göz yaşını tuta bilmirdi. Handan-hana yenə
də sözü-söhbəti
gəlib Təbriz, Ərdəbil xatirələri
üzərində dayanırdı.
İnqilab fədaisi Seyid Cəfər Pişəvərini xatırlayırdı:
«İnqilabın qələbə
çaldığı ilk günlərin
birində dedi səni maarif nazirinin müavini vəzifəsində görmək
istəyirəm. Yığış gəl Təbrizə.
Nə qədər çətin
olsa da, etiraz etdim. Dedim ki, o təşkilatda
çox nüfuzlu, ağsaqqal, bilgin insanlar, ustadlar çalışır. Mən onlara
necə göstəriş
verə bilərəm?
Cəmi 23-24 yaşım
vardı… Razılaşdı. Mədəniyyət nazirinin müavini işləməyimi qərarlaşdırdı…»
Tam bir təvazö,
şəxsiyyət, vətəndaş
fenomeninin etirafı idi bu deyilənlər. Onun ağır
mücadilə, vətənçilik
savaşının arxasında
bütöv şəxsiyyəti
dayanırdı.
Elə noyabrın 12-də görkəmli
Xalq şairi Balaş Azəroğlunun məzarı başında
onun xatirəsini dərin sayğılarla yad edən yazıçı
və şairlər də
ustadın şəxsiyyət
bütövlüyündən, yüksək vətəndaşlığından,
parlaq poeziyasından söz açdılar. Azərbaycan Yazıçılar Birliyinin
sədri, Xalq yazıçısı Anar
vurğuladı ki, Balaş müəllim öz xalqına, vətəninə bağlı,
mütəvazi, ailəcanlı
bir insan idi. «Onun
xatirəsi bizim üçün çox əzizdir. Vaxtilə Balaş müəllim
haqqında bir məqalə yazmışdım.
Adını da belə qoymuşdum: «Otaylı-butaylı şeirimizin
ağsaqqalı». Xoşuna gəlmişdi.
Balaş
müəllim həqiqətən
də otaylı-butaylı
şeirimizin ağsaqqalı
idi. Onun poeziyası ikiyə
bölünmüş Azərbaycanımızın
bütövləşməsi arzumuza xüsusi rəng qatırdı.
Milli yaddaşın oyaq qalmasına xidmət edirdi. Valideyinlərimlə yaxın dostluq
münasibətləri var
idi. Bir-birinin xətrini çox
istəyirdilər. Balaş müəllimin
həyat yoldaşı,
gözəl şair Mədinə Gülgün
atamın şeirindən
təsirlənərək səmimi
bir şeir yazmışdı. Rəsul Rzanın
Mədinə xanımın
yaradıcılığını incələyən məqaləsi
dərc edilmişdi.
Balaş
müəllimlə Yazıçılar
Birliyində uzun müddət bir yerdə işləmişik.
Birliyin Cənubi Azərbaycan ədəbiyyatı
üzrə katibi idi… Təşəbbüskar və vəfalı
qələm adamı kimi hər kəs
ona dərin hörmətlə yanaşırdı.
Allah rəhmət eləsin. Belə insanlar ölmür, tarixə qovuşur…»
Xalq yazıçısı, Azərbaycan
Yazıçılar Birliyinin
birinci katibi Çingiz Abdullayev bildirdi ki, Balaş
müəllimlə 23 il bir yerdə
işləmişik: «Bu, az
zaman deyil. Bir insanı yetərincə tanımaq üçün
kafayət qədər
böyük vaxtdır.
Deyim ki, bu 23 illik iş
prosesində hər an
mən onun böyük insanlığını,
sönməz vətən
eşqini, bütöv
şəxsiyyətini gördüm.
Çox
ləyaqətli, özünə
və ünsiyyətdə
olduğu insanlara yüksək dəyər verən şəxsiyyət
idi. Mən onun yaradıcılığını
çox sevirdim.
Bu sırada sevgi
şeirlərinin yeri bir ayrıydı. Onun şeirlərini evdə həyat yoldaşım üçün oxuyurdum.
Hisslərimin ifadəçisi
kimi… Balaş müəllim dayımın
yaxın dostu olmuşdu. Bu baxımdan mənə də xüsusi münasibəti vardı.
Tez-tez görüşür, söhbətləşir,
problemlərimizi bölüşürdük.
Sevimli həyat yoldaşı Mədinə xanım dünyasını dəyişəndə
Balaş müəllim
ilk olaraq mənə zəng etmişdi. Ağlayırdı. Təsəlli verdim. Amma bilirdim
ki, Balaş müəllim kimi bir insana, üstəlik
də şairə belə bir təsəlli
vermək heç nəyi dəyişmir.
O, ən böyük dünyasını itirmişdi.
Təbriz dərdinin üstünə yeni bir dərd gəlmişdi…»
Yazıçılar Birliyi sədrinin müavini Rəşad Məcid diqqətə çatdırdı
ki, Balaş müəllimin 100 illik yubileyi münasibətilə
ötən gün Milli Məclisin Mədəniyyət məsələləri
üzrə komissiya sədri, millət vəkili Qənirə Paşayevanın təşəbbüsü
ilə onlayn konfrans keçirildi. Konfransa qatılan tanınmış
qələm adamları
Balaş Azəroğlunun
mənalı ömür
yolundan, ölməz poeziyasından və işıqlı şəxsiyyətindən
geniş söz açdılar. Balaş müəllim
bütün ömrünü
Təbriz azad olmadı dərdi ilə yaşayan, birliyimiz üçün mücadilə aparan nadir şəxsiyyətlərdən idi. Bütöv bir nəsil
Azərbaycan insanı
onun poeziyasının
vətəndaşlıq duyğusu
ilə tərbiyə olunub. Müstəqilliyimizin
bərpası, şanlı
Qarabağ zəfəri
tariximizdə Balaş
Azəroğlu poeziyasının
müstəsna rolu
var. O, otaylı-butaylı Azərbaycan
poeziyasının ön
sıralarında yeri olan görkəmli şairimizdir…»
Yazıçılar Birliyi sədrinin müşaviri, şair-tərcüməçi
Sayman Aruz da öz növbəsində
Xalq şairi Balaş Azəroğlunun parlaq şəxsiyyətindən,
yüksək vətəndaşlıq
əzmindən söz
açdı. Minnətdarlıqla xatırladı ki,
«Yazıçılar Birliyinin
Cənubi Azərbaycan
ədəbiyyatı şöbəsində
işə başladığım
ilk gün Balaş müəllimin xeyir-duasını
almağı özümə
mənəvi borc bildim. Onun Cənub mövzusuna
necə böyük həssaslıqla yanaşdığını,
bu yöndəki fəaliyyətini yaxşı
bilir və heyranlıqla izləyirdim.
Balaş müəllim
məni dərin səmimiyyətlə qarşıladı,
müdrik halı ilə xeyir-dua verdi. Bilirdim ki,
onun illər uzunu rəhbərlik etdiyi sahədə çalışmağımın böyük məsuliyyəti
var. Ənənələr qorunmalı,
inkişaf etdirilməlidir.
Balaş
müəllimin ömür
yolu, yaradıcılığı
həqiqətən böyük
məktəbdir. Bu məktəb milli mücadilə işimizə
önəmli istiqamət
verib. Mübarizə əzmimizi artırıb.
Balaş müəllim
Mirzə İbrahimov, Söhrab Tahir, Əli Tudə, Mədinə Gülgün
və başqaları
ilə bir arada otaylı-butaylı Azərbaycanımızın bütövləşməsi
inamımıza fövqəladə
güc qatan sənətkarlarımızdandır. Yaxşı bilirdi ki, bu
birliyə mane olan iblisliyin əsl mənbəyi nədir.
Bu məsələdə Araz, sadəcə, bir simvoldur. Əgər ayrılığın baisi
təkcə Araz çayı olsaydı, onu əlləri ilə ikiyə bölməyə hazır
olduğunu yazırdı.
Bu dillə danışırdı
doğma xalqıyla.
Oyadırdı. Gerçək bəlanın ünvanını
göstərirdi».
Xalq şairinin oğlu Etibar Abizadə mərasimin sonunda tədbirdə iştirak edənlərə, Yazıçılar
Birliyinin rəhbərliyinə
ailəsi adından minnətdarlığını bildirdi: «Hər birinizə təşəkkür
edirəm. Azərbaycan xalqına, dövlətimizin
başçısına təşəkkür
edirəm. Sağ
olun ki, atamın xatirəsini əziz tutursunuz. Yaxın günlərdə qeyd etdiyimiz Zəfər günündə atamın
da ruhunun şad olduğuna qəlbən inanıram.
Balaş
Azəroğlu bu xalqın mənəviv gücünə, azadlıq
duyğusunun yenilməzliyinə
həmişə inanırdı.
Bizi böyük qələbələrə
götürəcək oğullar
arzusundaydı. O zaman
gəlib. O oğullar yetişib. Bu prosesdə
atamın yaradıcılığının
önəmli rolu olmasından məmnunam».
Sərvaz Hüseynoğlu
Ədəbiyyat qəzeti.- 2021.- 13
noyabr.- S.19.