Kitabın fleksiyası

 

Hekayə  

 

- Nə boş-boş danışırsan sən? Sən kim olduğunu düşünürsən? Allahsan sən? Öldürürmüş... Nə qazanacaqsan məni öldürməklə? Nə qazanacaqsan, hə? Ağlın artacaq? A kişi, sənin əsərini oxusalar, bil ki, elə mənə görə oxuyarlar. Baş qəhrəmanam e mən.

- Niyə qışqırırsan? Sən niyə özünü adam yerinə qoyursan axı? Niyə başa düşmürsən? Sən adam deyilsən. Obrazsan. Yoxsan, sadəcə əsərin içindəsən. Başqa heç nə.

- Mən bilmirəm əsərin içindəyəm, çölündəyəm. Sənə dedim ki, məni öldürə bilməzsən.

- Bax, mən səni artıq neçə ildir tanıyıram. 2015-dən bəri ağlımdasan. Hər gün, 6 ildir hər gün sən varsan ağlımın bir qırağında.

- Hə, ona görə öldürürsən də məni, hə?

- Başa düşməlisən. Müasir oxucu super-qəhrəman istəmir. Müasir oxucu 92 dəfə yaralanıb ölməyən gopologiya istəmir, müasir oxucu...

- Əşi, nə müasir oxucu, müasir oxucu salmısan. Əsəri sən yazırsan, bu sənin məhsulundur, bu günə kimi necə olub, bundan sonra da elə olmalıdır. Oxucunu arxanca aparmalısan, oxucunun arxasınca düşüb əzik kimi sürünməli deyilsən.

- Elə deyil də, tələblər dəyişir, zaman dəyişir.

- Heç nə də dəyişmir. 6 ildir səninlə kitabxanaları gəzirik. Hər kitabxananın qarşısında sən mənə bir cinayət yazırsan, hər cinayət üçün getdiyimiz kitabxanada yüzlərlə kitab görürəm, bilirsən neçəsini oxumuşam, heç birində sən dediyin kimi bir şey yoxdur.

- Of, Katib, sən heç nə oxumursan, niyə başa düşmürsən ki, sən o kitabları oxumamısan, onların hamısı mənim oxuduqlarımdır və ya yazmaq istəyib yaza bilmədiklərimdir.

Ölmək barədə heç vaxt danışmamışdılar. Ona görə də birdən-birə Onun Katibi öldürmək istəməsini də məntiqli hesab etmirdi. Nəyisə düzəltmək lazım idi, amma Katib nə edəcəyini bilmirdi.

O, artıq 6 ildir ki, üzərində işlədiyi "Kitabsızlar cəhənnəmi" detektiv romanını bitirmək üzrə idi. Yəqin ki, yazdığı romanın uğurlu olub-olmayacağını yoxlamaq, ehtiyac olarsa, ikinci hissəsini yazmaq üçün sonda bir üsul fikirləşmişdi.

- Katib, susursan... Bax, yenə də deyirəm, sən yaşadığını hiss etmədiyin kimi, ölməyini də hiss etməyəcəksən.

- Hər dəfə deyirəm, mənim yerimə qərar vermə. Nəyi hiss etmirəm? Mən də görürəm, eşidirəm, ağrı duyuram, əzab çəkirəm, sevinirəm. Bir dənə yemək yemirəm, başqa heç nə. A kişi, mən iy də ala bilirəm. Sən xəstələnib iy almayanda belə, mən qoxuları hiss edirdim.

- Yox, bax yenə hər şeyi qarışdırırsan. Mən korona olanda özün də deyirdin ki, iy almırsan. Hətta mən korona, sən sağlam olanda davam edə bilmədiyimiz üçün səni də yoluxdurmuşduq. Elə öldürdüyün müəllimindən keçmişdi sənə də.

- Yaxşı da, hər halda mənim həyatımı məndən yaxşı bilməyəcəksən ki.

- Axı, yalan danışırsan, sən də mənim yazdığımı məndən yaxşı bilməyəcəksən. Bir də ki, bu sənin həyatın deyil. Başa düş, bilmirəm özünü son vaxtlar niyə belə aparırsan. Sənin həyatın və ümumiyyətlə, sən yoxsan.

Katib yenə susdu, "son vaxtlar dəyişən mən deyiləm, Odur" deyə düşündü. "Mən nə etmişəm ki, hara deyib getmişəm, vur deyib vurmuşam, öldür deyib öldürmüşəm, iz burax deyib, buraxmışam. İndi nə oldu ki, birdən-birə? Bir dəqiqə...".

- Bura bax, hey səninləyəm, bura bax görüm hələ bir.

Əvvəllər O arzulamadan söhbət başlamazdı, hər dəfə də Onun arzusu ilə söhbət bitərdi. Amma son vaxtlar yeməkdə, yuxuda, işdə tez-tez Katib onu işindən ayırırdı. Yenə təzəcə yuxuya getmək istəyirdi ki, Katibin səsinə oyandı, telefonda saata baxdı, səhərin açılmasına az qalmışdı, 2 saatdan sonra durub işə getməli idi, amma Katib imkan vermirdi ki, yatsın, istirahət etsin.

- Səninlə deyiləm? Bir mənə bax görüm...

- Hə, Katib, hə. Nədir yenə? Nə olub?

- Səndən bunu da soruşum, sonra nə edirsən et.

- Eşidirəm.

- Başqası var?

- Nə?

- Deyirəm, başqa biri var? Sən heç vaxt ölüm barədə danışmamışdın. Nə oldu indi birdən-birə? Nə tutmusan ağlında? Başqası var hə?

- Başa düşmürəm axı, nə başqası.

- Məni axmaq yerinə qoyma ki, sən nə qədər ağıllısansa, mən də o qədər ağıllıyam, sən nə qədər axmaqsansa, mən də o qədər axmağam. İllərdir, dolambac yollarla məni aparıb gətirirsən, polisdən necə qaçmaq lazımdır, pisləri necə tapmaq lazımdır, xəbəri hardan almaq lazımdır - hamısını öyrənmişəm.

- Öyrətmişəm...

- Hər nə isə. İndi sən mənə normal cavab verəcəksən, ya yox? Yaxud mənim bildiyimi təsdiq edəcəksən, yoxsa yalan danışacaqsan?

 

***

 

Katib roman yazılmağa başlayandan doqquz qətl törətmişdi. Bütün cinayətlər kitabxanaların qarşısında baş vermişdi. Katib bütün cinayətlərini bənzər üsullarla törədirdi. Əvvəlcə öldürəcəyi şəxsə məktub göndərir və görüş yerini deyirdi. Sonra kitablarla müxtəlif cinayətlər törədirdi. İlk cinayətində kağızı ovub toz halına gətirmiş, sonra ona xüsusi qatılaşdırıcı maddə qatmış, axırda alınan məhluldan bıçaq düzəldib hədəfindəki adamın başını kəsmişdi.

İkinci cinayətdə kitabın səhifələrinə zəhərli toz tökmüşdü, o kitabı hədiyyə qutusuna yerləşdirib keçmiş müəlliminə vermişdi. Müəllimi qutunu açıb kitabı görmüş, hələ cavanlığında olan vərdişinə uyğun olaraq kitabı qoxlamış, "Kitabda ən sevdiyim şey onun qoxusudur" demişdi. (Bütün bunlar Katibin planına daxil idi.) Yarım saatdan sonra yerdə uzanan bir müəllim, əlində "Cinayət və cəza" romanı.

Üçüncü cinayətdə "Mən necə idiot oldum" kitabının vərəqlərini öldürdüyü adamın ağzına doldurub nəfəsini kəsmişdi. Öldürdüyü adam başqa bir müəllim idi, öldürmə səbəbi də müəllimin tələbələrinə intim təklifləri imiş.

Bir başqa cinayətində plagiat kitablar nəşr edən və satan naşiri öldürmüşdü. Yeni material verəcəyini vəd edib görüş təyin etmiş, görüşdən sonra əlində tutduğu 1000 səhifəlik Ayn Randın "Atlas silkələndi" kitabı ilə döyə-döyə öldürmüşdü. Axırda orijinal kitabı başdaşı kimi öldürdüyü naşirin başının üstünə qoymuşdu.

Beşinci, altıncı, yeddinci, səkkizinci, doqquzuncu. Bütün cinayətlər - doqquz qətlin hamısı kitablarla edilmişdi və hamısı kitabxanaların qarşısında.

Polislər hər yerdə Katibi axtarırdılar. Katib isə heç kimin şübhələnməyəcəyi biri idi, Axundov adına Milli Kitabxananın hansısa şöbəsində katib idi. Heç kim ondan nəinki qatil kimi, heç insan kimi də şübhələnmirdi. İldə bir dəfə - hesabatlar verilərkən katibi xatırlayan olardı, ya yox. Onda da heç katibə söz verilmədən, iclas bağlı elan olunar, hər kəs işinin ardına, müdirlər də uğurlu hesabata görə kabab qonaqlığına gedərdilər. Bu ssenari də heç vaxt dəyişməzdi.

Roman belə davam etməliydi: Onuncu cinayətdə Katib özü də ölməli idi. Bunu əsərə daxil etmək Onun ədəbiyyata etirazı olacaqdı. Katib onuncu qətlinə hazırlaşarkən öldürməli adam yox, özü öləcəkdi. Axı belə əsərlərdə qəhrəmanlar həmişə qüsursuz olurlar. Bu dəfə belə olmayacaqdı. Katibin ölümü oxucunu heyrətləndirməli idi. O düşünürdü ki, əgər kitabın oxucusu çox olsa və etiraz olsa ki, baş qəhrəman niyə öldü, onda qəhrəmanın yolunu davam etdirən biri peyda olmalı idi. Ona görə də əsərin sonluğunda Katibin otağına gözlənilməz qonaq - Katibin vaxtilə dərs dediyi şagirdi gəlməli idi. Necə ki, Katib ona ayrı-ayrı vaxtlarda dərs deyən iki müəllimini öldürmüşdü, şagirdinin də gəliş səbəbi müəllimini Katibi öldürmək olacaqdı. Sonda Katib ölməli, şagirdi otaqda tək qalmalı idi.

Dediyimiz kimi, ehtiyac olarsa, romanın ikinci hissəsi Şagirdin qətlləri ilə davam etməli idi. Əgər Katib cinayətləri kitablarla edirdisə, şagirdi analoji olaraq film qəhrəmanlarının üsullarına əl atmalı idi.

 

***

 

Katib Onun niyyətini duymuşdu. Buna görə də, günlərdir mübahisələri davam edir, heç cür Onu inandıra bilmirdi.

 

***

 

- Şşşş, səsini çıxarma, - Katib əli ilə Şagirdin ağzını tutub özünə tərəf sıxdı, sakit dur. Ağzını buraxacağam. Amma qışqırıb eləmə, maksimum səssiz olmalısan.

Şagirdi yavaş-yavaş geriyə döndü, müəllimini görüb heyrətə düşdü, nə deyəcəyini bilmədi, əvvəlcə qışqırmaq istədi, sonra müəllimin əlindəki silahı gördü, sakitləşdi.

- Müəllim, bu nədir, nə baş verdiyini deyə bilərsiz?

- Bax, oğlum nə baş verdiyini, nə baş verəcəyini mən də yaxşı bilirəm, sən də. Özünü axmaqlığa qoyma.

- Şey... Mən... Heç nə...

- Yaxşı, yaxşı, burada heç nə nə sənə, nə də mənə sirr deyil.

- Müəllim, mən belə tez görüşəcəyimizi gözləmirdim, mən sizi görməyə gəlməli idim, amma bunun üçün uzun yolum var idi, bəs siz bura necə bu qədər tez gələ bilmisiz.

- Öyrənəcəksən, hələ bir-iki gündür ki, "Kitabsızlar cəhənnəmi"nə düşmüsən. Mən isə illərimi burada keçirmişəm, hara necə getmək lazım olduğunu yaxşı bilirəm.

- Yaxşı, axı siz indi bura gəlməli deyildiniz, mən gəlməli idim, sizin kabinetinizdə sabah sizinlə görüşməli idim. Sonra da...

- Sonra da... Hə de, de. Sonra da məni öldürməli idin hə?

- Öldürməli idin deyəndə ki, mən öldürən deyiləm ki, hər şeyə qərar verən Odur.

- Boş-boş danışma, O, qərar verən filan deyil. O, sadəcə, eqoları ilə bacarmır. Özünü dünyanın ən yaxşı yazarı hesab edir, yazdığında o qədər boşluqlar var ki ancaq. İki kitab oxuyub özünü oxumuş bilir.

- Müəllim, o özünü nə sayır saysın, bunun bizim üçün fərqi nədir axı? Nə olsun, biz varıq, ya yoxuq. Hər şey Onun iradəsindən asılı deyilmi?

- Xeyr, artıq deyil. Sən də görəcəksən ki, Ona etiraz etmək, fikrini dəyişmək mümkündür. Mən bunu bacaracağam.

- Müəllim, məncə, özünüzü nahaq yerə yorursuz. Bu mümkün deyil. O hər şeyi görür, bilir. Məncə, elə burda olduğunuzdan da xəbəri var.

- Yoxdur, dedim axı yoxdur. Sən Onu gözündə bu qədər nahaq böyütmüsən. Bir düşün görək, Onun planı nə idi? Sən gələsən, məni otağımda öldürəsən. Əgər elədirsə və O, hər şeyi görüb-biləndirsə, bəs mən burada nə gəzirəm.

- Məncə, bu da onun bir planıdır. Sizi buraya gətirən də odur.

- Deyil, axmaq, deyil. Mən sənə hansı formada izah etməliyəm ki, başa düşəsən. Mən onun planlarını poza bilərəm. Mən ölməyəcəyəm, əgər ölmək istəsən, sən ölərsən, amma mən yaşamaq istəyirəm. Sən anlamırsan, başa düşmürsən ki, mən həyatdan zövq alıram, ilk başlarda heç nə hiss etmirdim, amma indi hər dəfə O, xanımını öpəndə mən sevinirəm, amma özüm heç kimi öpə bilmirəm. Özü gedib dünyanın ən gözəl xanımı ilə evlənib, amma mənim bəxtimə yazdığına bax: bir dənə gözəl qız yazmışdı mənə, heç üstündən üç ay keçmədi ki, qızı apardı. Haraya apardı, niyə apardı bilmirəm, bircə dedi ki, ayrılmaq istəyir. Əclaf altı ildir ki, mənə bir dənə düz əməlli sevgili gətirməyib.

- Müəllim, coşursunuz, əgər dediyiniz kimidirsə, O indicə sizi eşidib buraya da gələcək. Məncə, bir az sakit olun.

- Gəlməyəcək, yatır. Bilirəm ki, hər həftənin bazar günü 11-12-yə kimi yatır, heç top da onu oyatmır.

- Yaxşı, bəs indi siz nə təklif edirsiniz?

- Buradan qaçmağı, - Katib səsinin tonunu aşağı salıb başını şagirdin qulağına yaxınlaşdırdı, - qaçmağı...

Şagird də müəllimin qulağına tərəf dodağını yaxınlaşdırıb sakit səslə soruşdu: - Necə?

- Hələ ki bilmirəm, amma mütləq bir yolu olacaq.

- Olmayacaq, müəllim, olmayacaq. Mümkün olmayacaq. Siz özünüzü çox önəmli hesab etməyə başlamısınız. Ona görə də unudursunuz. Unudursunuz ki, siz sadəcə olaraq obrazdan ibarətsiz. Cismi, fikri, ruhu olmayan obraz. Hər şey - elə mən də yoxluqdan ibarətdir. Biz sadəcə Onun dünyasındayıq. O qərar verir ki, kim gəlsin, kim getsin. Kim qalsın, kim ölsün. Və mən sizə deyirəm ki, O sizin ölümünüzü, mənim yaşamağımı istəyir.

- Eeeeh, bəsdir, mən bunu dəyişəcəyəm, inanmırsan?

- Yox, bacarmayacaqsınız.

- Mən istəsəm, səni elə indicə öldürə bilərəm.

- Bilməzsiniz, müəllim, bilməzsiniz. O belə bir şeyə imkan verməz.

- İmkan verməz, onda al...

Atəş açılır. Katib ilə şagirdi arasındakı məsafə heç üç metr olmadığından güllə düz müəllimin istədiyi yerə - şagirdin ürəyinə dəyir.

 

***

 

- Hə, Katib, afərin, yaxşı iş bacardın.

- Mən sənə qalib gəldim, sənin istədiyin kimi olmadı, mən onu öldürdüm.

- Yox, sən elə hər şeyi mənim istədiyim kimi etdin. Demişdim axı, oxucu ənənəvi qəhrəmanları, ənənəvi sonluqları sevmir. Sən də oldun qeyri-adi sonluq. İndi polislər gələcək, səni tutacaqlar, sonra həbs olunacaqsan, etdiyin cinayətləri etiraf edəcəksən. Amma etiraflarına baxmayaraq, o cinayətləri sənin işlədiyin isbat olunmayacaq. Təkcə bu cinayətdən başqa. Şagirdini öldürdüyünə görə səni həbsxanaya salacaqlar. Başa düşürsən də, öz marağına, şəxsi istəyinə görə törətdiyin cinayətə görə həbs olunursan...

- Nə danışırsan? Mən o boyda "Kitabsızlar cəhənnəmi"nin baş qəhrəmanıyam. Belə adi sonluq mənə görə deyil.

- Elə sənə görədir, oxuyanlar da deyəcək ki, elə kitablılar da cəhənnəm yarada bilir. Öz maraqları, həyat eşqləri, zənginlik arzuları və daha nələr-nələr... Bütün bunlar əlində kitab tutub dünyaya ağalıq etmək istəyənlərin də cəhənnəm yarada biləcəyini göstərir. Necə ki sənin etdiyin kimi.

- Yox, yox. Sən illərdir üstündə əsdiyin bir kitabı, hər detalı üçün günlərlə axtarış etdiyin bir əsəri belə məzmunsuz bitirə bilməzsən.

- Bitirərəm, davamı da olmayacaq. Onsuz Şagirdi də öldürdün. Heç nə olmayacaq. Beləcə, sənin kitabını bağlayıram. Polislər gəlir...

 

Son

 

- Sən nə deyirsən axı. Bizi 1000 ildir bütün oxucular Yeddi gözəl kimi tanıyır. Sən indi bizi çirkinə çevirəcəksən? Başın xarabdı? Postmodern olub mənim üçün. Sən özünü nə sayırsan? Nə hesab edirsən axı özünü? Heç birimiz sənin üçün çirkin rolu oynayan deyilik. Get özünə başqa Tenardyelər, Gildalar, Eybəcərlər anaları tap. Bizimlə işin olmasın.

- Siz nə qədər danışırsız axı. Susun görək hələ. Heç bir sətir yazmamışam indidən bu qədər deyinirsiniz. Niyə başa düşmürsünüz ki, siz obrazsınız, cansız, bədənsiz, fikirsiz, düşüncəsiz, arzusuz, ruhsuz bir obraz...

 

ADƏM (Nizami Hüseynov)

 

Ədəbiyyat qəzeti.- 2021.- 13 noyabr.- S.20-21.