General Vaşinqtonun
qaradərili nökəri
Bu məşhur zəncinin
qeyri-adi həyatı,
düzünə qalsa,
onun ölümüylə
başlayıb - daha doğrusu, onun həyatındakı ən
həyəcanlı hadisələr
o, birinci dəfə öləndən sonra baş verib. O vaxta qədər onun haqqında heç nə məlum deyildi, amma sonra
onun haqqında çoxlu xəbər eşitməyə başladıq;
onun haqqında təkrar-təkrar eşidirdik.
Onun karyerası o qədər heyrətamizdir ki, həyatını yazmaqla bioqrafik ədəbiyyatımıza
töhfə vermək
qərarına gəldim.
Buna görə də inandığım mənbələrdən topladığım
materialları kütlənin
ixtiyarına verirəm.
Bütün şübhə doğuran
materialları gözümü
qırpmadan sildim, çünki bu yazını ölkəmizin
məktəblərinə dərs
vəsaiti kimi verməyə hazırlaşıram.
Vaşinqtonun məşhur nökərinin
adı Corc idi. Öz dahi ağasına
yarım əsr cani-dildən qulluq etmişdi, onun inamını və etibarını qazanmışdı
və nəhayət, axırıncı borcunu da yerinə yetirərək sevimli ağasını Potomak çayının sahilindəki
tənha məzara tapşırmışdı. On ildən sonra
- 1809-cu ildə illərin
bəxş etdiyi yaş və mükafatlarla zənginləşmiş
Corc özü də ölüb onu tanıyanların hamısını dərdə
saldı. Boston "Qəzet"i
bu barədə yazırdı:
"Dördüncü gün Virciniya ştatında, Riçmondda
mərhum Vaşinqtonun
nökəri Corc 95 yaşında vəfat edib. Sonuncu dəqiqəsinə qədər ağlı və yaddaşı yerindəydi. Corc vaxtikən
Vaşinqton ikinci dəfə prezident postunu qəbul edəndə və onun dəfn mərasimində iştirak
etmişdi və hər iki əlamətdar
hadisəni xırdalıqlarına
qədər xatırlayırdı".
O vaxtdan 1825-ci ilin mayınadək, Corc ikinci dəfə vəfat edənə qədər onun haqqında heç kim heç
nə eşitmədi.
Filadelfiya qəzeti bu kədərli hadisəni belə şərh edirdi:
"Keçən həftə
Corciya ştatında,
Meykonda general Vaşinqtonun
sevimli nökəri zənci Corc heyrətamiz yaşda - 95 yaşında vəfat edib. Ömrünün axırına
qədər yaddaşı
yerindəydi və Vaşinqtonun ikinci dəfə prezident seçilməsini, onun həyatını və ölümünü, Kornvallisin
məğlubiyyətini, Trenton döyüşünü, Velli-Fordeddəki
hadisələri və
s. yaxşı xatırlayırdı.
Bütün Meykon əhalisi
mərhumu son mənzilə
qədər müşayiət
elədi".
1830, 1834 və 1836-cı illərdə bu oçerkin qəhrəmanının
adı Dörd iyul münasibətilə nitq söyləyən natiqlərin dilindən eşidildi, 1840-cı ilin noyabrında isə Corc yenə öldü. Sent-Luisdə çap olunan "Repablik" qəzetinin həmin ayın 25-də çap olunan nömrəsində bu barədə yazılmışdı:
"İnqilabın daha bir veteranını itirdik
Dünən şəhərimizdə, cənab
Con Levenvortun evində
bir vaxtlar general Vaşinqtonun sevimli nökəri olmuş Corc 95 yaşında vəfat etdi. Öldüyü
saata qədər yaddaşı aydın idi və Vaşinqtonun
birinci və ikinci dəfə prezident seçilməsini,
həmçinin ölümünü
və dəfnini, Kornvallisin məğlubiyyətini,
Trenton və Monmaute döyüşlərini, Velli-Fordj
hadisələrini, Azadlıq
bəyannaməsinin elanını,
Patrik Henrinin Virginiya deputatlar palatasındakı çıxışını
və uzaq keçmişin başqa həyəcanverici hadisələrini
xırdalıqlarına qədər
xatırlayırdı. Bir
çox ağdərilinin
dəfnində heç
bu qoca zəncinin
dəfnində olan qədər adam
olmamışdı. Onun üçün
möhtəşəm dəfn
mərasimi təşkil
edilmişdi".
Növbəti on-on bir il ərzində oçerkimizin qəhrəmanını
ölkənin dörd
bir tərəfində
keçirilən Dörd
iyul bayramlarında yad etdilər, natiqlər onun haqqında tərifli sözlər söylədi.
Amma
1885-ci ildə o yenə
öldü. Kaliforniya
qəzetləri bu barədə yazırdı:
"Daha bir qoca
qəhrəmanı itirdik
Martın 7-si Datç-Fletdə bir vaxtlar general Vaşinqtonun inanılmış nökəri
olan Corc 95 yaşında vəfat etdi. Ölənə qədər ona
xəyanət etməyən
yaddaşının xəzinəsində
çoxlu maraqlı hadisə yatırdı.
O, Vaşinqtonun birinci
və ikinci dəfə prezident seçilməsini, həmçinin
onun ölümünü,
Kornvallisin məğlubiyyətini,
Trenton, Monmaute və
Banker-Hill döyüşlərini, Azadlıq bəyannaməsinin
elanını və Breddok məğlubiyyətini
aydın şəkildə
xatırlayırdı. Corcun Datç-Fletdə
böyük hörməti
vardı və təqribi hesablamalara görə, dəfnində
təxminən on min nəfər
iştirak edirdi".
Bu oçerkin qəhrəmanı
axırıncı dəfə
1864-cü ilin iyununda öldü; ondan sonra daha bir
xəbər çıxmadığına
görə güman etmək olar ki, bu dəfə
həmişəlik ölüb. Miçiqan
qəzetləri bu kədərli hadisə haqqında yazırdı:
"Daha bir inqilab
veteranını itirdik
Keçən həftə Detroytda 95 yaşlı patriarx, bir vaxtlar general Vaşinqtonun sevimli nökəri olan zənci Corc vəfat edib. Ölənə
qədər yaddaşı
aydın idi və Vaşinqtonun birinci və ikinci dəfə prezident seçilməsini,
həmçinin onun ölümünü, Kornvallisin
məğlubiyyətini, Trenton, Monmaute və Banker-Hill döyüşlərini, Azadlıq
bəyannaməsinin elanını
və ingilis kolonistlərinin gəlişini
yaxşı xatırlayırdı.
Onun böyük hörməti
vardı və dəfni insan axınıyla müşayiət
olunmuşdu".
Qoca və sadiq nökər
artıq yoxdur! Təzədən dirilməyənə qədər bir də onu görməyəcəyik.
Bu dəfə onun parlaq karyerası
sona çatdı və o, istirahətə haqqı çatan adamlar kimi rahat
uyuyur. Corc bütün mənalarda
gözəl insan idi. Tarix hələ onun kimi adam
tanımayıb, o, nə
qədər çox yaşayırdısa, bir o
qədər yaddaşı
yaxşılaşır, itiləşirdi.
Əgər bir də ölmək üçün
yaşasaydı, onda Amerikanın kəşf olunmasını da xırdalığına qədər
xatırlayardı.
Zənnimcə, Corcun burda təqdim etdiyimiz qısa bioqrafiyası əsas etibarilə həqiqidir, amma ola bilsin
ki, arada iki dəfə gözdən iraq yerlərdə öldüyü
üçün ölümü
qəzetlərin nəzərindən
yayınıb. Onun ölüm
xəbərlərinin içində
cəmisi bir dənə səhv tapdım və onu mütləq düzəltmək lazımdır.
Bütün xəbərlərdə o, 95 yaşında ölür.
Bu mümkün deyil. Bir yaşda cəmisi
bir dəfə ölmək olar, uzaqbaşı iki dəfə, daha həmişəlik yox ki. Əgər 1864-cü ildə birinci dəfə öləndə 95 yaşı
vardısa, onda axırıncı dəfə
öləndə 151 yaşı
olmalıydı. Amma bu yaş da Corcun
yadında qalan hadisələrə cavab vermir. Axırıncı dəfə öləndə
kolonistlərin gəlişini
dəqiq xatırlayırdı,
o hadisə isə
1620-ci ildə olub.
Corc bu hadisənin şahidi olanda təxminən 20 yaşlarında
olmalıydı, buna görə də ehtimal etmək olar ki, general Vaşinqtonun nökəri
həmişəlik öləndə
hardasa iki 260 - 270 yaşlarındaydı.
Oçerkimizin qəhrəmanının axırıncı
dəfə öldüyündən
və bir də dirilməyəcəyindən
əmin olmaq üçün kifayət
qədər vaxt keçməsini gözləyəndən
sonra bu bioqrafiyanı çap etdirib ictimaiyyətin ixtiyarına verirəm.
P.S. Elə indicə qəzetlərdən öyrəndim
ki, bu şərəfsiz
qoca fırıldaqçı
bu dəfə də Arkanzasda ölüb. Beləliklə, o, altıncı dəfə, bu dəfə də tamam başqa yerdə öldü.
Artıq
general Vaşinqtonun nökərinin
ölüm xəbəri
öz təsir qüvvəsini itirib, bu daha bizə
maraqlı deyil, biz daha boğaza yığılmışıq, bəsdir. Bu yalançı
qoca altı şəhərin əhalisini
məcbur edib ki, onun üçün
dəbdəbəli dəfn
mərasimi təşkil
etsinlər, hər şəhərdə də
onu son mənzilə yola salan minlərlə
adam bu
şərəfə nail olduğu
üçün özünü
xoşbəxt hesab edib. Gəlin onu həmişəlik
basdıraq. Gələcəkdə hansısa qəzet general Vaşinqtonun sevimli nökərinin öldüyünü
dünyaya xəbər
versə, onu şiddətlə qınayarıq.
Mark TVEN
Tərcümə etdi:
Həmid PİRİYEV
Ədəbiyyat qəzeti.- 2021.- 13
noyabr.- S.21.