"Kitabi-Dədə Qorqud":
yazılı ədəbiyyatımızın
ata abidəsi
Əvvəli
ötən sayımızda
"Kitabi-Dədə Qorqud" unikal abidədir. Bu abidənin
unikallığı onun təkcə bədii və tarixi dəyərinin
möhtəşəmliyi ilə şərtlənmir, eyni
zamanda bu oğuznamənin yaranma prosesi ilə də səciyyələnir.
Belə ki, bu abidənin yaranma prosesi o qədər
əlahiddə bir hal daşıyır ki, bu prosesi biz Azərbaycan
yazılı ədəbiyyatının ilk dövrlərində
meydana çıxan digər əsərlərdə, demək
olar ki, görmürük. Bu mənada, bu
unikallığı, bu yaranma prosesini tədqiqatının əsas
məğzinə çevirən, onu tədqiq edən və
beləliklə, bu vaxta qədər Dədə Qorquda olan ənənəvi
baxışlardan fərqli bir baxış ortaya qoyan, yəni Dədə
Qorqudun təkcə məzmun və poetik xüsusiyyətlərini
tədqiqat müstəvisinə çıxaran müəlliflərdən
fərqli olaraq, onun yaranma prosesini araşdıran akademik
İsa Həbibbəylinin adıçəkilən əsəri
də məhz bu xüsusiyyətinə görə Azərbaycan
qorqudşünaslığında özünə ayrıca
bir yer tutan unikal tədqiqat əsəridir. Həqiqətən
də, akademik İsa Həbibbəyli qorqudşünaslıqda
bu abidəyə onun yaranma prosesi ilə də bağlı yeni
bir bucaqdan yanaşmış, "Kitabi-Dədə
Qorqud"un yaranma prosesi baxımından da sıradan bir əsər
olmadığını, məhz bu yaradıcılıq
prosesinin də abidənin yazılı ədəbiyyat
nümunəsi olduğunu sübut edən bir fakt olduğunu
aşkara çıxarmışdır. Bu mənada,
"Kitabi-Dədə Qorqud"un yaranma
prosesi baxımından akademik İsa Həbibbəylinin formulu
belədir: "Xalq rəvayətlərindən - Dədə
Ozan düşüncəsinə və oradan da xalqa
çatdırılmağa doğru gedən
yaradıcılıq prosesi "Kitabi-Dədə Qorqud"un
yaranmasının əsasını təşkil
etmişdir". Akademik İsa Həbibbəylinin təbirincə,
bu formulu açası olsaq, abidənin ilk növbədə
aşıq-alp ozanlar tərəfindən qopuzun müşayiəti
ilə xan-sultan məclislərində xan və sultanlara
ünvanlanaraq söyləndiyini və bu ifalardan-canlı qiraətdən
birbaşa yazıya alındığını söyləmək
olar: "...Kitabi-Dədə Qorqud" klassik mənada
düşündüyümüz kimi, yazı masası
arxasında vərəqlərə köçürülməklə
yox, şifahi şəkildə
qoşulub-düzülmüş bir oğuznamənin
aşıq-ozan məclislərində, xan-sultan
yaradcılıqlarına söykənərək təkmilləşdirilməsi
əsasında yaradılmışdır".
Maraqlıdır ki, akademik İsa Həbibbəyli "Kitabi-Dədə
Qorqud"un yaranma prosesi haqqında təkcə
bu nəzəri formulanı təqdim etmək və onu qısa
şəkildə şərh etməklə kifayətlənmir.
Fikirlərini davam etdirərək, bu mülahizələrində
daha israrlı olduğunu əsaslandırmaq üçün
abidənin söyləyici tərəfindən söylənilən
strukturunu təqdim edir və yalnız bu təqdimatdan sonra
yuxarıda dediyimiz, etdiyimiz kimi abidənin birbaşa bu qiraətdən
yazıya köçürüldüyü qənaətinə
gəlir: "Kitabi-Dədə Qorqud" el-oba məclislərində
Dədə Qorqudun özünün qoşub-düzdüyü
və əzbər söylədiyi, qopuz havaları
üstündə ifa etdiyi bədii ədəbiyyat nümunəsidir.
Bu, şifahi şəkildə yaradılmış
yazılı ədəbiyyat örnəyidir. "Kitabi-Dədə
Qorqud" boyları kağız-qələm əməliyyatları
ilə, yazılma üsulu ilə yox, ustad Dədə
Ozanın özünün düşündüyü,
quraşdırdığı süjetləri el məclislərində
əzbərdən söyləməsi, nağıl etməsi,
qiraəti, boylaması, qopuzun müşayiəti ilə
soylaması əsasında formalaşdırılmışdır".
Bu mənada "Kitabi-Dədə Qorqud"un yaranma prosesi bu
vaxtadək bizdə bir qədər dumanlı şəkildə
təsəvvür yaratsa və bizi müxtəlif suallarla
üz-üzə qoysa da (yəni bu əsər ilk növbədə
şifahimi, yoxsa yazılı ədəbiyyat nümunəsi
kimi yaranıb?, əgər şıfahi ədəbiyyat
nümunəsi kimi yaranıbsa, dilindəki, təhkiyəsindəki
bu qədər səlistlik hardandır, obrazlarının bu qədər
dolğunluğu haradan qidalanır? və s.), müəllifin
bu fikirlərindən sonra abidənin yaranma prosesi ilə
bağlı təsəvvürümüzdə müəyyən
aydınlıq yaranır. Və biz abidənin yaranma prosesini
aydın şəkildə təsəvvür edərək,
onun bir daha məhz yazılı ədəbiyyat nümunəsi
olduğunu qəbul edirik.
Akademik İsa Həbibbəylinin müəllifi olduğu
"Kitabi-Dədə Qorqud" yazılı epos və ya
epopeya" adlı kitabından danışarkən bir məsələni,
yəni bu monoqrafiyanın strukturu haqqında bir fikrimi də
qısa şəkildə deyib keçmək istəyirəm. Belə ki,
monoqrafiya struktur baxımından o qədər mükəmməl
şəkildə qurulub ki, bir mövzu, bir tezis sanki digərinə
ayaq verir. Belə ki, biz tədqiqatın sonrakı
səhifələrində əvvəllərdə deyilmiş
fikirlərin inkişafını görürük. Bu mənada,
müəllifin bir qədər aşağıda bəhs etdiyi
"Xan-sultan əlyazma nüsxəsi" barədə dediyi
fikirləri bir qədər yuxarıda abidənin "Xan-sultan
qiraəti haqqında" olan fikirlərinin davamı kimi də
qəbul etmək olar. Bu mənada, abidənin əlyazmaları
bütövlükdə abidənin taleyində mühüm rol
oynadıqları kimi, onun yazılı ədəbiyyat
nümunəsi kimi qəbul edilməsində də
mühüm rol oynayır.
"Kitabi-Dədə
Qorqud"un yazılı abidə
olduğunu sübut edən amillərdən biri də, təbii
ki, dediyimiz kimi, bu abidənin əlyazma nüsxələridir.
Bu mənada, akademik İsa Həbibbəylinin "Kitabi-Dədə
Qorqud"un yazılı abidə
olduğunu sübut etmək üçün müraciət
etdiyi, tədqiqat müstəvisinə
çıxartdığı tezislərdən birinin eposun əlyazma
nüsxələrinin olması tamamilə
anlaşılandır. Belə ki, bu əlyazmalar
bizə eposun digər xüsusiyyətləri haqqında
geniş danışmağa imkan verməklə yanaşı,
eyni zamanda ondan yazılı ədəbiyyat nümunəsi kimi
bəhs etməyə də əsas verir. Bu səbəbdən
də müəllif eposun hamıya daha çox bəlli olan
Drezden və Vatikan nüsxələri ilə yanaşı,
onun bu nüsxələrdən daha öncə yaranmış,
bu gün bizim əlimizdə olmayan, amma məntiqin, elmin
gücü ilə olduqlarına inandığımız nüsxələrindən də
geniş şəkildə bəhs edir. Buna
inanmağa gəldikdə isə, Drezden və Vatikan nüsxələrinin
ən sadə şəkildə tutuşdurulması bizi bu
nüsxələrdən əvvəl ən azı bir nüsxənin
olmasına inandırır. Bu mənada,
akademik İsa Həbibbəylinin eposun digər qədim əlyazma
nüsxələri haqqında fərziyyə kimi elmi
dövriyyəyə təqdim etdiyi nüsxələr
haqqında da düşünmək olar. Bu
mənada, akademik İsa Həbibbəylinin eposun əlyazma
nüsxələri haqqında dediyi mülahizələr
tamamliə inandırıcıdır və eposun hələ qədim
zamanlardan yazılı ədəbiyyat, "kitab" olduğu
faktına xidmət edir.
Akademik
İsa Həbibbəyli abidənin əlyazma xüsusiyyətlərindən
danışarkən bütövlükdə abidənin səkkiz
əlyazma nüsxəsindən bəhs edir: 1. Dədə
Qorqud - alp ozan qiraəti, yaxud Xan-sultan əlyazması; 2. XI əsr
əlyazma nüsxəsi (Həmid Araslı versiyası); 3. Naməlum XV əsr əlyazması; 4. Drezden nüsxəsi; 5. Vatikan
nüsxəsi; 6. Berlin nüsxəsi; 7.
Türkmən Səhra əlyazması; 8. Sankt-Peterburq əlyazması (Bəkir Çobanzadə
versiyası). Amma onun abidənin bu gün əlimizdə
olmayan, lakin elmin, məntiqin gücü ilə bizi
olduqlarına inandırdığı iki əlyazma nüsxəsi
haqqında dediyi mülahizələr daha maraqlıdır.
Belə ki, onlardan biri müəllifin "Xan-sultan əlyazması"
adlandırdığı nüsxə, digəri isə
"Akademik Həmid Araslı versiyası: XI əsr əlyazma
nüsxəsi"dir. Bəri başdan bir daha qeyd edək ki,
bu gün bu nüsxələrin hec biri elm aləminə məlum
deyildir. Lakin akademik İsa Həbibbəyli bu
nüsxələr haqqında o qədər canlı, dolğun
şəkildə danışır ki, onların bu gün əldə
olmadıqlarına inana bilmirsən. Və
inanırsan ki, bu nüsxələr, həqiqətən də,
haçansa mövcud olmuşlar. Ən
azından ona görə inanırsan ki, həqiqətən də
Drezden və Vatikan nüsxələrindən əvvəl
heç olmasa bir nüsxə mövcud olmuş və bu
nüsxələr mütləq ondan
köçürülmüşdür. Bu,
aksiomadır. Akademik İsa Həbibbəylinin
abidənin yuxarıda adlarını çəkdiyimiz iki əlyazma
nüsxəsinə olan fikirlərinə gəldikdə isə
o, "Xan-sultan əlyazması" adlandırdığı
nüsxəni abidənin ilk əlyazma nüsxəsi sayaraq,
onun elə canlı ifa zamanı
köçürüldüyünü deyir və sonrakı əlyazmalarda
"Xan-sultan" sözlərinin işləndiyini də əsas
gətirərək fikrini əsaslandırır. Eyni
zamanda, onun tədqiqatın bir qədər əvvəlki səhifələrində
abidənin "Xan-sultan" qiraəti haqqında dediyi
mülahizələri də yada saldıqda istər-istəməz
akademiklə razılaşır və abidənin belə bir əlyazma
nüsxəsinin olduğuna inanırsan: "Dədə Qorqud
- alp ozan qiraəti, yaxud Xan-sultan əlyazma nüsxəsi"
təxminən VII əsrdə - Dədə Qorqudun, onun
davamçıları olan alp ozanların dilindən el-oba
şənliklərində və ya dövrün rəsmi şəxslərinin
iştirak etdiyi məclislərdə mirzələr tərəfindən
canlı ifadan yazıya alınmışdır. "Kitabi-Dədə
Qorqud" - alp ozan qiraətinin yazıya
köçürülmüş nüsxəsidir".
Akademik İsa Həbibbəylinin abidənin əlyazma
nüsxələrinə münasibəti həqiqətən də
olduqca maraqlıdır. Çünki o, qorqudşünaslıqda demək olar
ki, heç kimin diqqət yetirmədiyi və əlyazma
nüsxələrini "Dədə Qorqud"un
yazıya alınma prosesi ilə əlaqələndirmədiyi
bir sahəyə ilk dəfə diqqət yetirmiş, bu
mövzunu tədqiqat müstəvisinə
çıxarmışdır. Bu mənada, onun fərziyyə
kimi irəli sürdüyü "Akademik Həmid Araslı
versiyası: XI əsr əlyazma nüsxəsi" barədə
dediyi fikirlər də diqqət çəkir. Belə
ki, akademik İsa Həbibbəylinin verdiyi bilgiyə əsasən
akademik Həmid Araslı əsərlərinin birində Dədə
Qorqudun XI əsrə aid olduğunu, daha doğrusu, bu əsrdə
yazıya köçürüldüyünü deyir. Maraqlıdır ki, akademik İsa Həbibbəylinin
də dediyi kimi, akademik Həmid Araslı nə
üçün belə bir müddəanı irəli
sürdüyünü əsaslandırmır. Amma akademik Həmid Araslıdan fərqli olaraq akademik
İsa Həbibbəyli onun fikirlərini əsaslandırır
və bizi də öz müddəalarına inandırır.
Belə ki, akademik İsa Həbibbəyli XI əsr əlyazma
nüsxəsinin var olması barədə əsasən beş
ağlabatan, inkar edilməsi mümkün olmayan müddəa
irəli sürür: 1. XI əsr əlyazma nüsxəsi
XI-XII əsrlər intibah mədəniyyətinin təzahürüdür
və "çox ehtimal ki, XI əsr əlyazması
orijinalın əsas xüsusiyyətlərini əks etdirən
VII əsrdə yaranmış Dədə Qorqud - alp ozan qiraətinə,
yaxud "Xan-sultan əlyazması"na intibah dalğasında
yenidən qayıdış əsasında meydana
çıxmışdır". 2. XI əsrdə xəttatların
daha mükəmməl şəkildə mənimsədikləri
ərəb əlifbası ilə abidənin yeni əlyazmasına
ehtiyac duyulmuşdur. 3. Mahmud Kaşğarinin "Divanü
lüğat-it-türk" əsərinin ortaya
çıxması fonunda türk mənəvi
dalğasının yüksəlməsi ilə əlaqədar
olaraq bu abidə də yenidən
köçürülmüşdür. 4. Abidənin dili
XI-XII əsrlər Azərbaycan dilinə daha çox
uyğundur. 5. "XI əsrdə Dədə Qorqud - alp ozanlar
məktəbi ənənəsi hələ yaşamaqda idi. Bu zaman Dədə Qorqud boylarının ustad
ozanların repertuarında yaşaması da mümkün idi.
Ona görə də "Dədə Qorqud"un
XI əsr əlyazmasının ozan məclislərində yenidən
canlı ifadan da yazıya alınması və ya hətta
"Xan-sultan əlyazması"nın gerçək ifa ilə
tutuşdurulub müqayisə edilməsi hadisəsi də
baş verə bilərdi". Beləliklə, bu müddəalarla
tanış olduqdan sonra abidənin həqiqətən
də, XI əsr əlyazma nüsxəsi olduğunu güman
edir və onun özündən əvvəl "Xan-sultan əlyazması"ndan
köçürüldüyünə inanırsan.
Abidənin Drezden və Vatikan nüsxələrinə gəldikdə
isə onu demək olar ki, bu nüsxələrin ən sadə
şəkildə tutuşdurulması belə maraqlı
faktları və fərziyyələri ortaya
çıxarır. Bu mənada, həqiqətən də
qorqudşünaslıqda deyildiyi kimi, hər iki nüsxə
mütləq bir ana nüsxədən
köçürülmüşdür. Deməli,
ana nüsxə daha qədim dövrlərin yadigarıdır.
Bu mənada, Vatikan nüsxəsinin sözbəsöz
öyrənilməsi və onun Drezden nüsxəsi ilə
tutuşdurulması yəqin ki, akademik İsa Həbibbəylinin
mülahizələrini doğruldacaq və abidənin əlyazmaları
haqqında mütləq yeni fikirlərin meydana
çıxacağını şərtləndirəcəkdir.
Bu mənada, Vatikan nüsxəsinin geniş
şəkildə tədqiqat müstəvisinə çıxarılması
və onun araşdırılması olduqca vacibdir.
Bizcə, eposun əlyazma nüsxələrinin bu qədər
geniş şəkildə tədqiqi və onun eposun qədimliyinə
dəlalət etməsi, eyni zamanda abidənin XIV-XVI əsrlərin
məhsulu olduğunu söyləyən tədqiqatçıların
da tərəddüdlərinə son qoymalıdır.
"Kitabi-Dədə
Qorqud" yazılı epos və ya epopeya" monoqrafiyası
bir məsələni daha da aktuallaşdırır və tədqiqat
müstəvisinə çıxarır: abidənin poetik
xüsusiyyətlərinə də yeni bucaqdan baxmaq
lazımdır. Doğrudur, son illər bu haqda
müxtəlif tədqiqat işləri qələmə
alınsa da, akademik İsa Həbibbəyli də məsələyə
dair fikirlərini qorqudşünaslarla bölüşməyi
özünə borc bilib. Və məni də ilk növbədə
"Kitabi-Dədə Qorqud"un poetik
xüsusiyyətləri maraqlandırdığı
üçün, mən də bu barədə yazılan
kitabları, adətən, bu fəsildən oxumağa
başlayıram. Nə gizlədim, bu dəfə
də belə oldu və mən İsa müəllimin
"Kitabi-Dədə Qorqud": yazılı epos və ya
epopeya" adlı kitabının yalnız poetika ilə
bağlı fəslini oxuyandan sonra bu kitabı yenidən və
başdan oxumağa başladım. Bu mənada,
təbii ki, mən kitabın bu fəsli və akademik İsa Həbibbəylinin
"Kitabi-Dədə Qorqud" poetikası haqqında dediyi
fikirlər haqqında cox danışa bilərəm.
Lakin əgər hələlik burada fikrimi qısa şəkildə
bildirməli olsam, məsələni uzatmadan, sadəcə
olaraq bircə onu deyə bilərəm ki, akademik İsa Həbibbəylinin
"Kitabi-Dədə Qorqud"un
poetikası haqqında dediyi fikirlər
qorqudşünaslıqda yenidir, təzə sözdür. Və
məlumdur ki, təzə söz, təzə fikir də illərlə
formalaşmış stereotipləri qırdığı
üçün həmişə çətinliklə qəbul
olunur...
Qorqudşünaslıqda Dədə Qorqud şeirlərinin
xarakterik xüsusiyyətlərinin hansılar olduğu
bütün təfərrüatı ilə demək olar ki, ilk
dəfə akademik İsa Həbibbəylinin bu kitabında və
onun qələmi ilə qarşımıza çıxır. Belə ki, akademik İsa Həbibbəylinin
tədqiqlərinə görə Dədə Qorqud şeirlərinin
xarakterik xüsusiyyətləri
aşağıdakılardır: 1. Şeirlər
sırasında on iki-on dörd hecalı şeirlərin daha
çox yer alması; 2. Bu şeirlərin vəznli sərbəst
şeirlər olması; 3. Bu şeirlərin bənd
quruluşlarında dörd misradan tutmuş otuz iki misrayadək
misraların yer alması; 4. Bu şeirlərdə epik
ünsürlərin yer tutması və bu səbəbdən də
onların məsnəvi janrında olduğu kimi qafiyələnməsi.
Şeirlərin
bu xarakterik xüsusiyyətlərini qeyd etdikdən sonra abidənin
şeirləri haqqındakı fikirlərini davam etdirərkən
akademik İsa Həbibbəyli şeirlərin daha bir neçə
cizgisinə toxunur və bu barədə yazır: "Kitabi-Dədə
Qorqud"dakı soylamalar quruluşuna, strukturuna görə
xalq şeiri şəkillərindən tamamilə fərqlidir".
Həqiqətən də müəllif oxucunu bu
tezisinə inandırır. Və onun sonrakı təhlilləri
göstərir ki, doğrudan da, bu şeirlərin xalq
şeirindəki gəraylılarda, qoşmalarda olduğu kimi
azhecalı deyil, coxhecalı olmaları, misralardakı sərbəstlik,
bənd quruluşları, məzmunlarında abidənin
süjet xətti ilə bağlı epik ünsürlərin
olması bu şeirlərin həqiqətən də tamamilə
orijinal poetik nümunələr olduğunu göstərir və
Dədə Qorqud şeirlərinin, həqiqətən də,
akademik İsa Həbibbəylinin dediyi kimi qətiyyən
toplama, folklor materialı olmayıb, orijinal yazılı ədəbiyyat
nümunələri olduğunu təsdiq edir. Həqiqətən
də, abidənin soylamalarında üslub və poetik
xüsusiyyətlər o qədər güclüdür ki, bu
şeirləri yazılı ədəbiyyat nümunəsi kimi
qəbul etməmək qeyri-mümkündür. Və bu fikirlər istər-istəməz bir nəticəyə
gətirir. "Kitabi-Dədə Qorqud" şeirləri
eyni müəllifin obrazlı bədii düşüncəsindən
doğulmuş, vahid dil və üslub xüsusiyyətlərinə
malik olan bənzərsiz şeirlərdir... "Kitabi-Dədə
Qorqud"dakı şeirlərin hamısının bir müəllifi
vardır: Dədə Qorqud... "Dədə
Qorqud Azərbaycan ədəbiyyatı tarixində ilk və
mükəmməl şairdir".
Lakin bütün bunlarla bərabər, "Dədə
Qorqud"dan, onun poetikasından danışarkən, bu abidənin
təhkiyəsindən, sintaksisindən danışmamaq olmur. "Dədə Qorqud"un görkəmli tədqiqatçısı,
Xalq yazıçısı Anar "Dədə Qorqud"dan bəhs
edərkən, təqribən hər yaşda bu abidəyə
yenidən vurulmağın möcüzəsindən
danışır. Bu mənada, mən də bu
abidənin dilinə, təhkiyəsinə, sintaksisinə təzədən
vurulmuşam. Akademik İsa Həbibbəyli
də abidənin qeyd etdiyim bu xüsusiyyətlərindən
kifayət qədər elmi, həm də sevgi ilə, məhəbbətlə
söhbət açıb və kitabının leytmotivinə
sadiq qalaraq, abidədə bu xüsusiyyətlərin də abidənin
yazılı ədəbiyyat nümunəsi olduğuna qulluq
etdiyini göstərir. Məsələn, akademik İsa Həbibbəyli
abidənin leksik xüsusiyyətləri, üslub və
sintaksisindən danışarkən, bunların bütün əsər
boyu sabit qalıb, demək olar ki, dəyişmədiyini dedikdə
əsərin, həqiqətən də, "əvvəldən
axıra, başdan-başa konkret bir yaradıcı
dühanın sabit təhkiyəsi və obrazlı bədii
düşüncəsi ilə yaradılmış orijinal sənət
abidəsi" olduğunu söyləyərək, eyni zamanda
yenə də bu abidənin yazılı ədəbiyyat
nümunəsi olduğunu vurğulayır. Abidənin təhkiyəsindən
danışarkən isə nağıl təhkiyəsinin bu əsərin
təhkiyəsinin əsasında dayandığını
söyləyən müəllif sonda çox dəqiq elmi bir
nəticəyə gəlir: "Nağıl təhkiyə
modelinin ümumədəbiyyat faktına çevrilməsində
"Dədə Qorqud kitabı"nın mühüm rolu
olmuşdur". Və bu faktı sübut etmək
üçün elə bir nümunəni misal gətirir ki,
onu inkar etmək mümkün deyildir. Və əgər
bu cümlələrdən biri folklor nümunəsidirsə,
digəri yüzdəyüz yazılı ədəbiyyat
faktıdır: "Fikrimizcə, "Dədə Qorqud
kitabı"nın müqəddiməsindəki - "Rəsul
əleyhissəlam zamanına yaxın, Qorqud Ata derlər, bir ər
qopdu" ilk cümləsi Azərbaycan
nağıllarının başlanğıcındakı
"Biri vardı, biri yoxdu" təhkiyəsi üstündə
qurulmuşdur".
Abidənin
təhkiyəsindən bəhs olunarkən, kitabda rast gəldiyimiz
ən maraqlı elmi məqamlardan biri də akademik İsa Həbibbəylinin
abidədə işlənən "boylama" və
"soylama" sözləri ilə bağlı verdiyi
açıqlamalardır. Belə ki, müəllif bu sözlərin
terminoloji mənalarını şərh etməklə,
semantik yüklərini də izah edir və abidədə bu
yaradıcı missiyanın demək olar ki, yalnız bir nəfərə
məxsus olduğunu söyləyir: "Boy" sözü
geniş anlayış olub, bir neçə mənada işlədilir.
"Boy" - dastan, dastanın bir qolu, bədii nəsr, təhkiyə,
nağıl etmək və sair mənaları bildirir... "Dədə
Qorqud kitabı"ndakı bütün boylamalarda... "boy boylamaq" söz birləşməsi-nağıl
etmək, təsvir etmək, danışmaq mənalarında
işlədilmişdir". "Soy
soylamaq-şeir qoşub-düzmək mənasını
daşıyır. Eyni zamanda, "soy
soyladı" ifadəsi, həm də soyu, nəsil-kökü
tərif etmək mənasında da işlədilir". Abidədə isə "boy boylayan" yalnız Dədə
Qorqud, "soy soylayan" isə əksər hallarda yenə də
abidənin müəllifi olan Dədə Qorquddur.
Təbii ki, kitabın elmi xüsusiyyətlərindən
çox danışmaq olar. Və bizim də bu
kiçik yazımızda kitabın
toxunmadığımız bir çox elmi məziyyətləri
kənarda qaldı. Çünki bu elmi dəyərlərin
hamısına toxunmaq, onları təhlilə, şərhə
çəkmək həm asandır, həm çətin.
Asandır ona görə ki, sevdiyin, əzbər
bildiyin bir mövzudur. Çətindir ona
görə ki, əvvəla, müəllif o qədər
maraqlı və çoxsaylı problemlərə toxunub ki,
onların hamısını əhatə etmək, münasibət
bildirmək, ümumiləşdirmək o qədər də
asan deyildir. Daha sonra isə müəllif
bu böyük problemləri o qədər elmi, gözəl və
sadə şəkildə şərh edir ki, heç bir
müdaxiləyə, şərhə ehtiyac qalmır və
müəllifin fikirlərini aksioma kimi qəbul edirsən.
Bu mənada, akademik İsa Həbibbəylinin
"Kitabi-Dədə Qorqud": yazılı epos və ya
epopeya" adlı kitabı səmimiliyinə, sadəliyinə,
yəni ən böyük həqiqətləri sadə şəkildə
dediyinə və səni bunlara inandırdığına
görə də unikal kitabdır, qorqudşünaslıqda
hadisədir.
Və beləliklə, akademik İsa Həbibbəylinin
"Kitabi-Dədə Qorqud": yazılı epos və ya
epopeya" adlı kitabını oxuyub qurtararkən sonda onun gəldiyi
nəticələrə istər-istəməz inanmaya bilmirsən. "Dədə
Qorqud kitabı" - şifahi yolla yaradılan Azərbaycan
yazılı ədəbiyyatının möhkəm ideya-bədii
əsaslara malik təməl kitabı, mükəmməl
bünövrəsidir. "Kitabi-Dədə Qorqud" -
Beyrəyin, Uruzun, Basatın və Təpəgözün
romanı, Dədə Qorqud və Qazan xanın
epopeyasıdır. Janr baxımından
"Kitabi-Dədə Qorqud" roman-epopeyadır.
"Kitabi-Dədə Qorqud" - Böyük Oğuznamə
kitabıdır. "Dədə Qorqud
kitabı" - özündən sonrakı dövrlərin Azərbaycan
ədəbiyyatında bədii nəsrin, milli şeirin,
dramaturgiyanın və incəsənətin bütün sahələrin
inkişafına gur işıq salan, təkan verən ölməz
sənət abidəsidir. "Kitabi-Dədə
Qorqud" - Azərbaycan xalqının Ata kitabıdır. Dədə Qorqud - Azərbaycan xalqının və
Azərbaycan ədəbiyyatının Atasıdır. "Dədə Qorqud kitabı" - azərbaycançılıq
ideyasının beşiyi və alınmaz qalasıdır,
milli-mənəvi özünüdərk və vətənpərvərlik
dərsliyidir".
İndi
isə biz akademik İsa Həbibbəylinin "Kitabi-Dədə
Qorqud": yazılı epos və ya epopeya" adlı
qorqudşünaslıqda yeni söz olan kitabı haqqında bu
qısa fikirlərimizə yekun vurarkən, demək istəyirik
ki, kitabının sonunda İsa müəllimin də doğru
olaraq tutuşdurduğu Füzuli siqləti ilə "Dədə
Qorqud" əzəməti arasında, həqiqətən də,
bir varislik əlaqəsi vardır. Və akademik
Tofiq Hacıyev Azərbaycan milli ədəbi dilinin tarixini
Füzuli dilindən başlayır. Mən isə Azərbaycan
milli ədəbi dilinin tarixinin bəlkə də elə
"Dədə Qorqud"un dilindən
başlandığını deyərdim. Nə
deyim, bəlkə də yanılıram. Amma
bircə onu bilirəm ki, bu yanılma dilimizə, tariximizə,
mənəviyyatımıza olan sevgidən irəli gəlir.
Və mən bu sevgini
akademik İsa Həbibbəylinin "Kitabi-Dədə
Qorqud": yazılı epos və ya epopeya" adlı
kitabında da gördüm.
İnsanıq, hamımızın şəxsi, ictimai
arzuları var. Təbii ki, bir tədqiqatçı kimi
"Kitabi-Dədə Qorqud" abidəsi də
arzularımız sırasındadır. Bu mənada, bu abidə barədə
olan çoxsaylı arzularımdan biri ilə bu yazımı
yekunlaşdırmaq istəyirəm: deyirəm, kaş gələcək
nəsillər də "Kitabi-Dədə Qorqud" eposunu biz
sevən kimi sevsin və ədəbi sevgimizin əbədi
ünvanı gələcəkdə də dəyişməsin...
Və mən buna tam yəqinliklə inanıram... Nə qədər
ki, bu Vətən var, belə də olacaqdır...
Tərlan QULİYEV
Ədəbiyyat qəzeti.- 2021.- 13 noyabr.- S.22-23.