Qeybin diktəsi ilə yazan alim
Şərq peripatetizminin nümayəndələrindən
biri, Azərbaycan fəlsəfi məktəbinin banisi və
İbn Sinanın şagirdi olan Əbülhəsən Bəhmənyar
"Elə adamlar axtarın ki, onlarla söhbət
yaxşı kitaba bərabər olsun. Elə kitablar da
axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin"
deyirdi. Bu gün haqqında fikir
yürüdəcəyimiz, qeybin diktəsi ilə yazan alimin
şəxsiyyəti və yaradıcılığı da belədir.
Elmi və
bədii yaradıcılığını çoxdan izləyib,
maariflənsəm də, görkəmli ədəbiyyatşünas
və semiotik Yuri Lotmanın tələbəsi olmuş, tənqidçi,
esseist, filologiya elmləri doktoru, professor Rüstəm Kamal
şəxsiyyəti ilə şəxsən
tanışlığım 2006-cı ilə təsadüf
etdi. Tale elə gətirdi ki, Bakı Slavyan
Universitetində bu alim ilə bir kafedrada çiyin-çiyinə
çalışmalı olduq. Ədəbi prosesin
müxtəlif illərini əhatə edən mövzuların
süjet xəttindən tutmuş, sözün bədii siqlətinin
səviyyəsinə qədər dəfələrlə elmi
söhbətlərimiz oldu. Hər söhbətindən
sonra aydın olur ki, bugünkü dünyamızın pozulan
sükutunda "ruhumuzun bərpası ədəbiyyatdan
keçir" deyən Rüstəm Kamal sanki qeybin diktəsi
ilə yazır. O, "insan dünyaya mənaları
oxumaq üçün gəlir. Kamil insan mənanın
earxiyasını bilir" deyir. Rüstəm
Kamal bütün yaradıcılığı boyu mənanı
yalnız bu gündə axtarmır, retrospektiv məqamlar onun qələminə
daha çox hakim kəsilir. Bu günlə
keçmişə qayıdış ("Yurd yerinin əlifbası
silsiləsindən "Sandıq", "Atam Alıdan qalan
cığır" və s.) arasında
bir paralelizm yaradır. Keçmişə köklənən
yaddaşda dəyər var, keçmişdən öyüd alıb bu gün
onu yaşadanın gələcək üzərində
böyük izləri var və bu dəyərin, bu izlərin dəfələrlə
Rüstəm Kamal söhbətlərində şahidi oluruq. "Sandıq" essesi yazılmamışdan qabaq
bir neçə dəfə Rüstəm müəllim
babası Həmid obrazını canlı söhbətlərində
xatırladıb. Maraqlı budur ki, "Sandıq"da özünə
yer almayan (yalnız, "rəhmətliyin oğlu, şikəst
ayağın bunun sübutu deyilmi?" cümləsi istisna
olmaqla) və canlı söhbətindən şahidi olduğum
bir məqam gözümdən yayınmır. Pofessor hər
zaman babasını belə xatırlayır: "Babam şikəst
idi, ayağını itirmişdi və bilirdi ki, o ayağa
çarıq lazım deyil. Lakin buna baxmayaraq
olmayan ayağının da divardan asılmış,
çarığını yatanda çarpayısının
yanında o birisi olan ayağının çarığı
ilə gətirib qoyardı. Sanki səhər
hər iki ayağı varmış kimi çarığı
ayaqlarına geyinəcəkmiş". Əslində,
alimin özündə olan bu retrospektiv məqamların
yaşaması, görünür, genetik kod kimi tale yoluna
cızılmışdır. Burada Rüstəm
Kamalın babasını məhz bu epizodla xatırlaması,
onun babası Həmid kişinin də keçmişə
bağlılığını sərgiləyir və o
bağlılıq ki, müharibədə itirilmiş, şikəst
qalmış, olmayan ayaq nəsillər arasında genetik kodu əlaqələndirməklə
bərabər, keçmiş nəsillərimizdən
süzülüb gələn dəyərlərin
ənənə halını alaraq stereotipləşməsindən
xəbər verir. "Azərbaycan tarixi Azərbaycan
ailələrinin içindən keçir" deyən,
Rüstəm Kamalın yaradıcılığında belə
keçmişlə söhbətləri və əlaqələri
demək ki, onun ailə dəyərlərindən
qaynaqlanır. Nəslin belə
güzgüsünə çevrilə bilir. (Güzgü özü onun yazılarına hakim kəsillən
bir əşyadır). Necə ki, "Ədəbiyyat qəzeti"ndə müəllif
özü "Ailə albomu" adlı yazısında qeyd edir. "Ailə
şəkillərində iki yaddaş forması kəsişir,
yəni həm maddi mədəniyyət
ünsürüdür, həm də mədəni
yaddaşın bir hissəsidir". Rüstəm
Kamal olduqca sivil və müasir dünyagörüşlü,
eyni zamanda dünya ədəbiyyatı nümunələrinə
çox bağlı insandır. Lakin dədə-babalarımızdan
gələn ənənələr, dəyərlər Rüstəm
müəllimin nəinki yaradıcılığına hakim kəsilmişdir,
eyni zamanda bütün vücuduna hopmuşdur.
Rüstəm Kamal Azərbaycan ədəbiyyatşünaslığında
öz dəst-xətti, fərdi üslubu,
yaradıcılığının elmi və bədii siqləti,
orijinal yanaşması ilə seçilən alimlərimizdəndir. Onun
üslubuna xas dərin səmimiyyət, təbiilik, kövrəklik,
sadəlik, müdriklik bütün esselərinin ruhuna
hopmuşdur.
Ədəbiyyatımızın
klassiki Molla Pənah Vaqiflə modernist Vaqif Səmədoğlunun
bədii dilinin müqayisəsini apardığı linqvistik
etüddə ("İki Vaqifin məsdər istəyi"), Cəlil
Məmmədquluzadənin düşüncə
kodlarını müəyyənləşdirməyə
çalışdığı "Mirzə Cəlilin
lüğət oyunu"nda, yaxud Yusif Vəzir Çəmənzəminlinin
və Əbdürrəhim bəy Haqverdiyevin
yaradıcılığında Şuşanın
landşaftını bədii mətn kimi təqdim etdiyi essedə
("Uca dağ başında"), Səməd Vurğunun əsərlərində
qadın intiharını araşdırdığı
yazıda ("Şeirin ağladığı bir gözəlliyə..."),
İlyas Əfəndiyevin xatirəsinə həsr etdiyi poetik
etüddə ("Qoca qırçı üçün
çiçək"), İsmayıl Şıxlının
əsərlərində yuxu rəmzinin açılmasında
("Qocanın yuxu kitabı") mətnə zaman və
dünya arasındakı məsafənin fövqündən
baxır və Rüstəm Kamalın öz düşüncələrində
zaman ilə dünya bir-birindən fərqli fəzalarda yerləşsə
də hər iki fəzada esseist qeybin diktəsi ilə pərvazlanır.
Obrazın poetik tarixini açıb göstərərək
bizi bədii mətnlərin başlandığı yerə -
ruh və mənəviyyatın tarixinə kökləyir.
Nəzərə alsaq ki, ədəbiyyat
adamı ruh insanıdır. O zaman Rüstəm Kamal
yaradıcılığını nəzərdən
keçirərək demək olur ki, o, uca Yaradanımız tərəfindən
onun tale yoluna və qələminə hakim kəsilmiş
missiyanı layiqli yerinə yetirir.
Rüstəm
Kamalla söhbət zamanı aydın olur ki, o,
sanki "mifoloq"dur və "mən tərcümeyi-halımı
mifologiyaya çevirirəm" deyir. "Uca dağ başında":
Şuşanın landşaftı bədii mətn kimi"
yazısında mətnin mifoloji qatından tutmuş, folklor
mistikasına qədər bunu izləyə bilirik.
Əbdürrəhim bəy Haqverdiyevin "təsvirində real şəhər mistik məna kəsb edir" deyən
müəllif özü bu dünyada yaşayır. Amma toxunduğu ədiblərin
yaradıcılığındakı istiqaməti izlədikcə
obraz, motiv, hadisələrin irrasional əlaqəsi, o dünya
ilə əlaqə sanki bu dünyada detallardan qurtulmaq
üçün onun qələmində bütün obrazlar
metafizik mahiyyət kəsb edir. Bu bir tərəfdən
informativ yaddaş ötürücüsü kimi folklor ənənələrinə
söykənirsə, digər tərəfdən, çoxəsrlik Şərq fəlsəfi
təliminin təməl prinsiplərinə söykənir.
Rüstəm
Kamalın esselərində hər hansı bir obrazın
yığcam və dolğun təsəvvürünü
yaratmaq istəyi güclü olsa da, onun yazı orijinallığı
obrazlılıq gücündə deyil, fikir və hiss vəhdətində
ən ali həqiqətlərin, insani meyar
və ölçülərin yazı dilində təsdiqindədir.
Ədəbiyyatşünas olsa da, onun üçün forma və
məzmun əsas deyil,
formanın bətnindəki məzmun
bütövlüyü və fəlsəfi tutum önəmlidir.
Rüstəm Kamal təqdim etdiyi hər hansı mətni
vasitəyə çevirir, lakin görüntü hədəfində
mətnin özü deyil, həmin mətndəki obraz və
predmetlər, onlardan yaranan təəssüratlar olur. Bütün
esselərində məna qatı dərinliyi insanı çox
uzağa aparıb. "Səmədoğlular,
saat neçədir?" essesi isə insanı həqiqətən
bu dünyadan qopub o dünyaya bağlama anına gətirir.
""Saat neçədir?" sualı əslində,
hər kəsin ölümlə, faniliklə və əbədiyyətlə
bağlı verə biləcəyi metafizik sualdır",
deyir Rüstəm Kamal. Əslində, ənənəvi
ədəbiyyatşünaslığımızda bu saat
mövzusu mövcuddur. Amma nəzərə alsaq ki,
zaman-tale, zaman-ölüm yaradıcılıqda ən sirli
substansiyadır və saatın hərəkət səsi
"çık-çık" ilə insanın ürək
döyüntüsü "dup-dup" arasında yaranan
harmoniyada qəribə bir sükut var. Əslində, hər
iki hərəkətverici istiqamətdə təlatümlü
və sanki tələsik səs izləyir hər kəsi. Saat axıb keçmiş
günlərin simvolu kimi xatırlanırsa, ürək
döyüntüsü insan qəlbinin kultu kimi simvolizə
oluna bilir. Deməli, bu baxımdan Rüstəm
Kamalın təqdim etdiyi bütün mətnlərin fəlsəfəsi
maraqlı olduğu kimi, orijinallığı ilə də
yadda qala bilir. Oxucu üçün
maraqlı olan, lakin mətnlərdə görə bilmədiyi
istiqamətlərə Rüstəm Kamal imzası
möhürünü vura bilir. Çünki
o, esselərində bədii mətni ənənəvi təhlil
etməkdən birbaşa uzaq durur, daha çox mətnin fəlsəfi-estetik
enerjisinin gözə görünməyən yönlərini hərəkətə
gətirərək görüntüyə çevirə
bilir. Bu da müxtəlif mədəniyyətlərin
qarşılıqlı təması fonunda irəli gələn
müəllifin ustalığından yaradıla bilir.
Yaradıcılığı boyu Yunqun, Borxesin, Baxtinin, Da
Vinçinin, Xose Orteqanın və b. insanların
yaradıcılığına müraciət edərək
maraqlı, özünəməxsus improvizasiyalar yaradır.
Onun dialoqlarını və
yaradıcılığını təşbehlər daha rəngarəng
edir. Məsələn:
"Sandıq ər evindən küsüb atası evinə
qayıtmış gəlin kimi dinməzcə dururdu",
dünyagörüşü olmayan insanlarla söhbət zamanı həmin insana "mənasız
adam" və yaxud savadı olmayan, elmə naşı insana hər
hansı bir elmi istiqaməti başa salırsa,
qarşısındakı onu anlamırsa "rənglənmiş
qapıya qurbanlıq qoyun baxan kimi baxır" və s. deyir Rüstəm Kamal. Bu kimi anındaca tənqidi realist baxış dəyərli
alimimizi C.Məmmədquluzadə nəsrinə
yaxınlaşdıraraq orijinal edir.
Rüstəm Kamal yaradıcılığı və
şəxsiyyəti haqqında silsilə yazılar yazmaq olar. O, həm yaşının,
həm ədəbiyyatşünaslığımızdakı
mərhələsinin müdrik və əvəzolunmaz məqamındadır.
Ömrünün bu çağında
şüurlarda və yaradıcılığında
formalaşdırdığı məqamının hər
zaman orijinal və yüksək olmaq diləyi ilə dəyərli
alimimizə yeni-yeni yaradıcılıq uğurları
arzulayırıq.
Rüstəm müəllim, "Səmədoğlular,
saat neçədir?" essesində deyir ki, "İndi ata da
(Səməd Vurğun), oğullar da (Yusif və Vaqif) eyni bir
qutsal məkandadırlar. Yəqin, görüşürlər və bir-birlərindən
soruşurlar: saat neçədir?".
Mən isə üzümü çox dəyərli və
əvəzolunmaz alimimizə tutub deyirəm ki, bu dünyadan o
biri dünyaya keçid simvolu olan saatın neçə
olduğunu konkret demək olmur. Çünki Vaqif Səmədoğluların
zamanında donmuş saatı siz, Rüstəm Kamal
varlığı davam etdirir...
Sədaqət ƏSGƏROVA
filologiya üzrə fəlsəfə doktoru, dosent
Ədəbiyyat qəzeti.- 2021.- 13 noyabr.- S.26.