Geryuş

 

nağıl

 

O, alaçıqda hardansa birdən-birə peyda oldu. Əvvəlcə gözə dəymirdi, eşidilmirdi, belə ki, yalnız inandığı adamların gözünə görünürdü. O isə yalnız uşaqlara inanırdı: uşaqlar xeyirxah olurlar, onu incitmirdilər, onun barəsində isə danışa bilmirdilər, çünki danışmağı bacarmırdılar.  Buna görə çöl sakinini heç kim görmürdü o yerini tez-tez dəyişir, bir yerdən başqa yerə köçürdü. Köçmək ona asan başa gəlmirdi - alaçıq ayrı-ayrı əşyalardan ibarət idi: keçələr, taxta barmaqlıqlar, ikilaylı qapıla, kəndirlər, yurd yerini əhatə edən digər yaşayış vasitələri daha nələr... Bütün bu yaşayış vasitələrini dəvələrə, at arabalarına yükləyirdilər, uzun yol gedirdilər, sıxlaşa-sıxlaşa, səs-küylə gedirdilər. Yeni məskəndə kişilər hər şeyi boşaldır təzədən qururdular, alaçıq da öz yeni gökəmini alırdı.

Bir dəfə o, üzücü köçdən sonra yorğun-arğın vəziyyətdə gözünü yummaq üçün sandığın içinə girdi. Bu dəfə yuxudan onu körpənin ağlamaq səsi ayıltdı. Hamı yatmışdı. Körpənin anası da ayıla bilməmişdi yuxudan. Buna görə o, qarmaqdan asılmış taxta beşiyə sarı qaçdı, özünü beşiyin içinə saldı. Körpə ocağın kəsif işığında naməlum qonağı görüb qəflətən susdu.

- Mən səni görürəm, - körpə dedi.

- Əlbəttə, çünki bunu mən özüm istədim.

- Bəs sən kimsən?- körpə ağlamağını kəsib maraqla soruşdu.

- Geryuş*, - qonaq dedi. - Alaçığın ruhu.

- Bəs sən işlə məşğulsan?

- Evi qoruyuram. Yəni, "ger" ev deməkdi, elə buna görə adım Geryuşdu.

- Məni qoruyursan?- körpə maraqlandı.

- Bu alaçıqda kimlər yaşayırsa, hamını...

- Bəs necə qoruyursan? - körpə dinc durmadı, yuxudan qabaq ağzına alıb sorduğu quyruq yağını çıxartdı.

- Alaçığı onun sakinlərini bütün bəlalardan hücumlardan qoruyuram ki, onlar sağ- salamat olsunlar, dörd növdə saxladıqları mal-qara məhv edilməsin, çarpayılarda daha çox qız, ədyalların altında daha çox oğlan uşaqları yatsın, yaxşı qonaqlar kandardan içəri girəndə toz-torpaq olmasın.

- , sənin çox işin var ki!- körpə rəğbət hissiylə dedi. - Özün isə lap balacasan. Neçə yaşın var?

- Bilmirəm. Amma mən uşağam.

- Tək yaşayırsan, yoxsa ata-ana, bacı-qardaşların da var?

- Təkəm, , belə görünür...

- , təklik pis şeydi, - körpə ah çəkdi. - Görürsən , mənim alaçıqda ondan kənarda qədər qohum-əqrabam var! Amma indi məni sakitləşdirməyə heç kim gəlmədi. Mənə bir beşik laylası oxu, yenə  yuxuya gedə bilim.

Geryuş vaxtilə alaçıqda eşitdiyi bir beşik laylasını xatırladı, başladı oxumağa, bildiyi kimi oxudu:"Lay-lay-laylay! Lay-lay..."

Az sonra körpə yuxuya getdi. Geryuş özü beşikdə körpəylə birgə yatdı.

 

* Geryuş - "ger"(ev) sözündən

 

"yuş" şəkilçisindən əmələ gəlmiş addır.

 

Rimma Xaninova

Kalmık yazıçısı

 

Tərcümə etdi:

Kamran NƏZİRLİ

 

Ədəbiyyat qəzeti.- 2021.- 13 noyabr.- S.27.